“Bütün camiləri yıxsaq da...”

“Bütün camiləri yıxsaq da...”
17 sentyabr 2011
# 11:02
Qloballaşan dünya “mədəniyyəti” sürətlə köhnə, təməli olan mədəniyyətləri əzib keçir.
Dünya siyasət oyunlarının məngənəsində inləyir.

Qədim tarixə malik mədəniyyətlər yeni yaranmış “mədəniyyət”in ayaqları altında qalır. Zənnimcə III dünya savaşı məhz mədəniyyət üzərindən aparılır.

Böyük filosof Nitşe deyirdi: “Mədəniyyət tərəfindən yox edilmə təhlükəsiylə qarşı-qarşıya olan bir mədəniyyət dövrünü yaşayırıq.”

Nitşenin illər əvvəl söylədiyi fikir bu gün də aktuallığını qoruyur.

Qlobalizm adlı “mədəniyyət” mədəniyyətləri məhv edir.

Bu gün dünyanın super gücləri “anqlo-sakson mədəniyyəti” adlı yapma bir mədəniyyətin təbliğini gücləndirir.

Dünya seksə, narkotikə, sadizmə yuvarlanır.

Heç bir alt yapısı olmayan saxta bir mədəniyyətin təsiri altında əzilirik.

Üstümüzə sel kimi gələn bu axının gətirdiyi yabançı mədəniyyətin zahiri o qədər cazibəli və gözoxşayandır ki, insan zehnini tez bir zamanda işğal edir.

Qlamur və dəb, şou və maqazin dünyası ruhaniyyətlə savaşır.

Zənnimcə, İraqı, Əfqanıstanı işğal edən ordular yox, mədəniyyət oldu.

Dünyada hakim olan anqlo-sakson mədəniyyətinə, xristian zehniyyətinə qarşı döyüşmək çox çətindir.

Qlobalizm adlanan dünya “mədəniyyəti” işğalçıdır.

Mədəniyyətin qəsbkarlığı, diktatorluğu, müstəmləkəçiliyi məhz bu olaylarda üzə çıxır.

İllərdir sürən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri içərisində bir mədəniyyət amili də var.

Zənnimcə, Türkiyəni çökdürməyə çalışan qüvvələrin də silahı bu “mədəniyyətdir”.

Xristian dinin daşıyıcısı ermənilərlə sözdə müsəlman olan Azərbaycan türklərinin mübarizəsində dünyanın hegemon xristian dövlətləri gizli-aşkar Ermənistanın yanında yer alır.

Dünya köklü mədəniyyətlərə qarşı savaşır.

Misirdə, Səudiyyə Ərəbistanında, Liviyada və sair ərəb ölkələrində diktaturayla bərabər mədəniyyət də çökür.

Qərb “Ərəb baharı” adlanan şousuyla baş qatır.

NATO qoşunlarıyla bərabər Qərbin işğalçı mədəniyyəti soxulur Şərqə...

Şərqin dirənişi mədəniyyətlə deyil top-tüfənglə olduğundan Şərq çökür.

Bunun səbəbi isə xristian dini üzərində yüksəlmiş qərb mədəniyyətidir.

Xristian ölkələrinin, xüsusən də Ermənistan insanın zehniyyəti, mədəniyyəti, ideologiyası xristian olan Qərbi qane edir.

Bu yeni mədəniyyətdə, yeni dünya düzənində ədalətə yer yoxdur.

Bu gün dünyadakı qaynar nöqtələrin hamısında mədəniyyətlərin savaşı gedir.

Xüsusilə müdrik, ləng və elmi-texnoloji yeniliklərdən geri qalmış müsəlman Şərqinin çəkildiyi bütün savaşların kökündə hiyləgər, çevik və texnoloji imkanlara malik Qərb mədəniyyətinin məkrli planları dayanır.

Bəs, mədəniyyət savaşına Şərq hansı təpkini göstərir?

Türkiyə, Misir, İran və digər ərəb ölkələri bu savaşa necə qarşılıq verir?
Öz mədəniyyətinə, öz keçmişinə dönük çıxan bu ölkələr Qərbin parıltılı mədəniyyətinin təsiri altında öz gücünü itirir.

Şərqin yumşaq yanaşması onun iflasını sürətləndirir.

İraq və Əfqanıstanda artıq acı sonluqlar göz qabağındadır.

İran, demokratik azadlığı boğmaqla və radikal islam fundamentalizmi ilə özünü məhvə sürükləyir.

35 milyonluq türkə öz dilində danışmaq, yazmaq və oxumaq imkanı verməyən İran özü də bilmədən öz çöküşünü sürətləndirir.

Əsrlərlə Türk mədəniyyətinin və idarəçiliyinin hesabına çiçəklənən İran, indi türk düşmənçiliyi edir.

Fars rejimi öz məğlubiyyətini sürətləndirir.

Türkiyə, qalxınmağa çalışsa da Qərb mədəniyyətinə qucaq açdığından mədəniyyəti çökür.

Bütün bəlaların kökündə yenə də mədəniyyət dayanır.

Müsəlman Şərqinin modernləşməsi, dünyaya alternativ mədəniyyətlə qarşı gələ bilməsinin tək variantı minillərlə kökü olan doğma mədəniyyətə sayğı və sevgiylə yanaşmasıdır.

Şərqin müdrikliyini, döyüşkənliyini, iradə və əzmini geri qaytarmağın tək yolu köklü bir mədəniyyətlə Qərb mədəniyyətinə yerini göstərməkdir.

Bu savaşda qalibiyyətin yeganə yolu mürgüdən oyanmaq, geriyə baxmaq və irəlidəki hədəfləri müəyyən etməkdir.

İslam qadağalarıyla, islahata qapalı olmasıyla antidemokratik imic yaradır.

Hələ də ərəb ölkələrində və İranda dəhşətli ölüm cəzaları tətbiq olunur. İnsanların asılması, başının, əlinin kəsilməsi və bunun insanlara nümayiş etdirilməsi İslamı gözdən salır.

Dünyada ən dəhşətli cəza hesab olunan “daşqalaq etmə” cəzası hələdə İranda tətbiq olunur.

Zinaya qarşı savaşan İslam ölkələrində fahişəlik, homoseksualizm baş alıb gedir.

Ramazan ayında aparılan araşdırmalar göstərdi ki, İranın paytaxtı Tehran ən çox porno film izləyən ölkədir.

Qapalı cəmiyyətlər sərt qadağaları pozmağa daha həvəslidir.

XI əsrə qədər islahatlara açıq olan islam dinini radikalizmdən xilas etmək, əslində sevgi və barış dini olan islama könül verən milyardları mədəniyyətlərin savaşından qalib çıxarmaq deməkdir.

Müdrik Şərq islahatları gecikdirməməlidir.

Dünyada gedən proseslərə bütün milətlər öz milli kimliyi ilə qatılır.

Yeni düzəndə ingilis ingilis kimi, alman alman kimi, fransız fransız kimi yer alır.

Bu düzən milli və dini kimliyini, mədəni kimliyini qoruyan xalqlara uğur gətirir.
Şərq xalqları isə bu incə məqama diqqətsiz yanaşır.

Proselərə qərbli kimi qatılmaq, milli və mədəni kimliyindən imtina yolunu tutmaq hesablanmamış uğursuzluqdur.

Türk filosofu Cəmil Meriçin dəyərli bir fikri var: “Bütün camiləri yıxsaq, bütün Quranları yandırsaq, avropalı üçün yenə də Osmanlıyıq”

Yeni düzənə öz kimliyimizlə, türk kimliyi ilə qatılmağın vaxtıdır.

Özümüz olmasaq – qurtuluşumuz yoxdur.
# 2977 dəfə oxunub

Müəllifin son yazıları

# # #