Kulis.az Həmid Piriyevin yeni yazısını təqdim edir.
Həftənin axırı bayırda lətif hava vardı, dedim, bu havada evdə oturmaq çox qələt iş olar. Qotazlı fəsimi başıma qoydum, çəkmələrimi yağlayıb parıldatdım, əsamı qoluma taxıb payi-piyada şəhər mərkəzində dolaşmağa başladım.
Bazarnı küçəsindən düşdüm Sabir bağına, ordan keçdim Tarqovıya. Gördüm, bu lətif havanın ləzzətini çıxartmaq istəyən tək mən binəva deyilmişəm. Tanış mühərrirlərdən də bəziləri ya təkbaşına, ya iki-üç aşinası ilə şəhərdə vird edirdi və mən də onları salamlayanda fəsimi azca qaldırıb baş əyirdim və də üstəlik, gülümsəyirdim.
Bu dəm köhnə tanışlarımdan biri ilə rastlaşdım və buna nəhayətdə şad oldum. Çün bu rəfiqimi, bəlkə də, aylardır ki, görməmişdim və onunla həmdəm olmaq mənə əlahiddə zövq verdi. Tanışımla olanlardan-keçənlərdən və də ki, olacaqlardan hap-gap eləyə-eləyə dolaşdığımız vaxt təzə kino afişi gördüm. Asudə vaxtımızı səmərəli keçirtməkdən ötrü və də mədəniyyətimizdə baş verənlərdən hali olmaq məqsədilə rəfiqimə təkəllif elədim, gedək kinoya baxaq. Sinemaxanaya gedib biletimizi aldıq, zala varid olub yerimizi rahladıq.
Kinonun başlanmağını gözləyə-gözləyə rəfiqimlə pəsdən söhbətimizi davam edirdik və ona dedim ki, Mirzə, axır vaxtlar kino sahəmizdə də bir canlanma yaşanmaqdadır və bu da məni olduqca sevindirir. Çün Abas Mirzədən sonra da yaxşı kinoçəkənlərimiz olub və olmalıdır da, intibah olmasa, istiqbal da olmaz və sütül cavanlar da bu işə qarışmalıdır.
Ləfzimi tazə tamamladığım vaxt zalın işıqlarını söndürdülər və biz də lal olub ekrana diqqət kəsildik…
Kino haqqında düşüncələrimi sormaq istəsəniz, gərəkdir ki, susub danışmayam, çün, adamın kino deməyə dili gəlmədiyi bu… bu… bilməm nəmənəni hövsələmi basıb axıra çatdıra bilmədim. Yarısına gücnən çatdırdıq, rəfiqimə göz elədim, durub bayıra izal olduq. Elə rəfiqim də mənimlə həmfikir idi. Biz, ümumən, nəyə baxmışdıq, görəsən?
Rəfiqimdən kinoçəkənin kim olduğunu sual elədim, məlum oldu ki, əslində, kinoçəkən deyilmiş, kinodaoynayanmış, qəflətən bu fikrə düşüb ki, bəs, mən də çəkə bilərəm.
Yadıma Vahidin Zeyd olmağı düşdü. Rəfiqimə danışdım, sizə də nağıl edim.
Demək, bir vaxt olur, “Leyli və Məcnun”u Dərbənddə göstərməyə gedirlər. Deməginən, Əlağa Vahid də bu vaxt Dərbənddə imiş. Tamaşa günü Vahid gəlir teatroya, görür, Zeydi oynayan aktyor xəstələndiyi səbəbindən tamaşanı təxir etmək istəyirlər. Vahid rejissora deyir, Zeyd kimin kimsənəsidir ki, ona görə tamaşa təxir olsun? Mən oynayaram Zeydi.
Vahidi geyindirib hazırlayırlar, çıxır Məcnunla olan səhnəyə. Qurban Primov tarı kökləyib ayaq düzəldir, Vahid oxumalıdı, di gəl, sözləri yadına sala bilmir. Qurban Primov bir dənə də ayaq verir, amma sözlər Vahidin yadına düşmür ki, düşmür. Vahid özünü itirməyib bədahətən:
Məcnuna deyən yoxdur, ey aşiqi-biçarə,
Vahidə nə karın var, qoysun səni avvarə? –
mətləli qəzəlini deyir.
Rəfiqim ləzzətlə xeyli gülüb dedi ki, demə, Vahid sonradan o qəzələ əl gəzdirib, öz adının yerinə Leylinin adını qoyubmuş.
Dedim, elədir və bunu da əlavə elədim ki, gərək hərə öz bildiyi, başı çıxdığı və mahir olduğu işlə məşğul ola. Eyzən bizim bu Vahid kimi və də bayaq kino adlandırdığı o… o… bilməm nəmənəni çəkən aktyor kimi. Yoxsa ki, tülküyə bardaqda və durnaya nimçədə yemək vermək kimi çıxacaq, olacaq əndrabadi bir şey.
Rəfiqimdən sual elədim ki, bax, sən əziz-şərif fövqəladə dərəcədə mahir bir mühərrirsən, durub səhnəyə çıxsan və yainki musiqi bəstələsən, əlbət, öz yerində olmayacaqsan və gördüyün iş də baxıb seyr edənlərə və yainki qulaq kəsilənlərə dad verməyəcək.
Dedi, düz buyurursan.
Dedim, eyzən mən də sənin kimi. Biz qələm əhlindənik və silahımız da qələmimizdi və gərəkdir ki, yolumuzdan sapmayaq. Hərgah elə olsa, könlümüz də asudə olar.
Dedi, düz buyurursan.
Dedim, di gəl, o kinoda oynayanın kino adlandırdığı o… o… bilməm nəmənə damağımı korlayıb əhvalıma da bir o qədər təsir elədi, amma səni görməyimə nəhayətdə şad oldum.
Dedi, eyzən mən də.
Bir-birimizin əlini səmimiyyətlə sıxıb fəsimizi azca qaldırıban yüngülcə gülümsədik və də bir-birimizə təzim edəndən sonra ayrıldıq, rəfiqim öz yoluna getdi, mən də varid oldum nacizanə xanəmə.
Kulis adlandırdığımız pərdəarxasının mühərrirlərindən Həmidi-Sani və ya bilməm neçənci əfəndi
Mabədi var...