Tanınmış meyxanaçı Ramiz Rövşənə necə qiymət verdi?

Tanınmış meyxanaçı Ramiz Rövşənə necə qiymət verdi?
7 iyul 2011
# 15:26
Bu yaxınlarda azadlıq.org-da Adil Mirseyidin yeni şeir kitabı çıxıb xəbərinə rastladım. İnanıram ki, onlarla siyasi- iqtisadi, məişətimizlə bağlı olan xəbərlərin arasında bu xəbərin üstünə tıklamaq ağlınızdan belə keçməyib... Sizə səslənirəm, ekran qarşısındakı əziz oxucular, siz nə deyirsiz? Ona görə çox az qisminiz şeirlə, poeziyayla, ümumiyyətlə ədəbiyyatla maraqlanırsınız.

Əvvəllər ədəbiyyat hicablı qadının açıq baldırlarına düşən ay işığı idi... Poeziyanın gücü o qədər böyük idi ki, Nəsimini tutub dərisini soyurdular, Lorkanı güllələyirdilər. Keçən əsrin 30-cu illərində ədəbiyyat çox növcavanların başını yedi, isti yuvalarını dağıtdı, balalarını yetim qoydu, analarını ağlar. Ədəbiyyat sirli idi, qorxulu idi, cəlbedici idi. İndi isə, o hicablı qadın çadranı atıb, onun bədəni çılpaqdı, dənizə çimməyə gəlib. Heç kim “vuauuu” deyib bu çılpaq qadının üzərinə cummur.

İndi hamı azadcasına istədiyini yazır. Niyə? Çünki onsuz da ədəbiyyat dar dairələrdə oxunur. Kino və teatr isə hələ də həmin sehri saxlayır. Hətta televiziya da. Kənddə heç sayılmayan bir “gədə” ekrana çıxsın, lap elə dingilim oynasın,bütün kənd bir ay ondan danışacaq. Çünki kütlənin idarəsi üçün bu cəlbediciliyin qorunması vacibdir.

Çoxlarını narahat edən “roman bumu” na da dostlarım əlbəəttə ki, ədəbiyyatın cəlbediciliyini geri qaytarmaq üçün qoşuldular. 90-cı illərin əvvəllərində, lap elə yeni əsrin ilk illərində yazılan hər yeni şeir aylarla danışılırdı. Təbii ki, söhbət yaxşı şeirdən gedir. Amma indi şairin yaradıcılığını hətta yaxın dostları izləmir. Əminəm ki, romanla da belə olacaq, tələsməyin. Çünki qələm əldə etmək asandır, qələmin qiyməti iyirmi qəpikdir. Amma kinokamera, kinoya çəkilən pulları əldə etmək ölkədə cəmi bir-iki adamın əlindən gəlir.

Teatr da həmçinin, idarəolunandır. Amma ədəbiyyat əndazəsini aşmışdı, ona həddini bildirməliydilər. Bildirdilər də. Keçən əsrin 30-cu illərində şairləri, yazıçıları öldürürdülərsə, indi ədəbiyyatın özünü öldürdülər. Gözdən salmaqla. Artıq nəinki azad, gənc, yeni yazarların, heç vaxtilə “mənəm-mənəm” deyən qocaman yazıçıların da sözünün xalqın yanında bir qara qəpik də hörməti yoxdur.

Əvəzinə meyxananın, meyxanaçıların hörməti də, izzəti də, pulu da xirtdəyə kimidir. Meyxanaçılardan biri yaxın qohumumuzdur. Adını çəkməyəcəm. Onunla bir araya gələndə “şeir, yoxsa meyxana” mövzusunda dartışırıq. Savaşırıq, barışırıq. “Nə yazırlar e, şairlər? Onların bir gecədə yazdıqlarını biz bir neçə saniyəyə deyirik. Onlardan da yaxşı” deyir qohum.

Ona anlada bilmirəm ki, məsələ sadəcə deməkdə deyil, nəyi deməkdə, necə deməkdədi. Axırı Ramiz Rövşənin kitabını götürüb rəfdən bir neçə şeir oxudum. Düşündüm ki, Ramizi bəyənər, Ramiz onun ruhuna yaxın olar. Səhv düşünmüşəmmiş.

Qohumum əllərini bir-birinə vurub gülərək dedi: buna şeir deyirsənsə, gündə bundan əllisini deyərəm. Nadanlığın son pilləsində dayanmışdı cavan oğlan. “Sən gəncsən, bilmirsən, yaşlı meyxanaçılar Ramizin qədrini bilərlər” dedim. Qohumum qızışdı, əl atdı telefonuna, üç-dörd meyxanaçının nömrəsini yığdı. Aralarında kifayət qədər tanınmışları da vardı. İçlərindən biri (adını çəkmək istəmirəm) gülərək ,“o Ramizi deyirsən, “Süd dişinin ağrısı” şeirini (bədbəxt bilmir ki, poemadır bu) yazıb ha... O kitabı mənə verdilər, yarıyadək oxudum, gülməkdən üç gün özümə gələ bilmədim” dedi. Yalnız biri, nisbətən yaşlı olanı, özünə hörmət hissi bəsləməmi sağladı. Səsucaldan vasitəsilə eşitdiyim, meyxanaçı Ağa Mirzənin ağzından çıxan bu cümlə qohumumun ağzına sillə kimi dəydi: “mənim şeiriyyətdən başım çıxmır, Ramiz Rövşən haqqında da heç nə deyə bilmərəm”.


Bu əhvalatı mənim kiçik qardaşım Mövlud Mövluda danışanda dedi: “Gördün Sevinc, bəs siz (AYO)Ramizi belələrinin ayağına verəndə, sonra Ramizi necə müdafiə eləyəcəksiz?” Ramizin hansısa meyxanaçıdan müdafiəyə ehtiyacı yoxdu... Amma belə-belə işlər, əziz oxucu. Ədəbiyyata barmaqarası yanaşmağın bədəli ağır ola, qorxuram.
# 2628 dəfə oxunub

Oxşar xəbərlər

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

11:15 30 oktyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər