“Süleyman Rəhimov “donosbaz” idi“

“Süleyman Rəhimov “donosbaz” idi“
30 iyun 2011
# 12:20
AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu Şamo Arifin Kulis.az-dakı açıqlamalarına münasibət bildirir


- Ədalət müəllim, Şamo Arif Kulis.az-a müsahibəsində Rəsul Rza, Nigar Rəfibəyli və Anar barədə bəzi açıqlamalar verib. Bu açıqlamalar ilk deyil, səhv etmirəmsə, dördüncü dəfədir ki, səslənir. Rəzul Rza və Süleyman Rəhimovun gənclik illərini və ümumiyyətlə həmin müəmmalı illəri araşdıran və öyrənən, ən yaxşı bilən adam kimi sizin o tarixə işıq salmanızı istərdik.

- Həqiqətən də Şamo Arif dörd dəfə eyni sözü deyib və cavabını alıb. Onu da düz dediniz ki, mən həmin dövrü yaxşı bilirəm. Çünki sənədlərlə işləmişəm. Burda Rəsul Rza və Süleyman Rəhimov şəxsiyyətlərinin, onların ailələrinin üz-üzə qoyulması məsələsi qabardılır. Bunu Rəhimovlar ailəsinin üzvü olan Şamo Arif edir.


“Süleyman Rəhimov Teymur Salahovu güllələtdirib...”


- Bunun səbəbi nədir?


- Şamo Arif deyir ki, Rəsul Rza ilə Süleyman Rəhimovun münasibətləri yaxşı olub, amma Anarla münasibətlərimizdə konfliktlər var. Əslində bu konfliktin də kökü həmin dövrə gedib çıxır. Süleyman Rəhimov Rəsul Rza münasibətləri kənardan baxıldığında yaxşı olmuş kimi görünə bilər, amma faktlar başqa söz deyir.

- Nəyə görə?

- Yadımdadır, AYB-nin son qurultayında Zərifə Salahova Şamo Arifə əl qaldırır. Bunun səbəbini araşdırıram və məlum olur ki, Zərifə Salahovanın atası Teymur Salahov 37-ci ildə Süleyman Rəhimovun DTK-ya verdiyi izahat nəticəsində güllələnib. Teymur Salahov Laçının birinci katibi olub, onun birinci müavini isə Süleyman Rəhimov olub. 1937-ci ildə Rəhimovu həbs edirlər. DTK-da o, bir neçə gün saxlanılır. Daha sonra buraxırlar və o, dərhal Laçının birinci katibi olur – Teymur Salahovun yerinə keçir - Teymur Salahovu isə güllələyirlər. Bu faktdır.

Bilirsiniz ki, çənəsi boş adam həddən artıq danışanda səhvlər də buraxır. Sonralar Şamo Arif yazılarında bu məsələyə toxunub, yazıb ki, “o belə olub, belə olub ”. Ona görə də Zərifə Salahova Şamo Arifi bağışlamır və qurultayda ona yaxınlaşıb tənbeh edir. Bu da mənim gözümün qabağında olub. Həmin gündən sonra Şamo Arif fikirləşir ki, Zərifə xanımı AYB-də öyrədirlər. Əslində, düz fikirləşmir, nə biz Zərifə Salahovanı, nə başqasını öyrədən deyilik. Həm də axı həmin dövrün söhbətlərindən də o dərəcədə məlumatlı olan adam da yoxdur ki, nəsə öyrədə bilsin.


“Müşfiq, Faruq, Mehdi Hüseynzadəni bada verib...”


- O dövrü bir az aça bilərsinizmi?


- Çox ağır dövr olub. Onda insanları sıxırdılar, sındırırdılar və sınan adamın sınmağı da kiminsə adını çəkməklə, yəni kiminsə ailəsini başsız qoymaqla nəticələnirdi. Buna da bir az normal baxmaq lazımdır, sifariş elə idi, həmin sifarişlərin fəsadları da bu günə qədər gəlib çıxır.
O dövrdə Mikayıl Müşfiq, Mehdi Hüseynzadə (sonralar Mixaylo olur – V.Q.), Abdulla Faruq, Salman Mümtaz, Məmməd Rahim, Mehdi Hüseyn (yazıçı), Süleyman Rüstəm, Mir Cəlal - bu adamlar bir yerdə olardılar. Yaşıd idilər, 1906-1910-cu illər arasında döğulan adamlar idilər. Ədəbi proseslərə qoşulmaları da, söhbətləri də hamısı bir yerdə idi. Təkcə yazıçı olmayan Mehdi Hüseynzadə idi, o da “Azərnəşr”də rəssam, ədəbi işçi işləyirdi. Bu səbəbdən o da bu gənclərin arasında idi. Çoxusu da çılğın, amma Müşfiq, Faruq və Mehdi Hüseynzadə lap çılğın idilər. Tapança ilə gəzirdilər. Bu emosiyalı cavanlar müəyyən yerlərdə səslərini qaldıranda artıq təxribata çəkilirdilər. Faruqu bir dəfə köhnə “İnturist”də bir rus hərbçisi ilə təxribata çəkdilər, rusa onu söydürdülər. O da butulka ilə onu təpəsini yardı və 2-3 gün yatdı.

Ədəbi mühitdə də çılğın olub, sözlərini dediklərinə görə onlardan heyif çıxmaq istəyən adamlar var idi. Sadəcə, girəvə gözləyirdilər. Fürsət əllərinə düşəndə Müşfiq güllələndi, Faruq repressiyalara məruz qaldı, Mehdi Hüseynzadə dəfələrlə “NKVD”-yə çağırıldı və nəhayət müharibə başlayan kimi döyüşə getdi ki, canı burdan qurtarsın.

- O gənclərin faciəsinin Süleyman Rəhimov söhbətinə nə dəxli var ki?!

- Müşfiq söhbətlərinə qayıtmaq istəmirəm, orda Seyfulla Şamilovun da, Əhməd Cavadın da adı var. Amma əvvəl Abdulla Faruqdan başlamaq lazımdır. Bilirsiniz ki, Abdulla Faruqla Rəsul Rza əslən göyçaydandırlar. Faruq Rəsul Rzadan 3 yaş böyük idi. Rəsul Rza 1930-cu ildə Bakıya gələndə ədəbi mühitdə ondan başqa heç kimi tanımırdı. Faruq da Süleyman Rüstəmlə dost idi, çünki Süleyman Rüstəm çox gənc yaşlarından ədəbi prosesə atılıb, 1927-ci ildə “Gənc Qələmlər Dərnəyi”ndə iştirak da edib. Bu səbəbdən də Rəsul Rza da onlarla dostluğa başlayır. Amma o və Ənvər Məmmədxanlı daha çox diqqəti oxumağa, işləməyə verirdilər. Hətta oturub çay içməyə vaxtları da az olurdu. Lakin bir-birlərini çox istəyirdilər, Rəsul Rza və Ənvər Məmmədxanlı Abdulla Faruqu çox istəyirdi. 38-ci ildə Faruq əlifbanın dəyişilməsinə etiraz olaraq Bağırova məktub yazanda Rəsul Rzanı işdən çıxarırlar.


“Abdulla Faruqu da Rəhimov bada verir...”


- Faruq məktubu tək yazmışdı?


- Yox, 7-8 nəfər olub məktubu imzalayan, amma qalanları qaçıb aradan çıxıblar, Faruq sinəsini tək qabağa verib. Faruqun gündəliyi var, əl yazması deyək, orada həm bu məqamlar, həm də Rəsul Rzanın işdən çıxarılmasının detalları yazılıb. Həmin gündəlikdə bir yer var:

“Mən hələ də Yazıçılar İttifaqının üzvü kimi qalırdım, amma Rəsul işdən çıxarılandan sonra bildim ki, məni üzvlükdən çıxaracaqlar”.

İndi çatdıq Süleyman Rəhimov məsələsinə, onun üzvlükdən çıxarılma məsələsini Rəhimov qaldırır. Deyir ki, həmin dəstədəndir, pantürkistdir və s. Rəhimovun yazdığı məktuba cavab gəlir və Faruqu AYİ-dən çıxarırlar. Faruq gündəliyində yazır ki, inanmıram ki, Süleyman Rəhimov və başqa bir ad da çəkir, amma qeyd etmək istəmirəm – bu iki nəfər məni Yazıçılar İttifaqında saxlayarlar. Çünki Rəsul Rzadan heyf çıxmağa hazır idilər, bu qisasın biri də mən oldum. Gündəlikdə yazılandan belə çıxır ki, Faruqu Rəsul Rza müdafiə edə bilərdi, o da yox idi. Çünki Faruqu müdafiə etmişdi və işdən çıxarılmışdı. Əvəzində isə əks cəbhə səlahiyyət sahibi olmuşdu. Beləliklə də, Faruqun məsələsi həll olunur. O sonra tutulur, ev dustağı olur və müharibə başlayanda Stalinin bir fərmanı çıxır ki, filan maddələrlə dustaq olunanlar günahlarını cərimə batalyonlarında yuya bilərlər. Göyçaydan tanınmış adamlardan iki nəfər bu yolla müharibəyə gedib, Abdulla Faruq və Ziya Bünyadov.


“Süleyman Rəhimov “NKVD”-yə Müşfiqdən də yazıb...”


- Mikayıl Müşfiq söhbətində isə çox qəribə məqam var idi – eyni ssenari idi. Faruqun bəxti onda gətirmişdi ki, artıq 37-ci il sovuşmuşdu, ölən-ölmüşdü, sürgün olunan sürgün olunmuşdu, plan da dolmuşdu. Amma Müşfiqdə belə olmadı, o, həmin qanlı ərəfəyə düşdü. Günahı da istedadlı olması və çılğınlığı idi, düzü deyirdi. Çox adamın gözü onu götürmürdü. Yenə Faruqun gündəliyinə müraciət edək. O yazır:

“1936-ci ildə Səmədin “Salam” (“Rəhbərə Salam” –V.Q.) şeiri Stalin mükafatını alandan sonra bütün müəssisələrdə Səmədlə görüş keçirilirdi. Onunla birlikdə Yazışılar İttifaqından şairlər də gedirdilər. Bu dəfə Səməd, Müşfiq, Məmməd Rahim və mən getdik. Səməd “Salam”ı oxudu, hamı əl çaldı. Sonra Müşfiq “İ. V. Stalin” şeirini oxudu. Hər bənddən sonra saxlayıb əl çalırdılar, sonra şeir davam edirdi. Çox güclü şeir idi. Daha sonra Məmməd Rahim Stalinin anasına həsr etdiyi şeiri oxudu, ona əl çalan olmadı. Sonuncu şeiri mən oxudum, məni yarımçıq saxladılar, fitə basıb aşağı düşürtdülər...”

Burdan da görünür ki, Müşfiq necə şair olub. Deməli, paxılıq da var idi. Əslində, bu paxıllıq ədəbi proseslərdə olur, bu gün də var, amma kimisə güdaza vermək, ailəsini başsız qoymaq dərəcəsində yox.

- Deyəsən, Müşfiq də kimisə söymüşdü, eləmi?

- Müşfiq haqsız danışıq olanda çılğınlığını büruzə verirdi. Pafoslu idi, danışan idi, çılğın idi. Söyürdü də. Yenə deyirəm, istedadlı idi, çılğın idi, sözünü deyən idi. Yığışıb güdaza verdilər onu. Onun istedadından başqa günahı yox idi. Ondan da yazan Süleyman Rəhimov olub və bu fakt da var.

- Nigar Rəfibəylidən də donos yazırdı...

- Xudadat bəy Rəfiyevin qızı Nigar xanımdan da “bəy qızı, xan qızı” deyə-deyə danos yazırdılar. Yazanlardan biri də Süleyman Rəhimov idi. Əsas sözləri də bu idi ki, o niyə Kremldə çalışır? Rəsul Rza da Moskvada oxuyurdu, Nigar xanımda. Həm də onun işlədiyi yerdə əksəriyyəti tələbə olan xanımlar çılışırdı. İttifaq respublikalarının hamısından çoxlu sayda adam orda tərcüməçi işləyirdi, məktublar çox olurdu, cavab vermək lazım idi.

- Amma Nigar Rəfibəylinin atası cümhuriyyətin ilk səhiyyə naziri olmuşdu. Bu aspektdən onun Kremldə işləməsi bir qədər sual doğurur...

- Birincisi, atası güllələnəndə, qardaşları, anası sürgün olunanda Nigar xanım uşaq idi. O burda tək qalır, sovet tərbiyəsi ilə böyüyür. Çox oxumuş, savadlı qız olub. Ona görə də onun Bakıda yox, Moskvada oxumağı təbii bir şey idi. Həm də axı onda repressiya başlamamışdı. Necə deyə bilirlər ki, burdan qovulub deyə Moskvada oxuyub – hamısı ağ yalandır! Repressiya başlayanda da həmin tələbələri yığdılar ki, məktublara kömək etsinlər, çünki məktub həddən artıq çox idi. Donos yazan çox idi, şikayət yazan çox idi. Rus və Azərbaycan dillərini bilən adamlar da az idi. Nigar xanımın işi kiminsə nəzarəti altında məktubları oxuyub tərcümə etmək idi.
Bir başqa iddia da var ki, niyə Nigar xanımı kimlərsə qoruyub saxlayıb. Bu da boş söhbətdir, o vaxt heç kim heç kimi qoruyub saxlaya bilməzdi. Süleyman Rəhimovun məcbur etdiyi bir məşhur ədib vardı, rəhmətə getdiyi üçün adını demək istəmirəm... Rəhimov onu vadar etmışdi ki, arvadını boşamaqla bağlı təkcə Azərbaycan qəzetlərinə yox, həm də ermənidilli qəzetə də elan verməlisən.

- ...ki, arvadımı boşamışam?

- Yox, arvadımı nə səbəbdən boşayıram. O zamanlar belə qanun vardı, tanınmışlar boşananda səbəbini açıqlamalı idi. Amma təkcə öz dilində olan qəzetdə. Bu adam da Azərbaycan dilli qəzetdə elan verib, amma bu, Süleyman Rəhimovu qane etməyib, deyib ki, erməni dilli qəzetdə verməlisən. O adam sonralar Sülüyman Rəhimovu görəndə diksinirdi.


“Nəbi Xəzri Süleyman Rəhimova şillə vurub!..”


- Şamo Arif deyir ki, Mehdi Hüseynin ölümündə atasının günahı yoxdur...


- Mehdi Hüseyn, Rəzul Rza, Müşfiq, Faruq çox yaxın olublar. Mehdi də bəy oğlu olub, Rəsul Rza da məmmədxanlılardandır. 1965-ci ildə Mehdi Hüseynin ürəyinin yazıçılar birliyində partlaması və bu əsnada da Nəbi Xəzrinin tez özünü çatdırıb Süleyman Rəhimova sillə vurması nə demək idi?! Zərifə Salahovanın Şamo Arifə vurduğu şillə ilə eyni şeydir, eyni epizoddur. Amma Şamo Arif bunu ört-basdır etmək üçün Nəbi Xəzriyə məqalə həsr edir, onu dahi şair adlandırır. Səbəb bu idi ki, söhbət böyüməsin. Yəni eyni şeylər təkrar olunur: kiminsə ürəyini partlatmaq, kimisə öldürtmək, kimisə çürütmək... Şamo Arif indi deyir ki, Rəsul Rza ilə Süleyman Rəhimov dost olublar, Anarla bizim aramızda söz-söhbət var, mən onu əzib keçərəm və s. Əslində necə əzə bilər ki?! Yazısı ortada, özü ortada...


“Ələviyyə Babayevanın əri şair və yazıçılarımızın taleyini həll edib...”


- Şamo Arif Anarla düşmən olmalarının səbəbi kimi Ələviyyə Babayevanın kitabına redaktor olmasını göstərir. Deyir, Ələviyyə xanımla Anar düşmən idi, mən onun kitabının redaktoru oldum, ondan sonra Anar mənə düşmən kəsildi...


- Birincisi, Ələviyyə Babayevanın Yazıçılar Birliyinin və Anarın əleyhinə həmişə yazıları olub. Çünki onun əri elə vəzifədə işləyib ki, şair və yazıçılarımızın taleyini həll edib. Şamo Arif onun adını çəkməklə əslində, özünə tərəfdaş axtarır.


“Oğul var atasını dədə eləyir, oğul var atasını gədə eləyir...”


- Süleyman Rüstəmin məktubu məsələsi nədir bəs?


- Hə, onu da deyir ki, Süleyman Rüstəmin məktubu ortalığa çıxsın. O məktubda nə var axı?! Hamı o vaxt bir-birindən donos yazırdı, o məktub da donos idi. Məqsəd də Nigar xanımla Rəsul Rzanı gətirib məhv etməydi. Bunu da müəyyən mütərəqqi adamlar imkan vermədilər, Nigar xanımı qoruyub saxladılar. Bura Stalinin, Beriyanın nə dəxli var axı?!

- Şamo Arif deyir ki, Anar yaman oxşayır onlara...

- Bunu demək əxlaqsızlıqdır. Bunu demək Anarın üzünə söyməkdir. Anar buna cavab verər-verməz, - özü bilər. Mənim bu söhbətlərə aidiyyatım yoxdur, mən fakta söykənib danışıram. Bu söhbətlə Şamo Arif öz tərbiyəsini ortaya qoyub. Əgər dedikləri düzdüsə, niyə bu günə kimi ortaya bir dənə də olsa fakt çıxmır?! Niyə ancaq sənin atanın əməlləri üzə çıxır?! Bilirsiniz, elə bir şey olsaydı donos yazanlar onu Şamo Arifdən tez tapıb ortaya qoyardılar. Əslində, Bağırovun Kremlə məktub göndərməsi faktdır, amma onun içində nə var idi?! Donos idi.

Şamo Arifin atasına “Dədə Süleyman” deyiblər. Bilirsinizmi, oğul var atasını dədə eləyir, oğul var, atasını gədə eləyir. Məncə, bu övladlar elə etməlidirlər ki, atalarının tarixdəki adlarını qoruyub saxlaya bilsinlər. Bir qələm sahibi olaraq mən bu düşmənçılıyı başa düşə bilmirəm. Azərbaycan ədəbyyatının yaradıcılarından biri olan Süleyman Rəhimovu gözdən salan Şamo Arifdir!


“Rəsul Rzanı da Süleyman Rəhimov işdən çıxartdırıb...”


- Anarın xatirələrində var ki, atamdan donos yazan adam ondan sonra onun yerinə keçib...


- Aydındır, Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğun – bunlar dalbadal sədr olublar. Əlbəttə, Rəsul Rzanın işdən çıxarılmasına səbəb Abdulla Faruqdan yazılan məktub oldu. Onu da Süleyman Rəhimov yazmışdı. Çalışırdılar ki, Faruqu içəri saldırsınlar, ondan söz alıb Rəsul Rza ilə Nigar Rəfibəylini güdaza versinlər. Buna bəzi adamlar imkan vermədilər. O vaxtın da öz adamları var idi – Üzeyir Hacıbəyov, Abdulla Şaiq və s.


“Müşfiqi güllələyən əsgərlə görüşmüşəm...”


- Bəs həmin adamlar Müşfiqə necə icazə verdilər?


- Hamı bir yerdə yığışıb onu güdaza verdilər. Onun kimi parlaq istedadın axırına çıxdılar.

Sizə bir məsələnin üstünü açım, Müşfiqi 1939-cu ildə Nargin adasına aparıb güllələyiblər. Onu güllələyən əsgərlərdən biri yaxın günlərə kimi yaşayırdı, indi bilmirəm sağdı, ya yox. Mən onunla söhbət etmişəm, deyirdi ki, biz bilmirdik kimi güllələyirik. İki nəfər idik, öldürüb meyiti dənizə atdıq. Sonralar onun Mikayıq Müşfiq olduğunu öyrəndik. Müşfiq orda nəsə bir söz deyib. Dili-dodağı əsirdi, amma qorxudan yox. Dərman vermişdilər... Həmin adam deyirdi ki, mən çox təəssüf edirəm ki, o sözü yadımda saxlamadım.

Bilirsiniz, Müşfiqin ölümü belə tez ola bilməzdi, ölüm hökmü verilir və iki saatın içində qərar icra olunur – güllələnir. O vaxt kim “vətən xaini” çıxırdısa, tez iclas olurdu və əfsus ki, bu iclaslarda sovet ədəbiyyatının aparıcı adamları da qoşulurdular. Bunların arasında Süleyman Rəhimov da var idi...


“Rəsul Rzanın adından da donos yazırdılar...”


- Bəs Rəzul Rza donos yazmayıb?


- O vaxt ən çox adı hallanan Səməd Vurğun, Rəsul Rza və Nigar Rəfibəyli olub. Bunların əleyhinə donos çox idi. Amma Rəsul Rzadan danosu Mehdi Hüseynin adından yazırdılar. Yazan Mehdi Hüseyn deyildi. Rəsul Rzanın da adından Mehdi Hüseyndən donoslar gedirdi, ya da Nigar Rəfibəylinin adından. O deyirdi bu bəy qızıdır, bu deyirdi, bu bəy oğludur... Həmin söhbətlərə artıq fikir verən yox idi, tufan keçmişdi. DTK arxivlərindən nə Rəsul Rzanın, nə Nigar Rəfibəylinin, nə də Mehdi Hüseynin bircə dənə yazısı var.


“Süleyman Rəhimovun ədəbiyyatımıza müstəsna xidmətləri var...”


- Dediklərinizin sübutu var?


- Mən bütün müsahibə boyu dediklərimin altından qol çəkə bilərəm və istəniən adamla üz-üzə oturub sənəd-sübutla deyə bilərəm ki, hadisələr necə olub. Amma onu da deyirəm ki, Süleyman Rəhimovun ədəbiyyatımıza müstəsna xidməti var, onlar barədə belə söhbətləri etməyin özü cılızlıqdır. O vaxtlar çətin vaxtlar idi, hamı qorxurdu, adı sözlərdən belə qorxurdular. Sizə bir əhvalat danışım. Bir tanınmış şair var idi, indi rəhmətə gedib. Onda uşaq idi, yuxuda görmüşdü ki, Stalin ölüb. Bunu məktəbdə müəlliminə danışanda müəllim dərhal DTK işçilərini çağırır. Valideynləri gəlib ağlaya-ağlaya deyirlər ki, uşağın başı xarab olub. Deyirlər, ağlını başına qoyarıq. Həmin gün təsadüfən Stalin ölür və ondan əl çəkirlər. Baxın belə zamanlar idi.


“Şamo Arif Süleyman Rəhimovun 100 illiyindən də narazıdır...”


- Heydər Əliyev onun 100 illiyinin keçirilməsi ilə bağlı sərəncam verib. Rəhbərlik Elçin Əfəndiyevdə olub. Süleyman Rəhimovun kitabları çıxmışdı, adına küçə var idi, Fəxri Xiyabanda abidəsi vardı, dərsliklərdə vardı, xalq yazıçısı idi, sosialist əməyi qəhrəmanı idi. Ona nə eləməli idilər?! Tədbirlər təşkil olunur, amma o tədbirə Şamo Arif gəlmir. Süleyman Rəhimovun o biri oğlu Aqil Rəhimov iştirak edir və məmnun qalır. Bu məmnunluğunu AYB-yə gəlib Anara da bildirir. Bundan sonra da o, “Ədəbiyyat qəzeti”ndə Heydər Əliyevə ailəsi adından təşəkkür edir. Bundan iki gün sonra Şamo Arif bura gəlir və mənimlə rastlaşır, mənə deyir ki, təkzib verməlisiniz. Bizim ailə heç kimə təşəkkür etmir. Bunun səbəbi də iki qardaşın qısqanclığıdır. Şamo düşünüb ki, niyə Heydər Əliyev Aqili tanıdı, məni yox.


Vüqar QURDQANLI
# 2948 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #