Kiyevli Oksana

Kiyevli Oksana
12 fevral 2013
# 14:27

Borispol hava limanında təyyarədən düşən kimi taksiyə oturub dəmiryol vağzalına sürdürdü ki, Lvova, ya elə birbaşa Truskavesə gedən qatarlardan birinə bilet alsın ki, Kiyevdə çox ləngiməsin.


Altmışı keçəndən sonra canında ağrılar baş qaldırmışdı və Bakıda tanış həkimlərdən biri onu inandırmışdı ki, böyrəklərinin də, mədəsinin də, öd kisəsinin də davası Truskavesin mədən sularındadır.

Son illər, xüsusən də yaz, payız aylarında ağrıları çoxalanda, gecələr onu üç-dörd, hərdən də beş-altı dəfə yataqdan qalxmağa vadar edən ağrıların əlində qalanda, adına ölüm deyilən alın yazısının çox da uzaqda olmamağı ilə barışırdı və öz-özünə pıçıldayırdı ki, doğrudan da ömür deyilən şey bir göz qırpımıdır, həqiqətən də dünya bir pəncərədir.


Taksidən qədim Kiyevin payız mənzərələrinə tamaşa eləyəndə, on altı yaşında ikən bu şəhəri gəzib-dolaşdığı günləri xatırladı. Dnepr çayının üstündən keçəndə başa düşdü ki, mənzil başına az qalır. Yadında idi. Bakıda onları - respublika şagird istehsalat briqadalarının fəallarını Bakı-Kiyev sərnişin qatarının bir vaqonuna doldurub bu şəhərə gətirmişdilər. Guya bu səfər - bu gəzinti onların əməyinə respublika komsomolu tərəfindən verilən mükafat idi.


O, iki həftə ərzində görmədiyi günləri yaşadı; gündə üç dəfə doyunca yemək, rahat avtobuslarla Kiyevin görməli yerlərini gəzmək, arabir də oğrunca qaçıb Dneprin plyajlarında çılpaq qızlara, qadınlara tamaşa etmək, sərinləmək bir ay qabaq heç yuxusuna da gəlməzdi.

Onları lal-kar uşaqlara məxsus internat məktəbin yataqxanasında yerləşdirmişdilər. Görünür, Ukraynanın lal-kar uşaqları yay tətilində idilər.
Üzbəüz beşmərtəbəli bina yaşayış məskəni idi və o binanın balkonlarında görünən qızlara hərdən o da əl eləyirdi, əlini dodaqlarına toxundurmaqla bütün insanlar üçün anlaşılan «vozduşnu potseluy» göndərirdi.

Bir avqust axşamında Kiyevdən ayrılanda o da Kreşşatik meydanındakı fəvvarəyə yoldaşları kimi qəpik atdı ki, taleyi bir də onu bu şəhərə gətirsin.
Səmavi kitablardan birində belə bir kəlam var: bir şeyi arzulayanda və o arzuya israrla can atanda pərvərdigar da sənə yar olur.

O, əlli ildir ki, Kiyevi bir də görməyi arzulayırdı: bu da həmin gün…
Vağzal binasını hələ taksi mənzil başına çatmamış tanıdı. Ötən əlli ildə Kiyev vağzalının zahiri, demək olar ki, öz görkəmini saxlamışdı. Təzəlik, vağzalın bəlkə də hər an təzələnən mənzərələri ilə bağlı idi; o da cavan qızların, qadınların hesabına. Elə bil bu şəhərdə nə qədər mütənasib bədənli qız, qadın varsa, hamısı mini-şortuda gəzirdi. Bəlkə də belə yaxşı idi; yoxsa, əlli il öncəki səliqəsi, sahmanı qeyb olmuş vağzal, vağzalətrafı çox miskin görünərdi….

Qatarların hərəkət cədvəlinə bir xeyli göz gəzdirəndən sonra başa düşdü ki, üz tutduğu məkana birbaşa sərnişin qatarı da var, amma bu qatar səkkiz saatdan sonra yola düşəcək.


Cibindəki yüz yevronu min Ukrayna qriveninə dəyişəndən sonra çətinlik çəkmədən Truskavesə gedən qatara bilet aldı. Bir daha biletə və sonra da qolundakı saata baxdı. Həqiqətən də belə çıxırdı ki, nə az, nə çox, ən azı yeddi-səkkiz saatdan sonra Truskavesə gedən qatar tərpənəcək. Amma bu, əsla onu kədərləndirmədi, əksinə, sevindirdi.

Yarım saat sonra o, artıq Kreşşatik meydanında - əlli il qabaq bir də bu şəhəri görmək arzusu ilə qara qəpiklərini atdığı fəvvarənin qarşısında idi. Fəvvarə işləmirdi və təbii ki, bütün susuz fəvvarələr kimi qüssə gətirirdi… Bir qədər yaddaşına güc verəndən sonra lal-kar uşaqlara məxsus internat məktəbi də tapdı, üzbəüz beşmərtəbəli binanı da tanıdı. Əlli il qabaq o, bu binaya baxa-baxa bəlkə də cavanlığının ən xoşbəxt anlarını yaşamışdı; o günlərin birində təxminən həmyaşıdı olan o qız da beşinci mərtəbənin (sağdan üçüncü) balkonundan ona əl eləmişdi və sonra da bir jest və təbəssümlə ona qandırmışdı ki, aşağı düşsün.

Gözlərinə inanmamışdı; doğrudanmı bu mələk kimi qız onu görüşə dəvət eləyir?

Həyətə düşəndə və qıza yaxınlaşanda ürəyi yaralı quşun ürəyi kimi çırpınırdı, az qalırdı sinəsini deşib çıxa. O, qızın yaşıla çalan gözlərinə baxanda isə özünü tamam itirdi. Qız ona heç zaman görmədiyi, hərarətini duymadığı bir təbəssümlə yan aldı.

- Menya zavut Oksana, - dedi, - a kak vas zavut?

O da adını dilinə gətirdi:

- Maqamed.

- Oçen priyatno! No v çem delo? Kakie voprosı budem reşat?

O, bəyəm, rusca bilirdi ki, qızın nə dediyini başa düşə? Lap nəyisə anlasa belə, birdən-ikiyə rusca danışmışdı ki, cavab verməyə qüdrəti çata? Amma vəziyyətdən çıxa bildi.

- Ya po-russki oçen ploxo znayu…

Və bu etiraf, deyəsən, qızın xoşuna gəldi.

- Nu çto j, po-ruski nauçiş, priedeş, budem poqovorit, - dedi, - doqovorilis?

O, bu dəfə qızın nə dediyini anlasa da, cavab verməyə gücü çatmamışdı.

Elə bil qız onu ovsunlamışdı. Ondan uzaqlaşmışdı və sonra da…

Hə, sonra da kim bilir, neçə illər rusca bilmədiyinə görə özünü qınaya-qınaya o qızın xəyalı ilə yaşamışdı.

Ayda-ildə bir rusun ayağı dəydiyi gözdən-könüldən iraq aran kəndində, o, rus dilini kimdən öyrənə bilərdi ki? Düzdür, məktəbdə onlara dördüncü sinifdən sonra rus dili dərsi də keçmişdilər, amma o da bütün kənd uşaqları kimi bu fənnə dırnaqarası baxmışdı.

İndisə yanıb tökülürdü; cızdağı çıxırdı ki, niyə rus dilini bilmir. Ona elə gəlirdi ki, rus dilini bilsəydi, o qıza bir kitablıq söz deyərdi…
Qəribə də olsa, o, o zaman qədim insanları da təsəvvürünə gətirmişdi və yalnız işarələrlə bir-birini anlayan o canlılara həsəd aparmışdı.

Kiyevi elə həmin günün axşamı tərk etmişdilər. Bakıya iki gündən sonra çatmışdılar. Hələ o, bir gecə də qatarla yol getməli idi ki, Ucar stansiyasında vaqondan düşüb Kür boyundakı kəndlərinə gedib çıxsın.

Evlərinə çatandan bir neçə gün sonra anası ondan soruşmuşdu: «Gözümə birtəhər dəyirsən, nə olub?». Bu sualın cavabını atası vermişdi, amma məsxərə ilə: «Yəqin, Kiyevdə bir xaxol qızına vurulub».

İndi o, lal-kar uşaqlara məxsus məktəbin qarşısındakı üzbəüz yaşayış binasının beşinci mərtəbəsindəki (sağdan üçüncü) balkonuna baxa-baxa bütün bu söhbətləri xatırlayırdı, bu sıcaq xatirələrin şərbətini içirdi.
Aradabir saatına nəzər salırdı və fikirləşirdi ki, vağzala tələsməyə dəyməz, o qələbəlikdə neynəyəcək ki? Bu ərazi isə sakitdi.

…Və birdən möcüzə baş verdi: əlli il yaddaşında yaşayan Oksana balkona çıxdı və ona ani nəzər salıb gülümsədi…

Belə şeylər yuxuda olur. Yox, amma bu yuxu deyildi. Özünü cəmləyəndən sonra nəzakətlə balkondakı Oksananı dindirdi:

- Ya izvinyayus, sluçayno vı ne Oksana?

Qız gülə-gülə cavab verdi:

- Net, ya Lena, Oksana moya babuşka!

- Sonra deyəsən, özünü Lena kimi nişan verən Oksananı içəridən səslədilər. Getdi və çox keçmədi ki, balkona başı mavi çalmalı, ətli-əndamlı bir qadın çıxdı.

- Vı menya işite?

Əlli il yaddaşında yaşayan Oksananı səsindən tanıdı. Diqqətlə nəzər saldı: bu ötən əlli ildə dəyişməyən, deyəsən, yalnız Oksananın səsi idi. Düzdür, o səsi bircə dəfə eşitmişdi, amma görünür, səs hərdən insan yaddaşına bircə dəfə eşitməklə də ömürlük qonurmuş.

Yarpaqlarını tökməyə başlamış alma ağacının altında qabaq-qənşər dayananda da o, ötən illərdən bir əlamət də kəşf elədi; bu ötən əlli ildə dəyişməyən bir də Oksananın yaşıl-mavi gözləri idi. Elə o gözlərə baxa-baxa da əlli il öncə baş vermiş hadisəni; o ani görüşü Oksanaya xatırlatdı. Qadın acı-acı gülümsədi və sonra da:

- Tı xoroşo vıuçil yazık,-dedi, -no prişol oçen pozdno!

O, Oksanaya anlatdı ki, Truskavesə gedir, saat iyirmi on beşdə dəmiryol vağzalından yola düşəcək, buraya isə təsadüfən, boş vaxtı olduğu üçün gəlib.


Oksana isə etiraf etdi ki, otuz yaşına qədər onu gözləyib. Bu etirafa inandı və sarsıldı. Axı, o, ali məktəbi qurtarandan sonra işləmək üçün bu şəhərə də gələ bilərdi. Politexniki qurtaranları təyinatla «qardaş respublikalara» daha həvəslə göndərmirdilərmi?

Sonra Oksana dedi ki, indi o tələsir, gedəsi yeri var. Axşam vağzala gəlib onu yola salacaq. O, nəzakətlə dedi ki, gəlməsin, buna ehtiyac yoxdur.
Beləcə ayrıldılar və elə bil bundan sonra onun nəinki Kiyev şəhərində, heç bu dünyada da görməyə bir işi qalmadı. Vağzala getmək isə hələ tezdi: qatar üç saatdan sonra yola düşəcəkdi. Bu qərara gəldi ki, vağzala hər hansı miniklə yox, gəzə-gəzə getsə, həm xeyli vaxtını əridər, həm də şəhərə tamaşa eləyər.

Kiyev boz buludlarıynan, solğun günəşiynən sanki canlı orqanizmdi. Amma onu boğmuşdular və bilinmirdi ki, özünə gələcək, ya yox? Küçələrə vurulmuş şüarların rus dilində olanları da az deyildi və onlardan siyasət qoxusu gəlirdi; biri daha çox diqqətini çəkdi: «Otdadim vlasti narodu!».

Taras Şevçenkonun azman heykəlinin qarşısında ayaq saxladı. Ukrayna klassiklərindən yalnız onu oxumuşdu. O, əlli il qabaq bu heykəlin önündə şəkil çəkdirmişdi və əlli il öncə çəkdirdiyi fotoların çoxundan fərqli olaraq bu nişanəni hələ də itirməmişdi. Yaxşı yadında idi; məhz o şəkil çəkilən gün Oksana onu görüşə dəvət eləmişdi və o görüş o günün özündə də onu için-için yandırmışdı.


Dneprin sahilində də bir xeyli ləngidi; hər şeydən daha çox nəzərə çarpan yelkənli qayıqlara və qağayılara tamaşa elədi.

Əlli il qabaq bu çayda çimmişdi və bu çayın sahilində (ömründə ilk dəfə) cavan bir oğlanla gözəl bir qızın sarmaşıb öpüşdüyünü görmüşdü.
Təbii ki o, sonralar bu və buna bənzər mənzərələrlə yüz dəfə, min dəfə qarşılaşmışdı, amma onların heç biri yadında qalmamışdı.

Bəlkə də qəfildən yağış başlamasaydı, hələ bir xeyli bu sahildə yubanacaqdı, amma dərhal taksiyə oturub vağzala sürdürdü ki, ayaqları islanmasın. Bakıdan burnu, dabanı açıq yay ayaqqabısında çıxmışdı, qət etmişdi ki, ordan təzəsini alar.

Vağzal binasının gözləmə zallarında qələbəlikdi. Çətinliklə də olsa boş yer tapıb oturandan sonra yadına düşdü ki, təyyarədən düşəndən sonra dilinin altından bir qurtum su da keçməyib. Amma iştahı yoxdu, elə bil ona yağ içirtmişdilər.

Yanında-yörəsində oturub öz qatarını gözləyənlərin arasında mürgüləyəni də vardı, başını çiyninə qoyan qadını öpüb oxşayanı da. Amma o, gözlərini hər şeyə yumurdu ki, xəyalındakı mənzərələr itməsin. Heç nə, xəyalındakı mənzərələrə kölgə salmasın.

Gözləmə zalındakı oturacaqlar bir-bir boşaldığı kimi, bir-bir də dolurdu; ayaq üstdə dayanıb hardasa bir oturacağın boşalmasını gözləyənlər də çoxdu.

Lap yaxınlığında iki cavan oğlanın doğma dildə danışdığını eşidəndə istər-istəməz çönüb baxdı, amma onlara da yaxınlaşmadı. Çünki hiss eləyirdi ki, hər hansı bir təmas onu düşüncələrindən ayırır.

Hər halda ondan ötrü çox maraqlı idi. Oksana kimə ərə gedib? Neçə övladı olub? Neçə nəvəsi var? İndi nə ilə məşğuldu?
Ağlına gəldi ki, lap indi iştahı olmasa da, qatarda yeməyə bir şey alsın; ən azı on iki saat yol gedəcək.

Növbəyə dayananda və cibindən çıxartdığı Ukrayna əskinaslarını sayanda diqqətini yüzlük qrivenin üstündəki şəkil və şəklin altındakı mənzum parça çəkdi. Birinci dəfə idi pulun üstündə şeir görürdü. Şeiri oxumaq istəsə də, daha doğrusu, hecalayıb oxusa da bir şey anlamadı. Amma başa düşdü ki, bu misralar Vətən, Vətən torpağı haqqındadır.

Elə o zaman institutu bitirəndən, rus dilində kifayət qədər öyrənəndən sonra Oksanaya doğru aparan yolu Vətən kəsmədimi?

Görəsən, nə üçün slavyan din xadimləri hamısı bir üz alma kimi bir-birinə oxşayırlar? Doğrudanmı buna səbəb onların qara, uzun əbaları, sinələrində nəzərə çarpan xaçdır? Hamısı da boylu-buxunlu, cüssəli. Ağır təbiətli. Bu seçimi kim aparır görəsən?

Bütün bu suallar, bir din xadimi gözləmə zalında peyda olanda və özünü otets Aleksandr kimi qələmə verəndə ürəyindən keçdi.

Keşiş əvvəl Ukrayna, sonra rus dilində ucadan, ləngərli bir səslə elan elədi ki, Dneprin üstündəki əsas körpü təhlükə altındadır və pravoslav kilsəsi yeni körpü tikmək üçün pul toplayır, kimin imkanı varsa, kömək etsin.

O, elə bu gün təyyarədə qarşılaşdığı tələbəlik dostu Əli Şamildən eşitmişdi ki, Ukraynada yaşayış səviyyəsi ürəkaçan deyil, orda da gündəlik ərzağı bizdə olduğu kimi adını nisyə dəftərinə yazdırıb alanlar, yavan çörəyə ehtiyacı olanlar var.

Din xadimi qara meşin çantasından meşin üzlüklü bir dəftər çıxaranda bildirdi ki, yalnız imkanı olanlar bu tədbirdə iştirak edə bilər.
Əvvəlcə keşişə bir qadın yaxınlaşdı, sonra ikincisi, daha sonra bir orta yaşlı kişi də əlini cibinə salıb portmanatını çıxartdı.

Din xadimi bu müqəddəs əməl naminə pul verənlərin adını, soyadını, atasının adını soruşub əlindəki dəftərə yazırdı və onlara pravoslav müqəddəsləri adından nə isə arzulayırdı.

Onun ağlına da gəlməzdi ki, birdən-birə keşişin qarşısında uzun bir növbə yaranar; bu cantaraq din xadimi isə əsla tələsmirdi, cibinin pulundan keçənlərin adını, soyadını əlindəki dəftərə yazandan sonra da bir-iki əl-qol hərəkəti ilə başlarının üstündə xaç çevirirdi.

Adını bu qara yardım dəftərinə yazdırandan sonra keşişə səmavi kitablarla bağlı sual verən də olurdu. Bir sorğu belə cavabsız qalmırdı, otets Aleksandr səbirlə, təmkinlə bütün sualların cavabını açıqlayırdı.

Müqəddəs amal naminə cibinin pulundan keçənlərin bir qismi isə heç adının dəftərə yazılmasını da istəmirdilər, bir anlığa pulunu otets Aleksandra verib geri çəkilirdilər.

Bu hadisədən xoşu gəlmədiyini dərhal büruzə verən döşü orden-medallı qoca isə deyinməyə başladı və onun sözündən belə çıxdı ki, indi çox qəribə əyyamdı, deputatlar öz kəndlərində kilsə tikdirir, kilsə isə xalq üçün körpü.
Növbənin böyüməsi onu heyrətləndirirdi; o, heç zaman, heç bir yerdə sadə xalqı belə yekdil görməmişdi. Və o, vaxtında Oksananı axtarmamağına bir daha təəssüfləndi. Və birdən növbədə Oksananı da gördü. Balaca Oksana-Lena da yanında. Görünür, vədinə xilaf çıxmaq istəməmişdi, onu yola salmağa gəlmişdi…


Kiyev-Truskaves sərnişin qatarına minik başlanması ilə bağlı elan onu dərhal yerindən qalxmağa vadar etdi. Demək, bu vağzalda bilet alandan sonra gözünə duran səkkiz saat arxada qalmışdı. Amma indi birdən-birə ona elə gəldi ki, arxada qalan ömür bir yanadı - bu səkkiz saat bir yana…

"Azərbaycan" jurnalının 2013-1 nömrəsində çap olunmuş bu hekayənin internet məkanında eksklüziv yayım hüququ yalnız Kulis.az saytına məxsusdur.

# 3044 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #