"Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır" - Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlu, yazıçı

Mirmehdi Ağaoğlu, yazıçı

14 fevral 2025
# 14:25

Kulis.az Mirmehdi Ağaoğlunun "Azərbaycanda yazıçı olmaq" adlı yeni yazısını təqdim edir.


Azərbaycanda yazıçıların çətin vəziyyəti


Azərbaycanda yazıçıların yaşayışı acınacaqlı vəziyyətdədir.

Onlar bu vəziyyətə son illərdə düşməyiblər, müstəqilliyin ilk vaxtlarından yazıçıların suyu bulanıq gəlib.

Mədəniyyətin digər sahələrində çalışanlara baxırsan, az-çox öz sahələri ilə məşğuldur, kimisi az, kimisi çox, əvvəl-axır qazanır. Təkcə yazıçılar öz sahələri ilə məşğul olub qazanc əldə edə bilmir.

Üzdə olan, olmayan, məşhur, qeyri-məşhur hansı yazıçıya baxırsan, dolanışıq üçün müxtəlif işlərə baş vurur, bu aydan o aya güclə yetən məvacib qazanır, borcun birini ödəyib, o birini alır. Evə gələndən sonra da yorğun olmasa, üstəlik, məişət qayğıları imkan versə, fələkdən bir-iki saat oğurlayıb yaradıcılığa xərcləyir. Nəticədə yaradıcılıq hobbiyə çevrilir, peşəkar yazıçılıqdan əsər-əlamət qalmır.

Halbuki fundamental bir romanın yazılması üçün illərlə, hər gün azı 6-7 saat masa qarşısında oturub ciddi çalışmaq gərəkdir. Çünki yazıçılığın, romançılığın təbiəti bu cürdür, dəmirçi peşəsi kimi tər tökməyi tələb edir.


Azərbaycanda yazıçılıq peşə kimi

Azərbaycanda yazıçılıqla peşə kimi məşğul olmaq mümkün deyil. Vəziyyət o dərəcədə acınacaqlıdır ki, ölkənin bestseller yazıçılarının ilk üçlüyündə yer alan Elxan Elatlı belə çətinliklə dolanmaqdan, illərdir kirayələrdə yaşamaqdan şikayətlənir.

Azərbaycanda yazıçıların acınacaqlı vəziyyətdə yaşamalarının çox səbəbi var. Məlum səbəblər dəfələrlə müzakirə edilsə də, bu vaxta kimi bir xeyri olmayıb deyə bu yazıda ətraflı sadalamağa gərək yoxdur.

Problem o zaman yaranıb ki, SSRİ dağılandan sonra ölkədə kitabla bağlı bütün təsisatlar sıradan çıxıb. Artıq 30 ildir müstəqilik, təəssüf ki, bu təsisatlar hələ də düzəlməyib. Azacıq analiz edəndə yaxın illərdə düzəlməyəcəyini görürsən.



Kitab çapı və nəşriyyatlar

Nə nəşriyyatlar, nə xalq, nə də digər təsisatlar tərəfindən yazıçıların kitab çapına təşviq edilməsi cəhdləri yoxdur.
Belə olan halda müəlliflər də yalnız öz təşəbbüsləri ilə, mənəvi ehtiyac duyandan-duyana qollarını çirməyib, hekayə, roman kitabları çıxarır.
Heç kəs onlardan kitab gözləmir, hansısa tədbirdə rastlaşdığı oxucunun sözgəlişi soruşduğu “Nə vaxt kitab çıxarırsan?” gözəlləməsindən yox, ciddi kommersiya təkliflərindən söhbət gedir.
Nəşriyyatların əksəriyyəti kitab çapına görə yazıçılara minimal qonorar belə ödəmək iqtidarında deyilər. Dünyanın heç bir yerində yazıçıya kitab çapına görə qonorar natural formada - kitabla ödənilmir, bizdə ödənilir, belə olan halda “beynəlxalq standart” desən, adamı topa tutarlar.

Bir yandan da kitablar elə bir gülünc tirajla nəşr olunur ki, bir aya hamısı satılsa belə yazıçının dolanışığı üçün bəs etməz. Halbuki kitabın uzun dövr ərzində satıldığını hamı bilir. Yəni, yazıçının kitab satışından gələn gəlirlə dolanması Allah üçün tirajların yüksək olduğu inkişaf etmiş dövlətlərdə belə ancaq çox məşhur müəlliflərə müyəssər olur.


Bahalaşma, ədəbi reallıq və
Sovetdənqalma qonorar sistemi

Odur ki, yazıçının həm yaxın sahə kimi, həm də dolanmaq üçün kitab redaktəsi ilə, korrektə ilə, tərcümə ilə məşğul olmaq boyuna biçilib. Lakin kommunal məbləğlərin, metro-avtobusun gediş haqqının, təyyarə biletlərinin, benzinin qiymətinin, vergi tariflərinin dünya standartlarına çatdırılmasına can atıldığı ölkədə redaktənin, korrektənin, tərcümə xidmətlərinin qiymətləri dünya standartlarından qat-qat aşağıdır. Heç kəs də qiymətlərin müəyyən bir meyarlar çərçivəsinə qaldırılmasına can atmır.
Sovet dövründə mövcud olmuş qonorar sistemi də tamamilə iflasa uğrayıb. Ölkədə ədəbi məhsullara qonorar ödəyən mətbu orqanları yox dərəcəsindədir. Barmaqla göstərmək olar: Yazıçılar Birliyinin mətbu orqanları, Kulis.az, “525-ci qəzet” və bir neçə başqa sayt.
Şəxsi təşəbbüs hesabına fəaliyyət göstərən başqa ədəbiyyat saytları da var, lakin maliyyə imkanları olmadığı üçün də zamanla divar qəzetinə çevrilir.

Ədəbiyyat orqanlarını dirçəltmək məqsədilə donor, qrant cəlb etmək də mümkünsüzdür. Əvvəla müvafiq dairələr ədəbiyyata qrant ayırmaq marağında deyil, bir qayda olaraq ədəbiyyatla bağlı layihələr ya yer tutmur ya o qədər sənəd-sünəd tələb olunur ki, onları toplamaq üçün gərək yazıçı yox, hüquqşünas olasan.

Müəlliflərə ödənilən qonorarlar da ayrı dərddir. Necə deyərlər, xərci borcunu ödəmir. Yazıların müqabilində ödənilən məbləğ o qədər gülünсdür ki, heç yazını yazarkən çəkilən siqaretin, içilən çayın-qəhvənin pulu eləmir. Bir dəfə Salman Rüşdüninin xaricdən sifariş verib gətizdirdiyim son romanı haqqında geniş məqalə yazmışdım.

Kitab haqqında nəinki Azərbaycanda, heç dünyada da geniş resenziyaya rast gəlməmişdim deyə özlüyümdə romantizmə qapılmışdım ki, yəqin babat pul yazılar. Qonorarı alanda isə gözlərim kəlləmə çıxdı. Şişirtmə filan deyil, heç kitabın pulu eləmirdi.

Ümumiyyətlə, Azərbaycanda təkcə mətbuat sahəsində deyil, başqa sahələrdə də qonorar ödəmək mədəniyyəti bir yolluq qəhətə çəkilib. Elə bil yazıçının kiməsə borcu var: verilişə havayı çıxmalıdır, kitab sərgisində havayı danışmalıdır, tədbirdə havayı çıxış etməlidir... Baxırsan, nə boyda layihədir, mühasibatlıq sənədində adicə kofe-breykə bir toyun xərci yazılıb, dayanacaqdakı “stoyanşik”lərin də çax-çuxu nəzərdə tutulub, bircə yazıçıların qonorarı unudulub.

Yazıçı sevinə-sevinə o tədbirdə iştirak etməli, bir-iki ağız çərənləyib sonra da rədd olub getməlidir. Deyərdim, yazıçılar təhsil, mədəniyyət ocaqlarına dəvət ediləndə də qonorar verilmir, Allaha şükür, bizdə bu ənənə də yerli-dibli yoxdur. Bir-iki istisnanı nəzərə almasaq, heç bir məktəb, təhsil ocağı müntəzəm şəkildə yazıçılarla görüş keçirmir ki, qonorar ödəsin.

Dəvət edəndə də elə yazıçıları çağırırlar ki, onlarla görüşən tələbələr də məzun günündə “Noçyu ya rodilsa pod zaborom” mahnısına oynayırlar.

Yaradıcı ezamiyyət və dünya təcrübəsi

Yazıçıların yaradıcı ezamiyyətlərə getməkləri üçün hansısa təşkilatlar, qurumlar tərəfindən kampaniyalar təşkil edilmir. Misal üçün, yazıçı endirimli qiymətlərlə Qubada yerləşən hansısa hoteldə bir ay qalır və yaradıcılıqla məşğul olur. Belə şeylər bizdə yoxdur deyə oxuyanlar deyəcək türklər demiş, kafayı üşütmüşəm. Halbuki dünyada çox geniş yayılmış praktikadır, hətta bu sahəyə vəsait xərcləyən fondlar mövcuddur.

Bəli əzizlər, mənim sadaladığım məsələlər dünyada normadır. Elə bilirsiniz, bütün yazıçılar Stiven Kinqdir, Orhan Pamukdur, avtofiksiyanın Azərbaycanda atası qəbul olunmuş Knausqordur? Xeyr! Dünyada əsərləri bestseller olmayan, kitabları az tirajla çıxan milyonlarla yazıçı var. Amma onların yuxarıda sadaladığım təsisatlardan yararlanmaq imkanları da var deyə, başqa işlə məşğul olmaqlarına lüzum qalmır, bütün diqqətlərini yaradıcılıqlarına yönəldirlər (Mən təzə yazmağa başlayan müəllifləri nəzərdə tutmuram, artıq sistemin vintinə çevrilmiş, ədəbi prosesin iştirakçısı olan, mütəmadi kitabları çıxan, satılan yazıçıları nəzərdə tuturam).


Mədəni təhlükə

Bu kimi məsələlərə görə Azərbaycanda yazıçıların vəziyyətləri həqiqətən acınacaqlıdır. Məlum problemlər isə ciddi ədəbiyyat nümunələrinin yaranmasına təsir göstərir. Ölkədə yazıçılar öz peşələri ilə dolana bilməyənə kimi ədəbiyyatın vəziyyəti düzəlməyəcək. Tək-tək əsərlər yazılsa da, onların içindən şedevr çox nadir halda çıxacaq. Ona görə ki, ədəbiyyat kənardan fərdi sənət növü kimi görünsə də, əslində, böyük bir mexanizmdir, o mexanizm işləməsə, detalları da fırlanmayacaq, fırlansa da, “sorvat” olacaq. Nəticədə 10-20 il sonra Azərbaycanda ədəbiyyat yox olub gedəcək. Kimsə rahatlıqla deyə bilər ki, yox olsun. Belə düşünənlər çoxdur.

Hər cür dıydığ müğənnilərin ovuclarına şaxa-şax yüzlük dollarların basıldığı, ən bayağı mütrüflərə Tiktokda 300-500 dollarlıq şirlərin, pələnglərin atıldığı ölkədə yazıçının dəyəri sıfırdır. Bu gedişat isə Azərbaycan xalqını qəti narahat etmir! Bu ürəkağrıdan vəziyyət Azərbaycan xalqının, xalqın imkanlı şəxslərinin, filantropluğa namizədlərinin, mesenat ola biləcək varlılarının, Tağıyevin yanında boy göstərə biləcək imkanlılarının, Həcc ziyarətinə 10 dəfə getmiş müğənni sponsorlarının heç vecinə də deyir. Belə görünür, bundan sonra da vecinə olmayacaq!

Ədəbiyyatın gələcəyi və dövlətin rolu

Amma dövlət ağlı bu cür düşünmür. Çünki 650 il sonra Nəsiminin yubileyini qeyd edən də dövlətdir, Şekspirin 450 illiyini qeyd edən də. Dövlət yeri gələndə yazıçılardan öz simasını formalaşdırmaq üçün faydalanır. Əgər Amerika deyəndə insanın yadına ilk növbədə Mark Tven, Uilyam Folkner, Fransa deyəndə Viktor Hüqo, Emil Zolya, Onore de Balzak, İspaniya deyəndə Migel de Servantes, Almaniya deyəndə Göte, Kolumbiya deyəndə Qabriel Qarsiya Markes düşürsə, deməli, ədəbiyyatın varlığı ən çox elə dövləti maraqlandırmalıdır.


Yazıçıların rifahı üçün nə etməli?

Bunun üçün də düşünürəm ki, dövlət bu acınacaqlı vəziyyətin aradan qaldırılması üçün necə ki, ölkədəki nəqliyyat, su, enerji kimi infrastrukturların inkişafı ilə bağlı proqram, strategiya hazırlayır, ədəbiyyatın inkişafı ilə bağlı da Dövlət Proqramı hazırlanmalıdır.

Heç olmasa, birinci mərhələdə Azərbaycan Respublikası Kino Agentliyi kimi bir Ədəbiyyat Agentliyi təsis edilməlidir ki, ədəbiyyatımız komadan ayılsın, yuxarıda dediyimiz problemlər aradan qalxsın, yazıçılar öz peşələri ilə dolana bilsinlər. Əks təqdirdə, şəxsi fədakarlıqlar hesabına yaranan Azərbaycan ədəbiyyatı heç bir zaman dünyada gedən ədəbi prosesin parçası olmayacaq, böyük, fundamental əsərlər yaranmayacaq. Ondan sonrası hüsumət, ondan sonrası hüsran...

P.S. Görək bu yazının qonorarı nə qədər olacaq?

# 1307 dəfə oxunub

Oxşar xəbərlər

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

10:00 15 fevral 2025
Allahı əlindən alınmış insanlar - Kirovun ölümü ilə başlayan cəhənnəm

Allahı əlindən alınmış insanlar - Kirovun ölümü ilə başlayan cəhənnəm

12:30 14 fevral 2025
Bu olmayanda bəzi gənc yazarlar kimi... - Cavanşir Yusifli

Bu olmayanda bəzi gənc yazarlar kimi... - Cavanşir Yusifli

16:47 13 fevral 2025
Əməkdar artist səhnədə qızının gözü önündə dünyasını dəyişdi

Əməkdar artist səhnədə qızının gözü önündə dünyasını dəyişdi

14:56 12 fevral 2025
"Həmin işıqlı günlər" - Mətanət Vahid

"Həmin işıqlı günlər" - Mətanət Vahid

14:45 10 fevral 2025
Folklorumuzda ilan kultu: şər, yoxsa xeyir? - Elnarə Qaragözova

Folklorumuzda ilan kultu: şər, yoxsa xeyir? - Elnarə Qaragözova

10:00 8 fevral 2025
# # #