Natella üçün blüz

Natella üçün blüz
11 avqust 2011
# 09:00
(hekayə)

Gürcüstanda daha yaxşıdır. Orada hər şey fərqlidir. Pul da, çaxır da, qəhrəmanlıq da daha çoxdur. Əl-qol da geniş atılır, ovuc da bıçaq dəstəyinə daha yaxın olur...

Gürcü qadınlar ciddi, hər şeydən ehtiyatlanandırlar, onlarla zarafat etməyin heç yeri yoxdur. Hamı bilir ki, sıx kirpiklər barrikadası keçilməzdir.

Gürcüstanda iqlim yoxdur. Ancaq günəşlə kölgə var. Yayda kölgələr qısa, qışda uzundur, vəssalam.

Gürcüstanda daha yaxşıdır. Orada hər şey fərqlidir...

Əlimdə bu paslanmış lələyi sıxıram. Barmaqlarım əsir, qorxudan buz bağlayır. Çünki alətim çox kobuddur. Sənin portretini necə çəkə bilərəm axı?! Sənin portretini, Bokuçava Natella!

Ah, Natella! Sən − saqqallı pəhləvanların ziyafət məclisindəki badə! Sən − dalaşdıqdan sonra içilən bulaq suyundan bir qurtum! Sən − tanımadığım pəncərədən səsi gələn qəmli bir nəğmə! Sən − bizi dağlarda isladan leysan! Sən − leysandan canımızı qurtararaq altında gizləndiyimiz ağac! Sən − həmin ağacı param-parça edən ildırım! Sən − gözəl ölkənin gəncliyi!

Natella hər səhər Araqvi çayının ağır sularını qolları ilə yarır. Sahildə daşın altına basılmış don, saat və yay ayaqqabıları qalır.

Natella üzüb gedir, suyun altında bəzən bədəni ağarır. Sahildəki “izabel” üzümünün kolları asta-asta xışıldayır. Kolların arxasında isə ehtiraslar baş qaldırıb. Orda zootexnik Arçil Piradze artıq bir müddətdir ki, çömbəlib oturub.

Arçil Piradze düz bir saat əvvəl evdən çıxıb.

− Arçil, − anası Keke Piradze ona deyib, − səni gözləyəcəyəm. Sən evdə olmayanda narahat oluram. Bax, qapının kandarına tüpürürəm, tüpürcək quruyana kimi evə qayıtmalısan.

− Yaxşı, − Arçil deyir.

Qoca ana tüpürüb evə girir. Bu zaman oğul fəaliyyətə başlayır. O, paslanmış tüfəngini qapının altından çıxarır. Onu doldurur və çaya tərəf yollanır.

İndi də oturub gözləyir. Araqvinin suları, nəhayət ki, bağlanır. Natella ayaqlarını hamar daşların üzərinə qoyaraq gəlir.

Dünyada bu mənzərədən gözəl nə var axı?! Arçil Piradze buna necə dözsün?! O Arçil ki, hətta gipsdən at heykəlini də görəndə ağlını itirir!

Elə bu an Arçil paslanmış tüfəngini əlinə alır. Onu lap yuxarı qaldırır. Sonra tətiyi basır.

Tüstü yavaş-yavaş dağılır, səs-küy aşağı yatır. Dağlara yayılan əsk-sədanın səsi susmaq üzrədir.

− Yenə də sizsiniz, Piradze? – Natella sərt səslə deyir. – Elə də bilirdim. Bu nə qədər davam edəcək?! Sizə çoxdan demişəm ki, arvadınız olmayacağam. Niyə bunu edirsiniz? Niyə hər gün mənə atəş açırsınız? Bir dəfə zorlamaya görə on beş sutka yatmışsınız. Bu sizə bəs eləmir, Arçil Luarsaboviç?

− Mən başqa adam olmuşam, Natella. İnanmırsan mənə? Hətta instituta qəbul olunmuşam, artıq tələbəyəm.

− Buna inanmaq çətindir.

− Kitab-dəftərim də var. Dərsliyim də var, “Kimya” adlı. Baxmaq istəyirsən?

− Kiməsə rüşvət vermisiniz?

− Təsəvvür et ki, yox. Tamamilə pulsuz olaraq qiyabi tələbəyəm.

− Çox şadam.

− Onda qayıt da, Natella. Sənin hər şeyin olacaq – patefonun da, soyuducun da, inəyin də. Biz səninlə səyahət edəcəyik.

− Nə ilə?

− Karusellə.

− İstəmirəm, sizə olan bütün rəğbətimə baxmayaraq.

− Mən dəyişmişəm! – Piradze dillənir. – Təhsil alıram. Hər şeyi alnımın təri ilə əldə edirəm, Natella!

− Mümkün deyil. Leninqradda aspirant Rabinoviç Qriqori məni gözləyir. Mən ona söz vermişəm.

− Mən də aspirant olacağam, çoxlu kitab da oxuyacağam. Birini, demək olar ki, oxumuşam.

− Adı nədir?

− Povest.


− Elə bu?

− Adı – Serafimoviç!

− Şəxsən mənə daha çox Tolstoy maraqlıdır, − Natella deyir.


− Onun da kitablarını oxuyacam. Qoy narahat olmasın.

− Sakit! – Natella deyir. – Eşidirsiniz?


Kolların arxasından incə sözlər eşidilir:

Sən mənə dedin – yox!
Qarlı yolla çıxıb getdin.
Sərt idi cavabın çox.
Əzab içində gecəm,
Ah, əzab içində keçdi...

Yolla kino mexaniki Qiqo Zandukeli hardansa tapdığı tüfənglə yavaş-yavaş gedir. Silah düz otuz altı il torpağın altında qalıb. Hər tərəfindən yaşıl otlar sallanır, lüləsində isə georgin var.

Natella ilə Piradzeni görüb Qiqo dayanır. Tüfəngini qabağa əyir.

− Məni öldürməyə gəlmisiniz, Qiqo Rafaeleviç? – Natella soruşur.

− Baxaq da, − Qiqo dillənir.


− Hamının işi-gücü elə məni öldürməkdi. Gah siz, Arçil, gah da siz, Qiqo! Təkcə aspirant Rabinoviç Qriqoriy mürəkkəb böcəyi haqqında dissertasiyasını sakit-sakit yazır. O, əsl kişidir. Mən ona söz vermişəm...

Birdən Piradze ortaya girir:
− Qiqo, sənə kim ixtiyar verib ki, Bokuçava Natellanı öldürəsən?

− Bəs sənə bu ixtiyarı kim verib? – Zandukeli soruşur. Eyni anda iki atəş açılır. Səs-küy, tüstü, əks-səda. Sonra isə Natellanın qəmli və narazı səsi gəlir:


− Yalvarıram sizə, dalaşmayın. Qiqo, Arçil, dost olun!

− Doğrudan a, − Piradze deyir, − qan tökmək nəyə lazım? Olmazmı ki, bir şüşə əla çaxır vuraq?!


− Olar, − Zandukeli dillənir. Piradze cibindən “balaca”nı çıxarır. Dişi ilə metal qapağı açır.

− Badələri dolduraq, − deyib Piradze şüşəni başına çəkir. Sonra Qiqoya ötürür. O da içir.


− Heyif ki, çərəzimiz yoxdur, − Arçil deyir.

− Məndə bir baş soğan var, − Zandukeli sevincək deyir. – Al. Onu ehtiyat üçün götürmüşdüm, dedim birdən məni həbs edərlər.


− Sənin şərəfinə, Rabinoviç Qriqoriy! – deyib şüşəni bitirirlər...

İki həftə elə tez ötüb keçdi ki. Məzuniyyət bitdi. Bizim sənaye şəhəri isə basabas və rütubətlidir.

Sabah mühəndis Bokuçava çertyoj aləti ilə işini görəcək. Günün qaraltdığı qollarını cavan-qoca iş yoldaşları ləzzətlə seyr edəcək.

Natella perron boyu gedirdi. Nəhayət ki, təkərlərin səsi və vağzal tüstüsünün qoxusu arxada qaldı. Pəncərələrin altındakı qumsal unudulub. Qaranlıq daxmalar unudulub. Qatarın arxasınca baxan ayaqyalın uşaqlar da unudulub.

Qız camaatın arasında gözdən itmişdi, amma mən yenə də inadkarcasına onun arxasınca gedirdim. Bokuçava Natellanı çoxdan gözdən itirməyimə baxmayaraq. Mən yoluma davam edirdim, çünki kişi zümrəsinə aidəm. Bilirəm ki, kobud, kor, pinti, sərhesab, kinli, kök, ədəbsiz biriyəm və axıradək də gedəcəyəm.

Sənin arxanca baxmaq hüququmla fəxr edirəm. Sənin təbəssümünü isə uğur hesab edirəm!

Ruscadan tərcümə: Svetlana Quliyeva
# 1210 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #