Anar: "10 il yarızirzəmi evdə yaşamışıq, sonra Heydər Əliyev mənə ev verdi" - Müsahibə

Anar:  "10 il yarızirzəmi evdə yaşamışıq, sonra Heydər Əliyev mənə ev verdi" - Müsahibə
5 dekabr 2023
# 12:00

Bildiyiniz kimi, Azərbaycan Yazıçılar Birliyində, bir neçə gün bundan əvvəl bir sıra yazıçılara və Yazıçılar Birliyinin işçilərinə evlər verilib. Sosial şəbəkələrdə, xəbər portallarında, xəbər saytlarında bununla bağlı müzakirələr aparılır, mülahizələr irəli sürülür.

Kulis.az Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla müsahibəni təqdim edir.

- Anar müəllim, xoş gördük.

- Xoş gördük. Mən, təəssüf ki, saytları oxumuram, amma mənə məlumat verirlər. Və mən bilirdim ki, bu ev məsələsiylə bağlı qalmaqal olacaq. Ona görə də saytlardan zəng olan telefonlara cavab vermirdim. Gözləyirdim ki, bütün narazılar ürəyini boşaltsınlar, ondan sonra hamıya birdəfəlik cavab verim. Ona görə sizə təşəkkür edirəm ki, belə bir imkan yaratmısınız. Bu hadisələr haqqında müfəssəl danışmaq istəyirəm. Çünki bu, vacibdir. Görürəm, bəzi verilişlərdə deyirlər ki, yazıçılara niyə ev verilməlidir? Bunun bir cavabı var: ancaq ona görə ki, yazıçının iş yeri onun evidir. Başqa adamlar başqa yerdə işləyir, amma yazıçı evində işləyir, əsərini evində yazır. Və əgər böyük ailəsi olan, kiçik və böyük ailəsi olan yazıçının, heç olmasa, birotaq kabineti, iş yeri olmasa, o necə yazacaq? Ona görə yazıçıların ev almağı çox təbii bir şeydi. Mən 36 ildi Yazıçılar Birliyinin rəhbəriyəm və bu 36 ildə yüzə qədər yazıçıya mənzil vermişik. Bu qəribə görünə bilər ki, necə yəni, 100-ə qədər? Mən sizə izah eləyim: sovet vaxtında 40 nəfər Yazıçılar Birliyindən ev alıb, mənim vaxtımda. Mən Birliyin rəhbəri seçilən elə ilk ayda Məmməd İsmayıla dördotaqlı, İsi Məlikzadəyə üçotaqlı mənzil verdik. Daha sonra on yazıçıya rəhbərlikdən ev aldım. Müstəqillik dövründə isə, 60-a qədər ev alınıb. Mən hörmətli prezidentimiz Heydər Əliyevə müraciət elədim, Ramiz Rövşənə mənzil verdi. Sonra Yazıçılar Birliyinin təklifi ilə Mədəniyyət Nazirliyindən Elçin Hüseynbəyli mənzil aldı. Ondan sonra mən yenə də xahiş elədim, Mehriban xanımdan, məni qəbul elədi və mənim xahişimlə 7 mənzil verilməsi ilə bağlı tapşırıq verdi. Ondan başqa, biz Zərgərpalanda bir ev başladıq tikməyə, düzdü, o bitmədi, amma o evdən 34 adama mənzil pulu verildi. Prezidentə müraciət etdim, onun tapşırığıyla Bakının İcra başçısı Eldar Əzizov bizə torpaq sahəsi ayırdı. Bakı İcra Hakimiyyətinin təklifi ilə bir firmaya verdilər ki, bunlar tiksinlər. Bu evi tikdilər və həmin evdən müqaviləyə əsasən, müəyyən faiz, yəni bizə 21 mənzil verdilər - 6 birotaqlı və 15 ikiotaqlı. Evə görə isə Yazıçılar Birliyində 230 ərizə var. İndi bu döşünə döyənlər desin, 230 ərizəni 21 yerə necə bölmək olar ki, hamı razı qalsın? Bəziləri vay-şüvən qaldırır ki, niyə mən almadım, o aldı? Və ən çirkin üsullara əl atırlar ki, guya burda alver olub. Nə alver? Kimdi, alver edən? Mən heç kəsin dalında gizlənmək istəmirəm. Mən katiblərlə məsləhətləşirdim, deyirdim ki, təkliflərinizi verin. Amma son qərarı mən təkbaşına qəbul elədim və bunun məsuliyyətini də daşıyıram. Heç kəsdən də qorxmuram, çəkinmirəm və bunu izah edə bilərəm ki, nə cür verilib və kimə verilib. İndi yenə də imkan var ki, bir sahə ayrılsın bizə. Ancaq mən düşünürəm, əgər mənim başım bu qədər qalmaqal çəkəcək, üstümə bu qədər çirkab atılacaqsa Yazıçılar Birliyinə, özü də Yazıçılar Birliyinin öz içindən olan adamlar, işin içində olan adamlar, hətta ev alan adamlar tərəfindən. Bunlar da bunu alver kimi qələmə verirsə, belə adamlar üçün təzədən çalışmağa, vuruşmağa, əlləşməyə, bu qədər çətinliyə dözməyə dəyərmi?

2600 yazıçı var. Bu ev Yazıçılar Birliyinə verilib, bütün yazıçılara yox. Yazıçılar Birliyi, təbii ki, bizdən kənarda olan adamlara da ev verib, adbaad deyə bilərəm sizə. Görkəmli yazıçılardı, dramaturqdu, şairdi, tənqidçidi. Və eyni zamanda aparatda işləyən adamlara da ev verilib. Aparatda işləyən adam ayrı hardan ev ala bilər? Bu da vətəndaşdı da. Sürücü olsun, kadr şöbəsi olsun, ya müşavir olsun. Onu da deyim ki, televiziya ilə elan elədilər ki, Anarın müşaviri Rauf Aslanov yazıçı olmaya-olmaya Yazıçılar Birliyinin üzvüdür. Rauf Aslanov Yazıçılar Birliyinin üzvü deyil. Amma ərizəsi var, hər bir vətəndaş kimi, onun da ev almaq hüququ var. Yaxud başqa bizim işçimiz 21 il bundan əvvəl ev alıb. 21 il ərzində bunun ailəsi artıb, böyüyüb, əri müharibə iştirakçısı, veteranıdır. Yaxşı, onun haqqı yoxdur, ev almağa?

- Anar müəllim, siyahıya toxunacağıq, az sonra. Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, bu torpaq sahəsi verilmişdisə, Azərbaycan Yazıçılar Birliyinin sərəncamına, orda bir az daha hündür və ya iki bina tikilməsi mümkün deyil?

- Yox, iki bina mümkün deyil, daha hündür isə, bunu bilmirəm, mən inşaatçı deyiləm, bunu inşaatçılar təyin eləyir. Həm də, lap üçmərtəbə, hündür olsaydı belə, yenə 230 mənzil verə bilməzdik.

- Bəs nəyin əsasında, 21 mənzil, Anar müəllim?

- Çünki müqavilədə belədir ki, müəyyən faiz tikilən evlərdən bizə verilib və sahəni onlara verdiyimiz üçün, faizlə hesablayanda 21 mənzil olur.

- Anar müəllim, indi o siyahıda katibiniz də müsahibə verəndə demişdi, mən baxdım ona. Anar müəllimin məsləhəti ilə olub və siz də təsdiq elədiniz onu.

- Mən təsdiq edirəm, mən məsuliyyət daşıyıram, mən heç kəsin arxasında gizlənmək istəmirəm. Və bilirəm ki, Birliyin bəzi məsul işçiləri də bu günlərdə gizləniblər. Niyə gizlənirlər? Bizim gizli işimiz yoxdur ki...

- Anar müəllim, burda siyahıda, mən göz gəzdirdim. Bir neçə şəxsin adları var. Burda həm sizin sürücünüzün, həm İlqar Fəhminin katibəsi və digər şəxslərin adları var. Yəni bunlara necə verilib ev, hansı əsaslarla bölünüb?

- Bunlar doğrudur. Mənim sürücüm 16 ildi burda işləyir. Və burdan ev almayıb, hardan ala bilər? O da bir vətəndaşdı. Mən bayaq dedim, yenə təkrar edirəm: bu - bütün yazıçılara verilən ev deyil. Bu, Yazıçılar Birliyinə verilib ki, biz bölək. Biz də böləndə Yazıçılar Birliyindən kənarda olan görkəmli yazıçılarımıza, cavan yazıçılarımıza ev verməklə bərabər, işçilərimizə də ev vermişik. Əgər, mən bu 36 ildə 100 mənzil vermişəmsə, bir mənzil mənim özümə düşür ya düşmür?

- Düşür.

- Əgər düşürsə, mən o mənzili sürücümə vermişəm. Kadr şöbəsinin müdiri Arifə xanım 21 il bundan qabaq ev almamışdı, evin pulun almışdı. O pulu da qaytarıb.

- Bundan əvvəlki ev bölgüsündə?

- Bəli, bundan əvvəlki.

- Anar müəllim, siz özünüz ev almısınızmı, Yazıçılar Birliyindən?

- Mən Yazıçılar Birliyindən 60 il bundan əvvəl iki otaq almışam, o vaxt Vaqif küçəsi 30-da düz on il yarızirzəmi evdə yaşamışıq.

- Sonra, deyəsən, Heydər Əliyev sizə ev verib?

- Heydər Əliyevə mən müraciət elədim, bəli, mənə ev verdi.

- Bu çox nəcib bir təşəbbüsdü. Anar müəllim, bax, burda bu qalmaqalların, bu yazılanların səbəbləri bax, elə bu sürücünün ev alması və bir neçə şəxsin bir neçə dəfə ev alması ilə bağlıdır.

- İki dəfə ev alması məsələsi belədir: kiminsə 20 il ərzində ikinci dəfə ev almağa ixtiyarı yoxdur? Əgər bunun ailəsi böyüyübsə, övladları ailə qurubsa, qızı ərə gedibsə, nəvələri olubsa, ev almamalıdır? Niyə?

- Onda belə başa düşdüm ki, sizə 230 dənə mənzil lazımdı ki, bu söz-söhbətlər kəssin.

- Əgər 230 mənzil alsan, 500 adam gələcək ki, bəs mən niyə almadım? Biri var, neçə il əvvəl ev alıb, evi alıb da, yaşayır da. İndi başqaları ev alanda gəlib vay-şüvən qaldırır ki, bəs mən evimi təmir edə bilmirəm. Bəs bütün bu illər necə yaşamısan? Əgər təmir edə bilməmisənsə, deməli, ancaq başqası alanda yadına düşür? Ancaq hikkədir ki, niyə başqası aldı, mən yenidən almadım. Niyə başqası alır?

Yazıçılar gərək cəmiyyətə örnək olsun. Bir cavan oğlan var, ona da ev vermişik. Deyir ki, mən bundan sonra da Anarı tənqid edəcəyəm. Çünki tənqid eləməsəm, deyərlər ki, yaltaqlıq eləyir. Bu məntiqdi?

- Bax, burda, Anar müəllim, siyahıda belə bir ad var; Şəmsiyyə Camalova... Yazırlar ki, İlqar Fəhminin katibəsidir.

- Burda ayrı-ayrı katiblərin katibələri yoxdur. O, İlqarın qəbul otağında oturur. Ona görə də elə yazırlar. O, Yazıçılar Birliyində kompüter operatoru işləyir.

- Ümumiyyətlə, Anar müəllim, sizə bir şey deyim: sizin son vaxtlar təşəbbüs göstərdiyiniz, gördüyünüz işlər mediaya çıxan kimi, o saat təhdidlər başlayır. Bir çox insanlar yazırlar, mülahizələr irəli sürürlər, sizi tənqid edirlər. Hardan qaynaqlanır bu, Anar müəllim?

- Bu qaynaqlanmanın çox sadə səbəbi var; mən indi yaşıma görə az-çox tanınan adamam də... Ona görə də məni tənqid edəndə o tənqid edən adamı da tanıyırlar. Bu, görünür, onun tanınmağının yeganə vasitəsidir. Yəni, mən Anardan yazım, məni də tanısınlar.

- Yəni, sizin vasitənizlə özlərini tanıdırlar...

- Bəli, bəli...

- Konkret olaraq belə adamlardan bir neçəsinin adını çəkə bilərsinizmi?

- Mən o qarafikirli adamların heç birinin adını çəkmək istəmirəm. Hesab edirəm ki, onların heç biri adlarını çəkməli adamlar deyillər. Əgər yüz dəfə təkzib olunsa da ki, Anarın katibəsi ev almayıb, yenə də kor və kar kimi bu iftiranı təkrar edirlərsə, bunları adam saymaq olarmı?

- Müasir ədəbiyyatı necə qiymətləndirirsiniz?

- Yüksək qiymətləndirirəm. Bəzən mənə deyirlər ki, sən cavanlara yol açmırsan. Əksinə, mən ən çox cavanlara kömək edirəm. Mən Yazıçılar Birliyinə rəhbər seçiləndən sonra "Ulduz" jurnalını bütünlüklə cavanların ixtiyarına verdik. Orda, əvvəlcə, yaşlı insanlar redaktor olmuşdular. Rəşad Məcidin rəhbərliyi ilə gənc ədiblər məktəbi yaratdıq. Yeri gəlmişkən, Rəşad Məcidi xüsusilə qeyd etmək istəyirəm ki, bu günlərdə mən onun arxalanmalı adam olduğunu bir daha gördüm. Heç kəsdən qaçmadan, gizlənmədən, obyektiv şəkildə açıq suallara açıq da cavab verdi. Ona görə də ona öz təşəkkürümü bildirirəm.

Hər il iyirmi nəfərə təqaüd veririk. Kitablarını çap edirik. Təqdimatını keçiririk. Səfərlərə göndəririk. Biz sözdə yox, işdə cavanlara kömək edirik. Mən başa düşürəm ki, ədəbiyyatın gələcəyi gənclərdi. Bu, təbii bir prosesdir. Mən hətta mənim əleyhimə yazan gənci belə başa düşürəm. Çünki mən onun yaşında olmuşam. Amma o, məni başa düşmür. Çünki o, mənim yaşımda deyil. Və mənim yaşıma gələndə məlum deyil o, məni başa düşəcək, yoxsa, yox.

- Siz də onların yaşında olanda o zaman yaşlıları tənqid etmisiniz?

- Biz heç kəsi təhqir etməmişik. Siz bir yerdə görə bilərsinizmi mən, tutalım, Mirzə İbrahimovu, Süleyman Rüstəmi, İsmayıl Şıxlını, Bəxtiyar Vahabzadəni, yaxud Qabili, Nəbi Xəzrini və ya başqalarını tənqid eləyim? Hansını tənqid etmişəm? Əksinə, hamısının haqqında xoş sözlərim, məqalələrim var.

- Belə demək olar ki, Anar müəllim, sizi indi ən çox gənclər tənqid eləyirlər...

- O da düz deyil. Gənclərin bir qismi, az bir qismi...

Əgər mən özüm haqqımda bir kitab çap etdirəsi olsam, orada haqqımda yer alan müsbət rəylərin doxsan faizi cavanların yazılarıdır.

- Yəni onlar hesab edirlər ki, sizin yaşınız çoxdur, yeri gəlmişkən, bu mənim sözüm deyil...

- Bəli...

- Siz yerinizi verməlisiniz gənclərə...

- Üç il də gözləsinlər də. Bu qədər gözləyiblər. Üç il də gözləsinlər... Onsuz da, mən demişəm ki, növbəti qurultayda öz namizədliyimi verməyəcəm. Mən sözümün ağasıyam. Və bunu da izah elədim ki, nəyə görə bu Qurultayda namizədliyimə etiraz etmədim, çünki dedim ki, mənim başladığım bəzi məsələlər var, onları bitirmək istəyirəm. Sovet vaxtında hər yerdə Yaradıcılıq evləri vardı. Əvvəllər Şüvəlanda da yazıçıların Yaradıcılıq evi vardı. Sonra onu qaçqınlara verdik. Axır vaxtlara qədər bir neçə qaçqın ailəsi yaşayırdı orda. İndi qaçqınlar üçün ayrıca evlər tikilib. Mən Prezidentə müraciət etdim. Və o bina təzədən tikildi. Çünki elə hala gəlmişdi ki, daha orada işləmək üçün heç bir şərait yox idi. Gələn ilin may-iyin ayına qədər o binanın yenidən tikilib təhvil veriləcəyinə boyun olublar. Deməli, yazıçıların bir yox, iki Yaradıcılıq evi olacaq. Biri Şüvəlanda, biri Şabranda. Şabrandakı artıq hazırdır və yazıçılar ondan istifadə edirlər. Nəhayət, yazıçılar üçün tikilən başıbəlalı ev. Mən bu üç işi görmək istəyirdim. İndi bu üç işi görüb qurtarandan sonra, ömür vəfa edərsə, qalıb XI Qurultaya qədər işləyərəm...

- Deməli, istefa vermək fikriniz var, Anar müəllim?

- Yox. Məni qurultay seçibsə, deməli, mən növbəti qurultaya da hesabat verməliyəm. Ona görə də mən gələn qurultayda hesabatımı da verəcəm, nə işlər görmüşük, onu da deyəcəm. Ondan sonra deyəcəm, xudahafiz! Bunlar demirdi, başqa adam gəlsin, gəlsin də. Mən çox böyük məmnuniyyətlə onlara kömək edərəm. Əgər mən eqoist adam olsaydım, deyərdim ki, mən gedəndən sonra bura lap dağılsın. Deyim ki, bax, gördünüz, mənim vaxtımda neçə il dağılmağa, parçalanmağa qoymadım, qorudum, jurnallarını saxladım, qəzetini saxladım, yazıçılara şərait yaratdım, mənim təkliflərimlə hörmətli Prezident onlara təqaüd verdi. Kitabları çap edildi. Amma məndən sonra dağıldı. Amma mən bunu istəmirəm. Əgər mən ömrümün 36 ilini bu Birliyə sərf etmişəmsə, onu qorumuşamsa, istəyirəm ki, məndən sonra da bu ocaq yaşasın. Əgər Yazıçılar Birliyi olmasa, o biri yaradıcılıq təşkilatları da olmayacaq. Və ədəbiyyatın yaşaması, ədəbiyyatın öz səviyyəsini saxlaması üçün Yazıçılar Birliyinin olması çox vacibdir.

- Anar müəllim, belə bir məlumat da almışam ki, sizi tənqid edən bir çox adamlara - onların içində gənclər də var, digərləri də - siz öz cibinizdən pul verirsiniz.

- Bəli... Olur o da. Özü də dəfələrlə. Hər ay.

- Belələri çoxdurmu?

- Çox deyil. Əvvəla, onu deyim ki, kirayədən mənə 500 manat pul verirlər, bu günə kimi mən o puldan bir qəpik olsun belə, özümə, ya kitabımın çapına xərcləməmişəm. Ancaq ehtiyacı olanlara verirəm. Bugünə qədər mən Yazıçılar Birliyinin hesabına bircə kitabımı çap etdirməmişəm. Yazıçılar Birliyinin hesabına heç bir səfərə getməmişəm. Yalnız xaricdən dəvət edib, yol paramızı verəndə gedirəm.

- Anar müəllim, başqa bir məsələyə də toxunmaq istəyirəm... Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu bütün dünyaya səs saldı. Amma nədənsə, bununla bağlı bir film çəkilmədi. Yəni normal bir film, normal bir ssenari ortaya qoyulmadı. Və Azərbaycanda bir çox önəmli filmlərin ssenarilərini yazan bir insan kimi, belə bir ssenari yazmısınızmı? Nə baş verib? Niyə biz belə bir filmi ortaya qoya bilmirik?

- Bir neçə məsələlər qaldırdınız. Çox vacib məsələlərdir. Ona görə mən hamısına bir-bir cavab vermək istəyirəm: Qarabağ məsələsi başlananda birinci reaksiya verən Yazıçılar Birliyi oldu. Qara Yanvar haqqında Moskvaya birinci biz yazdıq. Xocalı hadisəsi haqqında da elə. İndi də bu Qarabağ zəfəri haqqında biz böyük bir kitab çap etdirdik - "30 ilin həsrəti, 44 günün zəfəri". Burda bizim görkəmli yazıçılarımızın Qarabağ haqqında məqalələri yer alıb. Kinoya gələndə isə, o sualınıza da cavab vermək istəyirəm. Mənim iki kino təhsilim var; həm rejissor kimi, həm də ssenarist kimi. 15 bədii filmim var. Bir neçə sənədli filmim var. Amma on ildir ki, kinostudiyanın qapıları mənim üzümə bağlıdır. 3 ssenari yazmışam - ikisini Mədəniyyət Nazirliyi qəbul edib. Heç biri çəkilmir. Prezidentin Sərəncamı var ki, Dədə Qorqud haqqında serial filmlər çəkilsin. Onu da mənə tapşırmışdılar. Yazmışam. O da çəkilmir. Başqa bir ssenarim də var - Cəfər Cabbarlı haqqında. Bunlar çəkilməyə-çəkilməyə mən indi təzədən neyləməliyəm? Birincisi, gərək, təklif olunsun ki, mən yazım. Təklif olunmaya-olunmaya mən yazım, onu da aparıb qoysunlar o rəfə ki, orda çəkilməyən filmlərin ssenariləri saxlanır...

- Anar müəllim, kim bağlayıb "Azərbaycanfilm"in qapılarını sizin üzünüzə?

- Dəfələrlə Mədəniyyət Nazirliyinə demişəm, dəfələrlə məktub yazmışam. Çox böyük hörmətlə yanaşırlar, çox böyük nəzakətlə yanaşırlar mənə. Çox sağ olsunlar. Amma çox böyük hörmətlə, çox böyük nəzakətlə mənim bir filmimi də çəkmirlər.

- Anar müəllim, mənim üçün çox maraqlıdı, siz Vətən müharibəsi ilə bağlı ssenari vermisiniz?

- Yox, Vətən müharibəsi haqqında mənim daha çox publisistik yazılarım var. Publisistika da bədii ədəbiyyat qədər əhəmiyyətli bir janrdı...

- Yəni siz mənimlə razısınız ki, belə bir yaxşı ssenari olmalıdır, yaxşı bir film çəkilməlidir...

- Əlbəttə, olmalıdır. Bəs demirlər, istedadlı cavanlar var? Kim cavanların əlindən tutub ki, yazmayın? Yazsınlar də!

- Çox önəmli bir nöqtəyə gəldiniz... Siz yeni Azərbaycanın tarixinin bir neçə filmlərinin ssenari müəllifisiniz. İndi də gənclərdən gözləyirsiniz?

- Əlbəttə, gənclərdən gözləyirəm! Deyirlər ki, bizi çap olunmağa qoymursunuz. Necə qoymuram mən? Çap olunursunuz. Saytlar sizin əlinizdə, bizə döşəyirsiniz, istədiyiniz qədər. Yaxşı əsər yazın, çıxın dünyaya də! Deyirlər, niyə bizim Nobel mükafatı alan yazıçımız yoxdur? Mən sual eləyirəm... Bizim 10 milyon əhalimiz var. Çinin əhalisi bir milyard yarımdı gərək ki. İki nəfər Çin yazıçısının adını çəksinlər ki, dünyaya çıxıb. İkicə nəfər. Çox demirəm. Çəkə bilərlər? Yox! Bir milyard insan yaşayır Hindistanda. Taqordan başqa, bir adamın adını çəkə bilərlər ki, dünyaya çıxıb? Yox! Yaxşı, bizdən nə istəyirlər? Çingiz Abdullayev dünyaya çıxıb, Allah ömür versin. Mənim dörd qitədə kitablarım çıxıb: Amerikada, Afrikada, Asiyada, Avropada. Sovet respublikalarının hər birində mənim kitablarım çıxıb. Amma mən bir dəfə də deməmişəm ki, mən dünya şöhrətli yazıçıyam. Ətim tökülür, belə söz eşidəndə.

- Çingiz Abdullayevin adına toxundunuz. Bu yaxınlarda televiziya kanallarının birində Çingiz Abdullayevin yazılarını çox pis formada tənqid etmişdilər.

- Tənqid sözünü işlətməyin. O, tənqid deyil, söyüşdü. Tənqid başqa şeydi... Tənqid o deməkdir ki, yazasan, Çingiz Abdullayevin filan əsəri zəifdir. Amma söyüş söyəndə, o, təhqirdi. Tənqidlə təhqir ayrı-ayrı şeylərdir.

- Necə görürsünüz, onda?..

- Görürəm ki, o təhqir eləyən adam cavab verməlidir. Ya sayt olsun, ya da hər hansı televiziya kanalı... Dərəbəylik deyil ki, sən durub yaşlı bir adamın, məşhur bir yazıçının, dəyərli bir ziyalının əsərləri haqqında götürüb, ağzına gələni deyəsən, ya yazasan, sonra da deyəsən ki, bu tənqiddi. İndi, mən o sözləri təkrar eləmək istəmirəm... Tənqiddi bu? Tənqiddisə, özünə aid olsun, o sözlər.

- Amma bundan əvvəl də Çingiz Abdullayev jurnalisti təhqir etmişdi, yadınızdadırsa, sizin qurultay zamanı... Bunu "bir-bir" hesab eləyə bilərik, Anar müəllim?

- Çingiz də düz eləməyib. Mən özüm də Çingizə dedim ki, təhqir eləmək lazım deyil. Amma sonra məlum oldu ki, o da Çingizə çox kəskin, pis cavab verib. O da var, yəni. Çingiz deyib, düz eləməyib. O da cavab verib, düz eləməyib. Amma sonra məsələ qaldırılanda ki, o adamı Yazıçılar Birliyinin üzvlüyündən çıxaraq, mən onu qorudum. Dedim, lazım deyil.

- Məhkəmə müstəvisinə gəlib də, o məsələ, mənim bildiyimə görə...

- Bir dəfə dərs olsun də! Bir dəfə dərs olsun ki, dərəbəylik deyil bu ölkə. Burda qanun var, qayda var. Burda insanın ləyaqəti var. Bir adamın yaradıcılığı haqqında sən zir-zibil deyirsənsə, onda gərək, məhkəmədə cavab verəsən.

- Yəni məhkəməyə versə, siz Yazıçılar Birliyinin sədri kimi məsələyə necə baxardınız?

- Mən deyirəm ki, hər kəs cavabdeh olmalıdı, dediyi sözlərə, söyüşlərə.

- Siz həm işləyir, həm də çox tənqid olunursunuz...

- İşləyən adam tənqid olunar də!

- Yazıçılar Birliyi ətrafında bütün qalmaqallar, bütün söz-söhbətlər sizin və Çingiz Abdullayevin üzərindədi. Yəni, bu aqressiyanın səbəbi nədi, sizə və Çingiz Abdullayevə qarşı? Məsələn, digər şəxslər də var, digər yazıçılar da var Yazıçılar Birliyinin tərkibində...

- İndi, onlar yaxşıdı, biz pisik, yəqin də! Ayrı nə deyə bilərəm? Ancaq faktları dedim mən. Heç kəsin əleyhinə danışmadım. Özləri bilər. Mən Allaha inanıram. Həmişə də inanmışam. Bilirəm ki, Allah görür. Allah görür və Allah hərəyə də layiq olduğunu verir.

- Təşəkkür edirəm.

- Sağ ol!

- Minnətdaram ki, siz işinizin çox olduğu bir vaxtda bizə müsahibə verməyə razı oldunuz.

- Sağ olun.

- Siz də çox sağ olun.

Söhbətləşdi: Əli Vəliyev

Manset.az xəbər portalının təsisçisi və baş redaktoru

Hazırladı: Sərvaz Hüseynoğlu

# 4292 dəfə oxunub

Oxşar xəbərlər

Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”  ilə təltif edildi

Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi

14:13 24 fevral 2024
"İstintaqın sirləri"nin aktyoru vəfat etdi

"İstintaqın sirləri"nin aktyoru vəfat etdi

13:40 24 fevral 2024
Abdulla Şaiq qardaşını niyə hamıdan gizləyirdi?

Abdulla Şaiq qardaşını niyə hamıdan gizləyirdi?

13:00 24 fevral 2024
“TikTok”  Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən  layihəsinə başladı

“TikTok” Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı

12:30 24 fevral 2024
Sabirabadda Baba Vəziroğlu ilə görüş keçirildi

Sabirabadda Baba Vəziroğlu ilə görüş keçirildi

12:00 24 fevral 2024
Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

12:00 24 fevral 2024
# # #