Çin nağılı

Çin nağılı
6 sentyabr 2014
# 08:15

Kulis.az Azad Yaşarın tərcüməsində Belçika yazıçısı Ameli Notombun “Çin nağılı” əsərini təqdim edir.

Azərbaycan dilində ilk dəfə - LAYİHƏ

İnsanlar bütün önəmli məqamları unutmağa adətkardırlar. Başqa şeylər kimi, onlar 10234 il bundan əvvəl Göyaltı imperiyanın ən böyük ölkəsi sayılan Çinin imperatorunun yaşadığı, o möhtəşəm Buludlar Sarayının da varlığını unudublar. Bu sarayın gözəlliyini vəsf eləməyə sözlər yetməz, qamaşan gözləri kor olmasın deyə, ziyarətinə gələnlər qara gözlüklər taxmağa məcbur idilər: sarayın bütün divarları alüminium folqa ilə üzləndiyindən saraydakı məkanlar təzə qazan kimi bərq vururdu. Orada bir müddət məskunlaşan şəxs daha başqa bir yerdə yaşaya bilmirdi, çünki bu saray özünün ehtişamı ilə bütün digər məkanları kölgədə qoyurdu, onları solğun göstərirdi.

İmperator həzrətləri Ton Şu dünyasını dəyişəndə həyatda olan 99 xanımını da diri-diri və onunla birlikdə torpağa tapşırdılar. Bu, son dərəcə həyəcanverici bir mərasim idi.

İki il sürən ümummilli matəm başa çatandan sonra İmperator sarayının baş vəziri mərhum imperator həzrətlərinin yeganə varisi, yarlı-yaraşıqlı şahzadə Pin İnin hüzuruna gəldi. Onun qarşısında ikiqat təzim edən vəzir sözə belə başladı:

- Şahzadə həzrətləri, mərhum və sayğıdəyər atanızdan qalan taxtı-taca yiyələnmək vaxtınız yetişmişdir. Ancaq Çin dövlətinin qanunları sizə də yaxşı bəllidir: evlənmədiyi müddətcə heç bir şahzadə taxta çıxa bilməz. Artıq iyirmi yaşınız var və evlənmək vaxtınız çatıbdır. İzn versəydiniz, saray rəssamı Çjanı ölkənin bütün əyalətlərini göndərərdik, qoy o, imperiyamızdakı ən gözəl və gənc zadəgan xanımların rəsmlərini çəksin, bu sayədə siz uzaq səfərlərə çıxmadan da özünüzə layiq bir xanım bəyənə bilərsiniz.

Şahzadə Pin adəti üzrə könülsüz şəkildə: "Hmm…" – elədi.

Bu cavan oğlan çox vaxt adama qəmgin və halsız adam təsiri bağışlayırdı, içini gəmirən dərdi-qayğını isə heç kəsə açmırdı. Məsələ də ondaydı ki, Pin İn gözəl şeylərdən bezmişdi. Buludlar Sarayında isə hər şey hədsiz dərəcədə göz-könül oxşayırdı. Məsələn, bağ o qədər gözəldi ki, adam orada gəzişməyə ehtiyat edirdi, təamlar elə ləziz idi ki, adamın onları yeməyə heyfi gəlirdi, nökərlər o dərəcədə gözəldi ki, qamçılamağa qıymırdı. Yataqlar da, qab-qacaq da, atlar da bir cüt göz istəyirdi baxmağa. Bütün bu gözəlliklərdən birtəhər qurtulmaqdan ötrü şahzadənin içdiyi aspirin həbləri də öz gözəlliyi ilə nadir mirvarilərə meydan oxuyurdular.

Yaşadığı bu saray cavan şahzadənin yamanca canını sıxırdı. Dünyaya göz açdığı gündən bəri o, azacıq çirkin heç nə görmədiyindən bir eybəcərliyin həsrətindəydi. Hətta özünü inandırmışdı ki, eybəcərlik gözəlliklə müqayisədə daha maraqlı və əyləncəlidir. Ancaq nə qədər axtarsa da, yaşadığı Buludlar Sarayında o, bircə dənə də çirkin, zövqsüz guşə tapa bilmirdi, elə buna görə də ildən-ilə dərdə-qəmə batır, lap əzvaylaşırdı.

Həmin vaxt rəssam Çjan Cinin əyalətlərinə səfərə çıxmışdı və bununla bağlı xəbər yel kimi hər tərəfə yayıldığından bütün əsil-nəcabətli gözəllər onu öz malikanələrinə dəvət edirdilər.

Ancaq baş vəzir bu vacib işi əbəs yerə Cjana etibar eləmişdi, çünki rəssam hiyləgərlikdə şeytanın özünə papış tikəcək birisiydi. Rəsmini çəkəcəyi hər zadəgan xanıma o, belə deyirdi:

- Aman Tanrım, necə də qənirsiz gözəlsiniz, ancaq burnunuzda çıxan o sızaq bütün gözəlliyinizə kölgə salır. Əgər on qızıl sikkə versəniz, üzünüzdəki o sızağı rəsmə almaram.

Bir başqa gözələ belə təklifdə bulunurdu:

- Şahzadəm, siz lap o göydəki mehtab qədər gözəlsiniz, bircə gözlərinizin çəpliyi buna əngəl törədir. On qızıl sikkə ödəsəniz, mən sizi…

Üçüncü gözələ isə deyirdi:

- Ah şahzadə xanım, həyatımda sizin qədər gözəl birinə rast gəlməmişəm. Yəqin siz də razılaşarsınız ki, rəsmdə burnunuzu bir azca qısaltsam, gözəlliyiniz xeyli artar.

Və sair, və ilaxır. Bütün cavan qızlar şahzadəyə ərə getməyə can atdıqlarından, əlbəttə ki, bu rəssamın iradlarıyla razılaşır və bunun qarşılığında rəssama gen-bol bəxşiş verirdilər. Beləcə, Çjan da onları tamamilə nöqsansız təsvir edirdi.

Ən nəhayət, o, imperiyanın ən ucqar əyalətində yaşayan Mirza adlı zadəgan bir xanımın sarayına gəlib çıxdı. Bu sənəm necə qüsursuz gözəl idisə, onu görən Çjanın dili-ağzı tutuldu. Qızı bir daha başdan-ayağa süzəndən sonra qət elədi ki, o, kamil gözəlliyə sahibdir və hər cür nöqsandan xalidir.

Ancaq fırıldaqçı rəssamı yalnız öz mənfəəti maraqlandırırdı. Odur ki, qıza təklif elədi:

- Xanım, siz bir mələk qədər gözəlsiniz. Əgər saçlarınız saman rəngdə olsaydı, inanın, misliniz, bərabəriniz tapılmazdı. O rəng saçlar sizin sarı bənizinizə və çəp gözlərinizə hədsiz yaraşardı. Mənə on qızıl sikkə ödəsəniz, sizi sarışın kimi rəsm edərdim…

Ağlı-zəkası gözəlliyindən əsla geri qalmayan Mirza bunu etirazla qarşıladı:

- Bu barədə heç söhbət belə gedə bilməz. Necə varamsa, məni elə də təsvir eləyin, olsun-bitsin.

Çjan bu imtinadan necə qəzəbləndisə, bütün məslək həyatı boyu yaratdığı ən çirkin portretdə bu xanımı təsvir elədi. Hətta digər gözəllərdə olan, lakin rəsmlərə köçürülməyən nöqsanları da rəssam bu obrazda cəmləşdirdi. Rəsmdəki qadının üzü qırmızı sızaqlarla dolu idi, çəp gözləri, upuzun burnu və qapqara dişləri vardı, dodaqları tək xətdən ibarət idi, üzünün dərisi yaşılımtıla çalırdı, yağlanmış və pırtlaşıq saçları isə iri kəpəklərlə doluydu.

Buludlar Sarayına dönən rəssam özüylə yüzdən çox portret gətirmişdi. Bunları birbəbir şahzadəyə göstərdikcə o, hər gözəl xanımın adını da söyləyirdi. Rəsmlərdəki bütün qızlar say-seçmə gözəllər idilər, hurilər qədər qənirsiz idilər. Buna görə də darıxan Pin İni əsnəmə tutmuşdu. Portretlərə baxa-baxa deyirdi:

- Bu dərəcədə gözəl xanımı neyləyəcəyəm, axı, mən? Mənə qalsa, tənhalığı gözəl qadınla yaşamaqdan daha üstün tutardım.

Çirkin xanımın portretini rəssam bilərəkdən lap axıra saxlamışdı. Belə bir çirkin qızın şahın xanımı olmağa iddia etməsinindən şahzadənin qeyzlənəcəyindən, hətta onu zindana atdıracağından qorxurdu rəsam. Nəhayət, Çjan sözləri uzadaraq, elan elədi:

- Bu da so-nun-cu port-ret! Plyun Dun əya-lə-ti-nin mi-sil-siz gö-zə-li Mir-za!

Portreti görən saray əyanlarından heyrət nidaları qopdu:

- Bu ki ağlasığmazdır! Əcəb iyrəncmiş!

- Bu ki qibleyi-aləmə qarşı təhqirdir! O qızı zindana atmaq gərəkdir!

Şahzadə Pin İn isə gülümsəyirdi. Həm də ömrü boyu ilk dəfə gülümsəyirdi. Qızın portretini süzdükcə, könlü sonsuz fərəh hissiylə döyünürdü. Nəhayət, o, qərarını dilə gətirdi:

- Mən elə bununla da evlənəcəyəm!

Saray əyanları uğunub getdilər.

- Şahzadəmiz yaman zarafatcılmış!

Pin İn üzünü bozartdı:

- Mən zarafat eləmirəm. Digərləriylə müqayisədə bu misilsiz qızı bəyəndiyimdən mən onunla evlənəcəyəm. Ya da heç kəslə, heç vaxt ailə qurmayacağam.

Baş vəzir dili tutula-tutula dedi:

- Ancaq, şahzadəm, siz belə bir ifritəylə evlənə bilməzsiniz, axı. Bəlkə bu gözəl qızı, ya da, baxın, bunu seçəsiniz?

- Mən külli-ixtiyar sahibiyəm! Seçdiyim xanımı "ifritə" adlandırmanızı da yasaqlayıram. Təcili o qızı saraya gətirin, çünki eşq alovu artıq qəlbimi bürüyübdür!

O günə qədər şahzadə öz təbəələriylə belə sərt danışmamışdı. "Əldən heç nə gəlməz" - deyən baş vəzir ucqar Plyun Duy əyalətinə bir dəstə adam yolladı ki, xanım Mirzanı saraya gətirsinlər.

Bəxti açılan qız sarı orqandidən donunu və qızılı çəkmələrini geyinib, imperatorun yolladığı kəcavəyə əyləşdi. Dörd filin əhatəsindəki kəcavə qarla örtülmüş çəltik tarlalarından keçib, Buludlar Sarayına tərəf üz tutdu.

Pin İn o günlər sevincindən yerə-göyə sığmırdı. İndiyədək heç kim onu belə şən və bəxtəvər görməmişdi. Səhərdən ta axşama qədər taxt-tac zalında o baş, bu başa var-gəl edir, uşaq kimi durmadan təkrarlayırdı: "Ah, mənim sevgilim Mirza, gözümün nuru Mirza…" Gecə sübhəcən yatmır, ürək biçimində kəsdiyi iri hədəfə zümrüd qaşlarla bəzənmiş oxlar atmaqla vaxt keçirirdi.

Vəzir-vəkili topladığı yığıncaqlarda qəfildən: "Necə də gülüncəm!" – deyir, ardınca isə dəli-dəli qəhqəhələr çəkirdi.

Saray əyanları onun ağlını itirdiyini düşünürdülər, halbuki şahzadə ən bəxtəvər günlərini yaşayırdı.

Bir qış günü keşikçi qülləsində növbə çəkən əsgər dörd filin donmuş çəltik tarlalarını tapdalayaraq, üzü bəri gəldiyini sezdi. Səsgücləndiricini ağzına tutaraq, o, müjdəli xəbəri hamıya çatdırdı:

- Şahzadə xanım gəlir!

Pin İn bunu eşitcək, su zanbağından hazırlanmış ətir çilədi əyin-başına. Musiqiçilərə əmr elədi ki, kəcavə saray qapılarından içəri girəndə oynaq rəqs havası çalsınlar ki, sevdiyi xanım təntənəylə qarşılandığının fərqinə varsın.

Qarşılarında misilsiz bir gözəl peyda olan saray əyanları gözlərinə inanmadılar. Onlar qızdan heyrətlə soruşdular:

- Bəyəm Plyun Dunlu xanım Mirza sizsiniz ki?

Gözəl xanım şəstlə dilləndi:

- Başqa kim olacaq ki?!

Razılıqla və dərindən köksünü ötürən baş vəzir qızı taxtı-tac zalına qədər müşayiət elədi.

Gözəl dilbəri görən Pin İn üz-gözünü turşudaraq, soruşdu ki, bəs onun adaxlısı hanı?

Qız dedi:

- O – mənəm, şahzadəm.

- Ola bilməz!

- Niyə də olmasın?! Mən – Plyun Dunlu Mirzayam da.

- Yalandır! Siz həm gözəl, həm də qüsursuz qızsınız. Mən isə çirkin Mirzanın həsrətindəyəm. Gedin buradan!

- Ancaq, şahzadəm...

- Təcili buradan getməsəniz, qaranlıq zindana salınacaqsınız!

Gözəl qız əlüstü taxtı-tac zalını tərk elədi. Kandarı keçəndən sonra o, var gücüylə qaçmağa başladı. Saraya qədər onu müşayiət edən fillərə və kəcavə daşıyanlara da hər hansı məhəl qoymadı. O, bir an əvvəl yoxuşdakı körpüyə çatmağa can atırdı ki, orada, yəni hamının gözündən-qulağından iraq bir yerdə doyunca hönkürüb ağlasın.

Sarayın qapılarını geridə qoyan qız acı göz yaşları axıdaraq, deyirdi:

- Heç nə anlamıram! Yəqin bu şahzadənin ağlı lap çaşıb! Mənim Mirza olduğuma niyə şəkk-şübhə eləyirdi ki? Hüsnümü görcək, niyə elə qəzəbləndi, axı? Heçcə nə anlamıram!

Haraya getdiyini bilməyən bu qız eynilə dəlilər kimi elə hey öz-özüylə danışırdı:

- Ən dəhşətlisi də odur ki, mən bu şahzadəyə artıq vurulmuşam. Hətta başdan xarabın biri olsa belə, eyib eləməz, çünki könlümə yatıbdır. Buralara qədər gəlməkdən mənim tək məqsədim - Çinin imperatriçası olmaq idi. İndi, yəni Pin İni görəndən sonra isə, bu dünyada yeganə arzum - ona ərə getməkdir. Əynindəki o gözəl qaftan şahzadəyə necə də yaraşırdı! Onun xəyalı heç vaxt gözlərimin önündən gedən deyil!

Dərin qüssəyə qapılan qız yola-yolağa fikir vermədən getdiyi üçün başına bir xəta gələcəyi bəlliydi və gəldi də: yerdəki dırmıxın dişlərinə ayaq basanda bu alətin sapı gözəl qızın alnına necə zərblə çırpıldısa, o, huşunu itirərək, yerə sərildi.

Qız qocaman bir baobab ağacının altında düşüb qalmışdı. İri çətirli o ağacda isə bir meymun sürüsü yaşayırdı. Mirzanı görcək, onlar bir-birini hayladılar:

- Ehey, qardaşlar, bayaqdan bekarçılıqdan bağrınız çatlayırdı. Buyurun, bu da sizin üçün xoş məşğuliyyət!

Bunun ardınca meymun sürüsü bir göz qırpımında qızı əhatəyə aldı.

Tanrı heç kəsi vəhşi meymunların cənginə verməsin. Onlar qəddar deyillər, ancaq bekarçılıqdan istənilən hoqqanı durğuza bilirlər. Məsələn, bir ay əvvəl onlar kitabxanaya girib, sırf əyləncə xatirinə oradakı bütün kitabları cırıb-tökmüşdülər, vərəqlərdən isə kağız təyyarə düzəldib, uçurtmuşdular. Kefləri belə istəmişdi. Onları qoyasan nə gəldi qırıb-tökələr.

İndi də onlar, acıqlarından yox, eləcə əylənmək üçün bu bihuş gözəli eybəcər kökə salmağa girişdilər. Onun bir gözünü çıxartdılar, saçlarının yarısını yoldular, dişlərinin çoxusunu qırdılar, dodaqlarını gəmirdilər, üz-gözünü cırmaqladılar. Bir sözlə, o mələküzlü qızın əvvəlki gözəlliyindən heç bir əsər-əlamət qalmadı.

Gözlərini açdığı vaxt Mirza başına nələr gətirildiyini anlamaqda çətinlik çəkdi! Sanki görmə hissi zəifləmişdi. Özünə bu cür təsəlli verməyə çalışdı:

- Görünür, bu, çox göz yaşı axıtmamdandır. İndi mən təcili Buludlar Sarayına qayıtmalıyam, yoxsa evimizə qədər olan o uzaq yolu təkbaşına necə gedərəm?!

Yanında güzgüsü olmadığından qız hansı günə qaldığını, necə iyrənc kökə salındığını hələlik görə bilmirdi.

Buludlar Sarayına qədəm qoyduğu an nəzərləri ona sataşan saray əyanları necə dərin dəhşət hissinə qapıldılarsa, pərən-pərən düşdülər. Qız isə buna heyrətlənirdi:

- Nə olub görəsən bunlara? Məni görcək, niyə belə qışqırışır, niyə qaçışırlar?

Qız saraydan qaçıb gedəndən sonra şahzadə əyanlara göstəriş vermişdi ki, bir nəfər kimi taxtı-tac zalını tərk eləsinlər.

- Gedin! Gözlərim sizi görməsin! Məni öz dərdimlə baş-başa buraxın! İlahi, necə də bədbəxtəm! Mən Mirzanı çirkin bir qız sayırdım, halbuki o – gözəllər gözəli imiş. Ah, necə də dərindən yanılırmışam! – deyə o, vurulduğu qızın gözəlliyindən şikayətlənməyə başlamış, sonrakı dörd saat boyu aramsız göz yaşı axıtmışdı.

Qəfildən onun gözləri qarşısında sirli bir səhnə canlandı. Taxtı-tac zalının qapısı açıldı və dünyanın ən ağlagəlməz eybəcərliklərinə malik məxluqu zala girdi. Bu ifritə ilə müqayisədə rəssam Çjanın yaratdığı rəsmdəki qız hər halda xeyli yaraşıqlıydı. Şahzadənin qarşısındakı isə əsl eybəcərlik ilahəsiydi.

Heyranlığa qapılan Pin İn ondan soruşdu:

- Kimsən sən, ey ilahi məxluq?

Qız dedi:

- Bəyəm məni tanımadınız ki?

- Səni ilk dəfədir görürəm.

- Ola bilməz, sizinlə üç-dörd saat əvvəl görüşmüşdük və siz məni təhqir edib, hüzurunuzdan qovmuşdunuz.

- Necə yəni? Yoxsa sən Plyun-Dunlu Mirzasan?

- Yoxsa buna şübhəniz var?

Şahzadənin onu niyə tanımadığını qız hələ də anlaya bilmirdi. Düşündü ki, bəlkə saç düzümü pozulub. Bundan əmin olmaqdan ötrü cəld saraydakı nəhəng güzgünün önünə keçdi.

Aynada öz əksini görən qızdan ətürpədici bir qıyya qopdu və o, bayılaraq döşəməyə sərələndi.

Ona tərəf cuman şahzadə əyilib, qızın üzünü heyranlıqla seyr eləyərkən dedi:

- Hə-ə, Mirza, bax, bu - həqiqətən sənsən. Sarı orqandidən tikilən paltarını və qızılı çəkmələrini unutmamışam. Əzizim, sən mənə bəslədiyin sevgini ən aşkar şəkildə sübuta yetirdin! Mənim gözəllikdən zəhləm getdiyini, bezdiyimi andadığın üçün qısa vaxtda özünü bu dərəcədə eybəcərləşdirməyə qıydın! Ən gözəl qadınlardan biri olmaqla bərabər, sübut elədin ki, özün də gözəllikdən iyrənirsən. Məhz mənə duyduğun sevgi ucbatından dünyanın ən eybəcər məxluquna çevrilməyə razı oldun. Sənə heyranam, heyran!

Qız özünə gəldi.

- Mirza, çirkin mələyim, eşqim mənim! Sevdiyin kişinin xətrinə sən gözəlliyini qurban verdin, buna rəğmən, sən – yenə də misilsizsən! Sənsiz əsla yaşaya bilmərəm mən. Günü sabah səninlə evlənəcəyəm.

Başına gələnlərin məğzini Mirza hələ də anlamırdı, buna rəğmən, o, Pin İnə aşiq idi və sırf bu üzdən özünü dünyanın ən bəxtəvər qadını saymaqdaydı artıq. Şahzadəyə baxıb, gülümsədiyi zaman qızın gəmirilmiş ağzı daha qorxunc görünürdü.

Səhəri gün Buludlar Sarayı dünyada misli-bərabəri görünməyən bir toy-büsat məkanına çevrildi.

Saray əyanlarının heyrət dolu baxışlarına rəğmən, şahzadə sevdiyi çirkin qızla nikaha girdi. Dünya yaranandan bəri bir-birinə bunca yaraşan bəylə gəlin hələ görünməmişdi.

Bunlar qədər bəxtəvər cütlüyü də dünya-aləm hələ görməmişdi.

Mirzanın eybəcərliyi hamının gözlərini qamaşdırırdı. Din xadimi onları ər-arvad elan edəndən sonra qızı ağuşuna basan Pin İn onun gəmirilmiş dodaqlarından öpdü.

Onlar birlikdə bəxtəvərlik dolu, uzun bir ömür sürdülər, xeyli oğul-uşaq sahibi oldular. Şahidlərin dediyinə görə, doğulan hər övladları bir əvvəlkindən daha iyrənc imiş.

Dilimizə çevirdi – Azad Yaşar

https://www.facebook.com/azadyasharofficial

# 4186 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #