60 yaşda ingiliscə öyrənən şair: “Şeirdə birinciyəm!”

60 yaşda ingiliscə öyrənən şair: <span style="color:red;">“Şeirdə birinciyəm!”
15 sentyabr 2016
# 08:30

Kulis.Az Şərif Ağayarla şair Nazim Əhmədlinin söhbətini təqdim edir.

- Nazim bəy, Qorki adına ədəbiyyat institutunun məzunlarındansan. Ötən əsrin əvvəllərində bir Qori vardı, sonunda Qorki... İkisində də Azərbaycandan seçmə gənclər gedib oxuyurdular. Qori ilə Qorkini necə müqayisə edərdin?

- Qori Qafqaz üçün yaranmışdı. İstəyirdilər ki, Qafqaz xalqalrından insanlar gedib oxusun, lazım gəlsə rus çarziminin sözünü desin. Sözsüz ki, onların arasında rus imperiyasının sözünü deməyənlər də oldu, deyənlər də oldu. Tarix qarşımızdadır, görürük. Çarzmin özünə qarşı mübarizənin bir qolu da elə həmin Qori seminariyasında idi. İsmayıl Şıxlının məşhur “Dəli Kür” romanında da bunu görürük. Qorki adına ədəbiyyat institutu isə 30-cu illərdə, Maksim Qorkinin sağlığında yaradılmışdı. Məqsəd yazıçı-şairlərə ali təhsil imkanı vermək idi və təbii ki, qabiliyyət müsabiqəsi və qəbul imtahanları keçirilirdi.

- Belə anladım ki, Qorki Qoridən daha azad idi.

- Bəli. Maksim Qorki adına Ədəbiyyat İnstitutu tək Qoridən yox Rusiya, sonralar SSRİ ərazisində fəaliyyət göstərən bütün ali təhsil ocaqlarından çox azad idi.

- Amma, deyəsən, Qoridən daha böyük şəxsiyyətlər çıxdı: Üzeyir bəy, Mirzə Cəlil...

- Burda da vardı Yusif Smədoğlu...

- Əli Kərim...

- Bəli, Əli Kərim... Sonralar Əkrəm Əylisli, Cabir Novruz, Fikrət Qoca, Dağıstanın xalq şairi Rəsul Həmzətov və s. Bizim nəsildən Səfər Alışarlı, Saday Budaqlı, Maarif Soltan, Murad Köhnəqala, Şaiq Vəli. Murad Köhnəqala çox istedadlı, tər-təmiz təbi olan şairdi.

- Ömür təzədən başlasa yenə Qorki adına instituta gedərdiniz?

- Məmnuniyyətlə. Qorki həyatını ömrümün ən gözəl anları hesab edirəm. Ən azından ona görə ki, orada dünya ədəbiyyatı ilə tanış oldum. İndi isə dünya ölkələrində daha çox universitetlər var və hal-hazırda bir az gənc olsaydım o universitetlərin bir neçəsində oxuyardım.

- Tək ona görə yox... Gənclik, gənc rus xanımları, məclislər...

- Təbii ki, onlar hamısı öz yerində. Biz orda həm də həyat öyrəndik.

- Laçının ucqar Əhmədli kəndi hara, Moskva, Qorki institutu mühiti hara.

- Bu bir geniş söhbətin mövzusudu..

- Laçında müəllimin yanında siqaret çəkə bilərdiniz?

- Qətiyyən. Biz müəllimimizi görəndə papağımızı çıxardırdıq.

- Amma Qorkidə müəllimlərlə araq vurudunuz.

- Araq vuruduq, siqaret yandırırdıq.

- Səncə, hansı yaxşıdır?

- İnsani keyfiyyətlər öndə olarsa hamısı...

- Yəni, Qorkidə qələm adamına azad olmağı da öyrədirdilər.

- Qələm adamı həmişə azaddır. Sözə heç bir qüvvənin gücü çatmır. Müəllim gəlirdi, otururdu orta stolda, ayağını da aşırırdı ayağının üstünə. Damağında da siqaret. Biz də başına toplaşıb onu dinləyirdik. Mühit çox yaxşı idi.

- Məndə belə bir qənaət var ki, son vaxtlar M.Qorki institunda oxuyanlar gəlib rahat yerlərini tapa bilmədilər.

- Mən elə düşünmürəm. Mən iyirmi ilə yaxın Yazıçılar İttifaqında işlədim. Bilirsən, şəxsi xarakterdən də çox şey asılıdır. O vaxt bir fikir formalaşmışdı ki, şairsənsə qəzetdə, ya da hansısa yaradıçılıq təşkilatında işləməlisən. Bu doğru deyil. Şairlik vəzifə deyil. Hər yerdə işləyə bilərsən. Şeirin buna dəxli yoxdur. Məmmədhüseyn Şəhriyar mühasib idi. Eloğlumuz Ağa laçınlı deyirdi ki:

Qazıb çıxarmazlar əsl bulağı

Bulaq şırıl-şırıl qaynayıb gələr...

- Niyə ki? Laçında, Qarakeçdi kəndində bir bulaq vardı, qazıb çıxartdılar.

- Quyu ola bilər...

- Yox, bulaq idi. Sadəcə yerin altıyla axırdı, bildilər, qazıb çıxartdılar, bütün kəndi içməli su ilə təmin elədi.

- Bu şeir bir məsəl mənasını verir.

- Mən də birbaşa demirəm. Zəhmət və mühit vacibdir. Mənim şırıl-şırıl axan bulağım var deyib rahat yatmaq olmaz.

- Əlbəttə ki. Şərif bəy, Allah təala hər bir insana eyni dərəcədə qabiliyyət və istedad verir. İnsan hansı mühitə düşürsə, o mühitdə də formalaşır. Mən gözümü sənət mühitində açmışam. Atam nəfəs alətləri ifaçşısı idi. Babam - atamın dayısı idi, baba deyirdik - Aşıq Məşədi Dadaşdı. Məşhur Aşıq Qərib dastanının və bir neçə nağılı o yaradıb.

- Amma sən aşıq şeiri yazmırsan.

- Yox, mənim öz deyim tərzim var. Bunlara aşıq şeiri demək olmaz.

- Laçından Bakıya gəlmisən, burdan Moskvaya getmisən, indi yenə Laçına qayıdırsan elə bil... Milliliyə, keçmiş forma və məzmunlara... Bu nə ilə bağlıdır?

- Bu ruhla bağlıdır. Ruh ordadı. Əgər yuxularda Laçını görürüksə, o həsrətlə yaşayırıqsa, demək belədir.

- İşğal faktını kənara qoysaq, Laçınla Gədəbəyin nə fərqi var sənin üçün?

- Hər ikisi yurdumuzun bir parçasıdı. Ancaq indi Gədəbəylilər orada yaşayır, Laçın isə işğal olunub. Yəqin bir vaxt olacaq Laçını da geri alacağıq.

- Yenə işğal faktı?

- Bəli, düşmənlər mənəviyyatımızı da işğal eləmək istəyir. Bunu ermənilər öz havadarları ilə edir.

- Demək istəyirəm ki, Moskvadan daha irəli getmək lazım idi, bəlkə?

- Dedim də, ruh məsələsi. Ruhun hara çəkirsə...

- Bəlkə, bu mövzuda çoxlu mənasız şeylər yazılıb, ona görə adamı qıcıqlandırır? Hərdən düşünürəm ki, bu mövzulara istehza etmək lazımdır.

- Ola bilər. Biz Laçına – doğulduğumuz yerə gedə bilmiriksə bu böyük insanlıq faciəsidir.

- Və bu məsələnin ədəbiyyata nə qədər dəxli var?

- Yenə deyirəm, yazmaqdan asılıdır. Yəni Qarbağdan, işğaldan yazırsansa, ədəbiyyatdır deyə bir qayda yoxdur. Ədəbiyyatın öz yolu var.

- Uzun müddət AYB-də Bədii Ədəbiyyatın təbliği Bürosunun rəhbəri olmusan.

- 2001-ci ildən, 2015-dək orda işlədim, hə.

- Nə iş görürdünüz?

- Sovetin vaxtında – 1969-cu ildə AYB-də (öncəki AYİ) yaranmış idarə idi. Rəhmətlik Osman Sarıvəlli büronun ilk direktoru olub. Ədəbi görüşlər keçirirdik.

- Məndə belə bir təəssürat var ki, bu, sırf qonaqlıq təşkilatı olub. Osman müəllim də məclis sevən adam idi.

-Yox, elə deməzdim, Yaxşı ədəbi görüşlər olurdu. O vaxt xalq arasında ezamiyyətə - “kamandirovka”ya gedənlərə “kababtirovka”ya gedirsən, deyirdilər (gülür). Şübhəsiz, Azərbaycan xalqının qonaqpərvərliyi buna əsas verirdi. Yazıçı və şairlərə böyük hörmət var idi və onlar hər yerdə böyük hörmətlə qarşılanırdılar.

- Özü də şairi yazıçıdan daha yaxşı qarşılayırdılar. Şeiri oxumaq, əzbərləmək asandı axı... Bir növ, qısa yazdığın üçün sağ ol!

- Hə (gülür).

- “Bizdə şeir də var, sənət də vardır / Şeirə, sənətə hörmət də vardır” misralarında bu məsələyə gizli eyhamlar var.

- Lap açıq eyhamlar var (gülür).

- İş prinsipi necə idi?

- Biz məktubla müraciət edirdik, hansı bölgədə görüş olurdusa həmin bölgənin rəhbərliyi hesabımıza pul keçirirdi və həmin puldan həm ezamiyyə xərcləri ödənilirdi, həm də yazıçıya-şairə qonorar verilirdi.

- Bir az bezdirici deyildi ki, bu iş?

- Yox. Maraqlı idi. Mən o görüşlərdə o qədər şair kəşf eləmişəm ki.

- Bəs niyə getdiniz ordan?

- 14 il işlədim, bir gün düşündüm ki, daha bəsdir, indi də başqası işləsin. Başqa işə getdim. Arxiv işinə.

- İndi ordasız?

- Bəli.

- Təbliğ elədiyiniz sənətin indi arxivini yığırsız... Ömür süjetini belə qəbul eləmək olar.

- Bəli. Mən həm də Qarabağ müharibəsi iştirakçısıyam. Hərbi jurnalist kimi. İndi həm də ictimai birlik rəhbəriyəm. Sknadinaviya Ölkələri ilə Mədəni və Elmi İctimia Birliyin sədriyəm.

- Oğlunuz da orda oxuyub, deyəsən.

- Oğlanlarımın ikisi də Norveçdə də oxuyub. Böyük oğlum ailəsi ilə orda yaşayır.

- Yerli xanımla ailə qurub?

- Yox, xanımı laçınlıdır.

- Yenə də Laçın.

- Həəə (gülür). Onsuz olmur.

- Özün də hərdən gedib-gəlirsən...

- Gedirəm, həə...

- İngiliscəni də ona görə öyrənirsən, yəqin.

- Bəli. İki ilə 4-cü səviyyədə ingiliscə öyrəndim. Çulumu sudan çıxarda bilirəm.

- Neçə yaşda başladınız?

- 60.

- Bu, çox maraqlıdır.

- Bəli.

- Həm də məhsuldar yazırsan. Elə bil ikinci nəfəsiniz açılıb.

- Şeiri həmişə yazmışam. Son bir ildə xüsusilə müntəzəm yazıram. Üçcildlik hazırlayacam. Ondan əvvəl bir nəsr, bir şeir kitabı buraxacam.

- Nəsrə təzəlikcə başlamısan deyəsən.

- 30 il əvvəl yazmışam, amma az yazmışam.

- Arada qəzəllər də olur. Hansı ehtiyacdan?

- Bir qəzəl kitabım çıxıb. Bir ayın içində 23 qəzəl yazdım. Lirik qəzəllər idi. Mütəxəssislərə göstərdim, dedilər, hər şey qaydasındadır. Təsəvvür elə, bilmədiyim ərəb-fars sözlərinin hamısını yerində işlətmişdim. Hardan gəmişdi, necə gəlmişdi, deyə bilmərəm. Onu deyim ki, Qətran Təbrizini, Füzulini çox yaxşı oxumuşam. Görünür o təcrübələrdən nəsə varmış.

- Bir dəfə mərhum şairimiz Akif Səməddən soruşdum ki, sizdən nə qalacaq? Dedi, iki-üç gəraylı. Eyni suala sən necə cavab verərsən?

- Bunu mən deyə bilmərəm.

- Qara bulud göy üzündə çeçədi...

- Həə...

- Görürsən, mənim yadımda səndən nəsə qalıb.

- Sağ olasan. O vaxt Məmməd Araza şeirlərimi oxuyanda, dedi, səndən dahilik iyi gəlir. Buna oxşar fikri Ramiz Rövşən də Şüvəlanda Yaradıcılıq evində demişdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bunu özüm də hiss etmişəm həmişə. Özümü birinci hesab edirəm.

- Ramiz Rövşənin acığı tutar bu açıqlamana.

- Tutmaz. Hərənin öz dəsti-xətti var.

- Ramiz Rövşəninki tutmasa da Rüstəm Beührudininki yüz faiz tutacaq... O da çox iddialıdır.

- Mənim Azərbaycanda bəyəndiyim üç şair var: Ramiz Rövşən, Rüstəm Behrudi, Vaqif Bayatlı. Üçü də mənim dostumdu.

- Axı bu “kruq”da Vaqif Səmədoğlu da var.

- Var. Allah rəhmət eləsin. Yəni, dörd şair. Vaqif müəllimlə görüşlərdə olmuşuq.

- Müsahibə üçün sağ ol.

- Təşəkkür edirəm, Şərif bəy.

# 1393 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #