“Markes fahişələrlə bir yerdə qalırdı” KİTAB

“Markes fahişələrlə bir yerdə qalırdı” KİTAB
6 avqust 2012
# 05:00
Kulis.az “Tempo” jurnalına istinadən “Qabriel Qarsia Markes” kitabı haqqında yazılmış məqaləni təqdim edir.

Səssiz filmdə Çarli Çaplin, futbolda Pele nədirsə, ədəbiyyat da Qabriel Qarsia Markes odur. Bu səbəbdən internetdə dolaşan saxta “vida məktubu” bu mətni oxuyan hər kəsi həyəcanlandırır. Halbuki məktub onun deyil. 85 yaşındakı “Qabo”nun həyat hekayəti Gerald Martinın yazdığı kitabda dəqiqliklə verilib. Məşhur yazıçının həyatı ilə bağlı ən gizli məqamları bu kitabdan oxumaq olar. Anası ilə “tanış olması”ndan fahişələrlə dostluğuna, Parisdəki gizli sevgilisindən Mario Varqas Lyosala münaqişəsinə qədər hər şey “Qabriel Qarsia Markes” kitabındadır.

“Üzündə tabutun qapağını qətiyyətlə örtən bir qəbir qazanın ifadəsi vardı və mənə bunları dedi: “Hər insanın üç fərqli həyatı var: İctimai həyat, özəl həyat və bir də gizli həyat.

İctimai həyat əlbəttə hər kəsin biləcəyi şəkildə ortadadır, sadəcə oturub işləməyim gərək idi, özəl həyata müəyyən qədər müdaxiləyə və məsləhətə icazə vardı, qalanını özüm tapmalı idim: gizli həyata gəlincə, olmaz, əsla!”

Ancaq belə olmadı. Ən çox oxunan, baş tacı edilən yazıçılardan olan Markesin hər üç həyatı artıq rəflərdədir. Bioqrafiya ustası Gerald Martinin İş Bankı Mədəniyyət Yayımlarında işıq üzü görən “Qabriel Qarsia Markes” kitabı usta yazıçının rəngli, işıltılı, bol hekayətli həyatını açıq kitab kimi hər kəsin gözü önünə sərir və hamını təəccübləndirir. 18 illik bioqrafiyada sözün əsl mənasında yox yox. Markes həyatın labirintlərində dolaşarkən getdiyi yerlərə Martin də səfər edib, onun görüşdüyü hər kəslə görüşüb, hətta Fidel Kastronu da danışdırıb. İspaniyanın sabiq dövlət başçısı Filipe Qonsalesin də daxil olduğu siyahıda ümumilikdə 300 nəfər var.

Gerald Martin deyir ki, kitab hazırlıqlarına Markesin icazəsi olmadan başlanılıb, ancaq daha sonra “Qabo” da kənarda qalmayıb. Amma etibarlı şahid kimi yox: “Hər kəsin bildiyi hadisələri bir neçə versiyada danışır, üstəlik bu versiyaların hər birində həqiqət payı var. Onun uydurmaq ustası olduğunu öz təcrübəmdə gördüm”.

Kitabın ilk hissələri onu böyüdən baba və nənəsi ilə “quş uçmaz, karvan keçməz, 10 mindən az əhalisi olan və əksəriyyəti oxumağı-yazmağı bacarmayan, küçələri asfaltsız, kanalizasiyası olmayan” qəsəbəyə-Arakatakaya aiddir.

“Ola biləcək dünyaların ən mükəmməlində” yaşadığımızı söyləyən alman filosofu Qotfrid Leybnitsə haqq verməmək mümkün deyil.

Doğulduğu, daha doğrusu doğumdan dərhal sonra anası tərəfindən tərk edildiyi bu çevrədə “Qabo”nun soyğunçu, əsgər, partizan, lotu və bir dəfə söylədiyi kimi “romanlarından birində, hər hansı bir obraz” yerinə yazıçı olması da ancaq bununla izah oluna bilər.

Digər yandan Arakataka qədər bərəkətli, Markes ailəsi qədər mükəmməl mühitin çox az olduğunu qəbul etmək gərəkdir.

Xüsusilə də ilk kitabı “Yarpaq fırtınası”ndan şah əsəri, hətta dünyanın bəlkə doğrudan da qlobal ilk kitabı olan “Yüz ilin tənhalığı”na qədər hər əsərində oraya, o insanlara geri döndüyünü düşünsək.

Arakataka hüceyrələrinə işləyib; sevgi, çarəsizlik və inanılmaz hekayətləri ilə. Bacısı Marqotun kitabda yer almış fikirləri onun maraqlı əhvalat eşitmək üçün nələrə qatlandığını göstərir: “Qabito babamın danışdığı bütün hekayətləri dinləyirdi. Bir dəfə babamın Min Günlük Müharibədə iştirak edən döyüşçü dostlarından biri bizə gəlmişdi. Qabito onların yaxınlığında oturmuşdu, həvəslə dinləyirdi. Sən demə yaşlı adamın oturduğu stul Qabitonun ayağını əzirmiş. Səsini çıxarmadan ağrıya dözüb, səbəbini də belə izah etdi: “Bir şey desəydim, burada olduğumu bilib çölə çıxardardılar””.

Sonralar başına gələnlər də adi hadisələr deyil. Məsələn jurnalistliyə başladığı və “Barranquilla” qrupuna qatıldığı 50-ci illərin əvvəllərində, Kartaqenada bir ildən çox “Residencias New York” deyilən bir fahişəxanada yaşadı. Xalq arasında günah küçəsi kimi tanınan Kalli Realdakı binalardan birinin üst mərtəbəsində sutenyor Katalina Qrandenin fahişə otaqları vardı. Markes otaqlardan birini, gecəsi 1.5 pesoya kirayələmişdi. Bəzən kirayəni ödəməyə pulu olmazdı, bu zaman yazdığı son mətni dalandar Damaso Rodriqezə girov olaraq verirdi. Orada fahişələrlə dostlaşdı, hətta onların məktublarını yazırdı. Fahişələr isə istifadə üçün sabunlarını ona verir, səhər yeməyini onunla bölüşürdülər.

Sonralar tez-tez çətin vəziyyətdə qaldı. Xüsusilə də 50-ci illərin sonlarında müxbir işləmək üçün getdiyi Parisdə yaşayarkən. Həyat yoldaşı Mersedes Barçadan əvvəl ona ən çox təsir edən Taçia Quintana ilə burada bir yerdə yaşadı. İndiyədək gizli qalan bu sevgini kitabın müəllifi aşkara çıxarıb. Taçia həmin günlər haqqında bunları deyir: “Hamilə qaldıqdan sonra da dayəlik edir, yer silirdim, bir yandan da qusurdum. Evə qayıdanda onun heç bir şey etmədiyini görüb yemək bişirməyə başlayırdım. O günlərdə “Polkovnik”i yazırdı. Romanı yazılarkən oxuyurdum, çox bəyənirdim bu əsəri. Amma 9 ay davamlı olaraq dalaşdıq. Təkcə ağızlaşmırdıq, əməlli-başlı dalaşırdıq. Ancaq müdhiş sevgi doluydu, şəfqətin özü idi”.

Mersedes Barça ilə uzun müddətli və xoşbəxt evliliyi olsa da, qadınları hər zaman sevdiyi, kitabda bütün çıpaqlığı ilə verilir: “Markes 12 fevral 1976-cı ildə Mexikoda “And dağlarında sağ qalanlar” filminin təqdimetmə mərasiminə getdi. Filmin ssenaristi Varqas Lyosa foyedə durmuşdu. Qabo qolllarını açıb qışqırdı, “qardaşım” dedi. Həvəskar boksyor olan Lyosa qüvvətli yumruq zərbəsi ilə Qabonu yerə sərdi. Başı yerə dəyən Markes özündən getdi. Lyosa “Parisiaya (Varqasın arvadı-red.) söylədiklərin və etdikləri üçün” deyə bağırdı. 1970-ci illərin ortalarında Lyosalar çətin günlər yaşayırdı, Markes isə Varqasın arvadına təsəlli verirdi”.
Uğursuz qarşılaşma dedikləri deyəsən budur.

Amma Markesin həyatında əfsanəvi qarşılaşmalar da var: “Dekabr 1960. Kamaqueydən Havanaya uçmaq üçün gözləyirdi, amma uçuş təxirə salındı. Gəzişirdi və birdən qarışıqlıq yarandı, Fidel Kastro dostu Kelia Sançes ilə gözləmə zalında göründü. Komandante acmışdı, hava limanı bufetində toyuq yemək istədi. Toyuq yoxdur dedilər. Castro üç gündür ki, toyuq fabriklərini dolaşdığını dedi, sual verdi ki, dəyişikliklər niyə hava limanlarına toyuq gətirə bilmir. Əlavə etdi ki, qrinqolar (o vaxt başqa ölkələrə investisiya qoyan amerikalı iş adamlarını belə adlandırırdılar-red.) kef etdiyi halda kubalılar acından ölür.

Hava limanı əməkdaşları əks-arqumentlər səsləndirməyə çalışırdılar. Markes Sançesə yaxınlaşıb onun kim olduğunu və Kubada nə iş gördüyünü soruşanda heç kim səsini çıxartmadı. Castro Markeslə görüşdü və toyuq məsələsi ilə bağlı fikirlərini onunla da bölüşdü. Bu arada işçilər toyuq tapdılar və Castro kafeyə girib gözdən itdi. Sonra geri döndü. Məlum oldu ki, hava şəraitinin əlverişsizliyi səbəbindən Havana aeroportu bağlıdır. Castro sərt reaksiya verdi: saat beşdə orda olmalıyam. Biz gedirik”.

Ən azı romanları qədər rəngli, canlı, hətta sehrli həyatının ən gözəl anlarından biri 1982-ci ildə “Nobel” mükafatını alması idi. Mükafatı alanda Kolumbiya milli geyimləri geyməsi, “Latın Amerikasının tənhalığı” sərlövhəli çıxışı haqqında çoxları məlumatlıdır. Ancaq bundan bir gün öncə Markesin iştirak etidiyi bir tədbirdə-prezidentin qərargahında verilən ziyafətdəki 11 özəl qonağın arasında Türkiyənin sabiq baş naziri Bülənt Ecevitin olduğunu çox az adam bilir.

Əvvəldə dedik, Martinin yazdığı bioqrafiyada yox, yox. Amma əlbəttə hər şeyin bir sonu var: “2005-ci ildə Mexikoda görüşdük. Yazmağa davam edəcəyindən əmin deyildi. Sonra ağlamsındı, “Kifayət qədər yazdım, deyilmi?” dedi. Bunları da əlavə etdi: “İnsanların ümidləri suya düşməz, məndən bir şey gözləməzlər, deyilmi? Mexikonun cənub tərəfində bir otelin barında mavi kreslolarda oturmuşduq. Çöldə XXI əsr axıb gedirdi. Səkkiz zolaqlı yolda nəqliyyatın sayı-hesabı yox idi. Mənə döndü “Bilirsən, bəzən sıxılıram, kədərlənirəm” dedi. “Nə? Qabo, gördüyün bu qədər işdən sonra?” Pəncərədən çölə işarə etdi və sakitcə dedi: “Sona gəldiyimi bildiyimdən”.

Hazırladı: Ağa Cəfərli
# 1821 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #