Kitabxanada gizlənən qatil - Yeni hekayə

Kitabxanada gizlənən qatil - Yeni hekayə
9 iyun 2020
# 14:38

Kulis.az Furqanın "Üst qonşunun qələbəsi" hekayəsini təqdim edir.

"Qatil olsaydım, mütləq kitabxanada gizlənərdim..."
Yazıçı xeyli rahatlaşdı, çünki ilk cümləni yazmaq çətin idi. Əgər ilk cümləni yazmışdısa davamı gələcəkdi. Amma qapının döyülməsi hekayənin davamının yazılmağına mane oldu.

Məhəllədə göy-göyərti və qatıq satan cavan oğlan qatıq bankalarını aparmağa gəlmişdi. Oğlan məhəllədə kimin nə qədər qatıq aldığını harasa qeyd edirdimi, ya nə sirr idisə kimdə nə qədər banka olduğunu əlinin içi kimi bilirdi və on-on beş gündən bir qapıları döyüb bankaları yığırdı.

Yazıçı ailəsini kəndə göndərib neçə gün idi ki, tək qalmışdı. Mətbəxə keçib bütün bankaları iri sellofan torbaya yığıb tələsik oğlana verdi. Hekayəni yazmağa tələsdiyindən çay içməyə də dəvət etmədi. Onsuz gəlməyəcəkdi.
Cavan oğlan bankaları alan kimi pillələri iki-iki, üç-üç düşüb yoxa çıxdı. Yazıçı təzədən divanda əyləşdi, kompüteri dizlərinin üstünə qoyub yazdığı ilk cümləni oxudu: "Qatil olsaydım, mütləq kitabxanada gizlənərdim..."
Hekayəni necə yazacağını beynində bir neçə dəfə götür-qoy eləmişdi. Sonluğu elə bitirməliydi ki, oxucu mesajı alsın. Vermək istədiyi mesaj bu idi: qatil olsam, gedib kitabxanada gizlənərəm, heç kəsin ağlına da gəlməz ki, ordayam! Çünki kitabxanalar bom-boş olur, gedən olmur.

Elə bir az düşünmüşdü ki, qapı yenə döyüldü.

"Bu kimdi, görən?!" deyə düşünərək yenə kompüteri kənara qoyub qapıya doğru yönəldi.
Qonşu Qənbər kişiydi, qoltuğunda da nərd. Başından qaynar su tökdülər. Başqa vaxt olsaydı, Qənbər kişinin gəlişinə mütləq sevinərdi, amma indi hekayə yazırdı, yarımçıq saxlamaq istəmirdi. Neçə dəfə olmuşdu ki, yarımçıq saxladığı yazının üstünə aylarla qayıda bilməmişdi. Bu hekayəni tez yazmaq istəyirdi.

- Salam, qonşu! - dedi könülsüz-könülsüz. Çünki ağsaqqal kişi nərdi də qoltuğuna vurub bir mərtəbə aşağı düşmüşdüsə ərk edib gəlmişdi, onu geri qaytarmaq heç cür düz alınmazdı. Həm də hekayə qaçmır ki: “Gəl, içəri!"
Qənbər kişiylə arasındakı yaş fərqi görünüşə görə az deyildi, amma heç vaxt Qənbər kişinin yaşını soruşmamışdı.
- Dünən məni nə təhər mars elədinsə, gecə yata bilməmişəm, - Qənbər kişi dedi və güldü, sarı dişlərindən yazıçının üzünə sarı bir işıq düşdü və yazıçı ağlına gələn fikirdən necə sevindisə, qalxıb Qənbər kişini öpmək istədi. Amma öpmədi, soruşdu:
- Ay qonşu, sən o gədəni bıçaqlayıb türmədə neçə il yatdın?

Qəfil sualdan Qənbər kişinin rəngi dəyişdi, kefi pozuldu, bəlkə də gəldiyinə peşman oldu. Çünki Qənbər kişinin türmə haqda danışmaqdan zəhləsi gedirdi, öz keçmişindən də xeyli utanırdı. Və bu binada, bu məhəllədə kimsə hələm-hələm Qənbər kişidən belə sual soruşmağa ürək eləməzdi, qorxardılar, çəkinərdilər. Axır vaxtlar Qənbər kişi çox tez küsürdü, əsasən də belə suallara görə.
Yazıçı səhvini başa düşdü və onun könlünü almağa çalışdı:

- Sən Allah, bağışla e, vacib olmasaydı soruşmazdım. Bir hekayə yazıram, ona görə səndən bir-iki sual soruşmaq istədim.
Qənbər kişi hələ indi qoltuğundakı nərdi masanın üstünə qoydu, özü də stul çəkib əyləşdi. Nərdi açıb daşları asta-asta düzməyə başladı.
- Yeddi il yatmışam, nə olub ki?!

Yazıçı bir anlıq hekayənin ilk cümləsini düşündü, hekayə "qatil" sözüylə başlayırdı. Bunu Qənbər kişi bilsəydi, nərdi götürüb onun başına çırpmasa da bu evdən birdəfəlik gedərdi.

- Kitabxana haqqında bir hekayə yazmaq istəyirəm! - deyib söhbəti dəyişmək fikrinə düşdü.
- Türmənin kitabxanaya nə dəxli? - Qənbər kişi zərin birini özü götürdü, birini əks tərəfə itələdi. Yazıçı zəri götürüb atdı və söhbətə davam etdi:
- Kitabxanaların boş olmağı haqqında hekayə yazmaq istəyirəm. Guya mən adam öldürmüşəm. Gizlənməyə yer axtarıram. Gedib kitabxanada gizlənirəm. Heç kim tapmasın deyə. Kitabxanaya heç kim getmir axı.

Qənbər kişi zərləri əlində qoşalayıb diqqətlə yazıçının üzünə baxırdı, deyəsən hekayənin mövzusu ona maraqlı gəlmişdi.

- Sonra bəs?
- Sonrasını fikirləşməmişəm hələ - deyib yola verdi.
- Ay qonşu, sən Allah, bu hekayəni niyə yazırsan ki? Özün indicə dedin axı, kitabxanaya heç kim getmir, bə sənin hekayəni kim oxuyacaq?

Yazıçının susduğunu görüb davam etdi:

- Rayon yeridi, hərə bir tikə çörəyinin dalınca əsir-yesirdi bu dəqiqə. Alıb-aldatmaq zamanasıdı, kimdi hekayə oxuyan? Kitab oxumaq Sovetin dövründə qaldı. Oyununu oyna, sən dədənin goru.

Yazıçı pərt oldu, amma biruzə vermədi:
- Yəni deyirsən ki, boş-boş işlərlə məşğul olmayım?
- Aaaaay sağ oool, bax bu başqa məsələəə! - deyib zəri atdı.
- Amma mən o hekayəni yazacam! - yazıçı qətiyyətlə dedi və Qənbər kişi yenə baxışlarını onun üzünə zillədi.
- Yaz! - dedi eyni qətiyyətlə. Sonra yerdən pul tapmış uşaq kimi sevincək dilləndi: - Ay qonşu, heç bilirsən, bizim mərkəzi kitabxananın müdiri kimdi?

- Yoox, - dedi yazıçı, - kimdi ki?

Qənbər kişi iki əlini bir-birinə şappıldadıb güldü:

- Polis rəisinin arvadı! Bunu da yazarsan hekayəndə.

Yazıçı bu dəfə daha pis pərt oldu. Qənbər kişi qələbəsindən əmin olmaq üçün dedi:

- Oyununu oyna, sən Allah! Adam öldürüb kitabxanada gizlənmək vaxtı deyil hələ. Dünənki marsın cavabını verməliyəm e!

Yazıçı daha heç nə soruşmadı. Bircə cümləsini yazdığı hekayəsi də gözündən düşdü. Fikrini oyuna yönəltdi, uduzmamalıydı.

# 3263 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #