Kitabxana hüdudsuzluğun simvolu kimi - Elmir Həsən

Kitabxana hüdudsuzluğun simvolu kimi - Elmir Həsən
27 dekabr 2023
# 13:30

Kulis.az Elmir Həsənin "Kitabxana hüdudsuzluğun simvolu kimi" adlı yeni yazısını təqdim edir.

Borxes Kafka haqqında yazdığı essedə qeyd edirdi: “Hər yazıçı öz sələflərini yaradır. Onun işi keçmiş haqqında təsəvvürümüzü dəyişdirir”. Borxes də özündən sonrakı yazıçı və şairlərə ciddi təsir etmişdi. Borxes Latın Amerikası romanının atası adlanırdı, onsuz, güman ki, Mario Varqas Lyosa, Gilermo Kabrera İnfante, Q.Q.Markes kimi müəlliflər ərsəyə gəlməzdi.

Borxes yazdığı “Babil kitabxanası” hekayəsi ilə özünün deyil, dünyanın ən yaxşı hekayələrindən birini yaradıb. Sanki o bu əsərlə xüsusi bir kainata yeni və daha tutarlı tərif verir:

“Kainat – bəziləri onu Kitabxana adlandırır – alçaq məhəccərlərlə əhatə olunmuş geniş hava təmizləmə quyuları olan nəhəng altıtərəfli qalereyaların sonsuz sayından ibarətdi”.

Kitabxana üçün bu dərəcə konspiroloji, identik bənzətmə vermək heç bir yazıçıya müyəssər olmayıb. Bu mənada dövrün ən orijinal təsvirlərini yaratmaqla Borxes bizə öyrətdi ki, heç nə yeni deyil, yaradılış və məkanla bağlı olan ziddiyyətli bir zehniyyətik; insanlar təkcə fantastika yaradıcısı deyil, həm də özü də uydurmadır. Düşündüyümüz və ya qavradığımız hər şey uydurmadır, biliyin hər küncü uydurmadır. Kitabxananın gəncliyə səyahət olmasının tərənnümünü cızan Borxes həm də göstərmək istəyir ki, kitab – bilik, saflıq, müasirlikdir. İnsanın əvvəli modernliyin ilk pilləsidir.

Tədricən – bəşər övladının yaşadığı günlərin sayı qalaqlandıqca keçmişi də böyüyür; zəngin keçmiş isə böyüklükdür. Böyüklüyün ibrətamiz timsalı öyrənməkdir. Tarixi quruluşların ən uzun ötüşəni orta əsrlər deyil, ibtidai icma quruluşudur. Hər şey bizim bildiyimiz kimi deyil, bilmədiyimiz kimidir. İcma quruluşu yazısız quruluş idi; şifahi biliklərin uzun müddətli arxivi ola bilməz və bilmir. Orta əsrlər isə kitabın hökmü ilə sürətli cilalanma dövrü idi. Kitab – Allahdı.

“Kitabxana – dəqiq mərkəzi altıüzlülərdən birində yerləşən, səthisə əlçatmaz olan kürədi”. Hədsizliyin əsas ölçüsünün təsvirinə altıüzlü fiqur daha yaxındır; digərləri ya yarımçıqdır, ya da artıq...(!)

Məna axtarışı səyahətinə çıxmaq fəzilətə yaxınlaşmaq, əbəs adətlərə tapınmaq vəhşilikdir. Fəqət dünyada nə qədər vəhşi ölkələr var.

“...bütün nəhəng kitabxanada iki eyni cür kitab yoxdu”, kitabxana hüdudsuz, dövrüdü. Bir vaxtlar “Mən həmişə cənnətin bir növ kitabxana olacağını təsəvvür etmişəm” yazan müəllif üçün mətn özündən sonrakı dünya üçün uyğun bir miras hesab oluna bilər.

“Yazmaq vərdişi məni adamların indiki vəziyyətindən yayındırır”. Bədbinlik əslində insanın öz mənində, təhtəlşüurunda qürbəti yaşamasıdır. Dünyaya göz açan ilk dəqiqələrdən insanın ibtidai müşahidələrindən konsentrasiya olunmuş düşüncə fəzasında həyat eklektizmi başlayır. Fəzilət bəşəriyyətin ən sabit dayanışmasıdır. Qədimlərdən müasirliyə uzanan, daim neologizm söz kimi dəyərini qoruyub saxlayan “azadlıq”ın dəqiq tərifini vermək çətindir: Ejen Delakuranın “Azadlığa aparan xalq” adlı rəsm əsərinin ideyası azadlığın yalnız siyasi tərifi deyil, həm də mənəvi tərifini özündə ifadə edir. Rəsmdəki qadının yarıçılpaq bədəni – sinəsi azadlığın mantiyasında ehtirasın, şəhvət hisslərinin dayandığını təcəssüm etdirir. Dünyaya ən ümdə yenilikləri qazandıran məhz azad düşüncədir. Hər bir dövrün söz, sənət sahibləri yaşadıqları zamandan gileyləniblər, bu da bir aksiomdur. Həyat ziddiyyətlərin qovşaq pilləsidir.

Yeniliklər - əxlaqi senzuranın ləğvini tələb edir. Sokrat deyirdi ki,”Fəzilət problemi” bizi güman ki, daha çox gənclik illərindən məşğul edir, o zaman ki, bizlərdən hər birimiz sosial mühitdə statusumuzu, həyat tərzimizi, öz mühitimizi, işimizi, ailəmizi və s, və i. a. Müəyyən etmək üçün fikir axtarışlarında oluruq.

Borxes üçün həyat təəccüblüdür. Həyatın qeyri-adiliyini duymaq onun üçün yaşamaq həvəsidir. Tanrının insana bəxş etdiyi ömür həyatdakı şeylərin insan gözündə adiləşməsi üçün o qədər də böyük deyil. Hər şeydən öncə isə elm, sənət və ədəbiyyat tükənməzdir. Sənətkar üçün həyatın simvolikasını dərk edib, müəyyən etmək ən gerçəkçi yaradıcılıq mənbəyidir. Bernar deyirdi ki, yaxşı əsər yaratmaq üçün qayıdıb yenidən uşaq olmaq lazımdır. Borxes isə “Babil kitabxanası” əsərində yazırdı ki, artıq hər şeyin yazıldığına inam bizi məhv edir, kabusa çevirir. Müəllif bu fikrə yalnız yaradıcılıq üzərindən yanaşmır, həm də həyatın insan gözlərində öz qeyri-adiliyini itirməsinin faciəsini ifadə edir. Borxesin “Babil kitabxanası” hekayəsi postmodernizmin ən tutarlı nümunələrindəndir. “Babil kitabxanası” əsəri kanonik mətnlərdən təşkil olunmuş dini kitabların interpretasiyasından çox bədii, abstrakt proyeksiyasıdır. Borxes dini kitabların ifadə etdiyi anlamları postmodernist şəkildə hekayəsində konsentrasiya edir. Allahın təsviri kitablardakı biliklərin məcmusunda cəm olunub.

Borxes dörd tərəfi qapalı divarlar içərisində işığa, hər halda divarın hansısa ən hamar üzünün parıltısına ümid edirdi. “Nizamsızlıq təkrar olunanda nizama çevrilir” bu fikir dekadentizmdən inqilaba yürüşün ən yüksək manifestidir.

# 2796 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər