Elxan Elatlını qucaqlayıb ağlamaq istədim - Orxan Həsəni yazır...

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

7 yanvar 2022
# 13:21

Kulis.az Vüqar Babazadənin kitab bazarı haqda yazısına cavab olaraq Orxan Həsəninin “Vüqara ağı” yazısını təqdim edir.

Nəsildaşlarımın ümidsizliyi mənə əzab verir. Zövqünə etibar etdiyim və hərdən-hərdən hesablaşdığım, kiçik, lap kiçik ədəbiyyat mühitində bir kitabdan başqa kitaba, bir yazıdan başqa yazıya həvəslə, istəklə yol ölçən beş-on adam var, onlar da gəlib belə esselər yazır, adamın yediyi burnundan gəlir, bütün həvəsin, həyata məhəbbətin, ümidin gözündən düşür.

Ümidsizlik aşılayan insanlardan həmişə gen durmağa çalışmışam. Çifayda. Taqət də bir yerəcən dözüm gətirir. Ümumən, cəmiyyətimizə dərin ümidsizlik, nihilizm nüfuz edib. Maşın qəzalarında vəfat edən, söyüş üstə, baxış üstə, yol vermək üstə, üst-üstə bıçaqlanıb öldürülən insanların statistikasına baxsanız ölkəmizdə ölümün necə ucuz və mənasız olduğunu asanlıqla dərk edəcəksiniz. Elə həyat kimi!

Necə yazırdı şair?

Atdan yıxıldı öldü

Tutdan yıxıldı öldü

Bunun səbəbi nədir? Mən nə bilim? Hər şeyi də yazıçı biləsi deyil ha! Qoyun bir az da sosioloqlar danışsın. Bakı Dövlət Universitetinin Sosiologiya fakültəsi var. Xatırlayıram, universitet çempionatında yaxşı futbol oynardılar.

Əlqərəz, iş qurmaq istəyirsən, çayı nəlbəkidə içən bütün qohum-əqrəba yığışıb sənə onun necə mümkün olmayacağını bütün detalları, xırda nüansları ilə izah edirlər. Hamı uğursuzluq üzrə qara kəmər ustasıdır. Deyirsən, dünya turuna çıxım, aləmi ayaqdan salım, yeni üzlər, yeni səslər tanıyım, mənən zənginləşim, sənə ev almaqdan, maşın almaqdan danışırlar. Avropada təhsil deyirsən, getmə gözümdən gedərəm özümdən deyirlər. Ağ deyirsən, qara deyirlər. Al deyirsən, ver deyirlər və elə məqam gəlir ki, taleyindən iyrənməyə başlayırsan, insanların bənizində həyatın mənasızlığını duyursan. Bu adamlarla eyni həyatı yaşamaq, eyni havanı ciyərinə çəkmək, eyni səkidə büdrəyib yıxılmaq necə böyük iztirabdır, bir bilsəniz!

Adam da heç çayı nəlbəkidə içər?

Situasiya ümidsizdir. Ancaq...

Əziz Vüqar, Vallah, başqa cür yaşaya bilmirik, and olsun çayı nəlbəkidə içənlərin parlayan qızıl dişinə bu cavan yaşda ömrün motoru döyüb, qalmışıq yolda, bir istinadgah var, o da ədəbiyyatdır, kitabdır, yazmaqdır, sənətdir. Sən Allah, bizi bağışla, keç günahımızdan.

Yaşamaq və yaratmaq üçün aldığım kiçik, lap iki dırnağın bir-birinə çalınan yeri qədər işıq varsa, onları da siz dostlarımdan, həqiqi ədəbiyyatı duyan, ona azarkeşlik edən, yaxşı mətnə sevinən adamlardan alıram. Tək deyilik. Nə xoş!

Ədəbiyyatın dirənən yeri alternativ reallıqdır. Bu reallıq o qədər böyük və cazibəlidir ki, hətta müəllifi də hərdən-hərdən öz içinə qonaq edir. Təsəvvür et, evi tikirsən, sonra bir-bir otaqları gəzirsən. Əsl nəşə qaynağı. Bəzi məsələləri öz içində həll edən, bir az taleyi ilə barışan, bir az da daim hərəkətdə olmağı alın yazısına çevirən adam üçün kənar təsirlər meh kimi eləcə əsib kəsir. Ağacın kökü torpağı nə qədər möhkəm qucaqlayırsa, arxayınlığı da bir o qədər artır. Beləcə arxayınlıqdan etibar yaranır, məsələn hər şey öncədən duyan qaranquşlar budaqlarında yuva qurmağa başlayırlar.

Rəvayətə görə Heminquey məclislərdə tez-tez yazmağın cəsarət məsələsi olduğunu deyirmiş. Şir ovlayırmış kərgədan vururmuş, uzanıb gözləyirmiş ki, Klimancaro qarı ərisin. Yalnız tətmin olmuş, doymuş (məhlul) şəxsiyyət böyük əsərlər yaradar demək istəmirəm. Sənətə meyl əksərən natamamlıq kompleksinin su üzündəki görünüşüdür. Gerçək isə budur, mətndən qorxan adamdan yazıçı çıxmaz. Heminquey vurduğu şirlərdən, kərgədanlardan, ən əsası ölümün qarşısıalınmaz, şux, munis cazibəsindən aldığı enerji və güclə yazmasına təəccüblənmirəm. Bu ehtiras sonda özünü öldürdü. Tüfənglə.

Bəlkə, Mirmehdi Ağaoğlu Heminqueyin ölümünü tərcümə edir? Mirini görsən, bunu mütləq soruş, əziz Vüqar!

Sənət və sənətkar arasındakı münasibətin büsbütün məhrəm olduğunu düşünən bohem təfəkkürüm hələ diridir. Şəhərləşmə-sənayeləşmə formalaşan zamanlar kəndlərdən şəhərlərə böyük axın başladı. Tarixin cazibə donunu geyən şəhərlər o vaxtlardan indiki formasını aldı. Hər halda şəhərlərin də müəyyən tutumu, kapasitesi vardı. Şəhər ana bütün sakinlərinə öz döşündən süd verə bilməzdi. Dövrün vahiməli böyüklükdə polisləri – Parıs, London, Amsterdam. İnsanların azı işçi kimi yeni-yeni yaranan fabriklərdə işə düzəlmişdilər, beləcə Seymur Sunun qulağından iraq ploteriya deyilən yeni və fenomenal bir sinif yaranmışdı. Onlar bütün gün fiziki işin altında əzilir, ağalar çox qazansın deyə çox işləyirdilər. Az qala sümüklərinin suyu çıxsın. Nə pis! Ploteriyanın boş zamanı yoxdu. Onu ancaq zəhmət və çörək maraqlandırırdı. Bəs yerdə qalanlar?

Böyük çoxluq işsiz idi və işsiz qalan adamlar yeni işlər ixtira etməyə başlamlıydı. Çərx dönməliydi. Məsələn, bir çox xidmət sektoru, xüsusən, böyüyən, çoxalan fahişəxanalar, xuliqanlar, oğru qrupları və s. şəhərləşmə ilə indiki formasını aldı. Yalnız bu gününü düşünən, sabah haqqında fikirləşməyən azad insanlar ordusu – bohemlər.

Əziz Vüqar, sənə onu da xatırlatmalıyam ki, bohemlər müxtəlifdir. Mənim haqqında danışmaq istdiklərim romantik bohemlərdir, yəni ilk müstəqil sənətkarlar. Onlar küçələrdə musiqi çalır, yarı ac, yarı tox dolanır, çəkdiyi rəmsləri küçədə satır, kafelərdə şeirlər oxuyur, pulu olmayanda ac qalır, pulu olanda ən lüks restoranlarda qonaqlanır, müxtəlif səmtlərə rəng qatıb, oraların müsbət insani keyfiyyətlərini artırırdılar, ən əsası darıxırdılar.

Darıxmaq öncələri aristokratik hiss idi. Sənayeləşmə və onun arxasınca şəhərləşmə başladıqdan sonra “darıxmağı” oğurlayan Prometey onu aşağılara bağışladı. Darıxan aristokratlar ova çıxır, özlərinə müxtəlif əyləncələr qururdular, aşağıların darıxması isə vahiməli idi, çünki heç vaxt bu hiss ilə kütləvi görüş baş tutmamışdı. Həmişə məşğul olmuşdular, əkmişdilər, biçmişdilər, keçi otarmışdılar, qonşularla çənə vurmuşdular, indi isə böyük bir şəhərin içində təmtək idilər və “28”də görüşüb “Delikates”ə getməyə heç kim yoxdu. Necə də vahiməlidir!

Bodler. Paris darıxmağı. Bunlar açar sözlərdir. Müstəsna şairdir Bodler. Varisi olduğumuz yeni və əzəmətli sənəti yadlaşmadan doğan darıxmaq hissi və sənətə sədaqət yaratmışdı. Böyük şəhərlərdə istədiyin adam ola bilirdin. Məsələn, dövrün Parisi. Bir küçədə rəssamları görürdün, orda bir aləm parlayırdı, digər küçədə şairlər, digərində oğrular, digərində fahişəxanalar. Hər küçədə bir adam olmaq imkanı necə də sehrli təsəvvürdür, əziz Vüqar. Bəlkə də, buna görə böyük şəhərlər mənim üçün hər zaman Min bir gecə nağıllarına bənzər mistika və sehrlə gülümsəyib. Bakı üçün darıxıram. Ora da bizi hər küçədə bir kimliklə yadlaşdırır özümüzə.

Yüksək ideallar haqqında düşünmək darıxan romantik bohemlərin acılarını keyidir, müqəddəs ideallardan can alır, can verirdilər. Əlbəttə, çoxu sonda vərəmdən vəfat etdi. Nə etmək olar, həyat olanda ölüm yoxdur, ölüm olanda isə həyat olmayacaq.

Müstəqil sənətkar təfəkkürünü formalaşdıran ideyanı, konkret faktı xatırlatmağı özümə borc bildim. Şərtlər nə olursa olsun, müəllifin həqiqətə uzanan əli heç vaxt yumulmamalıdır. Onu yaşadan, ona can verən bu əldir. Uzanan əlin kölgəsində heç kim görünmür. Əgər yumulacaqsa, onda sənətkardan söhbət gedə bilməz. Bu tamamilə şəxsin öz kimliyi arasında baş verən prosesdir. Alınmayacaqsa, getsin özünə gözəl bir bank tapsın, imtahan versin və qırmızı qalstuk taxıb adamlara kredit paylasın.

Bircə kreditlərimi ödəyib bitirsəydim, əziz Vüqar.

Avropanı dünyanın mədəni paytaxtı edənlər həm də romantik bohemlər idi. Vərəmdən ölən, gününü yarı ac yarı tox keçirən, ideyalarına daim mənəvi sadiqlik nümayiş etdirən bohemlər – gerçək və müstəqil sənətkarlar – bizim mənəvi əcdadlarımız.

Yaradıcılığın zəhmətlə paralel başa gəldiyinə inanıram. Sevdiyim yazıçıları həmişə səssiz otaqda tək başına çiyinlərini bir-birinə sıxıb adi cümlələrin başına yüz yol dönən adamlar kimi təsəvvür etmişəm. Bəlkə, buna görə Paris kafelərinin daimi müştərisi olan, bir çox kitabını elə kafelərin səs-küyündə yazan Jan Pol Sartr heç vaxt yapışmayıb mənə. Səs mətnin öz içindən gəlməlidir. Bunu bacarmaq üçün həyatı səssizə almaq gərəkdir.

Gözəl əsərlər yalnız yuxusuz gecələrin, yuxusuz gözlərin məhsuludur. Həyatın mübarizə olduğunu söyləyən Nitsşe əxlaqına heyranam. Əlbəttə, güclü zəifi məhv etmir, birinin ölümü başqasının həyatı deyil və həyat şahmat xanaları kimi ağ və qaralara xanalara sığmır, onu aşır, ancaq insanı gerçək arzu və gerçək ehtiras həqiqət ilə qovuşdura bilər.

Ağlamağın zamanı deyil, zəhmət çəkmək, yaxşı əsərlər başa gətirmək lazımdır. Gəncliyin ən gözəl tərəfi limitsiz səhv etmə şansının olmasıdır. Yanlışlardan qorxmamalı, həqiqətin üstünə getdikcə yalan xanalarına toxunmaqdan çəkinməməliyik. Çox işləmək, çox oxumaq, çox yazmaq, ancaq az nəşr etmək, ruhu tərbiyələndirmək, yuxundan, enerjindən, işindən kəsmək (Ulucay Akif qulağından iraq) və bunu qarşılıqsız, səhradan qışqıran kimi, boşluğa güllə çaxan kimi yerinə yetirmək və nəhayət çayı nəlbəkidə içməmək. Resept budur!

Əlbəttə, ölkədə nəşriyyat sistemi yoxdur, kitab bazarı çox zəifdir, hətta yaxşı və potensiallı müəlliflər belə kitablarından qazandıqları ilə yaşaya bilmirlər. Azərbaycanlı yazıçılara isə təəccüblüdür ki, münasibət birmənalı deyil. Ögey övlad münasibətini hamımız hiss edirik. Edək. Diqqət tələb edən sənət laqeydlik içində boğulur. Boğulsun. Keçən dəfə kimsə Elxan Elatlı haqqında yazmışdı. Sən demə, heç Elxan Elatlı da kitablarından pul qazana bilmirmiş. Gözlərim nəmləndi, istədim onu qucaqlayıb ağlayım, ancaq axtarıb tapa bilmədim.

Yazıçılarımızın problemi eynidir. Ümumən kitab induistrual məsələsidir. Ölkə, onun mədəniyyəti üçün strateji anlayışdır. Hər halda yiyəsiz uşaq münasibəti azadlığımızı doyurur. Müstəqil kitab sərgiləri, müsabiqə təşkil edilir. Canlanma yaranır, hamı bir-birini dinləyir və dialektik proses başlayır.

Qafqazın isə qanunları başqadır, burada güc heç vaxt mədəniyyətin əlində olmayıb, yəqin, heç vaxt olmayacaq.

Cəmi səksən il əvvəl yazıçıları öldürürdülər.

Təsəvvür edirsən, cəmi səksən il?

Çayı nəlbəkidə içmə.

Nöqtə!

# 3133 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #