Kulis.az gənc yazar Nadir Yalçının “Əhvalata bənzər çiy təhkiyə” yazısını təqdim edir.
Ötən gün “Kulis”də Təvəkkül Boysunarın “Payızda gedən qonaq” adlı yazısını oxudum. Düzü, birinci cümləni yazanda çox götür-qoy elədim. Yayımlanan nümunəyə nə ad qoymaq olar – esse, memuar, ya əhvalat? Çox tərəddüd etdikdən sonra yazı deyib mətləbə keçmək istədim. Hekayə adı ilə təqdim olunan bu yazı nümunəsinin hekayə olmadığı dəqiqdir. Hörmətli oxucu qaşlarını düyünləyib fikirləşəcək –
Niyə hekayə deyil?
Hekayə janrında, nəsrin digər irihəcimli nümunələrindən fərqli olaraq, oxucuya ötürülməli olan mətləb daha kiçik miqyasda, şaxəsiz və bir o qədər də qısa məzmunda dərin məna qatlarına malik olmalıdır.
Yəni, müəllif öz atını çox dar çərçivədə dördnala çapmalıdır. Astagəllik hekayənin sehrini itirə bilər.
Əgər romanda bütün mətləblər asta-asta, yavaş-yavaş çox geniş miqyasda oxucuya təqdim olunursa, hekayə bir oxun ucunda bütün alovların birləşməyini istəyir ki, hədəfə vurulanda böyük od qopara bilsin.
Professor Cavanşir Yusifli “Yazı və metod” adlı essesində Sərdar Aminin “Nilufər” hekayəsindən bəhs edərkən yazır:
“Sərdar hər şeyi bir qələmin, bir nizənin… ucuna yığır, onları müxtəlif kombinasiyalarda quraşdırır, qarışdırır, zahirən heç nə demir, ən çirkin şeylərlə ən gözəl anıları yan-yanaşı düzür, insanın ölümünü yorğunluq, yuxu kimi təsvir edir ki, oxucu çaş-baş qalsın və hekayə hansı məqamdasa, yəni realdan real, gerçəkdən gerçək əhvalatların bitdiyi yerdə sirrə bələnsin”.
Cavanşir müəllimin qeyd etdiyi həmin sirr məsələsi ətrafında düşünmək gərəkdir. Fərqi yoxdur, mətn realizmin də üzərində qurula bilər, utopik də ola bilər, sirr deyiləndə bunu nəzərdə tutmuram.
Məsələ nəyi necə yazmaqdır, ifadə tərzidir.
Digər əsas məsələ mövzu və ideya söhbətləridir. Hekayəni oxuyandan sonra peşəkarlıqla yanaşmaq istəyiriksə, emosionallığı kənara qoyaraq soyuqqanlılıqla belə bir sual ortaya qoymaq lazımdır:
Hekayə mənə hansı mesajı verdi?
Mən bu təhkiyədən hansı yekun nəticəyə gəldim?
Hadisələr arasında əlaqə necə qurulub?
Əgər mütaliəsi normal olan bir oxucu, ələlxüsus bir ədəbiyyat adamı mətni oxuyandan sonra yekun nəticə çıxara bilmirsə, hadisələrin yekunlaşmayıb parça-parça, kadr-kadr havada qaldığını hiss edirsə, deməli bu mətn əhvalatdan başqa bir şey deyil.
İdeya mövzudan doğur, mövzunu isə məzmun formalaşdırır. Artıq müəllifin peşəkarlığı o məzmunun necəliyindən asılıdır. Məzmunu püxtələşdirən vacib amillərdən biri isə mətndə ədəbi tendensiya müxtəlifliyidir. Yəni müəllif öz təhkiyəsində hansısa qayənin, amalın tərəfində olur. Ədəbi tendensiya müxtəlifliyi yaratmaq üçün isə əsərdə qütbləşmə mütləqdir.
İdeya yazıçının gəldiyi qənaətdir. Əgər hekayədə bu qənaət yoxdursa, deməli, ideyaya xidmət edən mövzuda, mövzunu formalaşdıran məzmunda problemlər var. Məzmundakı hadisələr bir-birini tamamlamayanda, zəncirvari bağlarda boşluq olanda, ümumiyyətlə, süjet ana xətlə uzlaşmayanda və təhkiyə olunan hadisədə cərəyan olunanlar bir-biri ilə düyünlənməyəndə hekayədən danışmaq absurddur.
Təvəkkül Boysunarın hekayə kimi təqdim olunan yazısında sadaladığım problemlər özünü bütün çılpaqlığı ilə göstərir.
Mətnin qısa məzmunu belədir:
Universitetdə tərcüməçi işləyən bir nəfər dördüncü mərtəbədə yerləşən iş otağına qalxır və otağın qapısını açanda bir it görür. Əvvəl qorxur, komendantı, bağbanı axtarır, tapmır. Yuxarı qalxır, it əvvəl hürür, sonra səs kəsilir. Tərcüməçi masa arxasına keçib kompüterlə məşğul olur. Yenidən komendantı axtarır, tapmır. Nə etsə də iti çölə çıxara bilmir. Öz yeməyindən itə verir. Qapını açıq qoyub harasa gedir, qayıdanda görür, it həyətdədir. İşin sonunda qapını kilidləyib evə gedir. Səhəri gün qayıdanda görür, it yenə otaqdadır. Əlqərəz, bu hadisə günlərlə təkrar olunur, bunlar dostlaşırlar. O, komendanta heç nə demir. Günün birində işə gələndə görür ki, it ölüb, oturub ağlayır...
Birincisi, mətndə xarakter və tipiklik problemi var. Müəllif öz obrazlarına xarakter yükləyərək onları hadisələrin içində oxucuya təqdim etməlidir. Fərdiləşmə olmayan yerdə bədii obrazdan söhbət gedə bilməz.
Əsasən dörd cür təsnif olunan obrazın iki növü – insan və heyvan obrazı mətndə yer alıb. Lakin heç birinin xüsusiyyətləri (söhbət davranışlarından, hərəkətlərindən getmir) mətndə açılmır. Sanki müəllif hadisəni cəld nəql edərək, bitirməyə can atıb. Bu isə mətnin obrazlılığını itirir. Bayaq haqqında danışdığım ədəbi tendensiya müxtəlifliyi də belə hallarda yoxa çıxır.
İkincisi, nə qədər də desək, ədəbiyyat həyatın bədii inikasıdır, düzü, bəzi cərəyanlar yaranandan sonra bu tərif öz əhəmiyyətini bir az itirib. Duyğular, hisslər, reaksiyalar, hərəkətlər həyati olsa da, əsərin ideyası, verdiyi mesaj real həyatla uzlaşsa da, mətndə baş verən hadisələr real zəmində ola da bilər, olmaya da bilər. Şifahi xalq ədəbiyyatında buna onlarla misal göstərmək olar.
Yazılı ədəbiyyatda isə magik realizm buna nümunədir.
Yəni magik obrazların real həyat hadisələrinə uyğunlaşması...
Sözügedən mətndə isə magiklik, əfsanəvilik ab-havasından söhbət gedə bilməz. Ümumi struktur bunun üzərində qurulmayıb.
Nə üslub, nə mətnin quruluşu, nə aurası buna imkan verir.
Belə olan təqdirdə, reallığa uyğun olmayan hansısa nüans mətnə olan inamı itirir və qeyri-peşəkar görünür.
Otaq dördüncü mərtəbədədirsə, hər gün tərcüməçi qapını bağlayıb gedirsə, bəs necə olur, hər dəfə otağına girəndə iti içəridə görür?
Tutaq ki, bunu ya bağban, ya komendant, ya başqa adam edir. Axı mətndə heç bir situasiya buna işarə eləmir. Yazıda konflikt yoxdur. Hadisə var, amma heç bir nüans əlaqələnməyib. Məzmun mövzuya, mövzu ideyaya xidmət etmir.
Böyük problemlərdən biri də sentimental finaldır. Nədənsə, bəzi müəlliflər düşünür ki, hekayəni nə qədər ağlamalı bitirsə, bir o qədər də oxucuya çox təsir edəcək. Amma belə deyil. Finala qədər təsvir olunanlar artıq mətni gözümdən salsa da, finala böyük ümidim var idi. Novellavari bitəcəyini gözləyirdim. Təəssüf, müəllif finalda da çulunu sudan çıxara bilməyib.
Uzun sözün qısası, bir nəfər məchul vəziyyətdə itlə tanış olur, dostlaşırlar, sonda it ölür. Sonra? Nə oldu? Bu məzmun mənə nə deyir? Mətndən hansı ideya doğur? Söhbət insan və heyvan dostluğundan, heyvan sevərlikdən gedirsə, müəllif bu qənaətə xidmət edən hekayə yazmayıb, daha doğrusu cəhdi uğursuz alınıb.
Birmənalı olaraq fikirləşirəm ki, hansısa müəllifin mətnini təhlil edəndə onun üslubu və istiqamətindən xəbərdar olmaq üçün mütləq digər yazı nümunəsi ilə tanış olmaq lazımdır. Ədəbiyyatşünaslığın əsas sahələrindən biri olan ədəbi tənqid bunu bizdən tələb edir.
Təvəkkül Boysunarın bir müddət əvvəl “525-ci qəzet”dən oxuduğum hekayəsində də eyni problemlər var idi. Hətta, mən zənn elədim ki, texniki səhv olub, hekayə yarımçıq dərc olunub və ya ardı növbəti sayda olacaq.
Amma hekayə orada bitmişdi.
Təvəkkül Boysunarın mətnlərindəki problemə belə ad qoymaq olar: “Yarımçıqlıq sindromu” və ya “Bütövləşməyən mətn”.
Hekayədəki vergüllər elə əlaqələnməlidir ki, sonda nöqtə qoyula bilsin. Bu kombinasiya yaranmayanda mətn çönüb olur əhvalat.
Amma hərdən elə əhvalatvari mətnlə tanış oluruq ki, deyirsən, hekayə deyil, amma zalım, əhvalatı da gözəl təhkiyə edib, yaxşı danışıb. Heç yazıda yox, canlı söhbət zamanı da yaxşı əhvalat danışanlarla rastlaşırsan. Məsələ odur ki, müəllif heç əhvalatı da yaxşı nəql edə bilməyib.
Yazının əvvəlində dediyim kimi, əsas nəyin necə yazılmasıdır. Müəllifin hekayəsində bu “nə” özünü doğrultmur. Haradasa bunu yazıçı müşahidəsinin zəifliyi və ya təcrübə azlığı kimi qələmə vermək olar. Amma ifadədə olan problem olduqca ciddi məsələdir.
Müəllifin bu hekayəsindəki cümlələrdə elə böyük ciddi sintaksis və üslubi təhriflər var ki, bunun üstündən ötəri keçmək qeyri-mümkündür.
Birincisi, bədii təsvir və ifadə vasitələrinin sönüklüyü mətndə xarakter çatışmazlığı qədər, bəlkə, lap çox bədii gücü, obrazlılığı azaldır, bədii üslubun tələblərinə cavab vermədiyi üçün mətni hekayədən məişət səviyyəsinə endirir.
Hekayənin əlifbasında bir qanun var: köməkçi nitq hissələrinin sayının minimuma endirilməsi...
Köməkçi nitq hissələri leksik sözlərdən fərqli olaraq, əlaqələndirici funksiya daşıyır. Yazıçının fərqi odur ki, bu əlaqələndirici funksiyanı bədii təsvir və ifadə vasitələri ilə, özünəməxsus keçidlərlə əvəzləyə bilsin. Əlaqələndirici qüvvə yazıçı özüdür. Bax onda üslub, yazı tərzi müsbət yöndə formalaşır.
Təvəkkül Boysunarın bu hekayədə elə cümlələri var idi iki yerdə “və” bağlayıcısından istifadə etmişdi:
“Otaqdan çıxıb qapını kilidlədim və komendantın otağına yollandım ki, onu vəziyyətdən xəbərdar edim və itdən tez bir zamanda yaxam qurtarsın”.
Ümumiyyətlə, mətn boyu “və”lər oxucunun beynini ağacdələn kimi deşir.
Elə ilk cümləsində üç yerdə “idi” hissəciyi işlədib, iki yerdə isə onu şəkilçi kimi sözə birləşdirib:
“İş otağımız universitetin dördüncü mərtəbəsindəydi, yəni yerdən bir xeyli yuxarıda idi və aylardan da avqust ayı idi, yəni hər kəs məzuniyyətdəydi və o otağa məndən başqa girib-çıxan olmurdu.....”
Artıq ifadələr, yerində olmayan sözlər kifayət qədər çoxdur, sadalasam, onsuz da uzanan yazı bir az da uzanar. Belə hallar yazını ağırlaşdırır, oxunu çətinləşdirir, axıcılığı itirir, məzmun və forma prinsiplərinə xələl gətirir, ən əsası, müəllifin naşılığından xəbər verir.
Bu da mətnin sehrini qaçıran amillərdən biridir.
Uzun sözün qısası, müəllifə uğurlar arzu edirəm, amma bu minvalla davam eləsə, təəssüf ki, ədəbi gedişata uduzacaq.