Alman ədəbiyyatının 5 ən yaxşı romanından biri

Vüsal Bağırlı

Vüsal Bağırlı

4 iyun 2024
# 11:00

Kulis.az Vüsal Bağırlının yeni yazısını təqdim edir.


Yozef Rotun “Radetski marşı” romanı haqqında qeydlər.

Bu əsər məni çoxdan cəlb edirdi. Lap çoxdan. Amma oxumağa macal tapmırdım. Hər dəfə hansısa iş, nüans ortaya çıxır, başımı qatır, əsəri oxumaq təxirə düşürdü. Sonra isə onu ümumiyyətlə unutdum və uzun illər kitab barədə heç düşünmədim də.

Ortaya başqa müəlliflər, başqa romanlar çıxır və bu əsər necəsə, hansı möcüzəyləsə beynimdən silinirdi.

Nəhayət, bir gün əsəri xatırladım. Daha doğrusu, hər şey təsadüfən baş verdi. Mən google-də axtarış edib başqa bir əsəri soraqlayarkən birdən-birə qarşıma çıxdı.

Yozef Rot. “Radetski Marşı”.

Fon üzərindəki qara hərfləri oxudum və anladım ki, əslində, bu, təsadüf-filan deyil, zərurətdir. Onu mütləq oxumalıyam.

Beləcə, yubatmadan, təxirə salmadan əsəri mütaliəyə girişdim. Özü də nə girişdim. Hər şey birnəfəsə baş verdi.

Romandan bir hissə:

“Cənab fon Trotta qulluqçusunun dəfni ilə bağlı bütün əmrləri böyük dəftərxana ləvazimatları vərəqinə əsl mərasim ustası kimi bənd-bənd, bölmələr və yarımbölmələr şəklində yazdı.

Bütün bu işlərdən sonra bütün ev dairə rəisinə yad, kimsəsiz və narahat görünməyə başladı. O artıq masaya düzülən xörəklərin yanındakı nimçədə məktubları tapmırdı və kamerdinerə yeni göstərişlər verməkdən çəkinirdi. O, artıq gümüş süfrə zənglərinin heç birinə toxunmurdu və bəzən laqeydlik üzündən onlara əl uzadırdısa da, bunu sadəcə onları sığallamaq üçün edirdi”.

Əsərin mənə təsiri gözlədiyimdən də möhtəşəm idi. Romanın dili, müəllifin təhkiyə üslubu o qədər ürəyə yatımlı, o qədər zövq oxşayan idi ki, onu bitirəndə heyfsiləndim. Təəssüf etdim. Kədərləndim.

Romanın mərkəzində üç nəslin – baba, ata, oğul – Trottalar ailəsinin əhvalatı dayanır.

Belə ki, müharibə vaxtı sıravi əsgər kimi xidmət edən adi slovan kəndlisi Avstriya-Macarıstanın gənc imperatoru Frans İosifin həyatını Solferino döyüşündə xilas edir. Minnətdarlıq olaraq, imperator həmin adi əsgər və sıravi kəndliyə titul verir. Yüksək mükafat. Ona bütün nəsli üçün miras qalacaq zadəgan rütbəsi.

Solferino qəhrəmanı müharibədən qayıdır. Artıq o adi adam deyil, malikanəsi, xidmətçiləri, işçiləri, kəndləri, meşələri, böyük torpaq sahələri olan mülkədar, barondur.

O, yaşamağa davam edir, amma oğlunun hərbçi olmasını istəmir. Oğul da atanın sözünə itaətlə əməl edir, oxuyur, təhsil alır və hərbi deyil, mülki sahəni seçir. O, bir imperiya şəhərində hörmətli dairə rəisi kimi qulluğa götürülür. Dairə rəisinin də bir oğlu olur. Oğlan böyüyür. Təhsil alır. Amma dairə rəisi fərqli düşünür, o, da öz oğlunu qürur duyduğu atası Solferino qəhrəmanı kimi hərbçi etmək istəyir. Oğul atanın sözündən çıxmır, göstərişə boyun əyir və arzusu xilafına hərbçi peşəsini seçir.

Roman boyu bu nəslin taleyi imperiya ilə paralel inkişaf edir. Yəni nəsil, şəcərə imperiyanın inkişafı ilə çiçəkləndiyi kimi, imperiyanın çöküşü ilə ailə də məhvə sürüklənir.

Romandan bir hissə:

“Gecədən əsən külək dairə rəisinin sərxoş beynini ayıltsa da, şüuru hələ tam aydın deyildi. Qorxu hələ də ürəyində yuvalanıb, vücudunda sürünürdü. O, dünyanın məhv olduğunu görürdü. Bu, onun dünyası idi. Xoynitski canlı olaraq onunla üzbəüz oturmuşdu, açıq-aydın, tam şəkildə sappasağ. Hətta bəzən dizi dairə rəisinin dizlərinə toxunur, onda qorxu yaradırdı. Cənab fon Trottanın özü ilə götürdüyü köhnə revolver şalvarının arxa cibində idi. Bəs niyə bura revolver gətirib? Sərhəddə ayı və canavar görünmürdü! Üfüqdə yalnız məhvə sürüklənən dünya görünürdü”.

Müəllif roman boyu təsvir etdiyi bu üç nəslin – baba - ata – oğul – timsalında göstərir ki, imperiyanın sabitliyi, qüdrəti sonra isə onu silkələyən, sarsıdan dəyişikliklər fonunda Solferino qəhrəmanı olan babanın qətiyyəti və enerjisisi tədricən necəsə atanın, yəni dairə rəisinin zabitəli və hökmlü davranışı ilə, sonra da leytenant nəvənin iradəsiz hərəkətləri, şübhə və tərəddüdləri ilə əvəz olunur.

Sonda kiçik Trottanın ölümü simvolik xarakter daşıyır. Əgər baba döyüşdə imperatorun həyatını ölümdən xilas edərək şanlı nəsil şəcərəsinin əsasını qoyursa, nəvə öz əsgərlərini belə xilas etmək iqtidarında olmur.

Yazıçı Yozef Rot qəribə insan olub. Faciəvi tale, məcburi sürgün, mühacirət.

O, Avstriya-Macarıstan imperiyasında, indiki Ukraynada ərazisində anadan olub. Qalisiya yəhudisidir. Alman dilli Avstriya yazıçısı.

Qısa və faciəli həyatı ərzində elə də çox əsər yazmayıb. Amma az yazıb, saz yazıb.

Onun adı əlli yaşına çatmadan ölən dahi yazıçıların - Çexov, Oruell, F. Skott Fitscerald, Kafka - siyahısındadır. Onun 1932-ci ildə yazdığı "Radetski marşı" romanı Dünya ədəbiyyatının şedevr nümunələrindən hesab olunur. Bu əsər Alman ədəbiyyatının bütün tarixi boyunca yazılmış beş ən yaxşı romandan biridir. Avstriya yazıçıları Stefan Sveyq, Müzil və Kafka, çex Qaşek, macar Yokai, polşalı Bruno Şults və Yulian Striykovski də hər biri bu hadisələri öz təəssürat və qavrama süzgəcindən keçirib özünəməxsus təsvirlər veriblər. Amma Yozef nəhəng bir imperiyanın qürubu və çöküşünü başqalarından daha yaxşı təsvir edib.

Romanda məlum olur ki, iri Ayı (imperiya) əslində göründüyü kimi qorxunc deyil, nəhəng müqəvvadır. İmperiyanın daxilindəki bütün həyat formaları məhv olan Ayı ilə birgə çürüyür, dağılır və nəticədə Avropanın indiki mənzərəsi, yəni yeni dövlətlər yaranır.

Müəllif əsərdə bacardığı qədər hadisələrə, gedişata neytral mövqedən qiymət verməyə çalışıb.
1930-cu ildə nasistlər hakimiyyətə gələndə Yozef Rot təqibdən və həbsdən xilas olmaq üçün məcburən Parisə gedir. 1939-cu ildə ona deyirlər ki, yazıçının ən yaxın dostu Ernst Toller İspaniyada intihar edib. Xəbərdən şoka düşən Yozef Rot elə küçədəcə yıxılır və canını tapşırır.

Romandan bir hissə:

“Dairə rəisi oğlunu axtarırdı. Hansısa anlaşılmaz qorxu qocanı otaqdan otağa qovurdu. Oğlu indi haradadır? O, nə rəqqasələrin içində, nə zallarda dolaşan sərxoşlar arasında, nə də künc-bucaqda təmtəraqlı söhbət edən qumarbazlar və başqa ağalar arasında deyildi. Leytenant uzaq otaqların birində tək oturmuşdu. Yarısı boşalmış iri qarnırli butulka sədaqətlə onun ayaqları altına uzadılmışdı. Dairə rəisi o qədər yaxına gəldi ki, dar çəkmələrinin barmaqları şüşəyə dəydi. Oğul önündə əvvəlcə iki, sonra bir neçə ata gördü. Onlar hər saniyə çoxaldılar. Onlardan hər biri digərini sıxışdırırdı və leytenant heç bir halda birinə olan hörmət naminə digərlərinə etinasız ola bilmirdi. Ayağa qalxmağa əhvalı yox idi və eyni qəribə vəziyyətdə tərpənməz qalmışdı: yarı oturulu, yarı uzanılı və yarı divandan sürüşülü vəziyyətdə. Dairə rəisi oğluna baxırdı. Beyni sürətlə işləyir, eyni anda minlərlə xatirə yaradırdı. O, yay tətili günlərinin birində təşrif buyurmuş kursant Karl Yozefi görürdü. O, görürdü ki, oğlu onun kabinetində əlində qar kimi ağ əlcəklər və dizi üzərindəki qara kursant papağı ilə oturub, atasını uşaqcasına, itaətkar baxışlarla süzür, bütün suallara ucadan, həvəslə cavab verir. O, yenicə süvari leytenantı rütbəsinə yüksəlmiş oğlunun mavi, qızılı və qırmızılı epoletlərlə eyni otağa daxil olduğunu görürdü. Amma bu gənc indi qoca mister fon Trottadan sonsuz dərəcədə uzaq idi. Doğma oğlunun əvəzində burada sərxoş leytenantı, yad bir adamı görmək niyə ona bu qədər əzab verirdi? Niyə?”

Yozef Rotun heyranı olan Stefan Sveyq öz dostu haqqında deyirdi:

“Yozefdə rus təbiəti var idi, hətta deyərdim ki, o, əsl karamazovçu idi. O, həmişə və hər yerdə ifrata varmağa çalışan böyük ehtiraslı bir insan idi; onda rus duyğularının dərinliyi, ruslara məxsus ifrat dindarlıq var idi. Eyni zamanda təəssüf ki, ona ruslar kimi özünü məhv etmə yanğısı hakim kəsilmişdi. Onun içində ikinci bir təbiət də yaşayırdı - yəhudi xarakteri. O, yəhudi kimi aydın təfəkkürə, iti və kəskin ağıla, ədalətli, buna görə də mülayim müdrikliyə malik idi. Onun həmçinin Avstriya mənşəli olması da Rota üçüncü, qeyri-adi, fərqli bir təbiət bəxş etmişdi; o, hər bir hərəkətində cəngavər kimi nəcib, gündəlik həyatda cazibədar və mehriban, sənətində bədii və musiqili idi; Mən onun şəxsiyyətinin və yaradıcılığının unikallığını yalnız bu müstəsna və unikal birləşmələrlə izah edirəm”

Gözəl deyilib. Bircə onu əlavə etmək qalır ki, Sveyq özü də həmin dövrün faciəsi və fəlakətlərindən qurtula bilmədi, uzaq Braziliyada həyat yoldaşı ilə birlikdə öldürücü dozada yuxu dərmanı qəbul edərək həyatdan köçdü. Ondan azacıq əvvəl isə Rotun ağlını itirmiş arvadı faşist konsentrasiya düşərgəsində ölmüşdü.

Romandan bir hissə:

“Onun evdən getməsindən sanki hədsiz uzun müddət keçmişdi. O, cəmi iki gün əvvəl qatara necə mindiyini xatırlamaqda çətinlik çəkirdi. Cənab fon Trotta (Qraf Xoynitskidən savayı) - burada yeganə mülki adam idi. Qaralmış, arıq vücudu ilə o, imperator Frans İosifin düz portreti altında, müxtəlif ranqlı zabitlər arasında oturmuşdu. İmperatorun hər yerə asılmış tanış portreti. O, ağ ordu feldmarşalı formasında, qan rəmzi - çiynində al qırmızı yaylıq. İmperatorun ağ yan yanaqlarının altında, yəni yarım metr aşağıda fon Trottanın bir qədər gümüşü bakenbardları dik dayanmışdı. Masa ətrafındakı zabitlər Frans İosiflə onun sadiq xidmətçisi arasındakı oxşarlığı aydın görə bilirdilər. Leytenant Trotta da oturduğu yerdən imperatorun üzünü atasının üzü ilə müqayisə edirdi. Bir anlıq leytenantın gözünə elə gəldi ki, divardan imperatorun deyil, onun qoca atasının portreti asılıb, aşağıda stolun arxasında diri və bir qədər gənc, mülki geyimli insan isə imperatorun özüdür. Bu zaman, atası da, imperator da birdən-birə ondan uzaqlaşdılar və tamam yad oldular”.

İndi isə romanın məzmunu haqqında bir neçə kəlmə.

Bəli, vaxtilə imperiya daxilində olmuş bir ölkənin insanı kimi deyə bilərəm ki, irili-xırdalı bütün imperiyalar axır əvvəl dağılır. Biriləri min əzab-əziyyətlə, digərləri nisbətən sakit. Nəhəng və qüdrətli imperiyanın çürümə, məhv olma prosesini hətta dərsliklər, elmi əsərlər belə bütün incəliyi və dərinliyi ilə təsvir edə bilmir. Bu zaman köməyə əlahəzrət ədəbiyyat yetişir.

Araşdırdım. Kitab 1859-cu ilin 24 iyulunda baş verən hadisə ilə start götürür. Doğrusu, mətndə heç bir dəqiq tarix filan göstərilmir, amma mənim üçün bunu vikipediyada dəqiqləşdirmək çətin olmadı. Hər şey “Solferino” döyüşü ilə başlayır. Prosesin əsası məhz burda qoyulur. Solferino ətrafında Frank-Sardinya ordusu Avstriya-Macarıstan qoşunlarını ağır məğlubiyyətə uğradır.

Romandan bir hissə:

“İmperator qocalmışdı. O, yer üzündəki ən yaşlı imperator idi. Ölüm onun ətrafında dolaşırdı və qabağına keçəni biçə-biçə gedirdi. Ətrafda bütün sahə artıq boş idi, yalnız imperator ilmə zamanı unudulmuş gümüş sap kimi hələ də gözləyirdi.

Onun kəlləsi səhra təpəliyi kimi çılpaq, bakenbardları qardan düzəldilmiş qanadlar kimi bəm-bəyaz idi. Üzündəki qırışlar bir-birinə qarışmış kolluqlar əmələ gətirmişdi və orada gəlib-keçmiş onilliklər gizlənmişdi. Bədəni arıqlamış, kürəyi əyilmişdi. Evdə xırda addımlarla yeriyirdi. Amma küçəyə çıxanda budlarına möhkəmlik, dizlərinə elastiklik, addımlarına yüngüllük, kürəyinə qamət verməyə çalışırdı. Gözlərinə imperator baxışlarının əsl sərvəti sayılan saxta mehribanlıq ifadəsi vermişdi. İmperatora baxan hər kəsə sarı çevrilmək, salam verən hər kəsə salam vermək. Əslində, bütün üzlər onun gözləri qarşısından yalnız ani parıltı və bulanıq siluetlər şəklində keçirdilər. O yalnız bir şeyə, uzaqdakı həmin nazik xəttə - üstünü hətta evlər, meşələr və ya dağlar örtsə belə - həyatla ölüm arasındakı sərhədə, ancaq qocaların görə bildiyi üfüqün kənarındakı uzaq nöqtəyə baxırdı”.

Döyüş zamanı piyada qoşun leytenantı Trotta Avstriya-Macarıstan imperatoru Frans İosifi labüd ölümdən xilas edir. Özünü ona tuşlanan gülənin qabağına verir. Qəhrəmanlığına görə Trottanın rütbəsi artırılır, Mariya-Tereza ordeninə və ömürlük zadəgan tituluna layiq görülür.

Həmni gündən etibarən onu “Kapitan Yozef Trotta fon Sipolye” adlandırırlar. Bu ad sonra nəsil üzərində bir kölgə, qaranlıq kabus, acı tale rolu oynayır. Bundan sonra kapitan Yozefin bütün törəmələri, nəsli yüksək adı doğultmalı, ölçülüb-biçilmiş hər bir hərəkətlərində həmin şərəfə layiq olmalıdırlar.

Hamı o gündən etibarən onlara hörmət edir, hamı onlardan qorxur. Sonra Yozef Trotta ordudan tərxis olunur və hörmətli bir adam kimi Bohemiyada məskunlaşır.

O, israr edir ki, oğlu Frans hərbçi peşəsini yox, mülki işi seçsin. Oğul atanın sözündən çıxmağa cəsarət etmir, hüquq sahəsini seçir və Moraviyanın kiçik şəhərində dairə rəisi işləyir.

Öz növbəsində onun oğlu Karl Yozef baba ənənəsinə sadiq qalır, süvari məktəbini bitirib zabit rütbəsi alır. Bir neçə ildən sonra tale onun həyatını dəyişib süvari ordusundan piyada qoşunlarına tərəf yönəldir və Karl imperiyanını şərq sərhədlərində xidmətə davam edir. Burda isə onu imperiyanı məhv edəcək Birinci Dünya müharibəsi haqlayır.

Romandan bir hissə:

"Yeri gəlmişkən, oğluma məktub yazdım" - dedi. - Qoy istədiyi kimi etsin. Mane olmayacam
- Düzgün etdiniz! - həkim dedi. - Siz məsuliyyət daşıya bilməzsiniz! Heç kim başqasına görə məsuliyyət daşıya bilməz!
"Atam mənə cavabdeh idi!" – dairə rəisi dedi, - babam isə atama!
"O zaman hər şey fərqli idi" - deyə, Skovoronnek etiraz etdi. – İndiki vaxtda hətta imperator da öz monarxiyasına görə məsuliyyət daşımır. Görünür, Tanrı özü də dünyaya cavabdeh olmaq istəmir. O zamanlar hər şey daha asan, daha stabil idi! Həyatın küçələri yaxşı döşənmişdi. Etibarlı damlar evlərin divarlarından yuxarı qalxırdı. Amma bu gün, cənab dairə rəisi, bu gün küçələrin o tayında daşlar yerində dayanmır, təhlükə yaradır, damlar uçur, evlərə yağış yağır. İndi hər kəs özü tapmalıdır, hansı küçə ilə gedib hansı evə girsin. Rəhmətlik atan buyuranda ki, sən hərbçi deyil yox, məmur olmalısan, düz buyurub. Siz nümunəvi məmur oldunuz. Amma oğluna get hərbçi ol deyəndə yanıldınız. Səhv etdiniz. O, nümunəvi əsgər olmadı!
– Hə hə! – cənab fon Trotta təsdiqlədi.
– Ona görə də hər şeyin öz axarı ilə getməsinə icazə verməliyik! Övladlarım məni dinləməyəndə, sadəcə olaraq, ləyaqətimi itirməməyə çalışıram. Mənə qalan budur. Bəzən yatanda onlara baxıram. Oəribədir, üzləri mənə tamamilə yad görünür, onları çətinliklə tanıyıram. Görürəm ki, bunlar mənə tamam yad adamlardır. Onlar, indi qarşıdan gələn, lakin mənim görmək və yaşamaq məcburiyyətində qalmayacağım bir zamana aiddirlər. Övladlarım! Onlar hələ çox balacadırlar. Biri səkkiz, digəri on yaşında. Yuxuda üzləri yumru və çəhrayı olmuşdu. Şaftalı kimi. Amma yenə də hətta yatsalar belə bu üzlərdə qəddar bir şey var idi. Hərdən mənə elə gəlir ki, bu, onların zəmanəsinin qəddarlığı, gələcəyin qəddarlığıdır, hansı ki, uşaqların xəyallarına kölgə salıb. O gələcəyi görmək üçün yaşamaq istəmirəm!”

Əsərdə fon Trotta ailəsinin qadınları haqqında çox az məlumat verilir. Yozef Rotun onlar haqqında əlavə olunacaq heç bir sözü yoxdur: onlar sakitcə valideynlik işləri ilə məşğul olub və səs-küysüz, giley-güzarsız ölürlər. Sanki ən vacib vəzifələrini yerinə yetirib, oğul övladı doğmaqla kişilərə mane olmamağa çalışırlar, Onlar nəinki ailənin firavanlığını təmin edir, həm də. Tanrı və imperator qarşısında borclarını idaətlə yerinə yetirir və ən əsası namus məsələlərinə diqqət yetirirlər. Axı kişilər üçün şərəf və ləyaqətdən ötə anlayış yoxdur. Bununla belə, imperiya orqanizminin içində hansısa çürümə prosesi başlayır: müasirlik küləkləri bu patriarxal dünyanın artıq o qədər də möhkəm olmayan dayaqlarını sarsıdır. Çoxsaylı xalqların öz müstəqillikləri uğrunda mübarizəsi bu çürümənin təzahürlərindən yalnız biridir. Xalqların nəyin bahasına olur-olsun azad olma istəklərinin amansız təzyiqi altında imperiyanın paslanmış dəmir skeleti zaman keçdikcə dağılmağa, içdən yeyilməyə başlayır.

# 2533 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #