Bu olmayanda bəzi gənc yazarlar kimi... - Cavanşir Yusifli

Bu olmayanda bəzi gənc yazarlar kimi... - Cavanşir Yusifli
13 fevral 2025
# 16:47

Kulis.az Cavanşir Yusiflinin "Hər şeyi unutmaq..." adlı yeni yazısını təqdim edir.

Yazı üçün yaddaş, həm də ömürboyu damcı-damcı yığılan yaddaş əsas olsa da, proses (yazı prosesi) bir qayda olaraq "avtomatik" yola düşür. Yəni yaddaş heç nəyi "yazmır", sadəcə, sənə bircə dəfə nəyinsə doğru, yaxud yalan və ya bəsit olduğunu pıçıldayır, sənə azca, bəlkə iynə ucu boyda təkan verməklə böyük bir işin içinə sürükləyir. Yalnız yazı prosesində insan, yazar üstünə ağır yük kimi düşən yaddaşdan xilas olur, onun zərif, yüngül (soft) təkanıyla bu dünyadan ayrılır, yəni başqa sözlə, yazmaq əslində bir növ zikrdir, belə olduğu üçün də hər yazılan bədii mətn deyil, hər bədii mətn də yaddaşın ilmələndirdiyi bir dünya ola bilməz.

Bəzən tarixdə ən zəif, ən ümidsiz nəsnələr qalır, ən gözəl və qənirsiz şeylər tarixin, ədəbiyyatın divarlarından ovulub düşür, toz olub uçur, gedir... Demək, burada istedaddan da vacib başqa bir mətləb var: ona layiq olmaq, yazdığını içində günəş kimi doğan gerçəklikdən xilas etmək bacarığı... Bu olmayanda indi bəzi gənc yazarlar kimi sadəcə, fərqlənmək eşqi, fərqlənmək naminə həm də. Bu da fəna deyil, ən azından yolu gedib-qayıtmaq və daha fərqli nəsnələr axtarmaq var. Pafosdan qurtulmaq üçün içində (çölün düzündə) ac-susuz yaşamağı bacarmalısan. Ədəbiyyat, ədəbi-bədii deyim dünyanı çox fərqli şəkildə görə bilmək cəhdidir, alınmayanda pafos gəlir, pafos həm də xəyalı olmayan adamların "yetişdiyi" finiş xəttidir.

Yaddaşın yuxarıda xatırlanan xassəsi demək olar ki, bütün bədii mətnlərin ekvator xəttindən keçir.

Yazıçı, şair heç bu sözü yadına salmadan, onu məxsusi olaraq mənalandırmaq niyyəti güdmədən qələmə aldığı hər bir sətirdə, bənddə, cümlə və pasajlarda yaddaşın ən dərinindəki özəlliyi şeirə, bədii mətnə çəkir. Unudulmaz Ələkbər Salahzadə demişkən: elə bil gülü şeirə çəkirsən...

Yaddaşdan birbaşa yazmaq istəsən, yenə onu həmin o yüngül təkanıyla başqa bir məmləkətə gedə bilərsən.

Artur Remboda bu adda şeir də var:

Təmiz su; uşaqların göz yaşındakı
bir çimdik duz misalı,
Günəş altında qadın bədənlərinin
ağlığının fırtınası;
ipək parça izdihamı
saf zanbaqlar, bayraqlar...
bəzi qızların qorxudan
sıxılıb gizləndiyi divarlar...

Nizamidə:

Onun dirilik suyu - göz yaşı, ciyər qanı,
Ərzi yandıran Günəş - nəməkdanı, duzdanı.

Yaddaş bəzən qılınc kimi, qılıncın iti ucunun dəydiyi yara kimi oyanar:

Zavallılar bu yolla gedə bilərmi məgər?
Bir yol ki, baxmaq ilə qəlbi qana döndərər.

Şeirlərin birində (Rilkenin "Populyar Melodiyalar" şeirində) belə bir deyim var ki, elə havalar var, nə qədər uzaqlaşsan da, hardan-hara köç etsən də, o səni tapacaq, yaxandan yapışıb rahat buraxmayacaq. Yəni istəsən də, istəməsən də, getdiyin yolların hansı məqamındasa ilişəcəksən, bir mahnı, bir melodiya səni bədbəxt eləyəcək.

Bu mənada yaddaşın azman, bitib-tükənməyən gücünün hopduğu (bilaixtiyar) bədii mətnlər də hər oxunuşda yenidən "dirilir", yeni mətləblər qatır araya, səni başqa cür düşündürür. Mirzə Cəlilin "Ölülər"ini hər dəfə oxuyanda yaddaşın ağrıyla oyanır, "Dəli yığıncağı" bir başqa yerdən, tam fərqli məqamdan vurur. Cəfər Cabbarlının yazdığı şeirlərin içində, daxili dünyası və bətnində elə işarələr var ki, onların düzgün qaydada oxunuşu Cümhuriyyət dövrünün bütün keşməkeşlərini andırır. Diqqət edin, o vaxtdan bəri Bayrağa yazılan bütün mətnlərdə qəribə və çəkilməz bir hüzn var.

Sonda yenə Nizamidən:

De, kim apara bildi dünyadan salamat can?
De, kim oxuya bildi bu yazını sonacan?

# 121 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist səhnədə qızının gözü önündə dünyasını dəyişdi

Əməkdar artist səhnədə qızının gözü önündə dünyasını dəyişdi

14:56 12 fevral 2025
"Həmin işıqlı günlər" - Mətanət Vahid

"Həmin işıqlı günlər" - Mətanət Vahid

14:45 10 fevral 2025
Folklorumuzda ilan kultu: şər, yoxsa xeyir? - Elnarə Qaragözova

Folklorumuzda ilan kultu: şər, yoxsa xeyir? - Elnarə Qaragözova

10:00 8 fevral 2025
Bir kəs ki, onun qibləsi yalnız Vətən oldu... - Elnarə Akimova

Bir kəs ki, onun qibləsi yalnız Vətən oldu... - Elnarə Akimova

10:01 7 fevral 2025
Səməd Vurğunla Əlisa Nicatın fərqi - Deyilənlər və deyilməyənlər

Səməd Vurğunla Əlisa Nicatın fərqi - Deyilənlər və deyilməyənlər

18:34 6 fevral 2025
"Ellər uzadacaq şair ömrünü!" - Tərlanə Yaqubqızı

"Ellər uzadacaq şair ömrünü!" - Tərlanə Yaqubqızı

18:01 6 fevral 2025
#
#
# # #