Ərinin xəyanətini yuxuda görən Qumru – Sevdanın hekayəsi

Ərinin xəyanətini yuxuda görən Qumru – Sevdanın hekayəsi
15 yanvar 2021
# 09:00

Kulis.az Sevda Sultanovanın “Xəyanət” hekayəsini təqdim edir.

Qapı açılan kimi Mehri başıalovlu özünü içəri saldı. Zala girməyi ilə Qumrunun üstünə atılmağı bir oldu.

- Ay bacı, bu nə dərd idi sən düşdün? İndi necə olacaq?

Qadın ağlayır, dayanmadan Qumrunu qucaqlayıb öpürdü. Otağın düz ortasında stulda oturmuş, uzun şabalıdı saçlarını başının arxasına səliqəsiz toplamış, gözləri ağlamaqdan və yuxusuzluqdan şişən Qumru ona təəccüblə baxırdı:

- Pomada niyə çəkməmisən?

- Nə?

Qumrunun səsi niyəsə bu dəfə amiranə çıxdı:

- Deyirəm, pomadan hanı? Qırmızı pomada çəkməyəndə gözümə birtəhər dəyirsən.

- İnan, heç yadıma düşmədi. Sənin faciəni eşidən kimi maşına atılıb bura qaçdım.

Mehri yenə ağlamaq istəsə də, hiss etdi ki, gözündən güclə yaş çıxara bilməz. Həm də Qumru dünyanın biciydi, saxtalığını dərhal duya bilərdi. Bayaq da çataçatda göz yaşı çıxaran xüsusi karandaş çəkmişdi. Üzünə heç olmasa qüssəli ifadə vermək istəsə də alınmırdı. Qüssəsinin səmimi alınmasından ötrü Mehri adətən daxilində keçmişdəki faciələrini, itkilərini xatırlayırdı. Tərslikdən indi yadına nəsə düşmürdü.

Qumrunun üzü isə laqeyd idi, o, Mehrini başdan ayağa süzdü:

- Corabının da bir tayı yoxdu.

Mehri onun soyuq baxışlarından üşənən kimi oldu. Ona elə gəldi ki, Qumru qəlbindəkiləri də oxuyur, odur ki, səsi güclə çıxdı:

- Tələsdiyimdən unutmuşam.

Birdən Qumru hönkürdü:

- Gördün də əclafı.

- Can, ay bacı, can! - Mehri bunu gözləyirmiş kimi Qumrunun başını köksünə sıxıb saçlarını sığallayıb rahat nəfəs aldı. Bir əliylə isə qarşıdakı divarı tutmuş, rəngi solmuş qəhvəyi servantın dar güzgüsündə üz-gözünə ehmalca əl gəzdirib, qısa, xurmayı saçlarını hamarlayıb özünə nazla göz vurdu.

Mehrinin əri ötən il balıq yeyərkən ölmüşdü. Balıq tıxı nəfəs borusuna düşmüşdü. Gözləri həlqəsindən çıxan kişi ondan kömək istəyəndə, kresloda yayxanıb qəhvə içən Mehrinin tükü də tərpənməmişdi. Ona elə gəlmişdi ki, bu, ailənin yükündən, əriylə özgələşən münasibətdən qurtulmağın tək yolu, hətta bəlkə taleyin ona hədiyyəsiydi. Bəzən vicdan əzabı çəkəndə özünü inandırmağa çalışırdı ki, emosional şok keçirdiyindən ərinə yardım etməmişdi.

Qumrunun başı hələ də köksündə idi. Kirimişcə dayanmışdı. Mehri diksindi, ehtiyatla onun başını qaldırdı:

- Yaxşısan?

- Başım ağrıyır.

- Cökə çayı dəmləyim?

- Yox, qara çay elə, pürrəngi olsun, içinə mixək, kəklik otu at. Albalı mürəbbəsi də qoyarsan, balkondadır.

Mehri bayaqdan divanda ayaqlarını altına yığıb telefonda qurdalanan, bir kəlmə kəsməyən Fəridəyə döndü:

- Sənə də gətirim?

Fəridə başını telefondan qaldırmadan:

- Zəhmət olmasa.

- Bayaq da görüşmədik, bağışla, özümü itirmişdim.

- Narahat olma, koronaya görə onsuz da kimləysə öpüşmürəm. Heç ərimlə də - onun səsində yümşaq kinayə vardı.

- Hmmm...

Mehri gözlərini süzdürüb, dalını ədayla yellədə-yellədə mətbəxə keçdi.

Az sonra o, dolu siniylə qayıtdı. Armudu stəkanda buğlanan çayı başını əlləri arasına almış Qumruya uzatdı:

- Narahat olma. Ərini yoldan çıxaran qəhbənin kimliyini öyrənib dərsini verərik.

- O, qəhbə deyil. - Fəridə təmkinlə dilləndi. Səməd Vurğun bağında dayanan qəhbələri təhqir etməyək. Onlar daha ləyaqətlidirlər, ən azı rikayarlıq eləmirlər, camaatın evini dağıtmırlar, bədənlərini satıb pul qazanırlar... Hərdən mən də qəhbə olmaq istəyirəm.

Qumru ilə Mehri mənalı baxışdılar.

- Nə isə... Qızlar, durun. Çayı sonra içərik - Qumru dedi. İdman edək, bədənimiz açılsın. Dərd çəkməkdən belimiz qurudu. Nə olursa-olsun təravətimizi, plastikamızı, şuxluğumuzu itirməməliyik.

Qadınlar yan-yana düzülüb, bellərini əyib qollarını irəli yay kimi uzadıb bir neçə dəqiqə beləcə qaldılar.

- Bir az da irəli dartılın, bədəniniz açılsın. Bir az da, bir az da... Və birdən Qumrunun səsi qırıldı, o, yerə çökərək hönkürdü...

Heç kəs dinmirdi. Üçü də sakitcə çayı qurtumlayırdı.

- Ermənilər Kəlbəcərdən çıxmaq üçün 10 gün də vaxt istəyiblər. Allah öldürsün onları - Fəridə fikirli dedi.

- Mənim dərdim Kəlbəcərdən də böyükdür.

- Qumuş - Mehri mümkün qədər nəvaziş və ehtiyatla danışmağa çalışırdı - Necə bildin Toğrulun gəzdiyini? Telefonda yazımasını tutdun? Hə?

- Yuxuda görmüşəm.

- Yuxuda? – Mehrinin heyrətdən gözləri bərəldi - Ciddisən?

Fəridə:

- Bayaqdan ona başa salmağa çalışıram ki, bu, arqument sayıla bilməz.

- Neçə vaxtdır soyuqdu mənə. Səhər də çimdi, ətirləndi, heç nə deməmiş getdi. O gedən gedib. Dalınca qara daş...

Mehri:

- Qumuş, işi ağırdır, müharibə gedirdi, yükü çox idi. İndi hamı gərgindir. Pandemiya...

Qumru eşitmirdi:

- Boşanacam. Uşaqları da ona göstərməyəcəm. Qırışlarımı azaltmaq üçün hər gün maska edəcəm, yox, botoks edəcəm. Onun acığına gözəlləşəcəm, qısa geyinəcəm, ancaq qısa, lsp qısa. Saçlarımı da yaşıl rəngə boyayacam – danışdıqca qəhərlənirdi.

- Yaşıl niyə? Heç olmasa bənövşeyi. Ya da… Bir kinotənqidçi var e... adı nəydi... Aygün Aslanlı… Heç olmasa onun saçları kimi qrımızı elə. Yaşıl nəydi daha...

Fəridə bayaqdan dəfələrlə dilinin ucundan qaytardığı sözləri birnəfəsə dedi:

- Qızlar, doğrusu, xəyanəti faciə saymıram. Özüm də xəyanət etmişəm.

Mehri:

- Aaa!!!

Qumru əvvəlcə yerindən dikəldi, sonra astaca kresloya söykəndi. Az qala pıçıltıyla soruşdu:

- Zarafat edirsən?

Fəridə başını yellədi.

- Sən Akif kimi adama necə xəyanət edə bilərdin. İsa peyğəmbər kimi adama.

Qumrunun sözlərinə Mehri pıqqıldadı.

- Hücuma keçməyə tələsməyin. Xəyanət xeyrimizə oldu. Yəni… başa düşdüm ki, Akifi sevirəm. Sevirəm deyəndə ki, yəni mənə ancaq o dözər. İsa kimi adamdı doğrudan.

- Kim idi?

- Kim?

- O da. Xəyanət elədiyin?

- Vallah, heç özüm də yaxşı tanımırdım.

...Ev telefonu zəngi çalırdı. Qumru həvəssiz dəstəyi götürdü.

- Bəli, bəli... Başa düşmədim.... Bir də deyin. Necə?

Qumrunun rəngi ağardı, dişləri qıcandı, o, yenə diz üstə çökdü...

Az sonra saytlarda xəbər yayılmışdı:

“Toğrul Əsgərov xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olub.”

# 12847 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #