Elçindən yeni hekayə: Şanapipik

Elçindən yeni hekayə: Şanapipik
29 yanvar 2021
# 16:53

Kulis.az Elçinin yeni yazdığı “Şanapipik” hekayəsini təqdim edir.

Şeyx Hüsaməddin Ağa Lütfikar haqqında hekayə

1.

…sonra bu tərəflərdə tez-tez yağan o yay yağışı birdən-birə kəsdi, buludlar dağıldı, göyün üzü açıldı və günəşin şüaları, elə bil, yenə Behişt dağının ətəyindəki qayalıqdan şırhaşır Mərcanlı çayına tökülən Şəlalənin, elə çayın özünün də sularında bir işıq yandırdı.

Belə vaxtlarda baxanda, adama elə gəlirdi ki, Şəlaləni, çayın axıb gedən sularını işıldadan o işıq Şeyx Hüsaməddin Ağanın içində də bir çıraq yandırır və Şeyxin bütün vücudu bu işığın təmizliyini, paklığını özünə çəkir; adama elə
gəlirdi ki, o təmizlik, paklıq Şeyxin Allahla söhbətlərinə, fikirlərnə, düşüncələrinə də yayılır və bu söhbətlər də, fikirlər, düşüncələr də o təmizliyin, paklığın içindən buğda cücərtisi kimi cücərib, Allaha tərəf boylanır.

Elə ki, Şeyx Hüsaməddin Ağanın içi dolurdu və Allahla söhbətə bir zərurət yaranırdı, o, çox zaman bura – Şəlalə ilə Mərcanlı çayın qovuşağına gəlirdi və Şeyx Allaha nə deyirdi, nə demirdi, bunu ancaq özü, bir də Allahı bilirdi.

Sahildə – Şəlalə ilə üzbəüzdə – «Qovuşaq bağı» deyilən böyük və gözəl bir ağaclıq var idi və Mərcanlı çay bu ağacların kökünü, kol-kosu, gül-çiçəyi elə suvarırdı ki, o ağaclar, o kol-kos da, gül-çiçək də qış yuxusundan oyanıb, doyunca o qədər su içirdi ki, təkcə yazda yox, yayın cırhacırında belə, Qovuşaq bağını sağlam, təmiz bir yaşıllıq bürüyürdü və Şeyx Hüsaməddin Ağa Allahla söhbətini bitirəndən sonra, asta və yumşaq addımlarla o yaşıllığa keçib, eləcə də asta və yumşaq addımlarla gül-çiçək arasında dolaşırdı.

Şeyx elə yüngül, elə səssiz yeriyirdi ki, elə bil, ayağı heç yerə dəymirdi, elə bil, ahəstə uça-uça addımlayırdı.

Lalələr adətən çöllərdə bitər, ancaq o Qovuşaq bağının qarşısı da qıpqırmızı laləli bir çəmənlik idi və lalələrin ömrü az olur, ancaq bu laləlik solub-saralmaq bilmirdi, az qala payızacan təzə-tər ləçəkləri eləcə qıpqırmızı qızarırdı.

Bu tərəfin adamları – cavanlardan tutmuş qocalara kimi, heç kəs bilmirdi ki, Şeyx Hüsaməddin Ağanın neçə yaşı var, çünki bu adamların hamısı gözünü açıb, onu elə bu cür görmüşdü, elə bil, Şeyx də o Behişt dağı kimi həmişə olub, həmişə də olacaq, əbədidir.

Ağ-gümüşü saçları səliqə ilə çiyninə tökülmüş, qısa saqqalı ağappaq ağarmış, uzun-uzun illər boyu işığını itirməmiş iri və dibdən baxan göy gözləri həmişə hamının üzünə gülümsəyn, hündür boylu, ancaq çox zərif qamətli, saqqalı kimi ağappaq libası da həmişə səliqə-səhmanlı – Şeyx hamının ehtiram və məhəbbət bəslədiyi belə bir ixtiyar idi, hətta bu tərəflərdə söhbət də gəzirdi ki, onun bu ağappaq libası ləkə götürmür, harasına ləkə düşsə, elə o anda da əriyib, yox olur.

Şeyx Hüsaməddin Ağa tək yaşayırdı və onun keçmişi barədə cürbəcür fərziyələr dolaşırdı və bu fərziyələrin ən sevimlisi də o idi ki, hələ lap uşaq vaxtlarında , Şeyxi mələklər bu yerlərə gətirib, ancaq heç kim cürət edib bu barədə ondan nəsə bir söz soruşmurdu. Şeyx sonsuz idi və onunla insanlar arasında elə bir münasibət vapdı ki, elə bil, o, bu insanların hamısının hüzur sahibi olan ulu babasıdır.

Şeyx danışmağı xoşlamırdı, xeyirə-şərə təşrif buyuranda da hamı ehtiram əlaməti olaraq susurdu və hamı da onun iri və dərindən baxan göy gözlərinin mehriban nəzərlərini öz üzərində görmək istəyirdi. Onun salamının özü də bir lütf kimi qəbul edilirdi və elə buna görə də insanlar Şeyx Hüsaməddin Ağaya “Lütfikar” deyirdi.

Yalnız toy-nişan olanda, Şeyx Hüsaməddin Ağa Lütfikar fikirlərindən ayrılıb, sükutunu pozaraq, cavanların xeyir-duasını verirdi və Qızılgül nişanlananda da xeyir-duasını o, verdi.

2.

Qızılgül bu tərəflərin ən gözəl qızı hesab olunurdu və cavan oğlanlar belə düşünürdülər, hətta öz aralarında and-aman edirdilər ki, Qızılgülün ancaq adı Qızılgül deyil, onun nəfəsindən də, üst-başından da qızılgülün ətri gəlir.

Qızılgül anasının tək övladı idi və qızını da tək böyütmüşdü, iş də burasındaydı ki, Qızılgül hələ uşaq ikən atası ova gedib, itmişdi, yox olmuşdu, onun nə dirisi tapıldı, nə də ölüsü, ancaq nə səbəbə, niyə yox olmuşdu, necə yox olmuşdu – bu bir sirri-Xuda idi və sirri-Xuda olaraq da qaldı, çünki Qızılgülün atası bütün bu tərəflərin ən mahir ovçusu, ən ayıq-sayıq adamı hesab olunurdu.

Elə ki, Qızılgül böyüyüb gözəl bir qız oldu, elçi elçi dalınca gəldi və nəhayət, Qızılgül Muradı seçdi, ona razılıq verdi, Şeyx Hüsaməddin Ağanın xeyir-duasını alıb, Muradla nişanlandı.

Və günəşin daşı-torpağı qızmar qızdırdığı o yay günü Qızılgül rəfiqələri ilə birlikdə sərinləmək üçün Şəlaləyə getdi və həmin gün o qədər isti idi ki, şırhaşır Mərcanlı çaya tökülən Şəlalə o qədər gözəl bir sərinlikdən xəbər verirdi ki, qızlar hər tərəfıin kimsəsizliyini görüb, soyunaraq gülüb qışqıra-qışqıra, hay-küylə özlərini suya atdılar.

Qızılgül suda balıq kimi üzürdü və onun ağappaq bədəni də balıq kimi hamar idi. Qızlar hər dəfə onun dik döşlərinə, nazik belinə, dolu baldırlarına, üzə-üzə qol atdıqca qoltuğunun zərif tüklərinə, suyun üzərinə yayılmış uzun xurmayı saçlarına baxanda, ürəklərinə girmək istəyən bir həsəd həmləsi hiss edirdilər və qızlar bu həsəd həmləsini yaxına buraxmırdı, çünki Qızılgülün rəfiqəcanlığı, səmimiliyi, şuxluğu onun bədəninin gözəlliyindən də artıq idi, ona həsəd aparmaq, paxıllıq etmək mümkün deyildi.

Qızlar o isti yay günündəki sərinlik sevinci ilə suyu şappıldada-şappıldada, bir-birinə su ata-ata, çığır-bağır sala-sala çimirdi, üzürdü və onların səsi də Mərcanlıya tökülən Şəlalənin şappıltısına qarışıb, Behişt dağının bütün ətrafına yayılırdı.

Və elə bu vaxt o günorta çağı Allahla söhbətə gələn Şeyx Hüsaməddin Ağanın ağ-gümüşü saçları, ağappaq libası göründü və qızlar:

- Vay!..- qışqırıb, tələsik sahilə üzdülər və tələsik də paltarlarını götürərək, Qovuşaq bağına qaçıb, gizləndilər.

Qızılgül uzağa üzdüyü üçün, ancaq sahilə çıxa bildi, paltarını götürüb, Qovuşaq bağına qaçmağa macal tapmadı.

Şeyx Hüsaməddin Ağa isə yaxınlaşırdı.

Təkcə elə o fikir ki, Şeyx Hüsaməddin Ağa Lütfikar onu bu cür çılpaq görə bilər, Qızılgülün sifətini Qovuşaq bağının qarşısında qızaran lalələr kimi, qıpqırmızı qızartdı və Qızılgül üzünü tərtəmiz göyə tutub, tələm-tələsik:

- Ya Allah!- dedi.- Elə et ki, Lütfikar məni bu cür görməsin!..

Bir anın içində də Qızılgülün fikrinə gəldi ki, birdən Allah onu eşidib, Lütfikarın gözlərini kor edər və yenə üzünü göyə tutub:

- Ya Allah! – dedi.- Nə edirsən, mənə et, Lütfikara yox!

Elə o anda da Qızılgül quşa çevrildi və sonralar insanlar bu quşa Şanapipik dedilər.

3.

Qızılgülün birdən-birə yox olmasına hamı mat qalmışdı və camaat həyəcanla Şeyx Hüsaməddin Ağaya üz tutanda ki, «Lütfikar, bəlkə sən deyə bilərsən, Qızılgülə nə oldu? Nə oldu ki, birdən-birə qeybə çəkildi?» – Şeyx dərindən nəfəs alaraq, bir söz deyə bilmədi və uzun-uzun illər boyu iti işığını itirməmiş iri və dərindən baxan gözləri ilə bu insanları nəzərdən keçirərək, əlacsız-əlacsız yenə içini çəkdi. Qızılgülün atası yoxa çıxanda da Şeyx onları beləcə nəzərdən keçirərək, əlacsız-əlacsız içini çəkmişdi və Lütfikarı bu cür əlacsız görmək insanları pərişan edirdi. Onlar onsuz da həmişə qayğılı düşüncələr içində olan Lütfikarın hüzuruna gəlib, onun qayğılarını daha da artırdıqları üçün özlərini günahkar bilirdi və bu dəfə də eləcə bir pərişanlıqla geri qayıtdılar.

Murad Mərcanlı çayın dərin axan sularını da, hər iki sahilini də, Qovuşaq bağı da, hətta Behişt dağının sıldırımlı ətəklərini, yaşıl yamaclarını da qarış-qarış axtardı, ancaq heç bir faydası olmadı.

Əli yerdən-göydən üzülmüş ana isə – Qızılgülün anası özünə yer tapa bilmirdi, axırda dəli-divanə olub, çöllərə düşdü və Şeyx Hüsaməddin Ağa hərdən bu dəli-divanə qadına rast gələndə, adamın ürəyinəcən sirayət edən baxışlarıya ona baxırdı. Qadın da dəli gözləriylə diqqətlə Lütfikarın iri göz gözlərinin içinə baxırdı, sonra da bilmirdin, gülür, ya ağlayır – dəli bir çığırtıyla qaçıb gedirdi.

Şeyx həmişəki sükutunu pozub, adamlara, xüsusən uşaqlara deyirdi:

- Bu yazıq məxluqu incitməyin!.. Onu ələ salıb, lağa qoymayın!..

Qızılgülün anası nə uşaqların onu qova-qova «Hoydu!.. Hoydu!» ilə arxasınca qaçmağının, nə ona atılan, bəzən də ona dəyən daşların, nə də hərdən ona qəmxarlıq etmək, artıq qalmış xörək, köhnə əyin-baş vermək istəyən arvadların fərqində idi, cırcındır içində Mərcanlı çayın sahillərinində, kimsəsiz Qovuşaq bağında dolaşırdı. Hərdən də elə olurdu ki, sakit gecələrdə birdən onun qəfil qəhqəhəsi Şəlalənin şırıltısına qarışırdı və başqa analar da uşaqlarını onunla qorxudurdu:

- Dəli arvad gələr ha!..

Tez-tez qəşəng taclı bir şanapipik uçub, onun qarşısında yerə qonurdu, ora-bura vurnuxurdu, onun dalınca gəlirdi və elə bil, nəsə demək, nədənsə agah etmək istəyirdi – ancaq şanapipik nə deyə bilərdi, nə edə bilərdi? Heç nə.

Beləcə, zaman keçdi, Murad başqa gözəl bir qız ilə nişanlandı və günlərin bir günündə Şeyx Hüsaməddin Ağa Allahla söhbət etmək üçün Şəlaləyə gələndə Qovuşaq bağının qarşısındakı laləlikdə Qızılgülün anasının cansız cəsədini yerə sərilmiş gördü.

Cəsədin gözləri açıq idi.

Şeyx nəzərini Qızılgülün anasının donub qalmış gözlərinə zillədi və bir an, ancaq bircə an Şeyxin ağappaq narın saqqallı zərif sifətinə bir təbəssüm qondu, qonan kimi də yox oldu.

Və Şeyx Hüsaməddin Ağa Lütfikar bu dəfə dayanmayıb, yoluna davam edərək, Qovuşaq bağına girəndə də bir anlıq dodağı qaçdı, sonra həmin təbəssüm yenə onun zərif sifətinə qondu və Şeyx Hüsaməddin Ağa o xəfif təbəssümlə məsum-məsum gülümsəyərək, saqqalına sığal çəkib, bağın dərinlərində gözdən itdi.

Hələ payız gəlməmişdi, ancaq Qovuşaq bağının qarşısındakı o lalələrin ləçəkləri dağılmış, belləri bükülmüşdü.

24 iyul 2020
Bilgəh.

# 3906 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #