Yazdı, məğlub oldu, intihar etdi - ARAŞDIRMA

Yazdı, məğlub oldu, intihar etdi - ARAŞDIRMA
11 may 2011
# 10:36
Qəhrəman olmaq- qüdrətli taleyə
qarşı da vuruşmaq deməkdi.

Stefan Sveyq


Kulis.az-ın “İntihar etmiş yazıçılar” seriyasında bu dəfəki qonağı Stefan Sveyqdir. O nə Cek London, Ernest Heminquey kimi xəstəlikdən əziyyət çəkirdi, nə də Vulf kimi psixi pozğunluğu vardı. Sveyqin intiharı bəşəri səbəblərdən qaynaqlanırdı. O işıqlı Avropasının qaranlıqlar içində qovrulmasına təhəmmül eləmədi.

Yəhudi fabrikantın oğlu

Sveyq 1881-ci ildə Vyanada yəhudi ailəsində anadan olub. Atası toxuculuq fabrikinin sahibi idi. 1900-cü ildə gimnaziyanı bitirən Sveyq Vyana universitetinin fəlsəfə və ədəbiyyat fakultəsinə daxil olur. Tələbə ikən avstriyalı şair, yazıçısı Quqo Fon Qofmanstal və Rene Mariya Rilkedən təsrilənərək yazdığı “Gümüş simlər” şerlər kitabını çap etdirir. Kitabının bir nüsxəsini Rilkeyə göndərir, o da əvəzində öz kitabını gənc şairə yollayır. Onların arasında dostluq münasibətləri qurulur.

Sveyq tərcüməçiliklə də məşğul olur. Pol Verlen və Şarl Bodlerin şerlərini almanacaya çevirir. Vyana universitetini doktor dərəcəsi ilə bitirən Sveyq 1905-də London və Parisə səyahətə çıxır. Ardınca isə İtaliya, İspaniya, Hindistan, Çin, ABŞ, Kuba və başqa ölkələri səyahət edir.

Həm arxiv işçisi, həm də esseist

Səyahətdən qayıtdıqdan sonra Sveyq İsveçrəyə köçür. Birinci Dünya Müharibəsi başlayanada Vyanaya dönən yazıçı Müharibə Nazirliyinin təklifi ilə “müharibə arxivi”nə məmur təyin olunur. Bu vəzifə Sveyq üçün yeni üfüqlər açır.

Sveyq arxivdə işləmək bacarığı əldə edir, bütün günü arxiv sənədləri ilə işləyir, maraqlı məlumatları konspektləşdirir. Bu məlumatlar gələcək yaradıcılığında Sveyqə gərəkli olacaqdı.
Sveyq Romen Rollan haqqında “Avropanın vicdanı” adlı oçerk yazır. Rollan fransız yazıçısı idi. 1915-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı almışdı. O Avropa pasifist təşkilatlarının aktiv iştirakçılarından biri kimi müharibə əleyhinə məqalələr yazırdı. Rollan Lev Tolstoyla yazışır, fikir mükalimələri aparırdı. Tolstoy hər ikisinin sevimli yazıçısı idi.

Sveyq Romen Rollandan sonra bir-birinin ardınca Maksim Qroki, Tomas Mann, Marsel Prust haqqında da esselər yazır.

Birinci Dünya Müharibəsindən sonra Sveyq aktv sürətdə yaradıcılıqla məşğul olmağa başlayır. O bir-birinin ardınca qısa hekayə kitabları yazıb çap etdirir. Onun novellaları özünün dramatizmi, qeyri-adi süjeti ilə oxucunu valeh edirdi.

“Ulduz saatları” ulduz etdi

1927-ci ildə qələmə aldığı “Bəşəriyyətin ulduz saatları” kitabı dünyəvi uğur qazanır. Bir il sonra isə Lev Tolstoyun doğumunun yüz illiyi münasibətilə təşkil olunan tədbirlərə qatılmaq üçün Sovetlər Birliyinə gəlir. O “Sabahın tarixi” kitabında Tolsoty haqqında esse yazır.

Sveyq novellaları ilə özünəməxsus üslub yaratsa da romanları bir o qədər də uğurlu alınmırdı. Roman yaza bilmədiyini anlayan Sveyq bu janra çox nadir hallarda müraciət edir.

Tarixi yazırsansa

Əvəzində Sveyq qələmini tarixi, bioqrafik oçerklərdə sınayır. Sveyqin tarixi sənədlərlə işləmək kimi xüsusi bacarığı vardı. O başqalarının kiçik bir sənəd parçasında önəmsəmədiklərini məharətlə görür, usatalıqla qəhrəmanın psixoloji portretini yaradırdı.

Onun yüksək bədiiyyatla qələmə aldığı tarixi əsərlərdə xronoji ardıcıllıq pozulmur, tarixi faktlar təhrif olunmadan qalırdı. Yazıçı “Bəşəriyyətin ulduz saatları”na ön sözdə yazır: “ Kitabda yer alan tarixi hadisələri yazarkən gerçəkləri heç bir şəkildə dəyişdirmədim, öz əlavələrimlə rəngləndirib zənginləşdirmədim. Çünki tarix, qüsursuzluğa çatdığı belə təkrarsız saatlarda, ona yardım üçün uzanan əllərə ehtiyac duymaz. Əgər o, bir şair, bir dramaturq kimi öz vəzifəsini sözün əsl mənasında yerinə yetirirsə, heç bir şair və ya yazıçı onu üstələməyə çalışmamalıdır.”

“Jozef Fuşe. Siyasi xadimin portreti”


1929-cu ildə nəşr olunan bu kitabı çox qısa müddətə yazıb bitirmişdi. Əsər isə Fransa tarixinin 50 ilə yaxın bir dövrünü əhatə edirdi. Əsərin baş qəhrəmanı isə əslində mənfi surət olan, Fransa burjua inqilabından ta Napoleon İmperiyasına, restovrasiyaya qədər olan bir dövrdə polis naziri olmuş Fuşedir.

Sveyq “Fuşenin xoşagəlməz şəxs olması və kitabda qadınlarla bağlı bircə epizodun belə olmaması” fikrini əsas gətirərək naşirinə kitabı kiçik tirajla buraxmağı tapşırır. Bununla belə əsər bir il ərzində əlli min nüsxədə çap olunur və bir sıra Avropa dillərinə tərcümə olunur.

Avropanın süqutu

Nasistlər Almaniyada hakimiyyətə gələndə S. Sveyq üçün həyati təhlükə yaranır. Bu təhlükə onun mili kimliyindən ziyadə düşüncəsi ilə də bağlı idi. Sveyq qətiyyətli faşizm əleyhdarı idi. O, faşizmin Avropanı yenidən ortaçağların qaranlıq dövrlərinə aparacağından ehtiyat edirdi.

Rotterdamlı Erazm

Orta əsrlərin bu böyük humanisti Sveyqi cəlb edir. Sveyq onun haqqında bir müddət araşdırma apardıqdan sonra 1934-cü ildə “Rotterdamlı Erazmın qələbə və faciəsi” əsərini yazır.
Erazm Martin Lüterin islahatlarını alqışlasa da, bu islahatların Avropanı parçalayacağından qorxurdu. Sveyqə görə Erazmın faciəsi də bu parçalanmanın, münaqişənin qarşısını ala bilməməyində idi.

Eyni tale Sveyqi gözləyirdi. O zənn edirdi ki, Birinci Dünya Müharibəsi cahanın və ən əsası da Avropanın tarixindəki son müharibədir. Lakin zənnində yanılırdı. İkinci Dünya Müharibəsi qapıda idi. Nasisilər Almaniyada hakimiyyət başında oturmuşdular.
1935-ci ildə nasistlər Sveyqin Zalsburqdakı evində axtarış aparırlar. Lakin onu həbs edəcək dəlil tapa bilmirlər.

Sveyq ailəsini Zalsburqda qoyaraq təcili Londona köçməli olur.
Bu ərəfədə “Rotterdamllı Erazm” nəşr olunur. 1937- ci ildə Sveyq yoldaşı Federikadan ayrılaraq Portuqaliyaya yollanır. Bir il sonra Portuqaliyaya birlikdə getdikləri Lotte Altmanla evlənir. Avstriya Üçüncü reyxə qatılanda Sveyq hiddətindən İngiltərə vətəndaşlığına keçmək üçün müraciət edir.

“Mariya Stüart”

Şotlandiya və Fransanın kraliçası olmuş, İngiltərə krallığına iddia etdiyinə görə də 1-ci Yelizaveta tərəfindən edam edilmiş Mariya Stüartın hər zaman incəsənət adamlarını cəlb edəcək həyat hekayəsi olmuşdur. Onun həyatı təkcə siyasi qalmaqallarla deyil, xəyanət, sui-qəsd, sevgi, hakimiyyət hərisliyi və başqa məsələrlə də zəngin idi. Mariya Stüart mövzusuna bir çox sənət adamları, eləcə də bəstəkar və şairlər, kinorejissorlar müraciət etmişlər. Yost van den Vondel, Fridrix Şiller, Yuliuş Slovaskiy kimi yazıçıların toxunduğu mövzu Sveyqi cəlb etməyə bilməzdi. Sveyq əsərin əsasına Şotlandiya kraliçası ilə İngilis kraliçasının 25 ilə yaxın sürmüş məktublaşmalarını qoyur. Yeri gələndə isə bu iki tarixi şəxsiyyətin müasirlərinin görüşlərinə yer verir. Əsəri isə Sveyq o dövrdə onun özünü də narahat edən bir məsələ ilə bitirir: əxlaq və siyasət.

Avropadan qaçış

1939-cu ildə Sveyq “Qəlbin səbirsizliyi” romanını yazdıqdan sonra Lotteylə birlikdə səyahətə çıxar.

Sveyq nasist caynaqlarında can verən Avropanın ölümqabağı inlitilərini eşitməmək üçün ondan uzaq olmaq istəyirdi. O, Avropanın süqutu ilə barışa bilmirdi. Odur ki, həyat yoldaşı ilə əvvəlcə Nyu-Yorka gedən yazıçı, sonra Cənubi Amerika ölkələrinə səyahətə çıxır. Şahlara layiq şəkildə qarşılanan Sveyq getdiyi ölkələrdə konfranslar verir.

Sveyq Amerikada yaradıcılığını davam etdirir. Bu dəfə “Ameriqo-tarixi bir xətanın hekayəsi” , ardınca isə “Brazilya-gələcəyin ölkəsi”ni yazır. Bu ərəfələr o, həyat yoldaşı ilə Brazilyanın Petropolis şəhərində yaşayırdı. Burada son kitabları olan “Şahmat hekayəsi” “Dünənki dünya-Avropa xatirələri” avtobioqrafik əsərini qələmə almağa başlayır.

Yüksək doza yuxu dərmanı ilə

Avropa artıq Sveyq üçün bir dünən olmuşdu. Doğma qitəsi qan çanağına dönmüşdü. Faşistlər bir-bir Avropa ölkələrini istila edirdilər.

Böyük Vətən Müharibəsi də artıq başlamışdı. Bir zamanlar böyük böhranın depressiyasına qapılmış Avropa insanına özünün nikbin əsərləri ilə mənəvi dayaq olan Sveyq indi özü çıxılmaz bir bədbinliyə qapılmışdı. O illərini verərək Avropanı Avropa etmiş insanları diriltmiş, 20-ci əsr fikir tarixində ölçüyəgəlməz iz buraxmışdı. Sveyq zənn edirdi ki, əsərləri ilə Avropanı İkinci Cahan Müharibəsindən xilas edə biləcək. Amma o bunu bacarmadı.
Avropanın süqutu Sveyqin də süqutu demək idi. O Avropanın məhv olmasını görmək istəmirdi. Odur ki, 1942-ci ildə - İkinci Dünya Müharibəsinin qızğın vaxtlarında arvadı ilə birlikdə yüksək dozada yuxu dərman qəbul edərək həyatına son qoyur.


Mirmehdi Ağaoğlu
# 1746 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #