Çiyni gitaralılar

Çiyni gitaralılar
13 sentyabr 2012
# 05:00
Təxminən 7-8 il əvvəl ölkədə əməlli-başlı gənc adam qıtlığı vardı. Adamların fiziki yaşları müxtəlif olsa da, əksəriyyət ruhən 60-70 yaşlı idi. Ucdan tutma hara gəldi kostyum geyinir, saç düzümlərinə görə başları kvadrata bənzəyirdi.

O zaman biz - bir qrup yaradıcı insan bundan çox narazı idik, bu barədə yazırdıq, oxuyurduq, danışırdıq.

Məsələn bizim dərdlərimizdən biri bu idi ki niyə bizim küçələrdə fərqli geyimli, fərqli saç düzümlü adamlar görünmür. Bunu o qədər dərd etmişdik ki özümüz gah saç uzadır, gah topsaqqal qoyurduq ki bəlkə camaatın gözünü öyrəşdirək.

(Ortada abrımız da gedirdi. Aşağı-yuxarı hamımızın aqrar köklərə bağlılığımız var, qohum-qonşu, dost-tanış, hamı mat-məəttəl baxırdı ki "bunlar niyə özlərini bu günə qoyublarʔ")

O zaman dərd etdiyimiz məsələlərdən biri də gitara alətinin cəmiyyətdə, xüsusilə də gənclər arasında özünə yer edə bilməməyi idi. Əlbəttə xeyli vaxtdır ki, elektro gitara toylarımızda ifa olunur, zəhmətkeşlərin sevimli alətlərindən birinə çevrilib. Amma akustik polad və neylon simli gitaralar hələ də cəmiyyətdə populyar deyildi. Hətta yad idi. Camaat onu "taxta gitara", "rus gitarası" adlandırırdı...

Məsələn yazırdıq ki niyə şəhərdə çiyni gitaralı gənclərə rast gəlmirik və s...

Sonra yavaş-yavaş dövran dəyişməyə başladı, şəhərdə çiynində gitara gəzdirən, ağac altında, dəniz kənarında qrupla gitara çalıb oxuyanlar meydana gəldi.

İndi də onların arasından bir qrup meydana çıxıb bu məsələni bəyənmirlər. Guya ki bunların həmyaşıdları "risovkalıq" üçün gitara gəzdirirlər, nə bilim "qız tutmaq" üçün edirlər və s.

Lap tutaq ki “risovkalıq” edirlər! Lap yaxşı. Özünə gənc deyən adam “risovkalıq” da etməlidir, ədəbazlıq da, hələ beş də artıq. "Qız tutmağa" görə də bir-birini danlamaq lazım deyil. Gənc oğlan "qız tutmaq", gənc qız da "oğlan tutmaq" istəməlidi. Burada nəinki pis şey yoxdu, əksinə çox yaxşıdı, hələ bəlkə bir az da təbliğ etmək lazımdı.

Bir ara da fotoqraflara lağ edirdilər. Gənc, yeniyetmə adamlardı, yaradıcılıq həvəsləri var, bu həvəsi reallaşdırmaq üçün foto çəkirdilər, paylaşırdılar, bu zaman kənardan mız qoyanlar çıxırdı: "Bu nədi, hərə bir fotoaparat alıb əlinə" filan.

Yaxşı edib alıb! Bəs nə almalı idi əlinəʔ Təsbehʔ Bıçaqʔ Yoxsa Misri qılıncʔ

Onları-yaradıcılıqla məşğul olmaq istəyən gəncləri həvəsdən salmaq yox, daha da ürək-dirək vermək lazımdı. Onsuz da qonşu xalqlardan kreativliyə görə qalırıq.

Burada bir haşiyə çıxım, Salvador Dalinin çoxdan populyarlıq qazanmış bir fikri var, dəqiq xatırlamasam da təxminən belədir ki "bir xalqın üç yüzdən az pendir növü varsa onlardan bir şey çıxmaz." O zamanlar başa düşmürdüm bu sözü, haqqında danışdığım ağızbüzən gənclər kimi Dalinin də bu fikri ədəbazlıq naminə işlətdiyini düşünürdüm.

Sonra isə başa düşdüm ki rəssam haqlı imiş. Pendir - kənd təsərrüfatı məhsuludur, onun çeşid sayı isə əyalət insanlarının fantaziyasının, yaradıcılığının göstəricisi. Kəndlisinin təxəyyülü bu qədər genişdirsə, şəhərlisininki gör nə qədər olar...

Biz isə boynumuza alaq ki o qədər də kreativ deyilik, 90-cı illərdə bir balaca kreativlik müşahidə olundu, ölkəmizə çoxlu pul gələndən sonra bu kreativlik də azalmağa başladı.

İndi isə gənclər nəsə eləmək istəyir, bu zaman öz yaşıdlarından kimsə çıxır, başlayır lağ eləməyə, o adamı da həvəsdən salır, qıraqdakıları da. Onsuz da ətrafımız fiziki baxımdan və ruhən qocalarla doludu, onlar bizi (ən yaxşı halda) yeməyə çalışırlar. Barı biz bir-birimizi ruhdan salmayaq.

Baxmayaraq ki az saylı gənclərimiz gitara və başqa musiqi alətlərində çalmağı öyrənməyə başlayıblar, amma bu çox zəif göstəricidi. Şəhər mərkəzindəki bir-iki parkda, bulvarda kimsə əlində gitara, fotoaparat gəzirsə hələ buna sevinmək tezdi.

Bunun Əhmədlisi var, Sulutəpəsi var, Böyükşoru var... Gəncəsi var, Şəkisi var, Lənkəranı var...

Çox istərdim ki hər evdə gitara çalmağı bacaran bir adamımız olsun.

# 1884 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #