"Sınağa çəkilirik" - Xanım İsmayılqızı ilə ad günü söhbəti

"Sınağa çəkilirik" - Xanım İsmayılqızı ilə ad günü söhbəti
10 aprel 2020
# 13:46

Bu gün bəstəkar, şairə Xanım İsmayılqızının doğum günüdür. Kulis.az bəstəkarla qısa müsahibəni təqdim edir.

- Ömrünüzün 64-cü baharına qədəm qoyursunuz. Bu münsibətlə sizi təbrik edirik. Yeni yaşınızdan nə gözləyirsiniz?

- Yeni yaşımdan sağlamlıq, əmin-amanlıq gözləyirəm. Yaşadığımız bu çətin günlərdən, bu sınaqdan üzüağ çıxaq.

- Sənət adamları karantin günlərində müxtəlif kampaniyalara qoşulurlar, insanlara dəstək olurlar. Bu günlərdə siz insanlara necə dəstək olursunuz?

- Karantin günlərində mənim ən böyük dəstəyim evdə qalmaqdı, ona da əməl edirəm. Hamını uzaqlığa səsləyirəm. Təbii ki, vaxtdan istifadə edərək musiqimi sevənlər üçün, oxucularım üçün yeni şeirlər və musiqilər yazıram. Ürəyimdə azan şeirlər və bəstələr işıq üzü görür.

- Xalq artisti Rasim Balayevlə həmsöhhbət olanda belə bir söz dedi ki, bu günlər insanların həm də özünə hesabat vermək günüdür. Xanm İsmayılqızı özünə nəyin hesabatını verir bu günlərdə?

- Özünlə baş-başa qalmaq və özünə hesabat vermək üçün evə qapanmaq şərt deyil əslində. Mən həmişə hesabatdayam. Həyata keçirə bilməsəm də, həyata gətirirəm. Amma bəzilərinə bu zaman və bu vəziyyət dərs keçir, bəlkə bu dərsdən nəticə alına. Allah dünyanı və dünyamızı sınağa çəkib... Bizə havayı verilən havanın, suyun, göyün, yerin, təbiətin gözəlliklərinin nə qədər qiymətli olduğunu anladıq yəqin ki.... Sediklərimizə - səni sevirəm deməyə - heç vaxt gecikməyək. Dəyərlərimizi və dəyərlilərimizi qoruyaq.

- Hər şey normal axarına qayıdandan sonra ilk etmək istədiyiniz şey və ilk getmək istədiyiniz yer hara olacaq?

- Bu günlərdə doğmalarımdan uzaq düşmüşəm. Hər şey qaydasına düşəndən sonra ilk işim təbii ki, qızımı, nəvələrimi görmək, öpmək, əzizlərimlə dostlarımla görüşmək olacaq.

- Karantin günlərində yazdığınız şeirləri oxucularımzla paylaşmanız xoş olardı.

- Məmnuniyyətlə.

***


Eləcə hamıdan qaçıb gedərkən,
Gəl təzə qurduğum taxtımda gizlən.
Saatın əqrəbi zamana işlər,
Gəl səndə dayanan vaxtımda gizlən.

Nə yerə, nə göyə etibar etmə,
Hamısı çirklənib, təmizi yoxdu.
Qeybə çəkilibdi bir içim su da,
Səhralıq olanın dənizi yoxdu.

Yığışıb əlinə, ayaqlarına,
Kötüyə dönənin budağı olmaz.
Özünü sürgünə göndərən canın,
Ocağı, qucağı, qonağı olmaz.

Bir köynək asılıb öz kəndirindən,
Sahibi geyincə küləyə qurban.
Ünvansız bədənsə ruhu sərgərdan,
Hər günü, hər anı fələyə qurban.

Qırılan, vurulan, daralan kimi,
Çıxışı olmayan dairən də var.
Səndə olmayanı sənə çatdıran,
Yaşadan, yaşayan xatirən də var.

Mən də gizlənmişəm, yerimi demə,
Onu sən bilirsən, bir də ki, Allah.
Şəkildən şəkilə düşülən yerdə,
Gözə görünmək də çətindi vallah.

Eləcə hamıdan qaçıb gedərkən,
Gəl təzə qurduğum taxtda gizlənək.
Saatın əqrəbi zamana işlər,
Gəl səndə dayanan vaxtda gizlənək.

***

"Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı, pisdən ağızda bir dad qalar."
M.H. Şəhriyar.

İndi hər gün, hər an belə sınağdı,
Dünya özü adam daman çanağdı,
Bizmi ona, omu bizə qonağdı?
Bu aləm də ocağ olar, od olar.
Təklənərsən, hamı sənə yad olar.

Dənlənirik, bu dünya quş kimidi,
Oynayırıq, ruhumuz yaş kimidi,
Daşıyırıq, ömrümüz daş kimidi,
Yerin göydən şikayəti bitəydi.
Hamı birdən arzusuna yetəydi.

Bu torpaq da dincəlməyə vaxt istər,
Dağılanlar qurulmağa taxt istər,
Bəşəriyyət əbədilik baxt istər,
Bu arada hamı adam olaydı.
Sevmək üçün çoxlu ürək qalaydı.

Burda bitən bəndələrin gözləri,
Savaşırlar, kiriyirlər özləri,
Əllər göydə, torpaq üstə dizləri,
Duaları nəfəs alır, can verir.
Hər nəfəsdə damla-damla qan verir.

Həkk olunan Kəlam olur, Söz olur,
Öz adını qazananlar iz olur,
Ürəklərə köçənlərsə az olur,
Şəhriyarın avazını yad edək.
Oxunduğu dünyasını şad edək.

# 3389 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #