Ömər Xəyyamdan

Ömər Xəyyamdan
7 iyul 2014
# 16:13

Ömər Xəyyam

(hekayə)

Atam vəfat etdikdən sonra şəhərə köçdük. Evə bir qara qəpik də gətirən yox idi, anamın təqaüdü ilə dolanırdıq. “Memar Əcəmi” metrostansiyasının yanında yaşayırdıq. Buna “yaşamaq” deməyə adamın dili də gəlmir, sadəcə qalırdıq. Sonralar, birtəhər özümə iş tapa bildim: şirniyyat dükanında satıcı... Şəhərə təzə köçəndə dostum yox idi. Satıcı işlədikcə özümə xeyli dost tapdım. Hər axşam işdən sonra yaxşıca yeyib-içir, əylənirdik. Deyirdik, cavanıq, dünyanın dərdi onsuz da qurtaran deyil. Nə qədər, imkan var, ye, iç, yaxşıca kef çək. Həftəsonları şəhərin mərmər döşəməli parklarında, ən çox da, bulvarda sülənirdim. O qədər pay-piyada gəzib-dolaşırdım ki, axşam evə gələndə ayaqqabı ayağımdan çıxmırdı.

Yenə bir həftəsonu dənizkənarı parka getdim. Yaxındakı oturacaqda gözəl bir qız əyləşmişdi. Əvvəlcə elə bildim, tanışdı, nə vaxtsa görüşmüşük. Bir-birimizi çoxdan, lap çoxdan tanıyırıq. Nəyə görəsə bu yad adam mənə lap doğma gəldi. Xəyallarımın sahibəsi idi elə bil. Anlamağa başladım: bu qızı, daha doğrusu, bu simada bir qızı hər zaman xəyallarımda canlandırmışam, bir-birimizi sevmişik, öpüşmüşük, sonra bir-birimizdən utanmışıq. Evlənmişik, bu qız anamın gəlini olub. Hə, bu qızı həmişə anama çay süzən yerdə görmüşəm. Çox gözəl idi. Özümdə qəribə cəsarət hiss edib, qıza yaxınlaşdım:

– Otura bilərəm?

Ürəyim həyəcandan titrəyirdi, sanki yerindən çıxıb qaçacaqdı. Oturdum, elə bil, hər şey əvvəlcədən yazılmış, dəfələrlə məşq edilmiş gözəl bir səhnəcik idi.

– Adım Xəyyamdır, – dedim.

Sonra, bir müddət ikimiz də susduq. İçimdə qəribə bir rahatlıq var idi, elə bil, indi nələrin baş verəcəyini, bir az sonra bu qızın mənə oğrun-oğrun baxıb, öz adını deyəcəyini lap əvvəlcədən dəqiqliklə bilirdim. Hər şey bu cür oldu:

– Sevda...

“Sevda... Sev-da... Sevda...” Bu adı bir neçə dəfə ürəyimdə təkrar etdim. Daha doğrusu, mənə elə gəldi ki, ürəyimdə...

Sanki, o gözlərin sehrində itirdim... Bir az söhbətləşdikdən sonra telefon nömrələrimizi bir-birə verdik. Gecə evə gəldim və anama olanları dedim. Anam az qalırdı sevincindən uçsun. Qucaqladı məni...

Günlər ötdükcə, Sevdaya daha çox bağlanırdım və dostlarımı unudurdum. Vaxtımı ancaq ona həsr edirdim. Dostlar da ayrı-ayrılıqda gileylənirdilər, inciyirdilər. Bu incikliyi aradan qaldırmaq üçün dostlarımı evə dəvət etməyi düşündüm. Anam da razı oldu. Hətta axşama hazırlıq görməyə başladı – Allah verəndən, nə vardısa bişirdi-düşürdü. Anamın yeməklərinə söz ola bilməzdi! Ən çox da yarpaq dolmasını sevirəm. Dünyada heç bir qadın bu cür ləzzətli yarpaq dolması bişirə bilməz! Anam dostlarım üçün yarpaq dolması bişirmişdi. Sarımsaqlı qatığı da yanında.

Saat 9-da dostlarım gəldi. Mən süfrə qurmaq üçün anama kömək eləyirdim. Dostların istəyi ilə anam da masamızda oturdu. Sonra, sonra nəsə qəribə bir şey baş verdi. Anam uzun müddət dostlarıma, mənə, süfrəyə, sonra yenə mənə baxdı. Ardınca mətbəxə keçdi, dayanıb qapının arasından bizi güdməyə başladı. Sonra, yenidən yanımıza qayıtdı, süfrəni gözdən keçirdi, sanki mətbəxə nə üçün getdiyini xatırlamağa çalışdı. Deyəsən, yadına sala bilmədi. Masanın bir küncündə əyləşib, sakitcə süfrənin üstündəki araq şüşəsinə baxıb durdu. Və birdən hönkürüb ağladı, əlləri ilə üzünü tutub mətbəxə tərəf qaçdı... Bütün kefimiz qaçdı, anamın adından üzr istədim, məclisə davam etdik.

Onlar gedəndən sonra ağlamağının səbəbini soruşdum anamdan, demədi. Məni qucaqlayıb, yenə ağladı. O gecə anamın gözünün yaşı heç dayanmadı...

Günlər sonra anama Sevda ilə evlənmək istədiyimi dedim. Sevindi, öpdü məni. Mən də onun bu işə razı olmağına çox sevindim.

Bir gün işdən evə gələndə, evdə bir yad kişi gördüm. Anam həkim olduğunu dedi, salamlaşdıq. Qəribə suallar verirdi. Həkim gedən kimi anamdan onun gəlişinin səbəbini soruşdum, evlilik öncəsi bu müayinənin vacibliyini söylədi. Səhərisi xəstəxanaya apardı məni, yenə həmin həkim baxdı mənə... Qəribə suallarla həkim özünə nifrət oyadırdı məndə, ağrınırdım verdiyi suallardan.

Bazar günü qonşumuz Sürəyya xala gəlmişdi bizə, təsadüfən anamla söhbətlərinə qulaq şahidi oldum. Anam mənim şizofren xəstəsi olduğumdan gileylənib, ağlayırdı. Otağa girib anamı qucaqladım. Dostlarımı evə dəvət etdiyim gün mənim xəstə olduğumu bir daha təsdiq elədiyini dedi. Sən demə, dostum-filan yox imiş mənim. Diskoteka, əyləncə mərkəzlərində əyləndiyim bütün "dostlar" xəyal imiş, ətrafdakı insanlar baxıb gülürlərmiş mənə. Hər gün əyləndiyim, söhbətləşdiyim, parklarda deyib-güldüyüm bütün dostlar... Tez Sevdanı düşündüm: “O da bir xəyal idimi?! O da, xəstəliyimin məhsulu idimi?!” Bu sual ruhuma əzab verirdi... Zəng vurmaq istədim, lakin qorxdum... Özümdən şübhə eləyirdim, ancaq cəsarətimi toplayıb, zəng vurdum, açdı telefonu, o zaman sevincdən uçacaqdım. Görüş təyin etdik. Ətrafdakı insanları izləyirdim gözaltı, heç kim gülmürdü, hətta biz tərəfə baxmırdı belə. Demək, Sevda gerçək idi!

Bir gün anama “Qızı evə gətirəcəm, səninlə yaxından tanış etməyə” - dedim. Anam dondu, gözlərində qəribə kədər hiss etdim, ağladı. Tez əllərini ovcuma aldım və: “Narahat olma, Sevda gerçəkdir” - dedim, birtəhər razı oldu. Sevda özü də əvvəl razı deyildi. Yalvarıb-yaxarıb razı saldım. Anama hədiyyə olaraq, bir dəstə gül və şokolad aldı.

Küçənin ortasında tutub öpdüm onu, uşaq kimi sevinirdim. Qapının zəngini basanda əllərimin həyəcandan titrədiyini hiss etdim. Anam qapını açan kimi atdım özümü içəri, anamın qulağına:

- Gəlinini gətirmişəm – dedim.

Qapının kandarında içəri girə-girə, əlimdəki gül və şokoladı anama uzatdım. Anam gələcək gəlinin hədiyyəsini aldı və geri çevrilib getmək istədi. Ürəyim çırpındı, pərt oldum. Anam dayandı, bir müddət bizə tərəf baxdı, mən ortamı yumşaltmaq üçün zarafat etmək qərarına gəldim:

- İndidən qayınanalıq etməyə başlamısan?! Gəlininə xoş gəldin deməyəcəksənmi?

Anam yenə dinmədi. Gözlərində yaş süzülə-süzülə elə hey, üzümə baxır, nəsə demək istəyirdi.

Mən üzümü Sevdaya tərəf tutub dedim:

- Sevda, qayınanana nolub görəsən?

Anam, elə bil, Sevdanın yenicə görürmüş kimi duruxdu. Gözünün yaşını silib, gülümsədi. Özünəməxsus nəvazişlə dedi:

- Keç içəri, qızım, xoş gəlmisən! Bağışla, lap başımı itirmişəm...

# 2410 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
# # #