Şər qaynadan çürük qafalarından çıxan “qara tüstü”

Şər qaynadan çürük qafalarından çıxan “qara tüstü”
23 oktyabr 2012
# 07:30
”XVIII əsr riyaziyyat çağı, XIX əsr fizika çağı, XX əsr isə Qorxu çağıdır”. Alber Kamyu

Qorxu nədir? O insani yoxsa şeytani hissdir? Hər halda şeytanın təzahür formalarından biri də qorxudur. Qorxunun insanı elektrik cərəyanı kimi silkələyib eləcənə diri gözlü qapqara kömürə döndərməsində şeytan barmağı istisna deyil. Məhvedici qüvvədi qorxu... “Qorxu məhv eləyəcək bizi” (P. Lagerkvist).

Uşaqlıqda bizə qorxulu nağıllar danışan böyüklər bəlkə də o vaxt heç fərqinə varmayıblar ki, bununla ürəyimizə, qanımıza qorxu toxumları səpirlər. Bəlkə də biliblər, qəsdən qorxu metoduna əl atıblar ki, biz onların daimi nəzarətindən və qoyduqları qadağadan kənar çıxa bilməyək. İnsanın mənəvi şikəstliyi üçün münbit şərait də məhz bu zamandan başlanır. Və sonrakı mərhələlərdə qorxunun şüuraltı inkişaf prosesi zehni inkişaf prosesi ilə paralel olaraq davam edir.

Məhəmməd Hadinin sözləri yada düşür: “Mən özümə bir şeyi bağışlaya bilməyəcəyəm. Uşaqlıqdan qorxu hissi ilə böyüməyimi”. Məlumdur ki, bu böyük şairin, faciəli tale yaşamış bir insanın uşaqlıq dövrü XIX əsrin sonuncu çərəyinə təsadüf edir. Bu, o vaxtlar idi ki, bütöv bir millət cəhalət bataqlığı içində boğulurdu, fanatizm və xurafatın qamçısı insan sürüsünün başı üzərində vıyıltı ilə sağa-sola cövlan etməkdəydi və o qamçıya hökm edənlər bundan, yəni insan ruhunun zorlanmasından heyvani bir ləzzət almaqda idilər.

Görəsən elmdən və adicə hürufatdan məhrum, zehni, düşüncəsi kor zavallı Allahı necə tanıya və dərk edə bilərmiş?! Allaha kor-koranə sitayişin özü də bir faciə deyilmi? Sən demə, saqqalından yağ daman şarlatan mollalar şirin canlarına gündə üç dəfə cəfa basıb ona görə namaz qılırlar ki, Allahdan dəhşətli dərəcədə qorxurlar. Bəri başdan Allaha rüşvət verib cənnəti satın almaq istəyən bu insanabənzər həşəratlardan üsuliddini soruşsan, dana kimi gözlərini döyə-döyə qalacaqlar. Allahın evində kirli-kirli eşələnib o pak məbədin də havasını şər qaynadan çürük qafalarından burula-burula çıxan “qara tüstüylə” zəhərləmək bunlardan ötrü şəhvani həzz kimi bir şeydir. Elə bil, Allah öz imzası, möhürü ilə (əstəğfürullah!) üzünü şeytan tükü basmış, məscid divarlarının küncündə hörümçək kimi tor bağlamış bu “adamları” özünün yer üzündəki səlahiyyətli səfiri təyin etmişdi.

Göz qabağında isə kağıza imzasını belə atmağı bacarmayan savadsız kütlə... Məhəmmədhəsən əmi... Qul olmağı özünə şərəf bilən bu bədbəxt insanlar Xudayar bəydən, qaradovoydan, uryadnikdən, silisçidən cin bismillahdan qorxan kimi qorxurlar.

Bu dövr qorxunun taxta çıxdığı dövrdür.

“Vaiz duzəxi vəsf edərkən”, qaradovoyun qamçısı havada ilan kimi qıvrılıb açılarkən bərəlmiş gözlərin soyuq işartısında iblisvari təbəssümlə “cilvələnən” qorxu insan ruhunu və mənəviyyatını gəmirməklə özünü qidalandırır və öz taxtının bünövrəsini də ruhların cəsədləri üzərində qurur.

İnsan hissini bütöv bir orqanizm kimi təsəvvür etsək, onu aşağıdakı xassələrə ayırmaq olar: 1. Sevgi hissi. 2. Nifrət hissi. 3. Şöhrət hissi. 4. Ləyaqət hissi. Bu dörd hissin hər biri ayrı-ayrılıqda insan ruhunu enerji ilə təmin edir. Hissin mühitinə yad bir cisim kimi daxil olan Qorxu isə bu enerjinin qarşısını kəsir və nəticədə Ruh qaranlıq içində azır.

Qorxu hissi nədən yaranır? Allahın yaratdığı ilk insanın üstünə vəhşi heyvan atılarkən qorxu hissi özünü büruzə verir: o qışqırır. Bəlkə uca tanrı qorxu hissini insanın ürəyinə ona görə salıb ki, insan şeytana nökərçilik etməsin. Qurani-Kərimdə belə bir fikir var: “Şeytan xofu sizi bassa, Allaha sığının”. Yəni şeytandan qaçmağın, şeytanı məhv etməyin yeganə yolu Allaha sığınmaqdır və həm də Allahdan qorxmaqdır.

Bəs şeytandan qorxub onun diktəsilə oturub-duran, yaşayan, nəfəs alan canlıların çayır təki yan-yörəmizi bürüdüyünü, günbəgün, saatbasaat artıb – çoxaldığını görəndə o mənfur qorxu hissinə necə nifrət etməyəsən?!

Məhz həmin qorxu hissi dünyanın 61 hissəsini əhatə edən məkanda (keçmiş postsovet məkanında) millətləri və insanları 70 il Şeytanın hökmü altda saxladı. İnsanları qorxu konveyerlərində manqurta çevirən Şərin yer üzündə materiya və xammalı, alət və vəsaiti də həmin o kütlə idi. Qorxuyla Şərin cütləşməsindən törənən düdəmələr mənfur 37 repressiyasının icraçıları vəzifəsini görünməmiş sürətlə və intensivliklə yerinə yetirdilər. “Qorxu qayda oldu, adicə qayda, Qorxudan don biçdi əyninə illər.” (B. Vahabzadə)

İnsan ağlının kimya laboratoriyasında iyrənc eksperimentlər aparmaqla şüuru zərərsizləşdirən “sosialist kimyagərləri” artıq çoxdan cəhənnəmə vasil olsalar da, insanlığın tarixində törətdikləri mənəvi dağıntılar böyük müharibələrin kədərli nişanəsi kimi yaddaşımızın aynasında qalır və yəqin ki, həmişə qalacaq.

Bu dövr Qorxunun tiranlıq dövrüdür.

İctimai-sosial bəla olaraq cəmiyyətin orqanizmində metastaz verib onu inkişafdan saxlayan qorxu virusu son olaraq bu mürəkkəb sistemin (cəmiyyətin) paralizasiyası ilə nəticələnir. Sadə dillə desək, məktəb dövründən böyüklərin hər sözünü ehkam kimi qəbul etməyə məcbur edilən, “şagirdin, tələbənin müstəqil fikri ola bilməz” prinsipi ilə tərbiyə olunan gənc nəsil qorxu altda böyüdüyündən cəmiyyətin aparıcı qüvvəsinə deyil, olsa-olsa, vintciyinə çevrilir. Buna görə zavallı insanlar gecə yatanda da qorxunun heybətli kölgəsini başları üzərində hiss edirdilər. Qorxudan bir-birlərinə yalan satırdılar, axşam bir yerdə çörək kəsdikləri adamı səhəri keçi qiymətinə güdaza verirdilər, ata oğuldan, oğul atadan donos yazırdı, insan mənəviyyatı, insan ləyaqəti sözün həqiqi mənasında çarmıxa çəkilirdi.

Beləcə, qorxu XX əsrdə ürəklərə, düşüncələrə hakim kəsildi, insanların həm fiziki, həm də mənəvi sağlamlığına balta çaldı.

“İnsanın təbiətində, cismində taun əleyhinə heç bir immunitet yoxdur. Taun əleyhinə yeganə immunitet ruhdadır, əxlaqdadır, mənəviyyatdadır. Bəşəriyyəti xilas etmək üçün taun xəstəliyi lazımdır. O, böyük taunun qlobal sanitariya, qlobal gigiyena işindən sonra ancaq mənəvi cəhətdən sağlam adamlar dünyada, planetdə qalıb təzə, saf, təmiz bir dünya qura biləcəklər”.

Bu sözlər Alber Kamyunun “Taun” əsərindəndir. Fikrimizcə, həmin sözləri eynilə XX əsrin taunu Qorxu haqda da söyləmək olar.

Kənan Hacı
# 1814 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #