İnsanı depressiyaya salan kitab

İnsanı depressiyaya salan kitab
8 sentyabr 2012
# 12:00
Mirmehdi Ağaoğlu

Onda lap uşaq idim deyə dəqiq xatırlaya bilmirəm. Ya qazax filmi idi, ya da türkmən. Bəlkə də heç biri.

Həmin filmdə falçı gənc evli oğlana deyir ki, həyat yoldaşının qocalığını görmək istəyirsənmi?

Oğlan həyəcanlanır, arvadının qocalığını görəcəyi təqdirdə onu sevə bilməyəcəyini düşünür və bir az sonra falçının təklifindən vaz keçir.

O filmdən yadımda qalan səhnə yalnızca budur.

***

Bəlkə internetdə rast gəlmisiniz. Proqramlar var, şəklini yükləyirsən, bir az sonra qırışlarla dolu, gözlərinin parlaqlığı getmiş, dərisi sallanan, dodaqlarının kənarları çürük alma kimi bürüşmüş, saçları ağarmış qocalıq şəklini görürsən.

Heç yoxladınızmı? Qocalacağınızı bildiyiniz halda qocalıq şəklinizə baxmaq istəməzsiniz hər halda.

***

Dino Buzzatinin “Tatar çölü” romanının sujeti sadədi. Gənc leytenant Covanni Droqo könülsüz halda təyinat aldığı, sərhəddə yerləşmiş Bastiani qalasına yollanır. Bastiani qalası bir zamanlar buradan keçmiş tatarların qayıdacağı qorxusu ilə tikilib, ancaq bir dəfə də düşmənə sipər olmayıb.

Qalanın divarlarından o yana ucsuz-bucaqsız çöllükdür. Qaladakı hərbçilər nə vaxtsa tatarların qayıdacağını, müharibədə əsgər borclarını şərəflə yerinə yetirəcəklərini zənn edirlər. Şərəfli bir zabit ömrü yəni.

Droqo qalaya gələn kimi geri dönmək üçün çalışsa da mayor Matti onu dördcə ay qalmağa razı sala bilir. Droqo bu ümidlə 4 ayını qalada keçirməyə razılaşır.

Xidmət elə də çətin deyil. Sadəcə, qalanı mühafizə edən əsgərlərin üzərində növbətçilik etməlisən.

Beləcə, Covanni yeknəsək günlərini sayaraq dörd ayın nə vaxt bitəcəyini gözləyir. Doroqo qalaya, buradakı həyat şərtlərinə öyrəşir və bir də baxır ki, otuz ili keçib qalada.

Və daha betəri. Ümidlə tatarların hücum edəcəyi o şərəfli günü illərlə gözlədiyi halda qalaya hücum olan gün artıq xəstələnib yatağa düşmüş mayor Covanni Droqonu tərxis edirlər.

Bütün ömrünü müharibə ümidi ilə gözləyən tənha Droqo bir otel otağında dünyasını dəyişir.

Bu, Markesin məktub gözləyən polkovniki deyil, bu, “Qəsr”ə yol tapa bilməyən K. da deyil. Bu qəsrdən dünyaya yol tapa bilməyənlərin hekayəsidir. Daha realistdir. Daha qorxuncdur. Daha dəhşətlidir.

Bu qəsr şəffafdır. Gözəgörünməzdir. Onun içində olduğumuzu yolun başında hiss edə bilmərik. Yalnız yolun sonunda, gün batanda bozaran bürclərindən görərik onu. Onda daha gec olar.

Tənqidçilər Buzattinin əsərlərində Kafkanın təsirini həmişə seziblər. “Tatar çölü”ndə də bu təsir aydın görünməkdədir. Amma bu Kafkanın əsərlərindəki çıxılmazlıq deyil. Kafkada K.nın qəsrə yol tapa biləcəyinə aid bəlkə bir az ümid var (Çünki “Qəsr” tamamlanmamış, natamam əsərdir). “Tatar çölü”ndə isə belə bir ümid yoxdur.

Çox zaman yerölçənin (K.) düşdüyü tragikomik vəziyyətlərə, məmurların onu dolamasına, onun qəsrə yol tapmasına hər dəfə əngəl olmalarına gülürik. Droqoya isə gülə bilmirik. Onun faciəsi içimizi qovurur.

Oxucu lap əvvəldən, Droqonun anası ilə sağollaşıb, Bastiani qalasına getdiyi birinci səhifədən bilir ki, bu yol gedərgəlməzdir. Bu yolun sonu yoxdur. Bu yol onu bütün arzularından, şəhərdən, ailəsindən, qadınlardan, əyləncədən, dostlarından, adi bir insan həyatından ayrı salacaq. Droqo sadəcə gəncliyini əritməyə, ömrünü xərcləməyə gedir.

“Tatar çölü”nün “Qəsr”dən bir fərqi də Buzatinin zaman məhfumunu qabartmasıdır. Səhifələri çevirdikcə sən zamanın keçdiyini və Droqonun daha sürətlə heçliyə yuvarlandığını görürsən.

Əlbəttə, Doroqo bir roman qəhrəmanıdır. Ona hayqırıb “ Ey Droqo, sən nə edirsən, ayıl” deməyimiz gülünc, bayağı çıxar. Amma bunsuz da olmur. Hər cümlədə bizdən asılı olmadan içimizdə baş qaldıran bu bağırtını eşidirik.

Çünki, bu lənətə gəlmiş Droqo biz özümüzük. Bizim puç olmuş həyatımızdır. Axı biz də eynən Droqo kimi başqa şeylərin dalınca qaçmışdıq, həyatdan umacaqlarımız tamam başqa idi. Amma tamam başqa şeylər çıxdı qarşımıza.

Biz hakim olmaq arzusunda idik. Bizə isə iki il məhkəmədə, filan şöbədə sənədlərlə başını qat, sonrası yaxşı olacaq deyə vəd verdilər. Bir də ayılıb gördük ki, pensiya yaşımız çatıb və heç bir ətir köhnə sənədlərin pencəyimizə hopmuş kəsif qoxusunu aparmaq gücündə deyil.

Biz parlaq ali təhsilə sahib idik. Böyük elm adamı ola bilərdik. Amma bizi kiçik bir müəssisəyə tıxadılar; hələlik səbr et. İkicə il döz. Bir yandan da pul qazanmaq yaşımız çatmışdı.

İllərin qayğısı çökdü üzərimizə; müdafiəyə hazırlaşanda evlilik girdi araya, gələn il uşaq oldu, müdafiə edə bilmədik. O biri il uşağın sünnəti gəldi, yenə qaldı. Uşaq məktəbə getməyə hazırlaşır. Müdafiə yenə qaldı. Daha bir ili qocalıb əldən düşmüş valideynlərinə xərclədin.... Bir də ayıldın ki, işlədiyin müəssisədə köhnə düşüncəli, işlərini yarıtmayan biri olmusan . Pensiya yaşın da çatıb.

Uşaqlıqdan müəllim olmağı arzulayırdın. Pedoqoji Universiteti də bitirmisən. Daha nə qalır ki, uşaqlıq arzunu gerçəkləşdirməyə? Qəfil sənə elçi gəlir. Sən işləmək istəsən də, evliliyin hələ tez olduğunu desən də, hamı təskinlik verir; ərə get, sonra işləyərsən. Razılaşırsan. Toyun olur. Vəssəlam, artıq heç bir maneə olmadığını düşünəndə uşağın olur. Sonra ikinci uşaq... Uşaqların artıq cv-lərində “ananızın iş yeri” qrafasına evdar qadın yazırlar.

Universiteti bitirdin. Mühasibsən. Qrup yoldaşların kimi sən də mühasib karyerana başlaya bilərdin. İşə düzəlmək üçün kimsə tapşırmalıdı, sənin adamın yoxdu. Özünün işə düzəlmən üçün əlavə kurslara ehtiyac var, amma maddi vəziyyətin buna imkan vermir. Bu vaxt sənə kassir işi təklif olunur. Bu da mühasibliyin bir qolu deyilmi? Bir müddət işlə, sonra başqa işə keçərsən deyə dəmə qoyurlar. Etiraz etmək imkanın varmı?

Bir il, iki il... Bir də baxırsan ki, ömür keçib, sən hələ də kasssirsən. Artıq səndə taleyini dəyişməyə nə həmin enerji qalıb, nə də istək.

Bir düşünün. Uşaq vaxtı gələcəyinə inandığımız nə qədər məktəb yoldaşlarımız olur. 30 il sonra onların çoxunu, misal üçün məktəb vaxtı “cərrah olacağam” deyən dostunuzu bir qəsəbədə həkim işlədiyini görürsüz.

O, zəif idi? İradəsimi çatmadı? Niyə cərrah ola bilmədi? Çünki taleyi belə gətirmişdi. Çünki həyatımızın ürəyimizcə olmayan yollarında belə bizi tutub saxlayan, bizi maraqla çəkən “maneələr” tapılır. Vicadınımız bu “maneələr”dən yan keçməyə imkan vermir. Məsələn, sevmədyimiz işi belə başdan eləmək istəmirik.

***

Bastiani qalasında hər kəs taleyindən şikayətçi idi. Polkovnikdən tutmuş gizirə qədər hər kəs şərəfli bir əsgər ömrü keçmək yerinə ömrünü önəmsiz dəftərxana, növbətçilik işlərinə həsr etməkdən məmnun deyil. Elə buna görə də Bastiani qalasının divarlarından, bürclərindən görünən o ucsuz-bucaqsız çöl “Tatar çölü” adlandırılmışdı.

Hər kəs o çöldən nə vaxtsa tatarlar kimi qəvi bir düşmənin gələcəyinə inanmışdı. Bu əfsaneni kimin uydurduğu bilinmirdi. Bununla belə hamı, hətta ən şəkkakları belə bu əfsanəyə inanırdı. Elə buna görə də tatar çölündə görünən hər bir qaraltı günlərlə onları məşğul edir, Bastiani qalasında keçən yeknəsək günlərinə rəng qatırdı. Filmdə Babəkin dediyi kimi, məhz nə vaxtsa şimaldan tatarların gələcəyi və bu həyatlarından xoşnud olmayan əsgərlərin öz ömürlərini şərəflə döyüş meydanında başa vuracaqlarının xəyalı idi onları “döyüşdən döyüşə aparan”.

“Tatar çölü”ndə Prosdokimo adlı dərzi obrazı var. O bir əsərin əvvəlində, bir də sonunda düşmənlərin gəldiyini yataqda olan Droqoya xəbər verəndə görünür. Qalanın zirzəmisində atelyedə çalışır. O, Droqoya tezliklə buradan çıxıb gedəcəyini, işlərini yekunlaşdırmaqda olduğunu deyəndə şagirdləri atelyenin bir küncündə ağız-ağıza verib gülüşürlər.

Prosdokimodan başqa hamı, şagirdləri də elə bilir ki, o buradan heç bir yerə gedəsi deyil. Artıq şəhərdə onun kimi moda ilə ayaqlaşa bilməyən, köhnəlmiş dərzilər gərəksizdir. Proskodimo sərasər düz on beş il idi ki, hər qarşısına çıxana tezliklə qaladan çıxıb gedəcəyini deyirdi.

Sual oluna bilər, tutalım, zabit heyəti qalanı özbaşına tərk edə bilməz? Droqonun təyinatını dəyişmək üçün rəhbərliyə müraciət etməsi, onlardan müsbət rəy alması lazımdır ( Bir dəfə ailələrinin dostu olan generala etdiyi müraciət boşa çıxır). Bəs Proskodimo qalanı niyə tərk etməsin? Onun ki heç kəsdən asılılığı yoxdur.

Xatırlamağa çalışın. Neçə dəfə olub ki, tamam başqa bir ovqatda, kefsiz vəziyyətdə işə gəlmisniz. Hətta yol boyu əsəbi şəkildə öz-özünüzə neçə dəfə bu gün ərizənizi yazıb işdən çıxacağınızı dediyiniz də olub. Müəssisənin qapısından içəri girən kimi isə ovqatınız tamam dəyişib. Özünüzü bütövlükdə işinizə vermisiz. Ətraf aləmi, sizi tutub saxlayan “qala”nın divarlarından kənarda olan hər şeyi unutmusunuz. Proskodimonu tutub saxlayan da bu idi. O, əlindəki zabit formasını tikib bitirən kimi gedəcəyini düşünsə də, yeni sifariş peyda olurdu.

***

“Tatar çölü” hər yaş qrupuna bir cür təsir edir:
Yeniyetmə oxucu onu oxuyub, həyatını daha diqqətli qurmağı düşünər. (Çox zaman da alınmaz).

Orta yaşlı oxucu “Tatar çölü”nü oxuyanda qəlbini aramsız bir həyəcan siqnalı bürüyər. O, Covanni Droqonun taleyini yaşamaq qorxusu ilə uzun müddətli depressiyaya düşə bilər.

Yaşlı oxucu isə... O, yalnız dizinə döyər: “Ey dadi-bidad....”.
# 1975 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #