Romanla povestin fərqi - ARAŞDIRMA

Romanla povestin fərqi - <span style="color:red;">ARAŞDIRMA
1 mart 2016
# 08:30

Azərbaycan ədəbiyyatında nəsr əsərinin hansı janra aid olması çox vaxt mübahisə doğurur. Romana povest deyirik, povestə hekayə, ya da əksinə. Yazıçı bir nəsr əsəri qələmə alır, həcmi böyük olanda adını roman qoyur, səhifəsi az olanda povest. Ən çox da bu iki janr səhv salınır.

Bəs janrları necə müəyyən etmək lazımdır? Povestlə romanın fərqi nədir?

Roman və povestin həcmi demək olar ki, eyni olur. Çox vaxt yanlış bir təsəvvür var: deyirlər ki, povest kiçik romandır. Bu bölgü dünya ədəbiyyatında aparılır, ancaq povest rus ədəbiyyatının janrı hesab olunur. “Povestvovanine” sözündədir, yəni “nəql etmə”.

Rus mənbələrinin yazdığına inansaq, povest qəhrəmanın xarakter cizgilərini, onun taleyindəki ən əhəmiyyətli epizodu təsvir edir.

Povestin hadisəsi məhdud bir zamanda baş verir və baxış bucağı yalnız bir nöqtəyə tuşlanır. Qəhrəmanın taleyi və şəxsiyyəti bir və yaxud bir neçə epizodla təsvir olunur: onun həyatının dəyişən vaxtlarını göstərir.

Povestin süjetində romandakı kimi paralellər aparılmır. Ancaq gözlənilməz, mürəkkəb və dəyişik situasiyalar baş verə bilir. Süjet bir qəhrəmanın üzərində cəmləşir, daim müəllifin diqqətində olan personajın iç dünyası təsvir olunur. Povest içindəki hadisə ilə sosial-mədəni, yaxud tarixi proeksiyanı özündə ifadə edir.

Povest də roman kimi xarakterin daxili dünyasını göstərir və onun da növləri var: satirik povest, nağıl povest.

Roman isə daha geniş maştablı nəsr əsəridir. Dramatik taleyi təsvir edir, eyni zamanda həm tarixi dövrü özündə əks etdirir. Romanın əsasında ideya durur. Roman janrını qlobal problemlər, yaxud aktual sosial mövzular maraqlandırır. Roman hadisənin təsvir miqyasına görə böyük olur: müxtəlif, fərqli, qarışıq süjetlər, böyük zaman kəsimi və s. Romanın əsasında bir süjet dayanır və bir neçə süjet xətti onunla birləşir. Bu sujetlər bir-birinə bağlı olur və əsərin vahid kompozisiyasını yaradır.

Romanın ideyasında fərqli dəyərlər qarşı-qarşıya gəlir, sosial mənzərə canlandırılır. Bütün bunların fonunda qəhrəmanların tipik xarakteri verilir və əsas konflikt göstərilir. Roman dövrün ab-havasını, tarixini özündə daşıyır və qəhrəmanların psixologiyası, əxlaqı, dünyagörüşü problemi geniş planda təqdim olunur. Roman janrı konkret növlərə ayrılır: sosial, psixoloji, tarixi, macəra, fantastik və detektiv romanlar.

Romanla povestin fərqləri

- Roman özündə tarixi, sosial mənalar əks etdirir. Povest isə bunu yalnız fonda göstərir.

- Romanda qəhrəmanın taleyi tarixi, sosial kontekstdə təsvir olunur. Povestdə isə əsas qəhrəmanın şəxsiyyəti konkret situasiya və hadisənin içində üzə çıxır.

- Roman süjeti qollu-budaqlı, çoxşaxəli olur, vahid bir süjetin ətrafında hadisələr inkişaf edir. Povestin süjeti isə daha asandır: parallellər, bir-birinə bağlı əlavə süjetlər yoxdur.

- Romandakı hadisə mühüm zaman intervalını ifadə edir. Povestdə isə hadisə bir zamanda baş verir və təsvir olunur.

- Romanın problematikası böyük suallar yaradır. Povest isə bu sualların yalnız bir hissəsindən ibarətdir.

- Romanın qəhrəmanları fəlsəfi ideya daşıya bilər, dünya görüşündən çıxış edə bilər. Povestdə isə mühüm olan qəhrəmanın fərdi və şəxsi xarakter cizgiləridir.

Bəs bizim tənqidçilər bu haqda nə düşünür? Romanla povestin sərhəddini necə müəyyənləşdirmək olar?

Elnarə Akimova:

- Romanla povestin fərqinə nəsrlə bağlı bir neçə yazımda toxunmuşam. Çünki mövzunu aktuallaşdırmağı son zamanlar roman adı ilə meydana çıxmış mətnlərin özü zəruri edir. Dünyaya inteqrasiya prosesimiz gücləndikcə, dünya romanlarındakı yeniliklərə bələd olduqca, uğurları, məziyyətləri ilə bahəm janrla bağlı çaşqınlıqlara da yol açılıb. O şəkildə ki, biz görməyə adət eləmişdik – roman nədir, necə olmalıdır, bu təsəvvürlərdə deqradasiya prosesi gedib. Janrın strukturunda, süjet xəttinin özündə, ona mövcud yanaşmalarda romançılıq ənənəsi iflasa uğramaqdadır. Əlbəttə, hər dövrün yeni meyarları var. Olsun, amma tənasüb onda pozulur ki, povest janrı roman adına iddia edərkən imkanlarına, tələblərinə cavab verə bilmir və elə ilk oxunuşdan özünü ələ verir. Məsələ təkcə həcmdə deyil, əlbəttə. Ona qalsa roman adı ilə çap olunan o qədər yararsız əsər var ki, ortada. Yaxud, daha çox romanın göstəriciləri sırasına daxil edilən milli xarakter məsələsi ilə də razılaşmıram. O zaman “Danabaş kəndinin əhvalatları”ndakı milli xarakterləri hansı romanın adına yazaq? Məsələ sadəcə, bədii təcəssümün predmetinə çevrilən mövzuya baxışın siqlətindədir. Zamanın ruhunu duymaq və epoxal gerçəkliklərə nüfuz baxımından romandan üstün janr yoxdur. Təkrar olsa da deyim ki, mənim üçün roman müxtəlif insan taleləri, zaman və məkan çevrilmələrini qapsayan janrdır, ilk növbədə, yazıçının məlum hədd - zirvə məqamı seçib əsərindəki insan və ona aid nə varsa dəyərləndirməsi və qəhrəmanının həyatını sonadək izləmək vüsətidir. Belə də demək olar; roman sadəcə, iç-içə yığılan çeşidli bədii materiallar sırasıdır. Şaxələnərək bir neçə povest mətnini ehtiva edən bu materialların hər biri ayrılıqda bir hekayət səciyyəsi daşıyır, birləşəndə isə sadəcə, insan-zaman-dünya ilə bağlı konseptual modus sərgiləyən roman hasilə gəlir. Qələm romançının əlindədirsə təbii.

Əsəd Cahangir:

Romanla povestin üç fərqi var:

1. Povest bir əhvalatdan, roman isə çoxlu əhvalatlardan bəhs edir;

2. Povest öz həcminə görə romandan bir neçə dəfə kiçik olur

3. Povestdə hadisələr şaxələnmir, romanda şaxələnir. Ən vacib fərq sonuncudur.

Əsas şaxələnmə məsələsidir. Əgər hadisələr bir neçə yerə şaxələnirsə, artıq romandı.

# 18559 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #