Az yazmağın ustası

Az yazmağın ustası
3 may 2023
# 10:21

Kulis.az Nəriman Əbdülrəhmanlının “Yaşar – 60: Az yazmağın ustası” adlı yeni yazısını təqdim edir.

Səksənincilər ədəbi nəslinin sonbeşiklərindən biri, istedadlı yazıçı, usta tərcüməçi, peşəkar redaktor, respublikanın Əməkdar mədəniyyət işçisi Yaşarın 60 yaşı gözümüzün qabağındaca tamam oldu...

Ona görə “gözümüzün qabağındaca” deyirəm ki, 60 yaşlı Yaşarı, az qala, 35 ildi tanıyıram, yaşadığı ömrə, keçdiyi yaradıcılıq yoluna yetərincə bələdəm...

İlk dəfə 1989-cu ildə yenicə fəaliyyətə başlayan Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində üz-üzə gəlmişik, sonra taleyin gərdişiylə “Xəzər” jurnalında və Azərbaycan Dövlət Tərcümə Mərkəzində birgə işləməli olmuşuq, buna görə də keçdiyimiz yol bir-birimiz haqqında söz deməyə bəs eləyir...

Yaşar Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuya-oxuya və təhsilini bitirəndən sonra müxtəlif sahələrdə (C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, Azərbaycan Dövlət Teleradio Yayımı Komitəsində redaktor, “525-ci qəzet”in redaktoru), hətta idarəetmə sistemində (Suraxanı rayon İcra hakimiyyətində şöbə müdiri, Əzizbəyov rayon İcra hakimiyyəti başçısının müavini) çalışsa da, yetkin qələm təcrübəsindən tam şəkildə Azərbaycan Dövlət Tərcümə Mərkəzində istifadə eləyib...

Bu gün yarandığı gündən Azərbaycan Dövlət Tərcümə Mərkəzində məsul vəzifələri yerinə yetirən Yaşardan həm də yazıçı, tərcüməçi və redaktor kimi söz açmaq olar...

Yazıçı

Yazıçı Yaşarı 1987-ci ildə “Ulduz” jurnalında çap olunmuş “Canavar” və “Oğul” hekayələrindən tanımışam. Onda Gürcüstanda yaşayırdım, Yaşarın artıq həmin vaxtlar populyar və adlı-sanlı şair kimi tanınan Ramiz Rövşənin qardaşı olduğunu da bilmirdim. O iki hekayəni oxuyanda müəllifin hələ cəmi-cümlətanı 23-24 il ömür sürdüyünə özümü çətinliklə inandırdım, çünki bitkin süjet, rəvan dil, yeni ifadə tərzi oxucunu çəkib aparırdı. Yadımdadır, o vaxt tənqidçi Mais Əlizadə radioda “Oğul“ hekayəsinə bütöv bir proqram həsr eləmiş, ədəbiyyata yeni bir sanballı imzanın gəldiyini xəbər vermişdi. Sonralar Yaşarın mətbuata müsahibələrinin birində söylədiklərini oxudum, zənnimdə heç də yanılmadığımı, o yaşda debütantın, az qala, on illik yazı təcrübəsi olduğunu yəqinləşdirdim: “Özümü dərk edəndən yazıram. Hər maraqlı hadisə mənim üçün bir ədəbiyyat predmetidir. Mənə “nə vaxtdan yazmağa başlamısan” sualı, başqasına “nə vaxtdan nəfəs almağa başladın” sualına oxşayır. Hətta uşaqlıq, gənclik illərimdə yazmayanda belə, qarşılaşdığım maraqlı hadisəni nə vaxtsa yazacağıma qəti əmin olmuşam. Yazıçının sonrakı ömrü də ilk dəfə o yaşlarda dərk etdiklərini maddiləşdirməkdə keçir. Burada yazıçının mahiyyəti və təyinatı ortaya çıxır”.

Ardınca Yaşarın “Tabut”, “Rahatlıq”, “Dəfn”, “Zarafat”, “Ayrılıq” hekayələrində üslubu daha da püxtələşdi, oxucu onu sözündən, nəfəsindən, ifadə tərzindən tanıdı. Təsadüfi deyil ki, adı 1998-ci ildə Prezident təqaüdünə layiq görülən gənc yazıçıların siyahısına düşdü, yeddi hekayədən ibarət “Yeddi” adlı hekayələr toplusu nəşr olundu.

Yaşar usta hekayəçidir, Şahmar, Afaq Məsud, Saday Budaqlı, Eyvaz Əlləzoğlu, Əlabbas, Etimad Başkeçid, Fəxri Uğurlu... kimi, qələmə aldığı hekayələrə öz nəfəsini qatmağı, insan yaşantılarının dərinliklərinə dalmağı, bir ömrün tarixçəsini qısa zaman kəsiyinə sığışdırmağı bacarır. “Mənim bütün hekayələrimdə hadisələr bir gündə baş verir, - o, deyir. - Hamısında eyni struktur var. “Ayrılıq”da üç sonluq vermişəm. Hekayə üç dəfə bitib, yenidən başlanır. Mən bir günü yaradıram, mənim üçün süjet yoxdur, mənim süjetim elə süjetsizlikdir, yaratmaq istədiyim situasiyadır. Mənim üçün ən maraqlısı budur: görüm, insan düşdüyü gərgin psixoloji situasiyada özünü necə aparır?”

Şirin-şirin, yerli-yataqlı, bütün xırda təfərrüatlarınacan təsvir elədiyi xatirələrini, başına gələn əhvalatları kağıza köçürsəydi, yəqin ki, indi bir neçə hekayə toplusunun müəllifi olardı. Söz-söhbətlərində xeyli sayda “şikəst”, yəni tamamlanmamış yazılarının olduğundan gileylənən Yaşarın səsində “yazmaq nisgili”ni da asanlıqla duymaq olur: “Hekayə yazanda bir həftə, on gün bütün məişət qayğılarından təcrid olunub əsər üzərində işləməyə gücüm çatır. Amma irihəcmli əsər, tutaq ki, roman yazmaq üçün ən azı gərək beş-altı ay hər şeydən təcrid olunasan. Bu da indiki vəziyyətimdə mümkün deyil. Çünki mənim yazıçı işləmək imkanım yoxdu”. Yaşam qayğılarının, mənəvi təlatümlərin, ədəbi mühitdəki ab-havanın tamamlamağa imkan vermədiyi yarımçıq yazılar, ola bilsin ki, bircə təkana bənddi, nə vaxtsa ərsəyə gəlib üzə çıxacaq.

Yaşarın çox sevdiyi, əsərlərini dilimizə çevirdiyi məşhur Meksika yazıçısı Xuan Rulfo haqqında “Az yazmağın dahisi” yazısı yadımdadı. Hekayələri və kiçikhəcmli bir romanıyla ədəbiyyatda öz yerini tutmuş yazıçının ədəbi kredosu, ola bilsin, Yaşar üçün də doğmadı ki, heç vaxt özünü yazmağa zorlamır, əlinə ancaq daxilən partlamağa hazır olanda qələm götürür.

Yazıçı Yaşar yaxşı mütaliəçidir, nasir kimi formalaşmasında yalnız və yalnız mütaliəyə borclu olduğunu gizlətmir. Həm də öz müəllifləri var, onların yaradıcılığından saatlarla danışa, ədəbi dünyagörüşlərini aça, obrazlarını saf-çürük eləyə bilər. Üstəlik, o, ədəbi populizmi, saxta bədii priyomları, ötəri konyukturanı əsl ədəbi meyarlardan asanlıqla ayırmağı, dünya ədəbiyyatıyla Azərbaycan ədəbiyyatı arasında paralellər aparmağı yaxşı bacarır.

Yazıçı Yaşarın hekayələri seçmə toplulara daxil edilib, bir sıra hekayələrisə artıq sərhədləri aşıb, rus, türk, alman, ingilis, ərəb, bolqar, gürcü və s. dilinə çevrilib...

Tərcüməçi

Tərcüməçi Yaşar artıq formalaşmış ədəbi prinsiplərə söykənir. Onun öz müəllifləri var, o müəlliflərin əsərlərini dilimizə çevirməyi arzulayır, vaxt tapanda, fürsət düşəndə də arzusunu gerçəkləşdirir. Rus, Latın Amerikası, Skandinav, yapon ədəbiyyatını daha çox sevdiyi və dəyərləndirdiyi seçimlərindən də bəlli olur.

Səhv eləmirəmsə, Yaşarın tərcüməsində “Xəzər” jurnalında oxuduğum ilk müəllif yəhudi əsilli rus-sovet yazıçı İsaak Babel olub. Hekayədən, eyni zamanda da dilimizdə səslənmə səviyyəsindən aldığım təəssürat indi də yadımdadır. Yaşar öz hekayələrində olduğu kimi, tərcüməsində də sözə qarşı həssaslığını, müəllifin nəfəsini və üslubunu qorumuşdu.

Sonra Azərbaycan oxucusu Yaşarın get-gedə püxtələşən qələmində Xuan Rulfonun “Pedro Paramo” romanını və hekayələrini, Somerset Moemin “Teatr” romanı, pyesləri və novellalarını, Yukio Misima, Taryey Vesos, Onelio Xose Kardoso, Mario Benedetti, Alvaro Yunke, Roberto Artl, Silvio Polettinin hekayələrini, Matilda Urrutianın “Pablo Neruda ilə birlikdə yaşanan ömür” memuarını, Artur Millerin pyeslərini qəzet-jurnallarda, kitab halında ayrıca nəşrlərdə oxudu, onun tərcüməsində Maks Frişin, Bertold Brextin pyesləri Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyuldu.

Yaşar qələmindən çıxan mətnlərlə öz taleyi arasında həssaslıqla paralellər aparır, çox vaxt oxşarlıqlar da tapır: “Çox qəribə şeydir. Yazdıqlarımın əksəriyyəti sonradan öz taleyimə çevrilir. Bu yaxınlarda amerikan yazıçı Artur Millerin tərcümə üçün götürdüyüm təsadüfi bir əsəri məni təəccübləndirdi. Oradakı hadisələri, situasiyaları on-on ik il bundan əvvəl yaşadığımı gördüm. Ümumiyyətlə, tərcüməçi kimi heç vaxt əvvəllər oxuduğum əsəri tərcümə etmirəm. Tamamilə yad və məlumatım olmayan istənilən əsəri götürəndə onların həyatımla necə səsləşdiyinə heyrət edirəm”.

Tərcüməçi Yaşar ədəbiyyatın müqəddəs missiyasını yaxşı dərk eləyir, oxucunu ovsunlamağın başlıca yolunun cürbəcür andeqraund priyomlara əl atmaq deyil, ortaya insan yaşantılarını əks etdirən mükəmməl mətn qoymaq olduğunu yaxşı başa düşür...

Redaktor

Redaktor Yaşarın yolu “Xəzər” jurnalından, televiziyadan, “525-ci qəzet”dən keçib, Azərbaycan Dövlət Tərcümə Mərkəzinə - “Aydın yol” qəzetinə, yenə “Xəzər” jurnalına çıxıb. Üstəlik, onun məsuliyyət dairəsinə Mərkəzin elektron resursları, çoxsaylı nəşrləri də daxil olub. Yaşar mətnləri özünəməxsus hövsələylə, az qala, hər kəlməni yoxlaya-yoxlaya, klassik redaktə qanunlarını qoruya-qoruya düzəldir, tələbkar rəhbər, Xalq yazıçısı Afaq Məsudun məqbul saydığı səviyyəyə çatdırır. Yəqin ki, elə bu cür redaktə məqamlarında da tamamlaya bilmədiyi yarımçıq yazılarının xiffətini çəkir.

Yaşar məşhur publisist ola bilərdi. Ən azı, Xalq yazıçısı Elçinlə “525-ci qəzet”də çap olunmuş ədəbi söhbəti oxucularda və onu tanıyanlarda belə bir fikrin formalaşmasına əsas vermişdi. Yaşar həmsöhbətiylə müsahibəni ədəbi dialoq səviyyəsinə qaldırmağı bacarmış, nəticədə dolğun dialoqun yaranmasına səbəb olmuşdu. Təsadüfi deyil ki, o silsilə müsahibə ədəbi aləmdə maraqla qarşılandı, eyni zamanda, “Elçinlə ədəbiyyat söhbəti” adı ilə ayrıca kitab kimi çap olundu. Amma Yaşar publisistikanı da peşəyə çevirmədi…

Yaşar peşəkar ssenariçi də ola bilərdi. Ramiz Məlikin “Debüt” studiyasında çəkdiyi “Divar” qısametrajlı bədii filminə yazdığı ssenari bunu güman eləməyə əsas verirdi. 1990-cı ilin Qanlı Yanvar faciəsi ərəfəsində onunla birgə (rəhmətlik Eyvaz Əlləzoğlunun iştirakıyla) İranın “Laləfilm” kinostudiyası üçün “Divlər zindanı” ssenarisini yazanda buna bir daha əmin olmuşdum. Ekran görümü Yaşarın az sonra sanballı ssenarilərə imza atacağından xəbər verirdi. Amma onun yazıçı və redaktor tərəfi üstün gəldi, kinoda gerçəkləşdirmək istədikləri qəlbində arzu olaraq qaldı…

***

Yaşarın həyatda da, ədəbiyyatda da, jurnalistikada da tapındığı, həm də qəlbən inandığı həqiqətləri və prinsipləri, insanlara, hadisələrə, hətta əşyalara formalaşmış münasibəti var. Onu o həqiqətlərdən və prinsiplərdən heç cür çəkindirmək mümkün deyil, öz mövqeyini müdafiə eləmək üçün hər cür tutarlı dəlil-sübut gətirməyə, tərəf-müqabilini inandırmağa hazırdı…

Yaşar ədəbiyyatın həyatdakı rolunu soyuq ağılla dəyərləndirməyi bacarır, ilüziyalara qapılmır: “Mənim üçün ədəbiyyat yaşadığımız həyatdan fərqli bir həyatdır. Elə bir həyat ki, mən orda etmək istədiyimi edə, görmək istədiyimi görə bilirəm. Həyat, əlbəttə, ədəbiyyatdan maraqlıdır. Həyatın müəllifi Allahdır, ədəbiyyatı isə yazıçı yaradır. Hər halda, yazıçını da Allah yaradıb. Amma söz təkcə bütün sənətlərin yox, yaşamın köküdür. Ədəbiyyat çox həssasdır. Dəfələrlə şahidi olmuşuq ki, ədəbiyyat cəmiyyətin yönünü dəyişə bilir, öncəgörənlik eləyir”.

Yaşar həyat və ömürlə bağlı da yetərincə gerçəkçidi, illüziyalarla yaşamır, insan üçün ayrılmış möhlətin mahiyyətini aydın dərk eləyir. Bəlkə də bu barədə düşüncələrə dalanda görməyə macal, yaxud fürsət tapa bilmədiyi işlərin, həyata keçirə bilmədiyi yaradıcılıq planlarının xiffətini çəkir: “İnsan ömrünü pillələrə bənzətsək, qırx yaşınacan sən o pillələri qalxırsan, Qırx yaşından sonra isə pillələri enmə mərhələsi başlayır. Məlum məsələdir ki, enmə prosesi daha sürətlə baş verir. Gənc yaşlarında sənə elə gəlir ki, illər çox ləng gedir. Yaşa dolduqca isə zamanın necə sürətlə ötdüyünün şahidi olursan”.

60 yaşlı Yaşarın o arzuları, planları gerçəkləşdirmək üçün yetərincə vaxtı, həyat və yaradıcılıq təcrübəsi, enerjisi var…

Günlərin birində daxilindəki təkanın onu yenidən silkələcəyinə, ortaya yeni əsərlər qoyacağıına inanırıq…

May, 2023.

# 2517 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #