Qoyun oğurluğumuz

Qoyun oğurluğumuz
23 dekabr 2013
# 11:42

Mən kənd uşağı olsam da heç vaxt mal nobatına getməmişəm. Həyətimizdə heyvan adına ancaq toyuq-cücə, bir də onları tülkünün həmləsindən qoruyan köpək olub. Atam Tuğay bağları tərəfdə bir ev tikmişdi və o tərəflərdə gecələr tülkü, çaqqal dolaşdığından gecələr köpəyin zəncirdən açıb buraxırdı ki, tülkü həyətə üzükməsin.

Amma yan-yörəmizdə mal-qara, qoyun-quzu saxlayanlar da vardı. İncəvara, o vaxtacan bir kimsənin həyətindən heyvan, toyuq-cücə oğurlayan olmamışdı. Amma bir gün qonşuluqda yaşayan Hafiz kişinin günün günorta çağı iki qoyununu oğurladılar. İndi də bu hadisə yadıma düşəndə bir anlıq mənə elə gəlir ki, bu qəziyyəni nə vaxtsa özümdən uydurmuşam. Amma olmuş əhvalatdır.

Yalançıların sözü olmasın, gündə bir qıza vurulan vaxtlarım idi. Yenə birinə bənd olub, xam cöngə kimi havalanmışdım. Həmin əhvalat baş verən gün də canı yanmışın ad günüydü. Bu qıza bir xalvar pul xərcləmişdim, bir sözlə, başdan-ayağa “rasxod” idi. Bir gün əvvəl də uşaqlıq dostum Ramillə danışmışdıq ki, sabah yığışaq, onun ad gününü yüngülvarı qeyd edək. İki ad gününün arasında qalmışdım. Tərslikdən cibişdan da boş. Gün yavaş-yavaş axşama doğru əyilirdi, evin içində pəjmürdə vəziyyətdə o baş-bu başa gedirdim. Bayaqdan gizlicə mənə göz qoyan anam axır dilə gəldi:

- A bala, yumurtası tərs düşən toyuq kimi nə ora-bura vurnuxursan?

Beynimdə anama verəcəyim cavabı fikirləşirdim ki, dəmir darvazamızın şiddətlə döyüldüyün eşitdim. Tez qapıya cumdum, bizim küçədən iki tin aralıda yaşayan qonşumuz Əlislam kişinin oğlu Ramil yekə bir toğlunu itələyib həyətə saldı. Toğlu yad yerə düşdüyündən narazı-narazı ətrafa baxıb geri çevrildi ki, qapıdan küçəyə adlasın, əclaf ayağıyla heyvanın qarşısını kəsib dəmir darvazanın bala qapısını bağladı.

- Bu, Hafizin qoyunudu. Bayaq qoyunları otluğa buraxmışdı, deyəsən kefi kökdü, kepkasını gözünün üstünə basıb fıştırıq çalırdı. Qoyunlardan ikisini çırpışdırdım. Biri bizim həyətdədir, bunu da bura gətirdim. Tez sal hamama, gəlib görməsinlər.

- Sənin başın xarabdı, nədi? Məni zibilə salmaq istəyirsən? Tez apar qaytar qoyunları. Xəbər tutsa, pis olacaq, - dedim.

Dediklərim vələdüznanın heç halına təfavüt eləmədi.

- Ala, piyandu, indi qoyunları sayası halda döyül. Heç kim də görmədi, qorxma. Sal hamama.

Xeyli mübahisə elədik və nəticədə Ramil qollarını çirməyib elə bizim həyətdəcə qoyunun başını kəsib cəmdəyini qənarədən asdı və dərisini soydu. Qanlı bıçağı torpağa sürtə-sürtə dedi:

- Bu da sənin sevgilinin hədiyyəsi! Bunu tənzifə bük, at maşına, apar ver, gəl.

Duruxub qalmışdım. Hava qaralmaq üzrəydi. Ramilin hərəkəti açıq-aşkar oğurluq sayılırdı. İndi mən də bu oğurluğa şərik çıxmışdım. Qız zəng vurdu və incik ədayla dedi ki, dəniz kənarında yığışmışıq, gəlmirsən?

Ramil əlini kürəyimə şappıldadıb: - yubanma, get, sən gələnəcən bizdə də kabab hazır olacaq, - dedi və bic-bic gülümsədi. Fikirləşdim ki, bu oğlan başdan-ayağa xatadı.

Həmin axşam taksi tutub ad günü hədiyyəsini maşının yük yerinə qoyduq və sürücüyə: - dəniz kənarına sür, - dedim. Kababçı dedi ki, ətin yarısı bizim olsun, yarısını da kabab çəkib süfrəyə verim, razısan? Razılaşmaqdan başqa çarəm yox idi. Qız da gülüb dedi ki, adə, bundansa balıq alıb gətirəydin də.

Ramil gecə ikən o biri toğlunu da kəsib ətini şişə çəkmişdi. Axşam atası işdən gələndə görür ki, həyətdə manqal yanır, kabab qoxusu gəlir. Soruşur ki, ay bala, bu əti hardan almısan? Ramil də kişi kimi əhvalatı olduğu kimi atasına danışır. Hər gün kabab yeməkdən boynu qat bağlamış Əlislam başı batmış Hafizlə badə dostuydu. İkisi də qırmızıyanaq kişilər idi, bir boyda, bir biçimdəydilər. Uzaqdan baxanda onları ayırd eləmək olmurdu. Amma onların arasında bir fərq vardı; Hafiz səxavətdə Hatəmə tay adam olsa da Əlislam xəsislikdə Hacı Qaradan geri qalmazdı.

Əhli-kef ata baxır ki, iş işdən keçib, oğluna yüngülcə bir şapalaq ilişdirir ki, kopoyoğlu, mən indi Hafizin üzünə necə baxacam? Deməz ki, oğlun qoyunlarımı oğurlayıb?

Səhərisi gün axşamacan evdən çölə çıxmadım. Ürəyim səksəkədə idi. Qəbih iş tutmuşduq. Bu işin sorağı bu gün mütləq çıxmalıydı. Darvaza döyüləndə oturduğum divandan dik atıldım. Gələn Ramil idi. Məni görçək hırıldadı, şit gülüş milçək kimi üzünə qondu:

- Noolub ala? Rəngin nöş qaçıb? Nə ağciyər adamsan sən...

Tövrümü pozmadan soruşdum:

- Nə xəbər var? Gərək belə eləməyəydin. İndi Hafiz əminin üzünə necə baxacağıq?

- Atam bu gün Hafizə yaxşı bir qonaqlıq verib, ağzını bağlayıb. – Ramil arxayın tövrlə bunu deyib cibindən bir siqaret çıxardı və damağına qoyub kibriti çəkdi. - Hərif dünəndən qoyunları axtarırmış. Kişini necə bişiribsə, deyib sizə qoyunlar qurbandı! Sənnən bir ton araq içmişik, iki toğlu nədi ki, onun söhbətini edək?!

Fikirləşdim ki, atam sağ olsaydı, bu əməlimə görə məni öldürərdi...

# 1911 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #