Seymur Baycandan Anara gözlənilən cavab

Seymur Baycandan Anara gözlənilən  cavab
14 noyabr 2012
# 12:56
Ədəbi mühitdə yeni bir Anar-gənc ədəbiyyatçılar qalmaqalı baş verdi. Səbəb isə, AYB sədrinin bu şənbə "525-ci qəzet" də dərc etdirdiyi türk yazıçısı Orxan Pamukla bağlı yazısı oldu. Yazıçı posmodernist gənclər haqda öz düşüncələrini dilə gətirdi:

"Mənəvi cəhətdən səbatsız olan bir qrup, xüsusilə tez şöhrət qazanmağa düşkün bəzi gənc yazıçılar üçün postmodernizm əsas cazibə obyekti olmuşdur. Kifayət qədər geniş tarixi, mədəni və ədəbi görüş dairəsinə malik olmayan, rus dilini yetərincə bilməyən, illah da başqa xarici dilləri heç bilməyən, postmodernizmlə yalnız üzdən, səthi tanış olan, bəzən o barədə ancaq ordan-burdan eşidən adamlar yazdıqları səfsəfəni yenilik, dünya standartlarına uyğun, ədəbiyyatımızda yeni mərhələ kimi sırımağa çalışırlar. Onlardan əvvəl yazılan bütün əsərləri, əlbəttə ki, inkar edirlər. Yəni bizdən qabaq ümumiyyətlə, heç bir ədəbiyyat olmayıb, hər şey bizdən, hətta bizim hələ yazılmamış əsərlərimizdən başlayır".

Həmkarları isə yazıçının fikirlərinə belə şərh verdilər.

Yazıçı Seyran Səxavət: “Bu gün Azərbaycan ədəbiyyatında istənilən cərəyanı təmsil edən ədəbiyyatçıların içində istedadlı yazarlar var:"Onlar doğurdan da, özlərini postmodernist hesab edirlər. Anar müəllim isə bunun əksini deyir. Yəni hər iki tərəfin öz münasibəti var. Mənim fikrimə gəlincə, mən, istər həyatda, istərsə də ədəbiyyatda heç bir "izm" tanımıram. Mənim üçün bir "izm" var ki, istər ədəbiyyat, istər rəssamlıq, istərsə də sənətin digər növləri nəinki insana yaxın olmalıdır, insanın içindən xəbər verməlidir. İnsanın içindən doğulmalıdır. İnsanın içi də nə bir romandır, nə bir şeir, nə də bir rəsm əsəridir. İnsanın içi son dərəcə zəngindir. Bu mənada mənim üçün bir "izm" var. Hər şey insana xidmət etməlidir. Kim necə hesab edir, etsin, hansı "izm" olur, olsun. Postmodernist uşaqların da içində son dərəcə istedadlı uşaqlar var, özünü bu cərəyana aid etməyənlərin də içində istedadlıları var. Və hamı özünü sübut etməyə çalışır".


Yazıçı Seymur Baycan:

"Anar qəribə adamdır. Özü deyir ki, qoca kişiyəm, xəstəyəm, mənimlə işiniz olmasın. Sonra da görürsən ki, üstündən 1 həftə, 10 gün keçir, başlayır yenə hansısa müsahibəsində, hansısa yazısında bizə sataşmağa. O yazını oxuyanlar da bilirlər ki, orada tamam başqa söhbətlər gedir. Və bu adamın əlləri dinc durmur, hər şeyi qatıb-qarışdırır. Başlayır gənclərə söz atmağa. Çox maraqlıdır ki, o yazı 6-cı gün çıxıb, bazar günü də mənim "60-cılar"la bağlı yazım çıxıb. Bu adam Sovet dövründə şişirdilmiş bir adamdır.

Həyatda heç bir çətinlik görməyən, atasının hesabına çox gənc yaşlarından dərc olunmağa başlamış bir adamdır. Yazdıqları da ki, süni, dekorativ, həyatla bağlılığı olmayan əsərlərdir. Yaratdığı obrazlar da hamısı yarımçıq obrazlardır, hansılar ki, biz, onlara həyatda rast gələ bilmirik. Qaldı ki, onların sovet dövründə yazdıqlarına, istər Anar olsun, istər Elçin Əfəndiyev olsun, onların o dövrdə yazdıqlarının ora-burasını ruslar, yəhudilər redaktə ediblər. Lakin müstəqillik dövründə onların necə şişirdilmiş yazıçılar olduqları üzə çıxdı. Çünki onlar müstəqillik dövründə heç nə yaza bilmədilər, yazdıqları da həddindən artıq bayağı bir şeylər oldu. Elə götürək Anarın bizə yaxdığı həcvi. Çox biabırçı bir həcv idi. 24 ildir oturub orda, getmək fikri də yoxdur, arada da başa salır ki, mən buradan öz xoşumla getməyəcəm".

Şair Aqşin Yenisey: "O yazının hər sətrini oxuyanda, məndə belə bir duyğu yarandı ki, xalq yazıçısı başa düşəndən sonra ki titulu, ziyalı obrazı darmadağın olub, özünün müasir, intellektual obrazını yaratmaq istəyir. Bu cür məqalə yazmaq çox asandır. Biz çörəyi qulağımıza yemirik ki.

İntellektual yazarların kitablarını tökürsən qabağına, öz mövqeyinə uyğun olan sitatları dalbadal calayırsan bir-birinə. Çox yaxşı olardı ki, Anar müəllim Pamukun, Paviçin, Ekonun Zyuskindinin postmodernizm haqdakı fikirlərinin arxasında gizlənib, oxucularla gizlənqaç oynamaq əvəzinə, özünün postmodernizm haqqında düşüncələrini yazardı. Yəni xalq yazıçısı olan Anar postmodernizm haqda nə düşünür? Orada adı çəkilən yazıçıların postmodernizm haqda nə düşündüyünü biz hamımız bilirik. Bu sitatların arxasında gizlənib, məqalə yazıb özünü ayaqda göstərməyə nə var ki. Mənə elə gəlir ki, Anar müəllim bu məqaləsi ilə, bir az Həmid Herisçi, ən azı da Nərmin Kamal olmaq iddiasında bulunub. Mən bu məqalədən onu hiss etdim ki, o sovet dövründə yaradılmış ziyalı obrazı darmadağın olduğuna görə, özünün intellektual yazıçı obrazını yaratmaq, yəni mən də Orxan Pamuk, Eko kimi bir yazıçıyam iddiasını ortaya qoymaq istəyir. Bu isə aydındır ki, oxucunu aldatmağa yönəlib. Necə ki bunlar 70 il Sovet imperiyası vaxtında, 60-cı ildən üzü bu yana, həmişə Azərbaycan oxucusunu dünya ədəbiyyatından uzaqlaşdırıblar, istəməyiblər ki, Azərbaycan oxucusu dünya yazıçıları ilə tanış olsun. Bu da növbəti bir manevrdir- uzaqlaşdırmaq. Yəni, Azərbaycanda Orxan Pamuk da var, Eko da var, bunların da hamısı Anardır, Fikrət Qocadır. Mən o məqalədə bunu hiss elədim. Mən bu yolda Anar müəllimə və onun kimi düşünən bütün yaşlı yazarlara uğurlu yol arzulayıram.

Bu məqalədə Anarın köməyə çağırdığı elə bir yazıçı, elə bir sitat yoxdur ki, bəyənmədiyi postmodernist gənc yazarlar ondan bixəbər olsunlar. Bəlkə də bu, bəyənilməz bir söz olar, amma Anar müəllimin leksikonundan istifadə edib deyim ki, əgər postmodernist yazıçılar olmasaydı, Anar müəllim üçün dünya ədəbiyyatı yalnız Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin yaradıcılığından və "Dədə Qorqud" dastanının mətnlərindən ibarət olacaqdı. Yəni burda da Anar müəllim bir tamahkarlıq edib bu gün gəncliyin tapındığı dəyərləri mənimsəmək istəyir. Mən Anarın 60-cı ildən bu yana yazdıqlarını oxumuşam, onun heç bir əsərində Ekonun və digər sitat gətirdiyi yazıçıların adına rast gəlməmişəm. İstər publisistikasında, istərsə də, bədii əsərlərində. Bu məqalə ilə Anar müəllim demək istəyir ki, mən hamınızdan gəncəm, hamınızdan postmodernistəm, hər şeyi də hamınızdan yaxşı bilirəm.

Halbuki bu yazıların yazılmasının kökündə gənclərin Anar müəllimə bu qoca yaşında verdiyi impuls dayanır. Bu yazarlar olmasaydı, o, çoxdan qocalığını boynuna alacaqdı. Mənim üçün bir şey maraqlıdır ki, istedadlı yazıçı bu yaşında nəyə görə narahatdır? Nəyə görə istəmir ki, Azərbaycanda tutaq ki, Həmid Herisçi də yazıçı olsun, Nərmin Kamal da şeir yazsın, Seymur Baycan da köşə yazsın? Bir şeyi dərk edirəm ki, biz, bunlardan tez qocaldıq. Mənim 35 yaşım var, mən elə bilirəm ki, Anar şeirə təzə başlayan 16-17 yaşlı bir gəncdir. Mən bir şeyi anladım ki, Anar müəllim bizim gəncliyimizə də göz tikib".

“Şərq” qəzeti
# 1728 dəfə oxunub

Oxşar xəbərlər

Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

15:00 24 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

13:32 19 oktyabr 2024
Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

09:00 19 oktyabr 2024
# # #