Kurt Vonnehut: “İndiki məktəblərdən zəhləm gedir ”

Kurt Vonnehut: “İndiki məktəblərdən zəhləm gedir ”
10 sentyabr 2012
# 13:44
Bu, Kurt Vonnequtun son müsahibəsidir. Müsahibə 2007-ci ilin əvvəlində “US Airways Magazine” jurnalı üçün götürülüb. Yazıçı həmin il aprelin 11-də vəfat edib.

- Bir yazıçı və rəssam kimi sizi yaradıcı prosesdə nə cəlb edir?


- Mən ömrüm boyu nə isə çəkirəm, bu, sadəcə hobbidir, mən heç vaxt öz şəkillərimi sərgiyə çıxarmamışam. Bu, sadəcə hər bir insana sevinc bəxş edə biləcək məşğuliyyətlərdən biridir, hamıya məsləhət görürəm. Mən həmişə insanlara təsviri incəsənətlə məşğul olmağı tövsiyə etmişəm. Yaxşı çəkib-çəkməməyinizin fərqinə varmayın. O sizin bir şəxs kimi formalaşmağınızda yaxşı təcrübə rolunu oynayır, beləcə ruhunuz böyüyür. Bu, həmçinin nəğməyə, rəqsə, ədəbi fəaliyyətə və musiqi alətində ifa etməyə də aiddir. Bilirsiniz, indiki məktəb komitələrindən niyə zəhləm gedir? Onlar incəsənət üzrə bütün proqramları mümkün qədər ixtisara salıblar. Çünki incəsənət, onların söylədikləri kimi əsas qazanc mənbəyi ola bilmir. Axı həyatda gəlir gətirməyən yetərincə ləyaqətli məşğuliyyətlər var! Bu, sadəcə həyatını daha məzmunlu edə biləcək ürəyəyatan üsullardır.

- Əsərlərinizlə dünyaya istilik və yumor bəxş etmisiniz. Məzmunlu və mənalı olan elə budurmu?

- Bir dəfə oğlum Markdan həyatın mənasını nədə gördüyünü soruşdum və o, belə cavab verdi: “Biz hamımız bura istənilən şəraitdən birlikdə xilas olmaq üçün gəlmişik”. Düşünürəm ki, bu, ən yaxşı izahlardan biridir. Sən bunu komediya aktyoru, yazıçı, rəssam, musiqiçi kimi edə bilərsən. Mənim oğlum uşaq həkimidir. Bir-birimizə dəstək üsulları yetərincədir. Bax, mənə həqiqətən də, musiqiçilər kömək edə bilir. Özüm musiqi alətində çala bilmədiyimə heyfsilənirəm, çünki musiqi adamın dadına əməllicə çatır. Musiqiçilər bizim daha bir neçə saat yaşaya bilməyimizin səbəbkarıdır.

- Bir vaxtlar “ciddiyyətin azlığının bizlərə gözəl şeylər bəxş etdiyini” yazmışdınız.

- Hə, dünya həddən artıq ciddidir. Kitab üzərində işləyərkən ağlını itirmək qat-qat yaxşıdır. Bəlkə də kimsə mənim yazdığımı oxuyarkən ilhamlanacaq. Bu, mənim bir porsiya şokoladlı, meyvəli dondurma almağıma bərabərdir.

- Artıq qırx ildir ki, insanlar sizin ilk əsəriniz “Beş nömrəli sallaqxana” daxil olmaqla, kitablarınızı sevə-sevə oxuyurlar. Onların uzunömürlülüyünün səbəbi, sizcə, nədədir?


- Mən uşaq dili ilə yazıram. Məhz bu səbəbdən əsərlərimi məktəblərdə oxuyurlar (gülür). Həddən artıq uzun cümlələrdən istifadə etməməyə çalışıram. Ancaq ifadələrimin qısalığından asılı olmayaraq, ideyalarımın sizləri dialoqa çağırdığına ümid bəsləyirəm. Onlar – sadə cümlələr həmişə dadıma çatıblar. Mən həmçinin durğu işarələrindən qaçıram. Bu cür cümlələri oxumaq çətindir, xüsusən də uşaqlara. Bir də ironiyadan uzaq dururam: mən kiminsə bir şeyi nəzərdə tutub, başqa şey söyləməsini xoşlamıram.

- Hələ on il əvvəl yazıçılıq peşəsindən uzaqlaşıb, istirahət edəcəyinizi söyləmişdiniz. O vaxtdan bestsellerə çevrilmiş yalnız iki esse toplusu nəşr etmisiniz: “Həkim Kevorkyan, sağlam ol” və “Ölkəsi olmayan insan”. Təsviri incəsənətə meyliniz yazıçılığın əvəzlənməsi deyil ki?

- Nə deyirəm ki, ahıl yaşımda pis məşğuliyyət deyil (gülür). Nə deyirsiniz, bəlkə siqaretləri hələ də axırıma çıxmadığı üçün tütün fabrikini məhkəməyə verim?

- Çap makinası arxasında oturmaq və əlinizdə fırça tutmaq sizin üçün yaradıcılığın iki müxtəlif prosesidir.

- Yox. Hələ 60-cı illərdə universitetdə yazıçılıq fənnini tədris edəndə hər semestrin əvvəlində tələbələrimə eyni ifadəni təkrarlayırdım: “Sizin nümunəniz ömründə iki dəfə şəklini sata bilmiş (o da qardaşına) Vinsent Van Qoqdur” (gülür). Mən sadəcə oturub iç dünyamda nələr baş verdiyini müşahidə edirəm, bu, şəkil çəkmək istəyəndə də, yazı yazmağa həvəslənəndə də baş verir. Bəzən, ümumiyyətlə, heç nə alınmır. Görkəmli abstraksionist rəssam Ceyms Bruksdan şəklin yaranma prosesinin necə baş verdiyini soruşanda belə cavab vermişdi: “Kətana ilk yaxmanı atıram, sonra özü davam etdirir ”. Görürsünüz, bu rəssamlar necə də ciddidirlər (gülür).

- Bu gün biz həddən artıq vizual dünyada yaşayırıq. Sözün bir kəsəri qalıbmı?

- Bir neçə il əvvəl dostlarım Cozef Heller və Uliyam Stayronla bir simpoziumda iştirak edirdim, onların hər ikisi artıq bu dünyadan köçüblər. Biz romanın və poeziyanın ölümü barədə söhbət edirdik. Stayron şeiriyyətin həmişə elit olduğunu qeyd elədi. Yəni bu sənət azlar üçündür, çünki çoxluq onu oxumağa qadir deyil. Mənsə romanı vərəqləməyin konsert zalına gələrkən sizə skripka uzadılmasına bənzədiyini söylədim. Və siz bu zaman çıxış etməlisiniz (gülür). Fonetik işarələrin və ərəb hərflərinin üfüqi sırasına gözünü zilləmək və bütün bunlardan baş çıxarmaq. Bu, sizdən eyni şey istəyir. O ki qaldı şəkil və kinofilmlərə, sizdən yalnız onları seyr etmək tələb olunur, vəssalam.

- Bəlkə daha bir kitab yazasınız?

- Qulaq asın, mənim 84 yaşım var. Yazıçılar, adətən, ən yaxşı kitablarını 45 yaşına qədər yazırlar. Şahmatçılar basketbolçular kimi 35 yaşlarında istirahətə gedirlər. Yazanlar çoxdur, qoy yazsınlar.

- Əsərlərinizin oxucuda hansı təəssüratı yaratmasını istərdiniz?

- İstər oğlan, istərsə də qızın kitabımı oxuyandan sonra aşağıdakıları söyləməsini arzu edərdim: “Bu, indiyəcən Yer üzündə yaşamış dahi insanlardan biridir!” (gülür)

Çevirdi: Kifayət Haqvediyeva
# 1486 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #