Elif Şafakın „köçürtdüyü“ yazıçı danışır

Elif Şafakın  „köçürtdüyü“ yazıçı danışır
14 avqust 2011
# 08:00
35 yaşlı Zadie Smit Avropada tanınan ingilis yazıçısıdır. Son günlər Smitin adı türk mediasında çox hallanırdı və Əlif Şafakın son romanının onun “Bəyaz dişlər” əsərindən “kalka” edildiyi iddia olunurdu.

Z.Smit 25 yaşında yazdığı “Bəyaz dişlər” romanından sonra məşhurlaşdı və tənqidçilər onu “ədəbiyyatın vunderkindi” adlandırdılar. Sonralar “Avtoqraf toplayan” və “Gözəllik haqda” romanlarını yazan Smit çoxlu sayda ədəbi mükafatların sahibidir.

- Xanim Smit, 11 il əvvəl sizin ilk romanınız çap olunanda bir anda məşhurlaşdınız. Və hətta “ulduzlar” kimi sizə də reklam məqsədilə məşhur markaların məhsullarından istifadə etmək təklifi gəldi.

- “Bəyaz dişlər“ kitabından sonra, məsələn, mənə bir çanta yolladılar, amma onu firmaya geri göndərdim. Məni belə şeylər maraqlandırmır.

- Əsərlərinizin əsas mövzusu identiklik və dəri rəngləri qara, qəhvəyi olan insanlar haqdadır. “Gözəllik haqda“ əsəri isə ağ və qara rənglilər arasındakı çatdan yox, qara rənglilərin orta və aşağı təbəqəsi arasında çatdan bəhs edilir.

- Romanlarımda əsas mövzu qara və ya ağ dərili adamlar deyil. Qəhrəmanlarım yalnız özlərini təmsil edirlər, yəni onların dərilərinin rəngi altında hansısa alt məna gizlənmir. Əgər qəhrəmanlar ağ olsaydı, siz heç bu haqda ətraflı düşünməzdiniz. Yalnız onların qara olması səbəbindən nəsə simvolik məna axtarırsınız.

- Amma yenə də, niyə obrazlarınız qara rənglidir?

- Axı bu nə sualdır? Mən niyə qarayam? Siz niyə ağsız? Bəzən məndə belə təəssürat yaranır ki, ağ adamlar kitablarda ağ rəngli adamların olmasını normal sayır, amma başqa irqi təmsil edənlər varsa, bu, artıq ekzotikadır, hansısa mövqe anlamına gəlir. Siz nəyə inanırsınız? İnsanın ruhuna, yoxsa?…

- Üzr istəyirəm, sizin personajlar ekstremal, fəqrlidirlər. “Bəyaz dişlər“ əsərində obrazları bir sual düşündürür: onlar öz əcdadlarına nəyi borcludurlar? “Gözəllik haqda“ əsərində qara professorun oğlu Levi qara rəngli reperlərlə əlaqə axtarır.

- Hə, bu axtarış onu bədbəxt və kədərli edir. Levi özünün axtarışı ilə heç də xoşbəxt deyil. Yəni demək istəyirəm ki, biz hamımız insani ruhuq və hansısa bazar qəzeti üçün mövqe, nəzər nöqtəsi deyilik. Con Apdaykın əsərlərini oxuyanda, onun qəhrəmanlarının nədən ağ olması haqda sual vermirlər. İstəyirəm ki, mənim personajlarımı insan kimi araşdırısınlar, necə ki, Apdaykın “Dovşan“ romanındakı baş qəhrəman olan dovşanı insan kimi araşdırırlar.

- Deyəsən bu suallar sizi əsəbləşdirir.

- Bu məni əsəbləşdirmir, darıxdırır. Norveçdən olan bir jurnalist son dərəcə məyus olmuşdu ki, onlarda multimədəniyyəti - başqa mədəniyyəti təmsil edənlərin ədəbiyyatı yoxdur. Ondan Norveçdə qaralar və asiyalıların yaşadığını soruşanda, o, “yox“ dedi. Onda özümdən soruşdum ki, niyə multimədəni ədəbiyyat Norveçdə də olmalıydı? Axı bu ölkələrin sahiblənmək istədiyi bir moda deyil.

- Atanız birtaniyalı, ananız isə yamaykalıdır. Qardaşlarınzıdan biri Doc Broun məşhur reperdir. Belə bir ailədə özünü təsdiq ermək çətin idi?

- Özünü təsdiq etmək? Mənim ailəm müstəqil insanlardan ibarətdir. Bacı-qardaşlarım özlərinə kifayət qədər inamlı adamlardır. Bəlkə də ailəmizin başqa üzvlərindən fərqli olaraq mənim özünə inamım daha azdır.

- Siz bir dəfə demişdiniz ki, mən heç vaxt ağ rəngli olmaq istəməzdim, amma orta təbəqədə təmsil olunmaq istərdim. Buna nail ola bildiniz?

- Ailəmlə qürur duyuram. Amma əgər insanın pulu və təhsili varsa, onun fəhlə sinfinə aid olduğunu iddia etmək idiotluqdur. Bu doğrudan da həqiqi fəhlələr üçün təhqiramiz olardı. İngiltərədə çox adam yalandan deyir ki, onlar fəhlə sinfinə aiddirlər, amma ildə 50 000 funt qazanırlar və əla məhəllələrdə yaşayırlar.

- İndi hansı təbəqəyə aidsiniz?

- Mən sənətkaram. Artıq orta təbəqənin. İstənilən halda mən bunun üçün fasiləsiz işləmişəm, zəhmət çəkmişəm. Valideynlərim fəhlə sinfinə aiddirlər. 12 yaşları olanda məktəbi tərk ediblər. Atam fotoqraf idi, amma onun etdiklərinin sənətə dəxli yox idi. O, məsələn, kataloqlar üçün soyuducu fotoları çəkirdi. Hərçənd, bu onda yaxşı alınırdı. Valideylərimiz həmişə bizlə maraqlanıblar, hətta xüsusi nəsə etməsək də, bizimlə qürür duyurdular. Atam sakit təbiətli, ağ ingilis idi, onun intellektə və sənət dünyasına aiddiyyatı yoxdur. Amma iki nikahından olan 5 uşağından biri rəssam, ikisi reper, biri musiqçi, biri də yazıçı oldu.

- Almanca “Britaniya sinfi sistem“ kəlməsi həmişə çox əcaib səslənir.

- “Sistem“ qəddar sözdür. Amma Almaniyada da siniflərin fərqli danışıqları var. Sinif sinifdir, yoxsa elə deyil?

- Yox, Almaniyada hər şeydən əvvəl regional aksent fərqi var, bu isə kimin hansı sosial təbəqəyə aid olması haqda heç nə demir.

- Məgər sizdə siniflərin aksenti yoxdur? Məgər siz Berlini gəzəndə danışıqlarından kimin hansı sinfə aid olmasını bəlli edə bilmirsiniz? Kim fəhlədir, kim ziyalıdır?

- Ən yaxşı halda qərbi və şərqi fəqrləndirmək olar.

- İngiltərədə kimisə dinləyəndə artıq 1 dəqidə keçməmiş onun kim olduğunu bilirlər. Hansı məktəbə gedirlər, kimlərlə dostluq edirlər və s. Bunu gizlətmək mümkün deyil. Buna görə də bizim “Mənim gözəl ledim“ kimi məşhur hekayətimiz var.

- Bu sizi üzür?

- Təbii ki, İngiltərədn fərqli olaraq, Amerikada öz kökündən, əslindən qopmaq, qaçmaq asandır. İngiltərədə istdəyiniz kimi varlı ola bilərsiz, amma əsli, kökü almaq mümkün deyil.

İngiltərə bu mənada fərqlidir, dəyişmir və bu bizim bazisdir. Mən gənc olanda, özüm haqda bu mənada təəssürat yaratmaq istəyirdim. Hərçənd bilirdim ki, hər sinifdə və mədəniyyətdə gözəlliyin bütün formaları var.

- Siz yarım il Amerikanın elitar universitetlərindən sayılan Harvardda mühazirə demisiniz. Britaniyalı kimi Amerika haqda nə deyə bilərsiniz?

- Bilirsiz, mən 35 ildir İngiltərədə yaşamışam və Amerikada yalnız 6 ay oldum. Ona görə müqayisə üçün 6 ay kifayət etmir. Harvarda gəlincə, bu elitar bir məkandır, orda oxumaq üçün varlı olmaq lazımdır. Kasıb uşaqlar üçün təqaüd yoxdur, çünki orda kasıb uşaqlar da yoxdur. İdman proqramları üçün ildə 120 milyon dollar ödəməyi təklif edirlər. Əgər siz Avropadan gəlmisinizsə, vəziyyət, təbii ki, əsəbləşdirəcək. Amma bu keçmişdən mövcud olan başqa ənənədir.

- “Gözəllik haqda“ romanında Amerika liberalları və mühafizəkarları arasında İraq müharibəsindən bəri qızışan münaqişə təsvir olunub.

- Hə, 2003-cü ildə mən orda olanda münaqişə çox gərgin idi. Mən hər iki mövqeni yorucu sayıram, amma istədim ki, münaqişəni romanımda əks etdirim. Bundan başqa, bu olayları yazmaq inanılmaz çətin idi. Amma romanda münaqişənin komik təsvirinə nail olmaq istəmişəm.

- Siz buna nail olmusunuz. Məsələn, kollec professoru hüzr mərasimində zamanı öz rəqibinin qızı ilə yatır.

- Bilirsiz, ingilis yazıçıların çoxunun sitcom (situasiya komediyası - S.S.) problemi var və inanıram ki, məndə də. Kitablarımda ucuz qroteskdən qaçıram və ümid edirəm ki, bir gün bunu yaxşı komediya yazmağı bacaracam.

- Xaricdə olanda nə üçün darıxırsınız?

- İngiltərədə olan hər şey, hər detal üçün darıxıram. Çay fincanlarına kimi.

- Yoxsa siz səfərə gedəndə kraliça kimi özünüzlə çay aparırsınız?

- İngilis çayı xoşuma gəlmir, amma bu həm də İngiltərədə xoşuma gəlməyən yeganə şeydir. Mən yeməyi sevirəm. Qordon Ramsey və Cəmi Oliveri Avropada ən yaxşı aşpaz hesab edirəm. Zəhmət olmazsa deyin, siqaretiniz var?

- Təəsüf ki, yox.

- Hər kəs siqareti atır, mənasız şeydir. Mən də istəmişdim, amma bacarmadım.

- Məncə, siz şöhrətpərstsiz, yoxsa?

- Hə, mən çox şöhrətpərəstəm. Yaxşı kitab yazmaq istəyirəm. Bu mənim iddiamdır, qalanları isə vecimə deyil. Əks halda, haqqımda danışacaq başqa şey olmaz.

- Hələ də böyüdüyünz yerdə yaşayırsınız?

- Doğulduğum küçədə. Səyahətləri sevmirəm, ümumiyyətlə heç bir dəyişkiliyi sevmirəm. Başqaları istəyir ki, Hindistanda dağa qalxsın, mən isə yox.

- Yazmağı bacarmasaydınız, o zaman nəyin çatmadığını hiss edərdiniz?

- Əgər oxuya bilməsəydim. Yazmaq ağrı və işgəncədir, oxumaq isə sırf həzz.

- Nəslinizdən olan yazıcılar daha çox öz daxili aləminə qapılıb, özünü araşdırır.

- Özlərinə diqqət cəlb etmək istəyirlər, bu dəhşətdir. Bu bütöv bir nəslə aiddir. Mən gənc oxucularımla rastlaşanda, tez-tez eşidirəm ki, onlar gündəlik və blok yazırlar. Bütün həyatım boyu heç zaman gündəliyim olmayıb. Daxilim məni ümumiyyətlə, maraqlandırmır. Mən özümə təsəlli vermək üçün yazıram.

- Obrazlarınızdan sizdən çox şey var?

- Yox, məndən fəqrli olaraq onların başqa adam olmaq imkanı var. Əgər özümü obrazlarımla identifikasiya etmək istəsəm, o zaman minlərlə 35 yaşlı qadından yazmalıyam. Amma lənət şeytana!.. Bu öz həyatımdır, niyə mən bunu yazmalıyam?

- Başqa yazıçılarla kontaktınız varmı?

- Bütün dostlarım yazıçılardır. Mən onlarla yalnız yazmaq və iş haqda danışıram. Yazıçılar arasında bir qarşılıqlı anlayış var, hər şeydən əvvəl təbiətən yazıçı adlandırdığım adamlar arasında. Amma bu o demək deyil ki, onların hamısı mütləq mənada uğurludurlar, sadəcə, onlar yazmaqdan başqa nəsə bacarmırlar. Biz bir-brimizi başa düşürük.

- Artıq siz nə yazmaq istədiyinizi bilirsiniz.

- Yazmaq sadəcə bir prosesdir, mistik heç nə yoxdur. Bu, qeyri-sağlam səslənir, amma mən yaşlı olduqca bir o qədər özümdən tez-tez soruşuram, həyatıma nə qədər kitab yerləşdirə bilərəm. Hər kitab üçün 4 il lazımdır. Onda mən hesablayıram ki, 4 il və daha 4 il…. Sonra uşaqlar, daha 4 il, yaşlanıram və nə zamansa artıq öləcəm. Əslində, düşündüyüm hər şey bundan ibarətdir - ölənə kimi nə qədər çox şey edə bilərəm.

- Özünüzdən narazı görünürsünüz.

- Mən heç vaxt özümdən razı olmamışam. Əgər razı olsaydım, yazmazdım. Mən ümumiyyətlə, özündən razı olan yazıçı tanımıram. Bunu iddia edən insanlar isə kitablarını satmaq istəyənlərdir. Özündənrazılıq yazıçı üçün nadir hissdir.

- “Bəyaz dişlər” debüt romanında siz dini maniya haqda əyləncəli yazmısınız.

- Dindən yazmaq həmişə maraqlıdır, şəndir. Mən iudaizmdən də, islamdan da yazmışam. İnsanların ideyalarına mübtəlalığı həmişə gülməlidir.

- Romanlarınız qadın və ya hansısa nəslin səsi kimi qəbul edilmədi.

- Mən yazmağı sevirəm və yazıçı olmaq istəyirəm. Kimin isə səsi yox.



Almancadan çevirdi: Sevda Sultanova
# 1172 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #