Homoseksual olmaq cinayət deyil

Homoseksual olmaq cinayət deyil
4 dekabr 2014
# 13:24

Türkiyəli Uğur İzzət Qaraqoçun bu ilin əvvəlində intihar etmiş İsa Şahmarlıya həsr etdiyi “Belə gəlib, belə gedəcəyik” hekayəsindən sonra yenə də “homoseksualar barədə yazmalımı, yazmamalımı” müzakirəsi qızışdı.

Şəxsən mən bu mövzuda yazmaqdan heç zaman çəkinməmişəm. Çünki homoseksuallara və homoseksualizmə münasibətim normaldır.

İsa Şahmarlının intiharına həsr etdiyim şeirdən sonra sosial şəbəkələrdə kifayət qədər təhqir olundum. Onlarla adam bir ağızdan məni başqa problemlərə münasibət bildirməməkdə suçladı, söyüş, təhqir yazdı. Halbuki məni narahat edən mövzulara hər zaman yazıçı kimi mövqeyimi bildirmişdim. Qəribədir ki, həmin şeirə görə açıq və gizli formada yüzlərlə oxucunun dəstəyini hiss etdim. Qəribə cəmiyyətik, deyilmi?

Tabu mövzulardan yazmağı, mental təfəkkürə qarşı çıxmağı gah rəzillik, gah da qəhrəmanlıq hesab edirik.

Bir qisim insan hələ də “rəngini” içində gizlədib yaşayır. Və bu gizlilik əsəbə, aqressiyaya, nifrətə, hətta cinayətə gətirib çıxarır.

Tələbəlik illərində fərqli oriyentasiyalı xanım dostum vardı. Əyalətdən gəlmişdi və onun fərqliliyini qəbul edə bilməyəcək qədər geri-düşüncəli valideynləri zavallı qızın həyatını cəhənnəmə çevirmişdi. Saatlarla ağlaya-ağlaya yaşadıqlarından, çəkdiyi əziyyətlərdən danışırdı. Sevgilisi sinif yoldaşı idi və valideynləri onların görüşməyinə qətiyyən imkan yaratmırdı. Onlar üçün bu sadəcə əxlaqsızlıq idi. Bu iki insanın yaşadıqları hələ o zaman – yəni qatı dindar və mühafizəkar olduğum dönəmlərdə – məni çox təsirləndirmişdi.

Ağız dolusu Avropa dəyərlərindən, demokratik cəmiyyətdən, böyük ədəbiyyatdan, sənətdən danışan qələm adamlarının əksəriyyəti bu mövzulardan qorxur. Daha doğrusu bu mövzularda yazmağı əxlaqsızlıq, tərbiyəsizlik sayır.

Bizdə homoseksualizmə sənətin münasibəti lağ-lağı, ələsalma səviyyəsindədir. Bir neçə nümunəni istisna etsək, bu mövzuya tolerant münasibət yoxdur.

Yanlış anlaşılmasın, təklif etmirəm ki, qələm adamları işini-gücünü atıb ancaq bu mövzularda yazsın, homoseksualizmi təbliğ etsin. Əsla!

Amma eyni havanı udduğumuz, eyni cəmiyyətdə yaşadığımız insanların yaşadıqlarına da biganə qalmamalıyıq. İnsanlar tərcihlərinə görə təhqir olunmamalıdır.

Homoseksual olmaq cinayət deyil. İnsanı “nə üçün beləsən”, “niyə belə doğulmusan” deyə ittiham etmək nə dərəcədə doğrudur? Homoseksual fərd oğrular, qatillər, fırıldaqçılar, saxtakarlar, rüşvətxorlar qədər cəmiyyətə təhlükə yaratmır axı...

Niyə heç kəsə bir zərəri toxunmayan insanların həyatını cəhənnəmə çevirməliyik?

Qəribədir, cəmiyyət qətl, qarət törədib həbsə düşənləri əl üstündə saxlayır, belələrinin şəninə nəğmələr qoşur, gənclər bu insanlardan örnək alır, amma hansısa ziyansız homoseksual stilisti, aktyoru, müğənnini, aktivisti sıxışdırır, gözdən salır, təhqir edir.

Mən cəmiyyətin homoseksuallara nifrətinin səbəblərindən yalnız birini xatırladıb, yazını tamamlayıram. Sonrasını gedin oxuyun, araşdırın, bilənlərdən soruşun.

Latent homoseksualizm!

Gizli istəklərinizi, yuxularınızı, fantaziyalarınızı yadınıza salın və sonra düşünün: təhqir etdiyiniz, “petux”, “qoluboy” deyib aşağıladığınız adamlardan nə fərqiniz var?

# 1239 dəfə oxunub

Müəllifin son yazıları

# # #