Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf
4 may 2024
# 10:00

Kulis.az tənqidçi-publisist Nizaməddin Mustafanın “Babalarımız oğuzlar-türkmənlər” silsiləsindən “Babayilər qiyamı: türkmən davasına dini ixtilafın qarışması” adlı məqaləsinin birinci hissəsini təqdim edir.

1240-cı ildə Anadoluda baş verən babayilər qiyamı və ya əksəriyyətin qəbul etdiyi terminlə, “babayilər üsyanı” ilk mənbələrdən (XIII əsr tarixçilərindən İbn Bibi, Əbül-Fərəc və s.) başlayaraq müasir tədqiqatçılara qədər onlarla müəllif tərəfindən geniş təsvir və təfsir olunmuş, müxtəlif aspektlərdən araşdırılmış, hərəkatın səbəb və nəticələri, tarixdəki yeri və rolu ilə bağlı mühüm qənaətlər hasil edilmişdir. Bununla belə oğuz-türkmən tarixinin öyrənilməsi üçün müstəsna əhəmiyyət kəsb edən bu üsyanın ümumi mənzərəsi hələ də yarımçıq və qeyri-dəqiqdir. Hadisələrin mahiyyəti, bir çox xüsusiyyətləri bu günə qədər mübahisəli və ziddiyyətli olaraq qalır.

Yazımızın məqsədi mövcud ədəbiyyatı müqayisəli-qarşılaşdırmalı metod əsasında yenidən nəzərdən keçirmək, faktları tutuşdurmaqla üsyanın qaranlıq məqamlarına işıq salmaq, bir çox yanlış düşüncələrə aydınlıq gətirmək, babayilər hərəkatına dair kütləvi təsəvvürləri sistemləşdirmək və genişləndirməkdir.

Zənnimizcə, qiyamın daxili məntiqini anlamaq üçün çıxış nöqtəsi olaraq Türkiyə Diyanət Vəqfinin “İslam Ensiklopediyası”nda əksini tapan bir yığcam, lakin tutarlı və əhatəli müddəanı götürə bilərik: “Babayilər üsyanı Orta və Cənub-şərqi Anadoluda Baba İlyasa bağlı türkmənlər tərəfindən başlayan və qeyri-sünni bir istiqamətdə inkişaf edən dini-təsəvvüfi hərəkatdır”. Göründüyü kimi, burada üsyanın səbəb, nəticə və tarixi perspektivlərinin nəzərdən keçirilməsi üçün bir neçə istiqamət göstərilir.

Birincisi, aydın olur ki, babayilər üsyanının hərəkətverici qüvvəsi orta və cənub-şərqi Anadolu türkmənləridir. Başqa sözlə, bu, bir türkmən üsyanıdır və təbii ki, bütün belə hallarda olduğu kimi, onların XIII əsrin əvvəllərində üzləşdikləri siyasi, iqtisadi, sosial məhrumiyyətlərlə əlaqədar meydana çıxmışdır.

Babayilər qiyamı sosial-siyasi hadisə kimi:

şərtlər və səbəblər

...1237-ci ildə, Ramazan bayramının üçüncü günündə türkmənlərin sevimli sultanı Əlaəddin Keyqubad onu təbrik etmək üçün hüzuruna gəlmiş elçilərə verdiyi ziyafət zamanı yediyi quş ətindən müəmmalı şəkildə zəhərlənərək dünyasını dəyişdi. Bununla da Anadolu Səlcuqilər dövlətinin “qızıl dövrü” başa çatdı. Ölkə çaxnaşmalar girdabına sürükləndi və monqol istilası da daxil olmaqla dərin sarsıntılar dövrünə qədəm qoydu. Sultan Əlaəddin kiçik oğlu, Tokat məliki İzəddin Qılınc Arslanı vəliəhd elan etmiş, əmirlərə və dövlət əyanlarına ona biət andı içdirmişdi. Lakin əksəriyyəti iranmənşəli bürokratlardan ibarət olan saray müxalifəti mərhum Sultanın iradəsini heçə sayaraq taxta vəliəhd şahzadəni deyil, onun böyük qardaşı, Malatya məliki II Qiyasəddin Keyxosrovu (1237-1246) çıxardı. Beləliklə, Əlaəddin Keyqubadın zəhərlənməsinə görə şübhələr də hakimiyyətə gələndə 14-16 yaşlarında olduğu deyilən gənc Sultanın üzərinə yönəldi. Onun atasına sui-qəsdin araşdırılmasında yetərli qərarlılıq göstərməməsi bu şübhələri daha da gücləndirdi və əhalini sui-qəsdin hakimiyyəti qəsb etmək üçün məhz II Qiyasəddin tərəfindən törədildiyinə inandırdı. Sosial-siyasi bazis kimi türkmən və İran hakimiyyət ənənələrinə əsaslanan Toqat-Malatya qarşıdurması kəskinləşdi, təəssübkeş türkmən əmirləri Qiyasəddinin sultanlığına qarşı çıxaraq, çevrilişin legitimləşməsinə yol verməmək üçün “öz şahzadələri” saydıqları vəliəhd İzəddin Qılınc Aslanın taxt hüquqlarının müdafiəsinə qalxdılar. Qarşı tərəf dövlət resursları hesabına onların müqavimətini qırıb Qiyasəddinin taxtının möhkəmlənməsinə nail oldu. Lakin ölkədə sabitlik, nizam və asayış pozuldu, qeyri-müəyyənlik əhval-ruhiyyəsi son həddə yüksəldi.

Sultan Əlaəddinin öldürülməsində oğlu Qiyasəddinin əlinin olması fikri, zaman-zaman bir çox müəlliflər tərəfindən təkzib edilməsinə baxmayaraq, geniş yayılmış və tarixşünaslıqda hakim rəyə çevrilmişdir. Əslində, hadisələrin sonrakı inkişaf məntiqi də bu fikrin doğruluğuna dəlalət edir. Məlumdur ki, Əlaəddin Keyqubad iqtidara nüfuzlu türkmən bəylərinin dəstəyi ilə gəlmiş, siyasətini onların lehinə aparmış, kiçik oğlu İzəddini də ölkədə türkmənyönümlü idarəçilk xəttinin davamlı olması niyyəti ilə vəliəhd təyin etmişdi. II Qiyasəddin isə siyasi-iqtisadi, sosial-mədəni baxımdan qatı mərkəziyyətçi və bürokratik idarəçilik tərəfdarı idi, özəl mülkiyyəti aradan qaldırmağa, geniş torpaq sahələrini dövlətin əlində camləşdirməyə çalışırdı. Mənbələrdən anlaşıldığı kimi, o, səltənətinin lap əvvəlindən bu yolu tutmuş, iri iqta torpaqlarını dövlətin nəfinə müsadirə etdirmiş, şəxsi mülkiyyətdə yalnız şəhər və qəsəbələrin ətrafındakı bağ-bağça və tarlaları, bəzi bəylərə “dirlik” (dolanışıq mənbəyi) kimi verilmiş kiçik əkin sahələrini saxlamışdı. Bu isə hamıdan artıq türkmənlərin mənafeyinə toxunurdu. Qiyasəddin köçəri türkmənləri hər vəchlə oturaqlaşdırmağa cəhd göstərir, vergiyə bağlayır, rüsumları tez-tez qaldırırdı (hətta Baba İshaqın vergiyə cəlb olunmasını babayilər üsyanı üçün ilk “qığılcım” hesab edən müəlliflər də var).

Səlcuqi sultanları daim köçəri türkmənlərlə oturaqlar arasında harmoniyanın qorunmasına çalışmış, bunun üçün müvafiq mexanizmlər yaratmışdılar. Vilayətlərdə türkmən camaatların təmsilçiliyini həyata keçirən “elbaşı” təsisatı qurulmuş, türkmən kəndxudaları ona tabe edilmiş, əmrinə timarlı əskərlər verilmişdi. Qiyasəddinin səltənət dövründə etnik qruplar arasında balans gözlənilmir, bərabərsizlik təşviq olunur, cəmiyyət həyatında oturaqlığa, idarəçilikdə iranmənşəli zümrələrə üstünlük verilirdi. Zəki Vəlidi Toğanın yazdığına görə, bu dövrdə türkmənlər ordudan kənarlaşdırılır, onlardan boşalan yerlərə erməni, gürcü, frank, kürd və iranmənşəli hərbçılər cəlb edilirdi. Bir sözlə, türkmənlərə qarşı ayrı-seçkilik və diskriminasiya dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Gənc Sultan türkmənlərə güvənmir, onları təqib etdirir, fürsət düşdükcə sərt şəkildə cəzalandırır, bununla da dövlətlə onun başlıca sosial dayağı olan köçəri kütlələrini qarşı-qarşıya qoyurdu. İqtidarının ilk illərində inşa etdirdiyi Əgirdir xanının kitabəsində onun özünü “dövrünün İskəndəri”, “Zülqərneyn soyundan gələn əzəmətli bir hökmdar” kimi tanıtmaqla yanaşı, “xəvaric”i (ərəb dilində “itaətdən çıxan”, “üsyan edən” mənalarında işlənən bu sözlə türkmənlər nəzərdə tutulurdu) əzən, onlara göz verib, işıq verməyən bir xaqan” olduğunu vurğulaması deyilənləri sübut edir, hakim rejimin türkmənlərlə bağları qopardığını, körpüləri yandırdığını göstərirdi.

Tarixdən bildiyimiz kimi, II Qiyasəddin Keyxosrov gürcü kraliçası Rosudanın qızı ilə evlənmişdi. Kəsdirdiyi sikkələrdən birində o özü aslan, zövcəsi isə qadın üzlü günəş kimi təsvir edilirdi. Məşhur şərqşünas Cozef Hammer (1774-1856) isə onun Bizans imperatorunun qızı ilə nigaha girdiyini yazır. Qiyasəddinin anası Xond (Mahpəri) xatunun da xristian əsilli olduğu deyilir. Digər tərəfdən təcrübəsiz Sultan, vəziri Sadəddin Köpəyin təsiri altında idi və onun təhriki ilə türkmən bəylərinə qarşı törədilən bir çox cinayətlərə sanksiya vermiş, onların açıq və gizli repressiyasına göz yummuşdu.

Xarəzm əmirləri, ələlxüsus da Sivas valisi Kayırxan, Əlaəddin Keyqubadın vəliəhd şahzadəsi İzəddinin tərəfdarı kimi tanınmaqla bərabər Sadəddin Köpəyin əsas rəqibləri idilər. Köpək, əvvəlcə Kayırxanı həbsə atdırdı. Zəncirə vurulmasına dözməyən bu nüfuzlu xanın zindanda ölməsi Xarəzm bəylərinin dövlətə baş qaldırmalarına, Səlcuqi xidmətindən çıxmalarına səbəb oldu. Dudu oğlu adı ilə məşhurlaşmış bir türkmən bəyi idarəsindəki 70 minlik xarəzmli döyüşçü ilə onların tərəfinə keçdi. Sadəddin Köpək üsyançıların üstünə başqa bir rəqibi, bəylərbəyi Kəmaləddin Kamyarı göndərdi, onlarla döyüşdə məğlub olmasını dəstavuz edərək onu da yolu üzərindan götürdü və hərbi komandanlığı (bəylərbəyliyi) əlinə keçirdi. Mənbələrdə həmçinin dövlətin türkmən əsilli güclü əmir və bəylərindən Atabəy Şəmsəddin Altunaba, Tacəddin Pərvanə, Hüsaməddin Kaymeri və Cəlaləddin Karatayın da Əmir Köpəyin intriqalarına qurban getdikləri söylənilir. Nəhayət, İzəddin Qılınc Arslana, onun anası, Əyyubi məlikəsi Adiliyyə sultana və qardaşı Rüknəddinə sui-qəsdlər törədilmiş, vəzir Sadəddinin və onun ətrafında birləşmiş qrupun taxtı ələ keçirmək planları isə, təəssüf ki, onlar aradan götürüldükdən sonra faş edilmişdi.

II Qiyasəddinin iqtidarının cəmi üç ili ərzində bir-birini sürətlə təqib edən bu və bu kimi dramatik hadisələr əhalini dərindən sarsıtmış, xüsusilə türkmənlərlə mərkəzi hakimiyyət arasında keçilməz uçurum yaratmışdı. Cəmiyyəti bürümüş kütləvi gərginlik, barışmaz əkslik əhval-ruhiyyəsi qiyamçı meylləri tətikləyirdi. Türkmənlər bir-birindən ağır siyasi, iqtisadi, sosial-psixoloji şərtlər altında sanki ölüm-dirim mübarizəsinə qalxmağa məhkum edilmişdilər. Artıq silahlı qarşıdurma labüd idi və 1240-cı ildə türkmən cəmiyyətinin dini-mənəvi lideri Baba İlyasın səltənət sahiblərinə qarşı cihad çağırışına qoşulması tamamilə təbii sayılmalıdır.

Qeyd edək ki, üsyanla bağlı bütün fikir ayrılıqlarına rəğmən, onun sırf türkmən hadisəsi olması və II Qiyasəddin rejiminə qarşı yönəlməsi fikri tarixçilər tərəfindən yekdilliklə müdafiə edilir. İbn-Bibi (ölümü: 1285) bu fikri Sultanın içkiyə qurşanması, Allahın əmrindən, Peyğəmbərin yolundan çıxması ilə əsaslandırır. Üsyanın tanınmış tədqiqatçılarından Əhməd Yaşar Ocaq isə müasir elmi-tarixi görüşləri belə ümumiləşdirır: “Səlcuqi hökuməti dövlət işlərində türkmənlərə arxa çevirərək, xüsusən də iranlı ünsürlərə üstünlük vermək surəti ilə sanki yalnız şəhərli türklərin duyğularını paylaşırdı. Bürokratiyanın yüksək pillələrində qərar tutan iranlılar da türkmənlərə qarşı yaxşı davranmırdılar. Elə görünür ki, dövlətin ana demoqrafik gücünü təşkil edən türkmənlər doğma torpaqlarında özlərini “arzuedilməz vətəndaşlar” kimi hiss edir və bunu həzm eləyə bilmirdilər. Onları xor görür, aşağılayırdılar. Türkmənlərin mərkəzi hakimiyyətə qarşı çıxmalarında əsas rolu da elə bu sosial qarşıdurma oynamışdır”.

Bu yerdə təfsilatına varmadan Anadolu Səlcuqiləri tarixinin ən böyük qiyamı olan bu hərəkata dair bəzi statistik məlumatları xatırlatmağa hacət görürük...

ardı var...

Nizaməddin Mustafa

# 2788 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #