Dinc dövrün şəhidi

Dinc dövrün şəhidi
27 noyabr 2013
# 13:25

Kulis.Az Alpay Azərin “Dinc dövrün şəhidi” hekayəsini təqdim edir.

“Yaddaş eskizləri” silsiləsindən

“Mən təkcə həyat yox,

həm də yaddaşam və bu.....”

Səlim Babullaoğlu

“Atalar və uşaqlar”,

2-ci şeirdən

Yadıma gəlir, mən üçüncü-dördüncü sinifdə oxuyanda başqa yerdən məhəlləmizə bir oğlan qonaq gələndə həyəcan qarışıq marağımız, diqqətimiz yönəlirdi ona. Başlayırdıq “təzə oğlanın” hərəkətlərinə göz qoymağa. Simpatiya yaranırdısa, uşaqlardan fərasətlisi qonaqla birinci dost olmaqçün onunla tanış olan kimi yaltaqlanmağa başlayırdı, sonra da yerişiylə, ədasıyla məhəllə uşaqlarına bir növ yandıq verirdi, - yəni gördüz, mən bu işdə sizi qabaqladım. Kimsə özünü “təzə oğlana” başqa cür göstərirdi, - məsələn, fəxrlə deyirdi ki, mən “Tansor disko” kinosuna səkkiz dəfə baxmışam, dalınca tez də sual verirdi ki, bəs, sən neçə dəfə baxmısan, ümid edirdi ki, o biri “beş dəfə baxmışam” deyəcək...

Yayda qonşumuz Hicran xalagilə qonaq gəlmiş sarısaçlı, qaşları ayparanı xatırladan, baxışlarından təmiz, yaxşı uşaq olduğu bilinən, hardasa dörd-beşinci sinifdə oxuyan bir oğlan məhəllədə hamının diqqətini cəlb etmişdi.

- Bu rusdu? – anamdan soruşmuşdum.

- Yox, a bala. Hicranın qardaşı oğludu, Cəbrayıl rayonundan qonaq gəlib. O da sənin kimi dərs oxuyandı...

Bircə riyaziyyatdan dörd alırdım, gecələr acgözlüklə Jül Vernin, Stivensonun romanlarını oxuyur, günortalar uşaqlarla dava-dava, sanka, futbol oynayırdım. Məhəlləmizə başqa bir yerdən ilk dəfə mənim kimi “oxuyan” uşağın qonaq gəlməsi maraqlı gəlmişdi mənə.

Özüm yaxınlaşıb adımı deyim, yoxsa bibisi oğlu Namiqdən xahiş edim bizi tanış etsin? Eyni vaxtda fikirləşirdim ki, tanış olsam, ona əvvəlcədən əzbərlədiyim sualları verəcəm. “Dəfinələr adası”nı oxumusan? Səncə “Tansor disko” yaxşı kinodu, yoxsa “Samrat?” Ən çox hansı dərsi sevirsən? Desəydi ki, həmin romanı oxuyub, ana dilindən xoşu gəlir, amma riyaziyyatı görməyə gözü yoxdu, desəydi ki, təkbətək davaya çıxsalar Şaka yüz faiz Cimini döyər və nəhayət, bilsəydim ki, plombir dondurmasından xoşu gəlir, amma meyvəlidən dəhşət zəhləsi gedir, - sevinəcəkdim və əmin olacaqdım ki, onunla dost olmaq, məhəlləmizdə bir yerdə söhbət edə-edə lovğa-lovğa gəzmək birinci, lap elə tək mənə nəsib olacaq...

***

İndi, otuz altı yaşımda, Altıağac kənd çayxanasında bunları yaza–yaza xatirələrimi bir yerə yığıram ki, Vüsalla bağlı gördüyüm bütün hadisələr, söhbətlər detallarıyla yadıma düşsün. Elə hey yaddaşıma güc verirəm ki, ona hansı sual verdiyimi, cavab aldığımı, səsini, mimikalarını xatırlayım, elə bilim ki, heç otuz altı yaşım yoxdu, o dövrü bir də yaşayım, özümü lap uşaq kimi hiss edim...

Səhv etmirəmsə, 1984-cü ilin yay aylarından biriydi. Qapının ağzında, çöldə dayanmışdım. Vüsal xalasının yoldaşıyla hardansa yan–yana gəlirdilər, qısaqol köynəkdəydi (rəngi yadımda deyil), ayağında ağ rəngli krossovka vardı. Vüsalın sifətində ağıl, ciddilik var idi, evə tərəf məktəbli yox, sanki Moskvadan (o vaxt Moskva mənimçün elə Amerika kimi bir yer idi) qonaq gəlmiş ciddi bir adam addımlayırdı. Əvvəlcə elə bilmişdim bu oğlan səkkiz, ya da doqquzda oxuyur. Biləndə ki, beşinci sinifdə oxuyur, (cəmi iki sinif məndən yuxarı), təəccüblənmişdim ki, az qala yaşıdım olan bu oğlanda ciddilik hardandı... Onun həyət qapısının ağzında dayanıb bibisi oğluyla söhbət etməyi yadıma gəlir, mən maraqla qonağa baxmışdım, amma yaxınlaşıb tanış olmağa utanmışdım...

Yadımda çox dumanlı şəkildə qalan ikinci epizod. Dəqiq yadımda deyil, həyətimizdə velosipedimin təkərinin boşalmış kamerasını yamamışdı, yoxsa hansısa xarab olmuş hissəsini düzəltmişdi. Məncə, Vüsal özü yaxınlaşıb bu işdə mənə kömək eləmək istəmişdi. “Verərsən velosipedini bir-iki kruq sürüm?” xahişi də etməmişdi. Düzü, o vaxt ona istədiyim sualları verib-vermədiyim yadıma gəlmir...

***

1985-ci ilin iyun ayının ilıq, qayğısız günlərindən biriydi, həyətdəydim. Beşinci sinfi təzəcə bitirmişdim. Bayırda ağlaşma səsini eşitdim, anam, dalınca da mən tez çölə çıxdıq. Hicran xala öz həyətlərində qardaşıyla bir yerdə hönkür–hönkür ağlaşırdılar.

Sonra anam evdə mənə demişdi: “Sarısaçlı oğlan varıydı e, Vüsal adında. Hər yay bura gəlirdi, Hicranın qardaşı oğlu, həmin oğlan göldə batıb”. Sonralar o xəbərin detalları belə yadımda qalmışdı. Vüsal göldə boğulan dostunu xilas etmək istəyəndə hər ikisi suda batmışdılar. Vüsal isə dodaqlarını bir–birinə kip sıxıbmış, havasızlıqdan ürəyi partlayıbmış, dostununsa qarnı su ilə dolubmuş... Hər ikisi yeddinci sinfi təzəcə bitirib səkkizə keçibmişlər...

***

Beş yaşım olanda qonşu məhəllədə yaşayan yaşıdım bir oğlanla yola getmirdim. Bir-birimizin üzünə tüpürürdük, söyüşürdük, daş atırdıq bir-birimizə. Davamız oyuncaq-zad üstündə olmurdu, sadəcə, bir-birimizə nifrət edirdik. Günlərin bir günü o uşağın anasının qışqırtısını eşitdik: “Oğlum bu evdən çıxmayacaq! Qoymaraaam!!!” Düşmənim sətəlcəmdən ölmüşdü. Əvvəlcə sevinmişdim. O uşağın vay-şivən içində evdən götürülməsini öz gözlərimlə görəndə, artıq onun hərəkətsiz ayaqlarını, əllərini, həmişəlik yumulan gözlərini təsəvvürümə gətirmişdim, yazığım gəlmişdi ona. Dumanlı da olsa başa düşmüşdüm ki, o uşaq bir də evlərinə qayıtmayacaq. Bir də az əvvəl sevinməyimə görə xəcalət çəkmişdim...

Birinci sinifdə, yaddaşım məni aldatmırsa, sentyabr ayının əvvəlində məktəbimizdə müəllimlərin sinəsinə qara-qırmızı lentlə sancaqlanmış bir qız şəklini gördük. Dedilər ki, onuncu sinifdə oxuyan bu qız neçə gün imiş itkin düşübmüş, kimlərsə onu öldürüb meyidini sahilə atmışdı. Onu heç vaxt məktəbdə görməmişdim, amma anlamışdım ki, şəkildən mənə baxan çatmaqaşlı, iri sehirli gözlü, qara saçları çiyninə tökülmüş o gözəl qız bir də məktəbimizə gəlməyəcək. Və o vaxt başa düşmüşdüm ki, həyətdə üçtəkərli velosiped sürən, dondurma yeyən, karuselə minən, məktəb paltarı geyinən oğlanlar və qızlar bir gün bu dünyadan gedə bilərmişlər. Həmişəlik....

***

Vüsalın Cəbrayılda göldə boğulması xəbərini eşidəndə isə ilk dəfə az qala yaşıdım olan yaxşı adamın ölümünü Bakıda, sanki lap yaxınlığımda baş verdiyini hiss etmişdim. Nə üçyaşlı qonşu uşağın sətəlcəmdən ölümü, nə onuncu sinifdə oxuyan qızın qətli, nə də göl faciəsindən iki il əvvəl babamın ölüm xəbəri mənə belə təsir etmişdi. Uşaq həyatımda ilk dəfə zaman qəfildən mənimçün dayanmışdı, - elə bilmişdim, sabah da elə olacaq, birisi gün də. Bu itki məni o qədər sarsıtmışdı ki, düşmən bildiyim ölümə qarşı içimdə bir qiyam etmişdim, o göl mənə vahiməli, canlı bir qatil kimi gəlmişdi.

Elə bilirdim mənə qarşı ədalətsizlik, haqsızlıq edilib, sanki bu həyatda nəysə səhv, məntiqsiz bir şey baş verib. Necə yəni, dost olmaq istədiyim, lap yaxından tanımasam belə, yaxşı bir insan qəfildən, üstəlik, həmişəlik məni tərk edib. Mən çox güman həmin yay tətilində Vüsalın Bakıya gələcəyinə, budəfəki görüşümüzdə onunla mütləq dost olacağıma, nəhayət, utanmayıb istədiyim sualları ona verəcəyimi qarşıma məqsəd qoymuşdum. Bir sözlə, Vüsalın ölümü zamanın əziz və şirin bir hissəsinin qəfildən, birdəfəlik, qəddarcasına yox olması, məndən kəsilib atılması demək idi...

Səkkizinci sinifdə oxuyanda bəzən fikirləşirdim: o da dərslərindən beş alırdı, mən də, onun da arzuları vardı, mənim də. Bəs niyə Vüsal on dörd yaşında, səkkizinci sinfə keçəndə öldü, mənsə hələ də yaşayıram, əsas arzuma doğru gedirəm, - tarixçi olmaq üçün gecə-gündüz tarixi romanları, Ziya Bünyadovun əsərlərini oxuyuram, o isə Bakıdan uzaq bir rayonda qəbirdə yatır. Həmişəlik.

Bir də, o zaman Bakıda ola-ola sanki öz acizliyimə, - onu ölümdən qurtarmaq üçün heç nə edə bilmədiyimə görə sarsıntı keçirmişdim. Həmin hadisədən bir müddət sonra özümə hərdən sual verirdim: görəsən, orda olsaydım, qalın ağac budağı, ya taxta parçası tapıb, bunlar da olmasa, əlimi uzadıb hər ikisini, ya heç olmasa Vüsalı sudan çıxara bilərdimmi? O vaxt möcüzə baş versəydi, Allah mənə “Mənə bir arzunu de” desəydi, “Samrat” filmində dənizin dibindəki gəmidə tapılan qızıl kərpicləri yox (o vaxt atam deyirdi ki, o kərpicdən ikisi bizdə olsa “Qaz 24” maşını almaq olar. Mənsə xəyalımda özümə idmançıların sürdüyü velosipeddən almışdım), o faciədən əvvəlki vaxtı qaytarmasını arzu edərdim... Allah nə həmin gün onları gölə getməyə qoyaydı, nə də o biri günlər. Vüsal sağ-salamat Bakıya gələydi və biz tanış olub həmişəlik dostlaşaydıq...

Son vaxtlar o dövrü xatırlayanda belə bir səhnə təsəvvürümə gəlir. 1985-ci ildir, stansiyaların birində eyni vaxtda mindiyimiz qatardan Vüsal düşür, qatar tərpənəndə o, dayandığı yerdə hərəkətsiz qalır, mənim “Min qatara, gedirik!” qışqırtımı eşitmir, eləcə tərpənmədən yerə baxır, baxır. Mən ondan xeyli uzaqlaşıram, qatar həmin stansiyadan uzaqlaşdıqca pəncərədən baxanda hələ də yerə baxa-baxa məni tərk edən Vüsal get-gedə balacalaşır, nöqtə boyda olur, axırda yox olur. Mənsə kupeyə qayıdıb öz yerimdə otururam, gözlərim dolur. “Axı o, niyə qatara minmədi???”...

***

Deyirlər, hər adamın ürəyi onun yumruğu boyda olur. Vüsal birinci sinifdən beşinci sinfə qədər bir qızı öz təmiz, balaca ürəyilə sevirmiş. Yeddi yaşlı Vüsalın yumruq boyda bərk-bərk döyünən ürəyində hansı hisslər keçirdiyini təxminən bilirəm. Çünki özüm həyatımda ilk dəfə birinci sinifdə sinifkomumuza vurulmuşdum və ilk dəfə ürəyimdə “S., mən səni sevirəm” demişdim...

İkinci sinifdə Vüsal oğlanlarla məktəbdən qayıdırmış. Kimsə təklif edir ki, hərə öz sevdiyi qızın adını desin. Başlayırlar bir-bir qızların adını deməyə. Vüsal K.-nı sevdiyini deyəndə başqa bir oğlan onun üstünə cumur ki, mən də K.-nı sevirəm, mübahisə başlayır, balaca rəqiblər az qalırlar dalaşsınlar, uşaqlar onları aralayır. Birinci sinifdə oxuyan oğlanın ilk dəfə sevdiyi qıza görə başqa oğlanla dalaşması zamanı keçirdiyi həyəcan məni kövrəldir. Sözsüz ki, orda olsaydım, dalaşanları aralayanlardan biri də mən olardım. Qoymazdım ki, Vüsala kimsə bir sillə, ya yumruq vursun...

Bir dəfə də üçüncü sinifdə oxuyanda oğlanlar öz aralarında sözləşirlər ki, hərəsi bir korjik pirojnası alıb sevdiyi qıza hədiyyə etsin. K. Vüsaldan qabaq partada qohumu olan bir oğlanla yan-yana oturubmuş. Hamı korjiki istədiyi qıza versə də, Vüsal bunu K.-nın yanında oturan qohumundan çəkindiyinə görə edə bilmirmiş, - əlindəki korjiki gah uzadırmış, gah da əlini geri çəkirmiş... Təsəvvürümə gətirirəm ki, K.-nin qohumuyla yanbayan partada oturmuşam, həmin oğlanın başını qatıram, əlimlə isə Vüsala işarə edirəm ki, korjiki tez sevdiyi qıza versin...

Otuz il əvvəl korjiki sevdiyi qıza verə bilməyən, sevdiyi qıza görə sinif yoldaşıyla az qala dalaşan Vüsalın həyəcandan döyünən balaca ürəyinin səsi gəlib çatır qulağıma...

Biz elə bilirdik ki...

Vüsalın göldə boğulmasından dörd ay əvvəl 1985-ci ilin martında Mərkəzi Televiziya ilə hər gün bir seriya verilməklə “Gələcəkdən gələn qız” («Гостья из будущего») adlı 5 seriyalı film göstərməyə başladılar. Mən onda beşdə oxuyurdum. Yaxşı yadımdadır, məhəlləmizdəki oğlanlar hər gün film tək maraqlı olduğuna görə yox, ordakı baş qəhrəman Alisa Seleznyovaya vurulduqları üçün səbirsizliklə günorta televizorun qabağını kəsdirirdilər.

Hər seriyadan sonra oğlanlar çölə çıxır, filmdə baş verən maraqlı hadisələri həvəslə müzakirə edir, sonrakı seriyalarla, filmin sonluğuyla bağlı “proqnoz” verir, markadan mərcə girirdilər. Söhbət zamanı biz bircə Alisaya “toxunmurduq”, - heç kim ona dəlicəsinə vurulduğunu etiraf etmək istəmirdi. Əslində, hər birimizin baxışlarında gizlətməyə çalışdığımız, bizim üçün əlçatmaz olan, ancaq hansısa möcüzə nəticəsində Bakıda görə biləcəyimiz, ürəyimizdə gəzdirdiyimiz, gecələrsə xəyalımızda bərk-bərk qucaqlayıb-öpdüyümüz, gözəllər gözəli hesab etdiyimiz Alisaya sevgi ehtirası vardı.

Hamıdan gizlin filmdəki mahnını («Прекрасное далеко») təkrar-təkrar oxuya-oxuya, - hamının yanında oxusaydıq, birdən valideynlərimiz Alisanı sevdiyimizi bilərdi, biabır olardıq onların yanında, - “Tansor Diskonun”, “Samratın”, “Zita və Gitanın” mahnılarına qulaq asmaqdan imtina etməklə elə bilirdik artıq ağıllanmışıq. Eh, hələ bir neçə il sonra bizi televizordan yandırıb-yaxacaq Nazan Şoray meydana çıxacaqdı...

O dövrdə, beşdə-altıda oxuyan oğlanlar onları yandırıb-yaxan, həm də bundan ləzzət alan fiziki sevgi hisslərinin astanasında idilər. Artıq səkkizinci sinfə adlamış, o astananı keçən və siniflərində bir qızı sevən Vüsal yəqin ki, elə bilirmiş həyatda qız sevməkdən gözəl şey yoxdur. (Elə bilirdik ömrümüzün axırına qədər ancaq bir qızı sevəcəyik). Biz onda xəyalımıza gətirdiyimiz ilk sevgi səhnələriylə, son cümləsi “Mən səni sevirəm” olan məktublarımızla, döyülsək belə sevdiyimiz qıza görə düşmənimizlə dalaşmağımızla, kolleksiya etdiyimiz markaları ütü ilə ütüləyib səliqəylə marka albomunun ciblərinə salmaqla, 4-5 qiymət alanlar belə, dərsdən “şatala” çıxanda pioner qalstuklarımızı büküb-əzib şalvarımızın cibinə soxmaqla, adlarını əzbərlədiyimiz məşhur futbolçuların şəkillərini «Советский спорт» qəzetindən kəsib 96 vərəqlik dəftərə yapışdırmaqla, “velvet” şalvar geyinib “zerkalni” gözlük taxmaqla bu həyatda öz varlığımızı, şəxsiyyət olduğumuzu bir növ təsdiq edirdik. Biz, altıda, yeddidə oxuyan qayğısız məktəblilər sevinirdik, elə bilirdik günlərimiz həmişə belə keçəcək, amma eyni zamanda başa düşürdük ki, yavaş-yavaş böyüyürük...

***

Bir ay qabaq 3-cü Alatavaya, köhnə məhəlləmizə getmişdim. Keçmiş evimizin yanında dayandım və dördüncü sinifdə yay tətilində qapının ağzında dayanıb İsfəndiyar əmiylə Vüsalın yəqin ki, gəzməkdən gəldiyi dövrə qayıtdım... Yay tətilində rayondan Bakıya qayıdanda hər şey mənə böyük görünürdü. O vaxtlar elə bilirdim metroda qatar ortadan uzanıb gedən bir relsin üstündə hərəkət edir, hər vaqon dörd yox, iki təkər üstündə gedir, - onda hələ boyum balaca idi deyə dayandığım platformaya yaxın olan ikinci relsi görmürdüm.

İndi otuz yeddi yaşımda fikirləşəndə ki, Bakı yolları, küçələri onun gözlərinə geniş, böyük görünüb, içimdən bir gizilti keçdi: ətrafındakı binaları, küçələri, adamları böyük, nəhəng nəsnələr şəklində görən, bəkə də mənim kimi metro qatarının bir rels üzərində hərəkət etdiyini fikirləşən Vüsalın iyirmi altı il qabaq yeniyetmə yaşında bu dünyadan köçməsini xatırlayanda məni qəhər boğdu.

Yenə də məndən qəfildən qopmuş zamanı xatırladım. Və başa düşdüm ki, mən elə indi də otuz yeddi yaşında olan on iki-on üç yaşlı həmin uşağam, qırx, əlli, altmış yaşımda, güman ki, son günlərimə qədər “itirilmiş, mənə ömrümün sonuna qədər əsl dost ola biləcək” insanın yanğısı, Vüsalı gördüyüm bir neçə dəqiqəlik o məsum zaman parçası içimdə olacaq...

Köhnə evimizin qabağında dayanıb sanki o zamana qayıdırmış kimi, hətta istədim əyilim, çömbəlim, özümü uşaq kimi hiss edim və Vüsalın küçənin o başından gəlib qabağımdan keçməyini təsəvvürümə gətirəm...

Yalçın - o hadisənin yeganə sağ qalan şahidi

- Yay idi, iyunun beşi. Vüsalla Məhəmməd həyətə gəldilər. Rəhmətlik Vüqar da yanımdaydı. Bizə dedilər ki, gəlin gedək plyaja çimməyə. Yola düşdük, onlar bizdən qabaqda gedirdilər. Vüsal rəhmətliyin plyaj dediyi yer rayondan üç-dörd kilometr aralıda - iki böyük təpənin arasında süni yaradılmış gölüydü. Onu birinci katib Vəlixanovun vaxtında yaratmışdılar ki, suvarma işlərinə-zada işlətsinlər. Dediyim kimi, bunlar bizdən hardasa əlli-altmış metr qabaqda gedirdilər. İkisi də gölə çatan kimi soyunub girdilər suya. Məhəmməd bir az da üzmüşdü ki, başladı qışqırmağa ki, batıram. Vüsal ona tərəf üzməyə başladı və çalışdı Məhəmmədi xilas etsin. Mən də Vüqarla qaça-qaça özümüzü ora yetirdik ki, bunları sudan çıxardaq. Yaxında traktor təkəri vardı, götürüb onlara tərəf atdıq ki, bundan tutsunlar. Təkər onlardan xeyli aralı düşdü. Sonra girdik suya bunları xilas edək, düzü, bacarammadıq. Elə ordan qaça–qaça, az qala nəfəsimiz kəsilə-kəsilə rayona özümüzü yetirdik, qışqırdıq ki, kömək eləyin, uşaqlar batdılar... (Fikrə gedir, siqaret yandırır). - Heç nə, əcəl, - deyir.

- Bir şey soruşum, Vüsal Qarabağ müharibəsinə qədər sağ qalsaydı, könüllü müharibəyə gedərdi? – Yalçından soruşuram.

- Yüz faiz!

Yalçının fikirləşmədən, əminliklə verdiyi cavab mənə o qədər ləzzət edir ki, bir anın içində elə bilirəm Vüsal müharibəyə gedib, orda qəhrəmanlıqla vuruşub, şəhid olub.

- O hadisədən sonra Vüsalı yuxuda görmüsən? – soruşuram.

- .... (fikrə gedir) Yadıma gəlmir.

- Yadında qalmayıb, nə olmaq istəyirdi?

- Yadımda deyil, amma ondan yaxşı biznesmen olardı.

***

Yalçın danışırdı ki, rayondan gölə qədər olan məsafə hardasa üç-dörd kilometr imiş. Hardasa yarım saat, qırx dəqiqə Vüsal Məhəmmədlə həvəslə plyaj bildiyi yerə gedəndə yəqin ki, yol boyu həvəslə yay tətilini necə keçirəcəklərindən, futboldan, bəlkə də sevdikləri qızlardan, öz arzularından danışırmışlar...

Məktəbdə oxuyanda yay tətilini çox vaxt Xanlar (indiki Göygöl) rayonunda keçirirdim. Çaya çimməyə gedəndə yolda uşaqlarla söhbət etməyin ləzzətini, ən əsası, uzaqdan çay görünəndə qorxu yox, sevinc qarışıq həyəcanlandığımı indiyə qədər yaxşı xatırlayıram. Çay, ya dəniz mənə o qədər doğma gəlirdi ki, elə bilirdim bunları tək mənə veriblər...

Elə bilirəm ki, üç kilometr yolu gedəndən sonra gölü görəndə Vüsalla Məhəmmədin sevincdən ürəkləri döyünməyə başlayıbmış. “Həə, axır ki, çatdıq plyaja”, - onlardan biri güman ki, sevincək deyibmiş. Bir də yəqin ki, biri o birindən soruşubmuş: “Görən, su istidir, yoxsa soyuq?...”

***

Üzməyi bacarsam da dənizdə burulğana düşməkdən, ayağımda qəfil qıcolmadan, bir də nə vaxtsa soyuq bir qış günündə okeanda gəmi qəzasına düşməkdən qorxuram. Saytlarda kiminsə, yad bir adamın dənizdə, ya göldə boğulması xəbəri kiminsə maşın qəzasında ölməsi xəbərindən daha pis təsir edir mənə. İllah da ki, o adam toyundan iki-üç gün qabaq bata.

Yadıma gəlir, doqquzuncu sinifdə oxuyanda bir dəfə sinif yoldaşım M.-ya belə bir əcaib sual verdim:

- Sənə desəydilər iki yolla səni öldürə bilərik, ya səhrada, qaynar günəşin altında susuzluqdan öləcəksən, ya da sənə ölüncəyə qədər su içizdirəcəyik, hansını seçərdin?

Bir az fikirləşib dedi ki, susuzluqdan ölməyə razı olaram. Elə o vaxt sinif yoldaşımın birinci ölüm variantını seçməsinin səbəbi mənə aydın olmuşdu: ona bir neçə dəqiqəlik, (bəlkə də) saniyəlik əzab bir neçə günlük susuzluq əzabından daha məşəqqətli gəlmişdi...

Sonralar mən dənizdə, ya göldə çiməndə başımı suya salırdım, cəmi iyirmi beş-otuz saniyə dözürdüm havasızlığa...

Doqquzda oxuyanda sinif yoldaşıma verdiyim qəddar suala mən özüm hələ də cavab tapmamışam...

Yalçın deyirdi ki, Vüsal göldə batmazdan öncə dodaqlarını bir-birinə bərk sıxmışdı...

...Kaş ki, Vüsalın, Məhəmmədin havasızlıq əzabı on-on beş saniyədən çox olmayaydı...

Rövşən, Vüsalın dostu

- ...Rəhmətlik kiməsə söz verdisə, o dəyqə onu yerinə yetirməyə can atırdı. Mübahisə eləyəndə, özünü nədəsə haqlı biləndə, öz dediyini sübut eləməyə çalışırdı. Mübahisə qızışırdı, görürdün, o qədər emosiyaya qapıldı ki, gözləri doldu, kövrəldi... Ay Vüsal... – Rövşən birdən göyə baxır, fikrə gedir, sifətinə təbəssüm qonur. – Elə bil dünəniydi. Nə deyim, qədər məsələsi. Bir yerdə otura bilmirdi, çox enerjili oğlanıyıdı, istəyirdi hər şeyi vaxtında eliyə bilsin, dərsini də oxusun, futbol da oynasın, şəkil də çəksin. Bir də, rəhmətlikdə yaşına xas olmayan alicənablıq varıydı. Məsəlçün, o adamı arxadan çağıranda o biri uşaqlar kimi kobud şəkildə “ə”, “e” demirdi, adıyla çağırırdı adamı... Bir dəfə məni özüylə təzə tikdirdikləri həyət evinə apardı, ordan rəsmxət dərsi üçün çəkdiyi şəkilləri götürməliydik. Getdik evlərinə, mənə öz otağını göstərdi. Onda yeddinci sinifdə oxuyurduq, necə deyərlər, bığ yerimiz təzəcə tərləyirdi. Rəhmətlik dedi ki, gələcəkdə ev tam hazır olanda bu mənim ayrıca kabinetim olacaq. Özünün ayrıca stolu, stulu varıydı, stolun üstündə qab, qabın içinə karandaşlar, qələmlər qoymuşdu, rəsm çəkmək üçün kağızlar varıydı stolun üstündə. Məsələn, bu mənimçün o vaxt qəribə bir şey idi. Bu yaşda olasan, özünə kabinet şəraiti yaradasan.

- Nə olmaq istəyirdi? – soruşuram.

- Naxçıvanskiyə, hərbi məktəbə girməyə hazırlaşırdı. Sənədlərini yığırdı...

Bunu eşidəndə içimə bir işıq dolur, dəhşətli dərəcədə sevinirəm, deməli, xislətində mübarizlik var imiş. Deməli, sağ qalsaydı, Qarabağ müharibəsində iştirak edəcəkmiş.

- Onda sağ qalsaydı, sözsüz ki, Qarabağ müharibəsində vuruşardı?

- Yalçına verdiyim, amma artıq cavabını əvvəlcədən bildiyim bu sualı Rövşənə təkrar verirəm.

- Sözsüz, sözsüz. Hətta, məsəlçün, evdən qoymasaydılar, təkbaşına döyüş bölgəsinə qaçıb gedərdi.

- Səsini xatırlayırsan? – soruşuram.

- Gözəl, şirin səsi varıydı rəhmətliyin. Səsində kobudluq-zad yoxuydu.

Rəhmətlik haqqında onsuz da az–çox bildiyim xoş xatirələri eşitdikcə məni bir neçə gün idi narahat edən pessimist əhval–ruhiyyə yavaş–yavaş tərk edir. Yüngülləşirəm. Eyni zamanda istəyirəm Vüsalın ruhu bilsin ki, onun haqqında yazmaq o qədər də yaxından tanımadığım, amma xatirəmdə iz qoymuş pak, gözəl bir insandan ötrü darıxdığımdan, ona ruhani məhəbbətdən, aclıqdan gələn bir şeydir. Bu düşüncələrim çox güman ki, nə vaxtsa o biri dünyada Vüsalla görüşəcəyimə olan yarıümid, yarıinamla bağlıdır...

Rövşənlə görüşdüyüm günün ertəsi birdən yadıma düşür ki, Vüsalın səsində bir cingilti vardı...

***

“Ölümü verən Allahdır”, - bunu müsəlman kimi qəbul etməyə çalışsam da, Yalçınla görüşdən bir neçə gün sonra “Axı niyə uşaqların atdığı traktor təkəri onlardan uzaq düşdü? Niyə Yalçıngil uşaqları sudan çıxarda bilmədilər?” - suallarının məngənəsindən çıxa bilmirdim... Ey hər şeyə qadir olan Allah, niyə onda öz qüdrətini göstərmək istəmədin? Bu sualı Allaha bir neçə dəfə verəndən sonra “Əstağfürullah” dedim...

***

İlahiyyatçı dostuma neçə müddətdi məni narahat edən sualı verirəm:

- Sən də bilirsən ki, peyğəmbərimiz, səllalahu aleyhi və səlləmdən belə hədis var ki, suda boğulan, odda yanan şəhiddir. Bu hədisin şərhini İslam alimləri necə izah edir?

- O hədisin şərhi belədir. Odda yanan, suda boğulanın şəhid payı var. Yəni cihadda şəhid olan kimi birbaşa cənnətə düşməsə də, cənnətə daha tez düşmək ehtimalı var. Məsələnin məğzi bilirsən nədədi? Suda boğulub ölən, ya odda yanan o qədər dəhşətli dərəcədə əzablı hisslər keçirir ki, Allah bu əzabın əvəzində insana, bir növ, şəhidlik payı verir.

- Mən konkret adam haqqında danışıram. On beş yaşında suda boğulub.

- O inşaallah şəhiddi, çünki o, üstəlik yeniyetmə yaşına təzə qədəm qoyubmuş.

Bu cavabdan sonra rahatlanıram...

Vüsalgilin qonşusu Zəminə xalanın telefonla dedikləri:

- Həmin gün binamıza su gəlmirdi. Camaat, əlində qazan, vedrə, həyətdəki kranın yanında növbəyə düzülmüşdülər. Biz onda ikimərtəbəli Jildom deyilən yerdə qalırdıq. Vüsal, növbədəki qadınların suyunu doldurmağı bir yana, dolu vedrələrini evlərinə qədər aparıb qoydu, bizimkini də eləcə. Biskvit bişirmişdim, dedim, ay Vüsal, hamıya bu qədər kömək elədin, gəl bizə, biskvitlə çay iç. Dedi, ay Zəminə xala, gedim plyajda çimim, gəlim, qayıdanda sizə dəyib biskvitlə çay içərəm...

***

Mənə elə gəlir Vüsal indiyə qədər sağ qalsaydı və biz Bakıda təsadüfən tanış olsaydıq, uşaqlıq dövrümüzü, hansısa hərəkətlərimizi yada sala–sala əsl dost ola bilərdik. Vüsal sağ qalsaydı, hərbçi yox, Yalçının güman etdiyi kimi, biznesmen olsaydı, mənə hərdən zəng edərdi, soruşardı, sıxıntın–filan yoxdur ki, mən də deyərdim ki, sağ ol, Allaha şükür, hər şey qaydasındadır. O isə dediyimə məhəl qoymazdı, məni restorana dəvət edər, ordan–burdan söhbət edərdik, çıxanda sakitcə cibimə pul basardı. “Etirazsız–filansız, sən mənimçün əziz bir adamsan,” – deyərdi.

Və ya mən ondan, məsəlçün, beş yüz, ya min manat borc alsaydım, verərdi, həmin vaxtlar özündə sıxıntı olsa, hardansa tapıb mənə elə həmin gün, ya ertəsi gün çatdırıb deyərdi: “Nə vaxt imkanın olar, onda da qaytararsan”. Mənsə bir müddət sonra borcu ona qaytaranda belə deyə bilərdi Vüsal:

- Bilirəm, ürəyində fikirləşəcəksən ki, Vüsal bunu götürməsə deyəcəm, elə eləmə bir də sənə ağız açım. Gəl belə danışaq, sən bu pulu geri götürürsən, bunu bu dəfə borc hesab eləmiyim. Amma gələn dəfə pul istəsən, lap yüz manat da olsa, onu sənə borc kimi verəcəm...

Məlahət xala - Vüsalın anası

Nəhayət, Vüsalın anası Məlahət xanımın telefonunu tapıb ona zəng etdim. Görüşdük, təşəkkürünü bildirdi, ilk övladıyla bağlı şirin Qarabağ ləhcəsiylə bunları dedi:

- ...Məktəbli olsa da, özünü hamının yanında ağır aparırdı. İnanırsan, heç mən ona uşaq kimi baxa bilmirdim. Deyirdi, mama, Bakıda “zdanie” ev alajam, səni də aparajam ora... Tez-tez Bakıdan danışırdı, hərbi hospitalın həyətində, – bizim əvvəl qaldığımız üçüncü Alatavada yerləşir, – əsgərlərin marş eləməsini görübmüş, xoşuna gəlibmiş. Deyirdi, böyüyəndə komandir olajam, çoxlu əsgərlərim olajax. Vüsalı o vaxt musiqiynən dəfn elədik. Tar məktəbinə gedirdi, çox sevirdi tarı, dəfn eliyəndə tarı da qoyduq yanına... İlk bir həftəni mən heç özümdə deyildim, rəhmətlik atası, nənəsi gecə-gündüz ağlıyırdıq. Ölümündən düz yeddi gün sonra yuxuma girdi, qaça-qaça gəldi dedi, ay mama, bəsdirin də ağladız, siz ağlayırsız, mən yata bilmirəm, suyun içində yata bilmirəm, sən nənəmə də de, ağlamasın. Bunları deyib qaça-qaça da getdi.

- Sonralar yuxunuza girdimi?

- Yox, axırıncı gördüyüm elə o yuxu idi.

- Sevdiyi qız haqqında nəysə deyirdi sizə? - mənə maraqlı detallar danışacağını gözləyirəm.

- Yox, nə danışırsan. Bayaq da dedim, rəhmətlik özünü ağır aparırdı. Mən heç ümumiyyətlə onun hansı qızı sevdiyini bilmirdim. Evdə o, heç cürə belə şeyi, hisslərini büruzə vermirdi.

Sonra Məlahət xala mənə Vüsalın Bakıda yaşayan xalası oğlu Barata yazdığı məktublardan danışdı.

- Onları mənə verə bilərsiz? – sevincək soruşdum. – Bir də mümkünsə, məktublarla bir yerdə şəklini də gətirin.

Vüsalın Barata yazdığı məktublar

1983-84-cü illərdə Barata yazdığı məktublardan məlum olur ki, xala uşaqları idman şəkilləri kolleksiya edirmişlər, - Vüsal futbolçu (yeri gəlmişkən, mən də 6-7-də oxuyanda “Cоветский Cnopт” qəzetindən məşhur futbolçuların şəkillərini kəsib 96 səhifəlik dəftərə yapışdırırdım), Barat cüdoçuların şəkillərini yığırmış.

Vüsalın yazdığı məktubların birindən bir parça:

Salam ailənizə!

Necəsən? Mən yaxşıyam. Barat, mən sənə üç məktub yazmışam. Sən deyirsən mənə cüdo şəkli göndər. Bu iş çətindir, amma yenə də mən sənə söz vermişəm gərək yerin deşiyində də olsaaaa həyəcanlı tapam. Sən özünü əziyyətə salma mənə nakleyka lazım deyil. Barat mən Süleymana demişəm, o da tapacaq. Nə isə, hamıya demişəm, arxayın ol göndərəcəm. Sən dediyin kitabı isə qoymuşam şkafa, özü də bükmüşəm. Arxayın ol, elə bil ki, sənin yanındadır...

Barat, arxayın ol, əgər bu şəkillər lazımdırsa yenə axtararam, TAPACAM. Özü də nə qədər məktub yazmısan, sayını yaz görüm: İncidin?

SAĞ OL göndərəcəm

Əyə sağ ol cavab gözləyirəm.

***

Vüsalın hədsiz həssaslığı məni heyrətləndirir, - gözlərimdən axan iki damla yaş yanaqlarım boyu süzülür...

Sonra fikirləşirəm ki, niyə o vaxt Vüsalın ölüm xəbərini eşidəndə içimdən qırılsam da, nə ağlamışdım, nə də kövrəlmişdim... Bu məktubu oxuya-oxuya Vüsalın səsini eşidirəmsə, deməli, o səsin sahibini, dost olmaq istədiyim bir adamı iyirmi altı il imiş özüm də bilmədən altşüurumda, qəlbimdə gəzdirmişəm.

1983–cü il 9 yanvarda yazılmış məktub

Salam Barat. Necəsən? Mən evə çatmışam. Mən evə çatan kimi sənin işlərinlə məşğul oluram. Hələlik evdəyəm. Uşaqlara dedim ki, cüdo şəkili versinlər, onlar verdilər, amma siz verdiyiniz nakleyka şəkilləri ilə dəyişirdilər.

İnanmırsan heç inanma. Birdən deyərsən Vüsal sizdən nakleyka alır. Yox papamın əziz canı, mən onlara nakleyka verib cüdo şəkili alıram. Mən sənə həftədə bir məktub və içində bir şəkil göndərəcəyəm. Ancaq çox göndərsəm onda gərək qapılara düşüb dilənəm.... Məktəbdə isə uşaqlardan çoxlu alacağam... Sağ ol.

Məktublardan məlum olur ki, Vüsal az qala həftədə bir dəfə xalası oğluna məktub yazırmış, həm də özü ondan məktub gözləyirmiş. 5-6 dekabr, 1984-cü il tarixli məktubun sonunda yazır:

“...Barat, vallah başım dərsə elə qarışıb ki, məktub yaza bilmirəm. Barat, sən Quran, həftədə bir dəfə də olsa mənə məktub yaz... Sağ ol.

Əlvida, cavab gözləyirəm.

Yenə Baratın kolleksiya yığdığı cüdo şəkilləriylə bağlı Vüsal yazır:

“...Mən sənə rəngli gözəl beş dənə şəkil tapmışam. Bu şəkilləri futbol şəkli ilə dəyişdirmişəm. O oğlan gimnastika jurnalına yazılıb. O jurnalda cüdo şəkli, özü də rəngli çoxlu şəkil olur. Buna görə mən öz albomumu cırıb ona üç rəngli futbol şəkil verib, beş dənə rəngli cüdo şəkil almışam.....”

Hələ bu məktubları alıb oxumamışdan qabaq yuxarıda yazmışdım ki, Vüsalla mən dost olsaydım və ondan min manat pul borc istəsəydim, özündə olmasa gedib başqasından alıb mənə çatdırardı. Öz futbol albomundan üç şəkli cırıb xalası oğluna göndərmək üçün rayonda beş cüdo şəkliylə dəyişməsini oxuyanda sanki yanılmadığıma görə uşaq kimi sevindim.

***

Dama–dama dəftər vərəqində səliqəli, qəşəng xətlə yazılmış bu məktubları əlimdə tutub bir müddət saxlayıram, kövrək, həssas qəlbli Vüsal sanki bu məktublar vasitəsilə tək xalası oğlu Baratla yox, mənimlə də söhbət edir. O vərəqlərin sarı rəngi, vərəqdəki damalar, kiril hərfləriylə yazılmış cümlələr məni o dövrə, bir az da Vüsala yaxınlaşdırırdı. Mənə elə gəlir bu yazılar elə rəhmətliyin mənə baxan pak, təmiz gözləridir. Elə bilirəm, bu məktubları oxuyanda Allah Vüsalı bu dünyaya göndərir ki, mənimlə bir yerdə o vaxt yazdıqlarına baxsın. Mən o zaman Bakıda Vüsalla dostlaşsaydım, çox güman ki, həftədə bir dəfə də olmasa, ayda, iki ayda bir dəfə bir–birimizə məktub yazacaqdıq, futbolçu şəkillərini dəyiş–düyüş edəcəkdik...

Bir neçə gündən sonra məktubları Məlahət xalaya qaytarmalıyam, onları aldığım gün surətlərini çıxarmışdım. Amma surətlərdə dəftər vərəqinin saralmış rəngi, damaları düşməmişdi, məktubların orijinallığından mənə nəysə qalsın deyə bir neçəsini kompüterdə skan edib “Vüsal–məktublar” adlı qovluğa atdım... Bir də onun iyirmi altı-iyirmi yeddi il əvvəl dəftərdən kəsib götürdüyü, yazdığı bu kağızları bir müddət əlimdə saxlayıram, - o zamana qayıdıram, xəyalımda ona əl verib salamlaşıram və deyirəm: “Gəl tanış olaq. Bilirəm, sənin adın Vüsaldı, mənim adım Alpay. Bakı xoşuna gəlir?...”

Birinci görüşümüzdə Məlahət xala mənə demişdi ki, Vüsal o vaxt Bakıya bibisigilə gələndə yanımızda hərbi hospitalın həyətində addımlayan Sovet əsgərlərinə və onlara əmr verən komandirlərə baxmaqdan həzz alırmış. Birdən mənə elə gəlir ki, biz məhəllə uşaqları hərbi hospitalın həyətində futbol oynayanda Vüsal topla uşaqlardan kimisə aldadıb rəqib komandanın qapısına doğru qaçmışdı. Yaddaşıma güc verirəm ki, belə bir şeyin olub-olmadığını dəqiqləşdirim...

Həmin Vüsal

Nəhayət, Məlahət xala Vüsalın şəklini mənim mobil telefonuma göndərir. Şəklə gün ərzində bir neçə dəfə baxıram. Gözlərindəki məsumluğa, bir az da heyrətə, nurlu və ağıllı baxışlarına baxa-baxa anlayıram ki, iyirmi ildən çox vaxt keçsə də, son aylar xəyalımda canlandırdığım Vüsal elə həmin Vüsal imiş. Şəklə baxdıqca o zamana qayıdırdım, sanki onunla itirdiyim dost olmaq şansımı bərpa edirdim.

Skan etdiyim məktublardan birini kompüterdə açıram, telefonda şəkli açıb ekranı kompüterin monitoruna yaxınlaşdırıram. Daha sonra başqa məktubları açıb oxuya–oxuya, arada şəklə baxa-baxa Vüsalın o zamanlar evdə oturub məktub yazarkən sifət mimikalarının dəyişdiyini təsəvvürümə gətirirəm. Məsələn, o, “Mən evə çatan kimi sənin işlərinlə məşğul olaram” cümləsini güman ki, Rövşən dediyi kimi özüçün yaratdığı kabinetində yazıb, - lap müdirlər kimi düz oturub, sifətinə ciddi bir ifadə verib, yaza-yaza məktəblilərə xas qələmi barmaqlarının arasında sıxıb. “Yerin deşiyindən də olsaaaaa tapam” xalası oğluna cüdo şəkilləri tapacağına söz verən Vüsal “olsa” və “tapam” sözlərinin üstündə “həyəcanlı” sözünü yazanda, elə keçirdiyi həyəcandan “olsa” sözündə artıq sayda “a” hərfini yazanda yəqin qaşları bir az da yuxarı qalxıbmış. Başqa bir məktubunda səliqə ilə “Mən sənə beş dənə, rəngli gözəl şəkil tapmışam” cümləsini yazanda Vüsalın üzü çox güman ki, gülürmüş, gözləri parıldayırmış. Hər məktubun sonunda yazılma tarixlərini qeyd edəndə ayın neçənci olduğunu bilməkçün balaca əlini açıb barmaqlarını bir-bir qatlamağını təsəvvürümə gətirirəm.

İlk dəfə görəndə həyəcanlandığım, sonrakı günlərsə öyrəşdiyim, isinişdiyim şəklə bir neçə dəfə baxıram, anlayıram ki, məktublardan sonra artıq yaddaşıma bütün cizgiləri ilə həkk olunmuş şəkil, sanki Vüsal özü mənimlə doğmalaşıb, dostlaşıb. Kompüterə köçürdüb monitor boyunca böyütdüyüm Vüsala baxıb deyirəm: “Salam dost, oralarda vəziyyət necədi?...”

(Qeyd: Yuxarıdakı rəhmətliyin həmin faciədən bir neçə ay əvvəl Cəbrayılda çəkdirdiyi, sonra isə başdaşında həkk olunmuş şəklidir. Sonra bu şəkil Bakıda dünyasını dəyişən və dəfn olunan atasının qəbir daşının əks tərəfinə vurulub).

İnşallah...

Vüsalın “Orlyonok” velosipedimi düzəltməsi, bir də hərbi hospitalın həyətində topla qapıya tərəf qaçması çox dumanlı yadımda qaldığından hərdən bu iki epizodun baş verib-verməməsi məni bir növ sual qarşısında qoyur. Bəlkə də bu səhnələri nə vaxtsa özümdən xəbərsiz altşüurum doğubmuş ki, Vüsalı xatırlayım, onunla mistik dostluğum o biri dünyada görüşənədək davam etsin. Amma xatirəmdə qalan bu səhnələr uydurma deyil, artıq yaddaşımın lent yazısına köçüb və mən onları dəqiq olub-olmadığına görə silmək istəmirəm...

Bilmirəm, bəlkə də nə vaxtsa Cəbrayılda Vüsalın qəbrini ziyarət edəcəm, salam verəcəm, ruhuna Fatihə oxuyacam, ürəyimi boşaldacam, - sanki dostluğumuz üçün bir az da nəysə etmiş olacam. Bəzənsə elə bilirəm uca Allah mənə cənnət bəxş edəcək, cənnət qapıçısı mələk Rizvandan sonra orda məni gülə-gülə ilk qarşılayan, “Elə mən də səni gözlüyürdüm”, - deyən Vüsal olacaq. Bu yazıya görə təşəkkür edib deyəcək ki, hər şeydən xəbərim var. Mən də sevincək deyəcəm: “Ehh, təsəvvür eləməzsən, mən o dünyada sənin bu yazıdan xəbər tutmağını necə istəyirdim!” Bir az ciddi, bir az da zarafatyana təbəssümlə “Təsəvvür eliyirəm”, - şirin səsiylə deyəcək. Bir də deyəcək ki, ay dost, sən nahaq yerə mən göldə boğulanda keçirdiyim əzablar haqqında bu qədər düşünmüşən, Allahın mənə verdiyi əbədi cənnət payıyla müqayisədə keçirdiyim o əzab heç nədir...

Sonra o, Bakıya bizim məhəlləyə gələndə uşaqlığımızla bağlı unutduğum hadisələri, yadımda dumanlı qalan məqamları yadıma salacaq. Və mən söhbət əsnasında ürəyimdə deyəcəm, şükür sənə, İlahi, məni cənnətə göndərdin, üstəlik, xoşbəxtəm ki, məni cənnət qapısının ağzında ilk qarşılayan, neçə illərdi çox görmək istədiyim Vüsal oldu.

Daxilən pak, üstəlik, bu həyatdan qüsl halında gedən şəhid dostum, o dünyada mənimçün də dua et, dua et ki, Allah mənə orda səninlə görüşməyi nəsib etsin.

Son söz əvəzi

Nə yaxşı ki, Allah var, nə yaxşı ki, Allah-Təala cənnəti və cəhənnəmi yaradıb, nə yaxşı ki, bu dünyada zərrə qədər xeyir iş görən əvəzini o biri dünyada alacaqdır. Bu dünyada əsl sevgi ehtirasının nə olduğunu təzə-təzə bilməyə başlayan, amma bunu dadmağa ömürləri yetişməyən, tək xəyallarında sevdikləri ilə bəlkə də utana-utana sevişmiş Vüsallar, Məhəmmədlər nə xoşbəxtdirlər ki, inşallah məsumluq dövrlərində cənnətlərini qazandılar.

Vüsal haqqında son aylar düşünməyə başlayan vaxtdan məndə bir əminlik (ehtimal yox, məhz əminlik) var idi ki, o, Ramazan ayında bu dünyadan gedib. Nəhayət, bu yazını bitirməyə yaxın dindar dostumdan xahiş etdim, o, internetdə konverter proqramıyla müəyyən etdi ki, həqiqətən, 5 iyun, 1985-ci il, Ramazan ayının 17-ci gününə düşübmüş. Üstəlik, seyid nəslindən olan Vüsalın mənsub olduğu şiə əqidəsinə görə, Ramazan ayının 17-si Peyğəmbərimizin (SAS) Merac günü olub.

iyul, 2011 – yanvar, 2012,

Altıağac kəndi - Bakı

“Azərbaycan” jurnalı, noyabr, 2012

# 2243 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #