Arvadını bacısı kimi təqdim edən İbrahim – Mətləb Muxtarov

Arvadını bacısı kimi təqdim edən İbrahim – Mətləb Muxtarov
8 avqust 2023
# 10:35

Kulis.az Mətləb Muxtarovun "İtirilmiş cənnətdən öncə" adlı yazısını təqdim edir.

“Hara gedəcəyini bilməyən insan, ora çatmayanda çox təəccüblənəcək”

(Mark Tven)

Yaradıcılığının pik nöqtəsində Selincer inzivaya çəkildi. “Çovdarlıqda uçurumdan qoruyan” romanı, məşhur “Doqquz Hekayə” silsiləsi, bir neçə povest, şöhrət, pul və milyonlarla oxucu… Bir yazıçının arzuladığı hər şeyi vardı. Tənhalığa çəkiləndən sonra hərdən bir hekayə və ya novella yazsa da, bir müddətdən sonra onu da tərgitdi və yoxluğa büründü.

Yaradıcılığının pik nöqtəsində Terens Malik də inzivaya çəkildi. “Cənnət günləri” filmini tam bitirdikdən sonra yoxa çıxdı. Parisə getdi və təxminən iyirmi il film çəkmədi. Amerika kinosunun ən parlaq nümayəndəsi idi, şöhrət, pul və milyonlarla tamaşaçı… Beş illik fasilə ilə çəkdiyi iki film kinotənqidçilər tərəfindən yüksək qiymətləndirilirdi, ən əsası, uzun fasilədən sonra Kannda rejissor işinə görə mükafat qazanan ikinci amerikalı rejissor idi. Deyilənə görə, Malik Parisdə olarkən Haydeggeri və Vitgenşetyni ingilis dilinə tərcümə edirmiş.

Böyük meqapolisdə yaşayan şəhər insanı heç olmasa bir dəfə yoxa çıxmaq istəyir. Bu ağır mənəvi yükdən bir müddət xilas olmaq. Hər şeydən uzaqlaşmaq. Bəlkə də bu, bir növ məğlubiyyətdir, amma yəqin ki, bu məğlubiyyətdə bir müdriklik var. Belə məğlubiyyəti hamı bacara bilməz. Malik baş götürüb getməklə, lap “Cənnət günləri” filminin qadın qəhrəmanlarına bənzədi.

Kiçik bir ironik qeyd: Terens Malikə dünya kinosunun Selinceri deyirlər.

“Cənnət Günləri” filmi balaca qızın dilindən eşitdiyimiz və böyük bir rejissorun gözləriylə gördüyümüz dünyadır. Film Birinci Dünya müharibəsindən əvvəlki Amerika cəmiyyətinin vəhşi Amerika təbiət ilə müqayisəsidir. Mavi səma, taxıl zəmiləri. Vəhşi təbiətin sivilizasiya ilə harmoniyası.

Filmdə təsvir edilən günəmuzd işçilərin ağır iş rejimi sanki o dövrə qədər yaradılan Amerika mifini məhv edir. Təsadüfi deyil ki, Malik filmi günəşin batmasından sonra (və ya çıxmasından qabaq), fotoqrafiya sənətində “qızıl saat” (golden hour) adlandırılıan zaman dilimində çəkib. Bununla da sanki o, batan, qeybə çəkilən əsl cənnətlə, insan tərəfindən yaradılan amerikan cənnətini müqayisə edib. Axı filmdəki hadisələr 1916-cı ildə, ABŞ-ın Birinci Dünya müharibəsinə qoşulmasından öncəki dövrdə baş verir. Məhz bu müharibədən sonra ABŞ-ın dünyada dırnaqarası hegemoniyası başlayır. “American dream” məfhumu ilə cənnətin yer üzündəki təzahürü sayılan bir ölkə, məhz bu müharibədən sonra dünyada öz ölüm səltənətini qurur, yəni başqa ölkələrin faciəsi üzərində öz cənnətini yaradır. Taxıl zəmilərinin ortasında ucalan və çox tənha görkəmi ilə göz qamaşdıran varlı fermerin evi, elə bəlkə də ABŞ-ın mikro modelidir. Kənardan gözəl, möhtəşəm, dəbdəbəli, eyni zamanda, tənha görünən ev (ölkə). İçinə girdikdə isə bayırdakı bom-boş həyatın bir başqa saxta üzü. Bəlkə, elə kənardan bizə möhtəşəm görünən Amerika cəmiyyəti daxilən bu ev kimi bom-boşdur? Bu evin içinə isə yalnız seçilmişlər girə bilər. O seçilmişlər də məhz bizim qəhrəmanlardır. Varlı fermer Sem Şeppard, varlı fermerin vurulduğu qız Ebbi, həmin qızı hamıya öz bacısı kimi təqdim edən, əslində isə qızın sevgilisi olan Bill və bütün bu məhəbbət və şeytan üçbucağını sadə dildə tamaşaçıya danışan balaca qız Linda. Lindanın uşaqcasına nəql etdiyi bu hekayədə Malik, bir çox filmlərində olduğu kimi, yenə də dini motivlərə toxunur.

Həyat yoldaşını firona bacısı kimi təqdim edən İbrahimin hekayəsi.

İbrahim Misirə gələndə, öz həyat yoldaşı gözəl Saranı hamıya bacısı kimi təqdim edir. Firon da bu gözəlliyə valeh olub Sara ilə evlənir, bu evlilikdən sonra İbrahimin maddi vəziyyəti yaxşılaşsa da, sonradan tanrıların firona qəzəblənir. Eyni qəzəbi Malik fermerin üstünə təbiətin əliylə göndərir. Filmin sonunda çəyirtkələrin taxıl zəmilərinə hücumu elə tanrıların qəzəbinin bir başqa formasıdır.

Yeri gəlmişkən, varlı fermer ölümcül xəstədir. Bill isə bu xəstəlik haqqında xəbərdar olandan sonra Ebbini onunla evlənməyə sövq edir. Fermer öldükdən sonra bütün var-dövləti qıza qalacaq, məhz bundan sonra onlar ömürlərinin sonlarına kimi firavan yaşaya bilərlər. Beləliklə, qız fermerlə evlənir, amma…

Adətən birdən-birə yaranan eşq bir müddətdən sonra əvvəlki parıltısını itirir və qarşı tərəfə öyrəşdiyin üçün artıq sevgi münasibətləri başqa müstəviyə keçir, ortada yalnız insanların bir-birinə bağlanmaqları, öyrəşməkləri qalır. Amma bu dəfə başqa cür olur. Fermerlə evlənən qız zaman keçdikcə onu sevməyə başlayır. Tanıyaraq, öyrəşərək fermerə vurulan qız artıq bu acgöz plandan üz döndərmək istəyir. Bu sevgi isə fermerin həyatını uzadır, sanki onu ağır xəstəlikdən xilas edir. O yaşayır, hər gün daha da gümrahlaşır, daha da güclü olur. Bu filmin razvyazkasıdır. Hər şey isə hələ qabaqdadır. Film bitməyib. Əgər film belə bitsəydi, Malik sonu “happy end”lə bitən, kütbeyin tamaşaçı üçün ortabab bir Hollivud filmi çəkmiş olardı. Malik qızı (qadını) sonradan öz dini “libas”ına qaytarır. Şeytan simalı Lilit və ya şeytana aldanan Həvva siması. Məhz qadın sonda cənnətin məhv olmasına səbəb olur. Məhz qadına görə hər iki kişi ölür. Yenə dini motivlər və yenə də qadın.
Filmə baxarkən ağlıma əvvəlcə Küçük İsgəndərin bu misraları gəlmişdi:

“Hardan gəlmişəm, hara gedirəm, nə üçün burdayam?
Sanki çörəyə qarışmışkən torpaqçün darıxan buğdayam”

Doğurdan da baş qəhrəmanlar hardan gəliblər? Bəs sonda hara getdilər? Məsələn, filmin bir yerində fermerin mühasibatçısı illik gəliri hesabladıqdan sonra ona eyniylə belə deyir: “Hələlik sənin işlərin yaxşı gedir, ona görə də burdan getməlisən. Burda qalmaqla sən heç nə qazanmayacaqsan.” Burdan belə çıxır ki, heç fermer də buraların adamı deyil. Çikaqodan gələnlər də, zəmilərində işləyən günəmuzd içşilər də yerli deyil. Hər kəs bu mavi səma altındakı taxıl zəmilərinə hardansa gəlib və hər kəsin getmək vaxtı var. Bəlkə Malik bu gözəl təbiətin insanlara məxsus olmadığını, bütün insanların bura hardansa gəldiyini və buranın əsl sahiblərinin insanlar yox, məhz vəhşi heyvanlar olduğunu deyir ? Axı ara-sıra filmdə aktyor kimi qabağımıza çıxan heyvanlarsız filmi təsəvvür etmək qeyri-mümkündür. Sanki bu filmdə Malik bizə insanla vəhşi təbiətin harmoniyasını göstərməklə, əslində, onların bir yerdə yaşamaqlarının mümkünsüzlüyünə vurğu salır. Bəlkə tam tərsinədir? Amma yox, əgər tam tərsidirsə, niyə bütün qəhrəmanlar hardansa gəliblər, niyə filmin ən əsas qəhrəmanları sonda yoxa çıxırlar? İkisi ölür, ikisi isə sadəcə gedir. Hara getdikləri naməlumdur. Və gedənlərin hər ikisi qadındır. Təbiət isə daimidir. İnsanlar gedəcək, təbiət isə yerində qalacaq. Təbiətin, vəhşi heyvanların vətəni əzəldən məlumdur. İnsanların əliylə yaradılan taxıl zəmiləri də sonda məhv olur. İnsan əliylə yaradılan hər şey elə bəlkə də məhvə məhkumdur.

Qəribə hadisələrdən biri də odur ki, “Cənnət Günləri”ndən sonra çəkdiyi iki filmdə də Malik eyni şeyləri təkrar edir. Sonrakı iki filmi – “İncə Qırmızı Xətt” və “Yeni Dünya”da da o, Amerikanın başqa bir faciəsini göstərir. “Yeni Dünya” filmində Amerika qitəsinə yeni gələn ingilislər və onların məhv etdikləri yerli xalqların sivilizasiyasını Pokaxantasın siması ilə göstərir. “İncə Qırmızı Xətt”də isə İkinci Dünya Müharibəsində ABŞ-ın o qədər də strateji olmayan mənasız həmləsini göstərir. Və hər iki filmdə də müasir insan təbiəti məhv edir.

Şəhər həyatını, insan sıxlığını, göydələnləri sevən, heç bir məqsədi olmadan və hara gedəcəyini bilmədən şəhərin küçələrində boş-boş gəzib insanları müşahidə edən adamlara "Flanör" deyirlər. (Fransızca: flaneur) Amma flanörlər şəhər insanının arasına qatılsalar da, öz individuallıqlarını qoruyurlar. Böyük meqapolislərdə sentimental və tənha insanlar. Onlar müşahidə edir, nəticələr çıxarırlar. Flanör anlayışı haqqında ilk dəfə Şarl Bodler yazıb, sonralar Valter Benyamin “Pasajlar” əsərində bu “individual və urbanist mübarizə”ni daha da aktuallaşdıraraq yeni bir fəlsəfi termin yaradıb. Fərziyyələr var ki, flanörlər üçün ən ideal şəhərlərdən biri Parisdir. Terens Malik bəlkə də Hollivudun ən məşhur gözəgörünməz flanörüdür. Ulduz aktyorlarla işləyən, məşhur film şirkətləri ilə əməkdaşlıq edən, amma buna baxmayaraq, filmlərinin tanıtım və reklam kampaniyalarında heç vaxt iştirak etməyən rejissor. Sanki Malik Hollivudun, Amerika kino industriyasının içində olsa da, “bütün bu həngamələrdən kənarda qalmış” öz individuallığını qoruyur. O, hətta kinonun flanörüdür. Bir daha qeyd edirəm, flanörlər üçün ən uğurlu şəhər Parisdir. “Cənnət günləri” filmini bitirdikdən sonra Malikin getdiyi Paris.


“Mən həmişə düşünmüşəm ki, dünyada susmaqdan daha gözəl şey yoxdur, Butimar quşu kimi olan insanlar da daha yaxşı insanlardır .” – Sadiq Hidayətin “Kor Bayquş”unda yazılan bu cümləni hər dəfə təkrar-təkrar oxuyuram. Butimar quşu – dəniz kənarında məskən salar və dənizin bir gün quruyacağından qorxuduğu üçün ordan su içməz. Sanki Terens Malik də, Butimar quşu kimi daxilindəki dənizin quruyacağından qorxduğu üçün iyirmi il film çəkmədi. Öz sahilinə çəkilib yeni bir dəniz səyahəti üçün böyük tədarük toplamağa başladı. İyirmi il sonra isə yeni Odisseyalara qanad açaraq ard-arda filmlər çəkdi. Və “Kor Bayquş”dakı cümləyə geri qayıdaraq deyim ki, Terens Malik də həmişə susur. Heç bir jurnalistə, tele-kanala reportaj və ya açıqlama vermir. Sadəcə susur, eyniylə yaxşı insanlar kimi …

# 1304 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #