Nə qadınla, nə qadınsız... - ARAŞDIRMA

Nə qadınla, nə qadınsız... - ARAŞDIRMA
13 aprel 2011
# 10:03
LAYİHƏ: İNTİHAR SİLSİLƏSİ

Kulis.azın təqdim etdiyi lahiyədə ölüm tarixlərini özləri seçmiş ədəbiyyat adamları haqqında araşdırmalar təqdim olunacaq. Lahiyənin ilk yazıçısı nobelli amerikan yazıçısı Ernest Heminqueydir.


Mirmehdi Ağaoğlu



Ernest Heminqueyin babası da, atası da intihar etmişdi. Güman etmək olar ki, ona intihar irsən keçib.Amma intiharın səbəbinə baxanda onun özünə qəsd etməkdən başqa çarəsi qalmadığını düşünürsən. Bu böyük Amerika yazarının intihar səbəbi haqqında qaydaya uyğun olaraq yazının sonunda danışaq. Hələlik isə dahi yazarın həyatına nəzər salaq.

3 yaşlı ovçu

Ernest Miller Heminquey 1899-cu ildə 21 iyul tarixində Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaq idilər, böyükləri Ernest idi. Anası musiqiçi, atası həkim idi. Anası onun da musiqiçi olmağını istəyirdi. Buna görə də onda zorla musiqiyə həvəs oyatmaq istəyirdi.

O isə atası kimi təbiətə meylli idi. Üç yaşı olanda atası Ernestə tilov hədiyyə etmişdi, onu özü ilə balıq tutmağa aparırdı. Seymur Baycan yeni nəşr olunmuş romanında yazır: “Nə vaxtsa oxumuşdum: yazıçı minimum on beş quş, on beş ağac, on beş çiçək adı bilməlidir”.

İntihar aləti baba hədiyyəsiydi

Ernest səkkiz yaşı olanda Amerikanın Orta Qərbində mövcud olan bütün bitkilərin, ağacların, çiçəklərin, heyvanların, quşların, balıqların adını əzbərdən bilirdi. Onun ikinci sevimli işi isə ədəbiyyat idi. O saatlarla ev kitabxanasında oturub mütaliə edirdi.

12 yaşı olanda babası Ernestə tüfəng hədiyyə elədi. Bu hədiyyə onun həyatını ovçuluğa bağladı. Eləcə də ölümə.

Universitet yerinə redaksiya

Heminquey fiziki cəhətdən möhkəm adam idi. Futbol və boksla məşğul olurdu. Məktəb jurnalında da kiçik hekayələr yazırdı. Bu illərdə o özlüyündə müəyyənləşdirdi: mütləq yazıçı olacaq.

Buna görə də valideynlərinin təkidlərinə baxmayaraq universitetə daxil olmadı. Kanzas-Sitiyə gedib orada “Star” qəzetində müxbir kimi çalışmağa başladı.

O qəzetdə rayonun bir hissəsinə cavabdehlik daşıyırdı. Ernest hadisə yerlərinə gedir; cinayətkarlarla, fahişələrlə, oğrularla tanış olur, hər bir hadisəni, iyi, qoxunu, söhbəti, davranışı təfərrüfatı ilə yadda saxlamağa çalışırdı. Bunlar ona sonrakı ədəbi fəaliyyətində lazım olacaqdı.

O müxbirlik həyatında redaktorlardan qısa, aydın, lakin dolğun, məzmunlu yazmağı da öyrəndi. Ernest Heminquey bu publisistik texnikadan yararlanıb öz üslubunu yaradacaqdı.

Müasiri Uilyam Foknerdən Heminqueyi fərqləndirən xüsusiyyətlərdən biri də bu olmalı idi. Oxucular da onun üslubunu sevdilər. Sadə idi, yormurdu. Bu üslub ədəbiyyat tarixində elə “Heminquey üslubu” olaraq da qaldı.

Salam, müharibə. Əlvida, silah!

Birinci Dünya Müharibəsi başlayan kimi o da müharibənin romantikasına qapılıb orduya qəbul olmaq istəsə də uzun müddət rədd cavabı aldı. Gözləri zəif görürdü.

Uzun cəhdlərdən sonra nəhayət müharibə ocağına düşə bildi. İtaliyada Qırmızı Xaçın sürücülüyünü edərkən yaralı italyan əsgərini xilas elədi, yaralandı. İtaliya kralı onu hərbi medal ilə təltif elədi.
Ernest Heminquey 1929-cu ildə yazdığı “Əlvida, silahın”da da hadisələr İtaliyada cərəyan edir. Müharibənin romantikasına qapılaraq döyüşlərə getmiş, hərbi əməliyyatlarda iştirak etmiş Heminquey sonralar yazırdı: “Mən müharibəyə gedəndə axmaq idim. Elə bilirdim ki, biz yarışda iştirak edən idman komandasıydıq, avstriyalılar isə başqa komanda.”

40 yaşlı əsgər

Müharibə, macəra romantikası Heminqueyi heç vaxt tərk etmədi. İspaniyada vətəndaş müharibəsi zamanı müxbirlik fəaliyyətini davam etdirdi. Faşistlərə qarşı savaşırdı. Şəhərdə döyüşlər gedən zaman o otel otağında yazmaqla məşğul olurdu. Yazıçının “Əcəl zəngi”romanı İspaniyada vətəndaş müharibəsindən bəhs edir.

O, İkinci Dünya müharibəsinə də eyni macərapərəstliklə qoşuldu. Hətta bir sıra önəmli hərbi əməliyyatlarda belə iştirak elədi. Mütəffiqlər Normandiyaya desant çıxaranda xüsusi icazə ilə əməliyyatda iştirak elədi, partizan dəstələrinin tərkibində Belçikanın, Elzasın, Parisin azad olunması uğrunda vuruşdu.

“Paris – Həmişə səninlə olan bayram”

Heminquey Parisdə İkinci Dünya Müharibəsindən əvvəl də olmuşdu. 1921-ci ildə o dörd evliliyindən birincisini edib yoldaşı Elizabet Riçardsonla Parisə yollandı. Cütlük Parisdə ucuz bir ev kirayələyib kasıb həyat sürürdülər.

Parisdə Ernest Amerika yazarı və modernistlərin havadarı Gertruda Stayn ilə tanış olur. Tez-Tez Silviya Biçin “Şekspir və kompaniya” kitabxanasına ziyarətə gəlir. Orada Ceyms Coysla , Skot Fisceradla və digər məşhur yazarlarla tanış olur. Ceyms Coysun ABŞ-da nəşrinə qadağan olunmuş “Uliss”inin Çikaqodakı dostları vasitəsilə gizlicə yayılmasını təşkil edir.

Parisdə yaşayarkən Heminquey yaradıcılıqdan da qalmır, mütəmadi “Toronto Star” qəzetinə hekayələrini göndərir. Hemquey Paris günləri haqqında “Həmişə səninlə olan bayram” romanını yazır.

Əsl uğur yazıçıya “Və günəş doğur” romanınınn çapından sonra gəlir. Romanın ikinci adı “Fiesta” idi. Roman 20-ci illərdə Fransada və İspaniyada yaşayan cavanlardan – “itirilmiş nəsil”dən bəhs edir. Sonralar bu termin bitniklərə də aid edildi.

Hər şey ölümlə qurtarır

“Əlvida, silah” romanı ilə Heminquey ədəbiyyat dünyasına öz damğasını vurdu. Əsərin qəhrəmanı Amerika könüllüsü Frederik Henri İtaliyada tibb bacısı Ketrin ilə tanış olur. Sonra müharibənin gətirdiyi bədbəxtliklərdən, ölümdən, acıdan bezərək sevgilisi ilə İsveçrəyə qaçır. Lakin İsveçrədə xoşbəxt həyatı uzun sürmür. Tale onula amansız oyununu davam etdirir.

Doğuş zamanı Ketrin ölür. “Bax hər şey bununla qurtarır. Ölümlə. Heç bilmirsən ki, bunlar nə üçündür. Bilməyə macal tapmırsan. Səni elə beləcə həyatın burulğanına atırlar və sənə həyatın qaydalarını söyləyirlər, səni qəfil yaxaladıqları elə birinci dəfədə də öldürürdlər.”

Şir ovu

1932-ci ildə Hem atanın ( onu belə çağırırdılar) “Günortadan sonra ölüm” romanı dərc olunur. Romanda yazıçı korrida döyüşünü dəqiqliyi ilə təsvir edir, onu ayin kimi kişilik sınağı kimi təqdim edir. Bu romanla Heminquey bir nömrəli amerikan yazıçısı kimi ad qazanır. Onda hələ Folkneri ABŞ-da qəbul etmirdilər.

O macəralara daha çox pul xərcləməyə başlayır. Afrikaya səyahətə çıxır. Afrikada ibtidai qəbilələrin həyatı ilə tanış olur, şir ovuna çıxır. Üç dəfə şir ovlayır. 1935-ci ildə yazıçının “Afrikanın yaşıl təpələri” kitabı çap olunur.

“Qoca və dəniz”də balıqçı Santyaqo yuxuda şirləri görür. Əsər də belə bitir: “Yuxarıda, qoca yenə komasında yatmışdı. O yenə üzüaşağı yatmışdı, oğlansa onun keçiyini çəkirdi. Qoca yuxuda şirləri görürdü”

Kuba sahillərində uğur


İkinci Dünya Müharibəsi illərində Heminquey Kubaya köçür. Havana yaxınlığında ev alır. Qayıq alıb balıqçılıqla məşğul olur. Tez tez səyahətə çıxır. Avia qəzaya düşən yazıçı müalicə olunur.

Uzun müddətli fasilədən sonra Ernest Heminquey “Çayın o tayında, ağacların kölgəsində” romanını yazır. Lakin roman gözlənilən nəticəni vermir. Artıq dördüncü evliliyini yaşayan, bununla belə başqa qadınlara da vaxt tapan, tez tez səyahətlərə çıxan Heminqey öz ədəbi qüdrətini itirmişdi. "Yazıçıya nə mane olur? İçki, qadınlar, pul və şöhrət. Eləcə də içkinin, qadınların, pulun və şöhrətin olmaması". Deyəsən qadınlar, içki və şöhrət yazıçıya mane olmağa başlamışdı.

Yazıçı iki il sonra yeni bir əsərini “Layf” jurnalında dərc elədi. Bu dəfə əsər müharibədən bəhs etmirdi, həcmi də kiçik idi. Povvestin adı “Qoca və dəniz” idi. Bu əsərlə Heminqiey oxucuların qəlbini əbədi olaraq fəth elədi. Heminquey əsərə görə əvvəlcə dünyanın ən məhşur ədəbiyyat ödüllərindən biri Pulitser mükafatına, 1954-cü ildə isə Nobel mükafatına layiq görüldü. Səhhətində problemlər olan yazıçı təqdimetmə mərasiminə qatıla bilmədi.

Rus jurnalistinin xatirələri

SSRİ siyası xadimlərindən biri, 1918-ci il mart qırğınları zamanı erməni silahlı dəstələrinə başçılıq etmiş A. Mikoyanın 1960-cı ildə Kubaya səfəri zamanı heyətin tərkibində olmuş jurnaslit Henrix Borovik gözlənilənlərin əksinə olaraq yazıçıdan müsahibə ala bilir. Yazıçı onu öz ilə balıq tutmağa dəvət edir. Özünün işləmək metodundan danışır.

Yazıçı hər gün səhər beşdən günorta birə kimi işləyir. Günə 700-800 söz yazır. Günortadan sonra isə özünü içkiyə verir. Heminqey içki həvəskarı idi. Rus jurnalist də ona özü ilə gəritdiyi üç butulka rus arağı hədiyyə eləmişdi. Heminquey də butulkanı onun əlindən alıb başına çəkir.

Yazıçı içki aludəçiliyini onunla izah edirdi ki, bütün günü personajlar haqqında düşünməmək, onların nə danışacağını, nə edəcəyini fikirləşməmək mümkün deyil. Bunları unutmaq üçün isə içmək qaçılmazdır. Əks təqdirdə dəli olmaq olar.

Hədiyyə tüfəngdən atəş

Bu görüşdən bir il sonra yazıçı intihar edir. Səhhəti pisləşən yazıçını müalicə edən həkimlər səhvən ona elekroşok terapiyası tətbiq edirlər. Bu ağır iki seansdan sonra yazıçı hafizəsini itirir, heç nə yaza bilmir.

Yazıçı deyirdi: “Mənə elekrtoşok edən bu həkimlər yazıçıları anlamırlar... Gərək bütün psixiatorlar yazıçı olmağın nə demək olduğunu bilmək üçün bədii əsər yazmağı öyrənəydilər...mənim sərmayəm olan beynimi dağıdaraq və yaddaşımı silərək məni həyatın sahilinə atmağın mənası nə idi”

Yaddaşını itirmiş yazıçı fikirlərini toplaya bilmir. İki sözü belə yana-yana qoyub yaza bilmir. Hafizəsi bir yazıçının varidatıdır. Daha yaza bilməyən yazıçı heç kimə lazım deyil. Heç özünə də.

Xəstəxanadan buraxılandan iki gün sonra 2 iyul 1961-ci ildə anbara girib bir zaman atasının intihar etdiyi tüfəngdən özünə atəş açır.

Kişi kimi ölüm...

Rus jurnalisti ilə görüşündə yazıçı demişdi: “Əsl kişi yataqda ölə bilməz. O ya döyüşdə ölməlidir, ya da alnına güllə sıxaraq”.
Ernest Heminquey bəlkə də bu fikirlərin “Oğuznamə”də yer aldığını bilmirdi. Amma daha yaşaya bilməyəcəyini anladığı təqdirdə ölümün onu xəstə yatağında yaxalamasını istəmədi, özü onu qarşılamağa çıxdı.

“Oğuznamə”də isə belə yazılmışdı: “Yataqda ölən kişi murdardır”.
# 1822 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #