Gənc yazar Azərbaycan yazıçılarına meydan oxudu: 90 faizdən çoxu o “level”dən aşağıdır

Gənc yazar Azərbaycan yazıçılarına meydan oxudu: 90 faizdən çoxu o “level”dən aşağıdır
4 oktyabr 2021
# 16:30

Kulis.az yazar-tərçüməçi Təvəkgül Boysunarın gənc yazar Nadir Yalçının tənqidlərinə cavab olaraq yazdığı “Nadir Yalçının timsalında yazıçılarımızın ümumi problemi” məqaləsini təqdim edir.

Bu yazı gənc yazarların ən çılğını Nadir Yalçının hekayəm haqqındakı tənqidinə cavab olaraq yazılıb, amma aşağıdakı abzaslarda qeyd edəcəyim problemlər təkcə Nadir Yalçına yox, hal-hazırda ədəbi mühitdə külüng vuran bir sıra başqa nasirlərə də, hətta özünü təsdiqlədibmiş kimi görünən nasirlərə də aid olduğu üçün bəzi məqamları diqqətlə oxumaqda fayda var.

Onu da deyim ki, qeyd edəcəyim problemlərin kiməsə nəsə yararı olacağına çox da inanmıram, əgər yararı olacaqsa, onda elə “kruq ədəbiyyatı” barəsindəki yazımdan da bir fayda hasil olardı. Məsələn, Nadir bəy kimi gənc yazarımız, hekayəm haqqında, yəni indiyə qədər bəh-bəhlə təriflədiyi “murtuzvari” hekayələrdən daha yaxşı olan bir hekayə haqqında, ənənəvi və maraqsız üslubda belə bir tənqid yazmazdı.

Nadir bəy də daxil olmaqla bizdə bir sıra nasirlər səhvən belə düşünürlər ki, guya ədəbiyyat oxucuya mütləq ictimai-siyasi-sosial və ya digər növ mesajlar ötürməlidir, guya bədii mətnlər, hekayələr, romanlar, şeirlər tərbiyə vasitəsi olmalıdır. Lakin xoşbəxtlikdən buna da inananlar az deyil ki, bu cür banal bir şey heç vaxt ədəbiyyatın məqsədi və ya ortaya çıxma səbəbi ola bilməz, olsa-olsa nəticəsi ola bilər.

Nadir bəy, əzizim, əgər oxucu, mətni oxuyandan sonra “Yazıçı nə demək istəyir?”, “Hə, nolsun?” şəklində sual verirsə və bu qənaətə gəlirsə ki, müəllif heç bir mesaj-zad ötürmür, bu, hələ mətnin pis olmağı anlamına gəlmir.

Əgər fikrimlə razı deyilsənsə, mətnin mütləq açıq-aşkar mesaj ötürməli olduğunu iddia edirsənsə, o zaman səndən və sənin kimi düşünən bütün hər kəsdən soruşuram: Məsələn, Volt Vitmenin “Kapitan” şeirində müəllif kimə və nə mesaj ötürür, yaxud Puşkinin iki bəndlik “Mən sizi sevirdim” şeirinin oxucuya verdiyi mesaj nədir? Hə? Sadəcə o qıvrımsaç şairin guya kimisə sevmiş olması? Budur mesaj? Oxucuya çoxmu maraqlıdır ona bu cür həyati bir mesajın verilməsi? Anna Axmatovanın “Sonuncu tost”undan hansı mesajları çıxara bilmisiniz?

İndi aranızda kimlərsə coşub-daşaraq “əşşi, onlar şeirdi, şeirlə nəsri niyə qarışdırırsan?” şəklində bir şey deyəcəksə, o zaman növbəti suallara nəzər salın.

Zəhmət olmasa, mənə izah edə bilərsinizmi, Ernest Heminqueyin “Ağ fillərə bənzəyən təpələr”, “İsveçrəyə ehtiram” hekayələrində sizin axtardığınız o əhəmiyyətli mesajlardan hansı var? Yaxud elə həmin müəllifin “Qısa hekayə”si, “Birgünlük intizar”ı oxucuya sizi qane edən hansı mesajları verir?

Folknerin, Steynbekin Tomas Vulfun “biz nəsr yazmağı ondan öyrənmişik” dediyi Şervud Anderson niyə “Əcinnələr kitabı”, “Kağız yumruları” və ya “Tendi” hekayəsində sizin o köhnəlmiş yanaşmanızdan qaynaqlanan “yazıçı nə demək istəyir?” sualını cavabsız qoyur? Bəlkə, Stefan Kreynin “Tünd qəhvəyi it” hekayəsində hansısa mesaj var?

Sovet nəsrinin təsirindən çıxmaqda çətinlik çəksə də, yuxarıdakı müəlliflərlə bağlı “əşşi onlar köhnə nəsrin nümayəndələridir” deyəcək şəxslər varsa aranızda, o zaman icazə verin bunu da soruşum:

Zəhmət olmasa, mənə izah edə bilərsinizmi Lidia Deyvisin “Əhvalat”, “Ev tikmək planları”, “Siçan” adlı hekayələrində “yazıçı nə demək istəyir”? Varmı orda siz axtardığınız o zəruri mesajlardan? Yaxud Sinə Ərgünün “Sizin kimilər”ində, “Danışan adam”ında, Edqar Keretin “Rejissor montajı”, “Bir qram az” hekayələrində və ya elə bu yaxınlarda sim-sim.az saytının dərc etdiyi Samanta Şveblinin “Sürət itkisi” hekayəsində sizi qane edən hansı şüarlar səsləndirilməkdədir?

Nadir Yalçının 21 yaşı var və mən bu suallara cavab vermək işini onun yox, mətnə Nadir kimi yanaşan yetkin yazıçılar varsa, onların çiyninə qoymaq istərdim və istərdim ki, bu suallardan sonra Nadir bəy özü də üzünü onlara tərəf tutub, “hadi, anlat şimdi, hadi” deyərək cavabı onlardan gözləsin.

Məncə, bu sualın doğru cavabını anlamaq üçün onu bilmək lazımdır ki, bəzi nəsr nümunələrini oxuyub bitirdikdən sonra, oxucunun özünə verməli olduğu ən əsas sual müəllifin nə demək istədiyindən daha çox, mətnin özünəməxsus ab-havasının olub-olmaması, oxucuya hansısa duyğunu ötürüb ötürməməsidir. Yəni elə hekayələr var ki, onların dəyəri sosial-siyasi-iqtisadi-mənəvi-mədəni mesaj göndərməyindən daha çox, içindəki ab-havasında, oxucuya hiss etdirdiyi duyğulardadı.

Hekayəmin bu cəhətdən də uğursuz olduğunu kimlərsə iddia edə bilər, amma, məsələn: “Ey Füzuli, qəddimiz qıldı fələk xəm, yəni/ Vəqtdir çıxmağa dünya qapısından, əyilin!” beytini duymaq və buna heyrətlənmək, “Xanım Dallovey”dəki “for a girl of eighteen as she then was” cümləsini oxuyanda müəllifin bunu hansı enerji ilə yazdığını hiss etmək, Gözəl Remediosun ağ mələfələrlə bir yerdə göyə qalxmağını, Fironun arxasınca deyilən “Nə göylər ağladı onlar üçün, nə də yerlər” cümləsini duymaq hər qəlb sahibinin işi olmadığı kimi, hər oxucunun, hər yazarın işi olmadığı kimi, hansısa məşhur olmayan mətnə, doğru diaqnoz qoymaq, ondakı ab-havanı və enerjini duymaq da hər kəsin işi deyil. Təbii ki, hekayəmin şedevr olduğunu iddia etmirəm, amma həmin hekayədə kiçik həcmin yaratdığı imkan daxilində oxucunun zövq alacağı kifayət qədər fərqli bir ab-hava və enerji var. Adi oxucuların bunu duymamağı təəccübləndirici deyil, hətta duysalar, təəccübləndirici olar. Zövqünə inandığım şəxslərə isə ona görə minnətdaram ki, hekayə haqqındakı qənaətlərimin yanlış olmadığına məhz onların rəylərindən sonra daha da əmin oldum.

Həqiqət naminə onu da deməyə məcburam ki, bu gün ədəbi mühitdə yazıb-yaradan çox az adam mənim hekayəm də daxil olmaqla yuxarıda adı çəkilən hekayələri, o hekayələrdəki enerjini, atmosferi duymaq istedadına malikdir. Yəni nəinki Nadir Yalçın, hətta ədəbi mühitimizin məşhurdan tutmuş qeyri-məşhura qədər 90 faizindən çoxu o “level”dən bir qədər aşağıdadır. Məhz elə bu səbəbdən də onlar öz “level”lərində yazılan zəif hekayələri oxuyub ciddi-ciddi zövq alırlar və bəh-bəhlə tərifləyirlər.

Yəni, əziz Nadir, hekayəmin nə üçün yaxşı hekayə olduğunu duya bilməmisənsə, ruhdan düşməyə qətiyyən gərək yoxdur.

Sən tək deyilsən!

Qısası, hörmətli həmkarlar, siz, məsələn, Mirzə Cəlilin “Sarı” adlı hekayəsində yazıçının nə demək istədiyini axtarmağa çalışsanız, heç vaxt orda təsvir olunan suyun şırıltısını eşidə bilməyəcəksiniz.

Nadirin tənqidi yazısında dəhşətli bir cümlə də diqqətimi çəkdi. Çalışın, mütləq yanınızda dəftər-qələm olsun ki, qeyd götürə biləsiniz. Cümlə belə idi:

“Hekayənin əlifbasında bir qanun var: köməkçi nitq hissələrinin sayının minimuma endirilməsi...”

Bu cümləni oxuyan kimi öz-özümə belə dedim:

“Vay, dədə, vay! Bu günəcən bundan niyə xəbərim olmayıb mənim? A kişi, bu boyda kəşfdən indiyəcən necə xəbər tutmamışıq biz? Yəni bu qədərmi qəflət yuxusunda yatmış imişik. Niyə bir dəfə Cəlil Məmmədquluzadə, Çexov və ya başqaları bu haqda bir şey yazmayıblar. Niyə paxıllıq edib bu sirri gizlədiblər. Bəlkə, yazıblar, mən bilmirmişəm?”

Bəli, bu önəmli qanunu oxuyan kimi ürəyimdə Nadirə təşəkkür etdim, amma birdən başa düşdüm ki, mütləq bu cümləni yadda saxlamalıyam. Tez həmin cümləni telefonda skrinşot elədim. Ancaq bir skrinşotla kifayətlənmədim, dalbadal on səkkiz dənə skrinşot aldım ki, əgər biri silinsə, heç olmasa o birinə nəsə olmasın. Bu da bəs eləmədi. Skrinşotları bir-bir, dalbadal öz e-mail adreslərimə və yaxın tanışların elektron poçtlarına göndərdim ki, telefonumun başına daş düşüb xarab olsa, başqa yerlərdə mütləq qalsın. Hətta bu kəşf mənə o qədər təsir etdi ki, axşam evə qayıdanda, avtobusda qəfildən mənə nə oldusa, üzümü yanımdakı balacaboy kişiyə döndərib belə dedim:

- Hekayənin əlifbasında bir qanun var: köməkçi nitq hissələrinin sayının minimuma endirilməsi. Siz bilirdiz bunu?

Avtobusdan sonra bir manatlıq taksiyə minəndə isə yanımdakı qıza müraciət elədim:

- E-mail adresinizi mənə verin, sizə çox dəyərli bir şey göndərəcəm. Peşiman olmazsınız. Təzə kəşfdir.

Gördüm qız inanmır, e-mail adresini vermir, onda da belə dedim:

- Özüz bilərsiz. Amma səhv edirsiz. Sabah-birigün hekayə yazmaq istəyəndə neyləyəssiz, hə? Bu qanunu bilməsəz, halınız necə olacaq? Birdən Elşən kimi, kəmər belinizdə dayanmasa, necə? Xoşunuz gələcək?

Bu sözdən sonra qız, başıma möhkəm bir qapaz ilişdirdi və mən ancaq ondan sonra özümə gələ bildim.

Nadir bəyin bir müddət əvvəl çap edilən və sədaqətli dostları tərəfindən bəh-bəhlə təriflənən “Yad” hekayəsini oxuduğum zaman onun sovet ədəbiyyatının təsirindən çıxa bilmədiyini, hekayənin az qala hər cümləsində sovet nəsrinin o şablon dilini, üslubunu, o köhnəlmiş və əprimiş ab-havasını görmüşdüm. İndi isə bu tənqidi yazısında ədəbiyyat nəzəriyyəsinin ehkamçı, quru və maraqsız qanunlarına onun necə ürəkdən inandığını görəndə mənə elə gəldi ki, Nadir nəinki hekayədə, hətta ədəbi tənqiddə də sovet dövrünün havasından qurtula bilməyib.

Nadir bəyin hekayəmin dili ilə bağlı bildirdiyi tənqid haqqında isə xüsusi qeydlər etməyə ərinirəm. Dili duyan şəxslər, nəyin nə olduğunu onsuz da bilirlər. Məsələn, hekayəmin ilk cümləsinin nəinki qüsurlu olmadığını, hətta uğurlu olduğunu da bilirlər.

Sonda bu abzası da yazım:

Nadirlə aramız yaxşıydı, amma “kruq ədəbiyyatı” yazısından sonra məndən incidi. Onunla cəmi bir dəfə - Orxan Saffarinin kitab təqdimatında rastlaşmışıq və təkcə bu rastlaşmamız kifayət edib ki, onun heç kəsə paxıllıq etməyən, ürəyitəmiz biri olduğunu hiss edim. Yəni ən azından həmin görüş məndə belə bir təəssürat yaradıb. İnanıram ki, yanılmamışam. Amma bəzi məsələlərə reaksiya tərzindən hiss edirəm ki, olduqca çılğındır. Hətta o qədər çılğındır ki, çox istərdim, onun təxəllüsü məhz “Çılğın” olsun. Yəni Nadir Yalçın yox, Nadir Çılğın.

Bilirəm, deyəcəksiniz ki, axı bu təxəllüs, xanım yazarımız Sevinc Çılğının təxəllüsüdür. Nə olsun? Lazım gəlsə, Nadir bəy, bunun üçün hörmətli yazarımız Sevinc Çılğından xahiş edə bilər ki, təxəllüslərimizi dəyişək. Yəni Sevinc xanım olsun, Sevinc Yalçın, Nadir qardaşımız da olsun, Nadir Çılğın. Əgər Nadir bunu xahiş etməyə utanırsa, o zaman biz bir neçə yazar bir yerə yığışaraq Sevinc xanımla bu barədə söhbət edə, ondan xahiş edə bilərik.

Təki məsələ öz həllini tapsın.

Hər kəs öz həqiqi təxəllüsünə qovuşsun.

...21 yaşlı Nadir bəy üçün bu dəqiqə ən vacib şey şöhrətdən qaçmaq, bir kənara çəkilib gözdən itmək və öz istedadı üzərində işləməkdir. Bu söz müəyyən qədər özümə və bir çox başqa yazarlara da aiddir.

Eşq olsun bütün həmkarlara və bu yazını oxuyan sevimli oxuculara!

# 2824 dəfə oxunub

Oxşar xəbərlər

# # #