Bizim analarımız, bizim atalarımız - Ömər Xəyyamdan yeni hekayə

Bizim analarımız, bizim atalarımız - Ömər Xəyyamdan yeni hekayə
13 iyun 2020
# 14:30

Kulis.az Ömər Xəyyamın “Bizim analarımız, bizim atalarımız” adlı yeni hekayəsini təqdim edir.

Gözləri küçəyə zillənmişdi, fəqət ağlı hardasa – lap uzaqda veyllənirdi.

Uzaqda deyəndə ki... polislər, hərbiçilər... - ağlı bir küçə uzaqlaşa, ya uzaqlaşmaya...

Çit pərdə qabarır, stula ilişib çırpınır, boşalıb çəkilir.

Güləndam kətan ağlarını, yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını ipə asır, ağlar yellənir, Səmədin içində bir cüt qanad titrəyir.

Güləndam əyilir, qalxır...

Ağların arasında ağ xəyalın sirli-sehrli rəqsi...

Güləndam ağ quşa çevrilir, ağların arasından ağ işığa bülənd olur.

***

Marina Svetayeva iki ağız öskürdü.

Gecənin ölü sevindirən çağıydı, yoxsa sübhə yaxın idimi, gündüzün ortasıydımı, - küçələr səksəndi, hava çalxalandı, pəncərələr cingildədi, şəhərin köksündən kəsik çığırtı qopdu.

Ağır-ağır nəfəs alırdı, sinəsindən qopan xışıltı divarı titrədirdi.

Bir ilmə işıq qızının sarı pırpız saçlarının arasında vurnuxurdu. Çarpayıya yaxınlaşdı. Qızını qucağına götürəndə barmaqları anasının çiyninə toxundu. İlahi! Marina Svetayeva - bumbuz qadın! - alışıb yanır! Bilmirəm, anası Səmədi gördümü, yoxsa yox, ancaq nəvəsini yanında görmədi.

***

Səməd qaranlıq küçəyə boylandı, ölənləri, olanları xatırladı, saytlarda eşələndi.

Öskürək, hərarət... Marina Svetayeva həmişə öskürürdü də... Faringit? Allergiya?

Səhər pəncərədən gün işığı uzununa baxdı: günәş deşiyә bәnzәyirdi, bu deşiyә tərəf göydələnlərin arasıyla qırmızı yol gedirdi, qırmızı yolun ortasında qızını gördü: üzü avazımış, gözlərindəki işartı çəkilmiş – yolun başında anasını gördü: kölgə kimi, ilğım kimi.

Boş küçədə - yoluq ağacların kölgəsindəki ağ göyərçinləri görüncə Güləndamı xatırladı. Yox, gördüyü həkimlər idi. Üç həkim bloka cumdu. Səməd həyəcanlandı, ovucları buzladı, tələsik qapıya qaçdı, səs-küy aşağı mərtəbədəydi.

31-ci ev - Florina Verya... – xərəyin dəstəyi ensiz pilləkənin məhəccərinə ki dəyirdi, Florina xalanın gözləri açılırdı, gözlərindəki işıq pillə-pillə öləziyirdi, üzü avazıyır, dodaqları göyərirdi. Axırıncı döngədə gözləri birdəncə parladı, qurumuş dodaqları carradan açıldı:

- Fatima, gülləri qurutma.

Səməd anasını xatırladı, qızını xatırladı, pillələri qalxdıqca xəyalına çox şey gətirdi, məhəccər ilana çevrildi, əlinin altından sürüşdü, ayağı büdrədi. Qızı anasının yanında, - gəlinciyinin saçlarını darayırdı, anası mətbəxdə - pəncərənin qabağındaydı. Ayaqqabısını tələsik çıxarıb mətbəxə cumdu, qızını qucağına götürüb hamama qaçdı, əllərini üç dəfə sabunladı, üzünə, boynuna-boğazına su çəkdi.

Marina Svetayeva naharacan otağından çıxmadı, öskürdü, öskürdü, pəncərəni açdı-örtdü, çarpayı cığıldadı, pəncərəni açdı-örtdü, çarpayı cığıldadı... Nəsə cingildədi, nəsə düşüb sındımı, yoxsa kimsə pəncərəyə daşmı atdı, - Səməd elə qapının ağzındaydı, anasının öskürəyini sayırdı – Marina Svetayevanı gömgöy gördü. Gördü ki, anası boğulur, dərmandı – yerlə bir olmuş...

Özünü itirdi, anasına yaxınlaşdı, əyildi, qorxdu, arxaya çəkildi. Otağına qayıtdı, ağzına respirator keçirdi, əlcəyini taxdı.

- Yox, uşaqlar yoluxmur. - Həkim belə demişdi.

Bir stəkan suda boğulacaqdı; anasının gözlərində burulğana düşdü, yosuna ilişdi, əli boşa çıxdı.

Marina Svetayeva ağ əlcəyi ağ işıq kimi gördü, gözünün bəbəkləri böyüdü, gözünün ağı bir az da ağardı...

***

Balıncla boğsa... Bəs meyit? Qızı?

70 yaşı var, xəstədir, ölsə, iksinin də canı qurtarar. Şəkər, təzyiq, küt ağrılar... 50 cür xəstəlik. Bir də bu virus... Öskürək demirlər – anasında var, qızdırma demirlər – qadın alışıb-yanır, iştahası kəsilib, boğulurmu, - boğulur...

Virusun ayağı ki yoxdur, gəzə-gəzə Bakının Yasamal rayonuna gələ, Hüseyn Cavid prospektindən sağa burulub köhnə binanın beşinci mərtəbəsinə çıxa. Qərəzi ki yoxdur, gəlib anasının şikəst ömrünə yoluxa. Çöldən gələn özüdür, işdəmi, çöldəmi – hardansa, kimdənsə yoluxub, özünün bədəni güclüdür, virusu yenib, anası zəifdir, göydəcə qapıb. Ya da pəncərədən. Deyirdilər, havada gəzir.

Səmədin sifəti od tutdu, yorğanı qamarlayıb başına çəkdi. Boğulurdu. Yaz axşamı nəfəsini yorğanın altına verdiyindən, istidən yox, qəzəbdən boğulurdu, onu boğan anasının hərarətiydi.

Qızı yuxu görürdü, nədi, mışıldayırdı.

Qapını açarladı, dəhlizin o başına – anasının otağına yaxınlaşdı. Qəfil fikrini dəyişdi.

Kitabxananın qabağında – meydançadakı lampa küçəni başdan-başa işıqlandırmışdı. İns-cins görünmürdü, heç it-pişik də yoxdu. Hərdən maşın ulartısı eşidilirdi, hərdən küçənin başındakı hərbiçilərin çəkmələri taqqıldayırdı.

Hara getməlidir? Gedəsi yermi var? Hərbiçilər, polislər... Qəbiristanlığa – Güləndamın yanına... – Güləndama nə deyəcək? Güləndam söz-söhbətdən, problemdən biryolluq getmədimi?

Bəlkə, lap 30 il qabaq, gecәnin ölü sevindirən çağında, ay işığında Marina Svetayeva gümüş çay kimi uzanan prospektdә taksidәn düşüb, balaca, әl boyda bağlamanı sinəsinə sıxıb binalardakı adda-budda işıqlara baxa-baxa fikirlәşmişdi ki, əgər bunca əzab-əziyyətdən, aclıqdan, susuzluqdan sonra ki bu tifil ölməyib, hələ də qucağındadır, daһa ona ölüm yoxdur.

...Bir qarnı ac, bir qarnı tox, bir yadın altında, bir yadın üstündə əzilən yeddi aylıq dul gəlinin qucağında küçə-küçə dolaşan, gecəqondulardakı bar piştaxtalarında gümüldənə-gümüldənə xırdaca əl-ayağıyla oynayan xəstə uşaq indi böyüyüb, qız atasıdır. Çox şey dəyişib, dəyişən təkcə insan deyil, dünya özü dəyişib, fəsillərin yeri dəyişib, - bu da epidemiya, karantin...

Səməd hərdən bu virusu Allahın ayağına yazırdı, hərdən böyük güclərin. Hərdən də fikirləşirdi ki, virus-zad yoxdur, eləcə panikadır... Ta o vaxtacan ki, şəhərdə ölənlərin sayı 5 minə çatdı, - o gün canına üşütmə düşdü... Gah dedilər, uşaqlar yoluxmur, gah dedilər, ancaq qocaları öldürür, gah dedilər, havadan keçir, gah dedilər, suyun özündə var.

Əvvəl-əvvəl bir dəstə orda, bir dəstə burda pıçıldaşırdı, bir də görürdün, yolun ortasındaca bir dəstə qara çadralı qadın əllərini göyə açıb dua edir, fəqət sonra yol da bağlandı. Restoranlar, kitabxanalar, teatrlar və bir gün icazəsiz çölə çıxmağa qadağa qoyuldu: polislər, əsgərlər – şəhər bir ayın içindəcə qocaldı, bozardı...

Kor-peşiman evə qayıtdı. Qapının ağzındaca quru yanaqlarının dərisi titrəyən, altı, üstü şişmiş, qıpqırmızı gözləri yorğun anasıyla rastlaşdı.

Marina Svetayevanın ayaqları dolaşırdı. Dəhlizdəki pənəcərədən qaranlığa boylandı, küçədəki boşluğu, qaranlığı kirpikləriylə otağa çəkdi, baxışları ki toqquşdu, Səmədin başı gicəlləndi.

Marina Svetayeva eləcə baxdı, baxdı, ağır-ağır çevrildi, divardan tuta-tuta dəhlizin o başına, otağına getdi.

Səməd anasının baxışlarını eşitmişdi, gözləri bir az da iriləşmişdi. İri gözləriylə qapıda, yerdə, asılqandakı jaketdə, uzaqdakı binada, binadan sonrakı intəhasız beton cəngəllikdə, qaranlıq üfüqdə - dənizin üstündə nəsə gözəgörünməz, balaca, bapbalaca bir şey gəzirdi: bir işıq – ümid, bir əl – tutmağa, bir çiyin – başını qoyub ağlamağa...

Hər sualın ayrı cavabı olsaydı, dərd yarıydı, tərs kimi, min sualın bir cavabı vardı. Çətin idi. Çox çətin idi. Siqaret tüstüsü min sualın bir cavabı kimi onun üzünə yayılır, gözünü acışdırır, başını gicəlləndirirdi. Tez əlini yelləyib tüstünü - fikrini dağıdırdı.

Marina Svetayeva iki ağız öskürdü.

Gecənin ölü sevindirən çağıydı, yoxsa sübhə yaxın idimi, gündüzün ortasıydımı, küçələr səksəndi, hava çalxalandı, pəncərələr cingildədi, şəhərin köksündən kəsik çığırtı qopdu.

Səməd qızını sinəsinə sıxıb uzanmışdı.

Təcili yardım... Karantin... – yox, yox... dost var, düşmən var... onsuz da, Güləndamın intiharından sonra dostu, tanışı soyumuşdu: dilucu salam, əlucu görüş... Səməd yaxşı bilirdi ki, Güləndam niyə intihar edib, Səməd yaxşı bilirdi ki, dost-tanış niyə soyuyub, niyə qaçır.

Marina Svetayeva öskürdükcə Səmədin hərarəti qalxırdı, nəfəsi daralırdı.

Yarıqaranlıq boşluqda gah Güləndamın yaşlı gözləri, gah anasının yorğun üzü peyda olurdu. Sirrin-sehrin içində çaşıb qalmışdı.

Yarpaq xışıltısı eşitdi, açıq pəncərədən içəriyə sarımtıl kəpənəklər doldu, canına sərinlik yayıldı.

Səməd qızını sinəsinə sıxıb yuxulamışdı.

Eşitdiyi qapının cırıltısı idi, – anası ayaqlarını sürüyə-sürüyə, divardan tuta-tuta gəlmişdi, gördüyü anasının gecəliyindəki kəpənək şəkilləriydi - qanadlanmışdı, anasının öpdüyü yer idi – alnında, əlləriydi – üzündə...

Çarpayı cığıldadı, pəncərə açıldı-örtüldü, çarpayı cığıldadı, öskürdü, öskürdü, öskürdü...

Səməd gözlərini açmasaydı, ürəyi dayanacaqdı. Qızının yanaqlarına yapışmış saçlarını qulağının arxasına keçirdi, hərarətini yoxladı, üzündən öpdü, barmaqlarının ucundaca otaqdan çıxdı.

Dəhlizdə var-gəl etdi, mətbəxdə siqaret yandırdı, əlləri əsirdi, alnında soyuq tər puçurlamışdı.

Mətbəxin pəncərəsindən süzülən işıq dəhlizin divarında, döşəməsində Səmədin kölgəsinə çevrilirdi, həyəcanlandıqca kölgəsi böyüyürdü, dar dəhliz daralırdı, divarlar yandan, tavan yuxarıdan üstünə gəlirdi. Mətbəxin qapısını bağladı, kölgəsini ordan-burdan sökülmüş boz divar kağızında azdırdı.

Səhərə yaxın qapını açdı, içəridə qəribə qoxu vardı: torpaq qoxusu kimi, yaraq qoxusu kimi... Çarpayıya yaxınlaşdı.

İlahi! Marina Svetayeva ağ gecəliyini geyinmiş, ağ mələfənin üstündə uzanmış, yastığını da başının bərabərində qoymuşdu.

Səmədin alnındakı soyuq tər damcıları göydələnlərin arasından süzülən nazik, titrək işıq xəttinin altında muncuq kimi parıldadı.

Anasının gözləri parıl-parıldı, deyərdin, dəniz gecəylə yaşmaqlanıb; yaşıl-yaşıldı.

***

Fatima gülləri sulayırdı, aşağı küçədən ucalan musiqi sədaları sərsəri küləyin qanadına ilişib harasa – lap uzağa gedirdi, küçələrdəki izdihamın hənirtisinə qarışırdı, eşidilməz olurdu. Uğultunun içindən qızların gülüşləri aydın eşidilirdi, aşağıdakı məscidin minarəsindən şükür duaları yayılırdı, yuxarı məhəllədəki kilsənin zəngi eşidilirdi, bir də sirli bir səsin çağırışı idimi, ürəyin səbirsizliyi idimi, intizarın tükənişi idimi, nə idisə, Səmədi şəhərin yuxarı başından aşağı başına qovmuşdu. Elə bil, dəniz bu saat ətəyini əlinə alıb qaçacaqdı.

Qağayılar dənizin üzündən öpürdü, dəniz də, deyərdin, qız uşağıdır, utanır, sinəsi qabarır.

2020, may

# 5587 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #