Şəki ləhcəsində ingilis dili – KİŞDƏN REPORTAJ

Şəki ləhcəsində ingilis dili – <span style="color:red;">KİŞDƏN REPORTAJ
11 avqust 2015
# 07:30

Alban Məbədini ziyarət

...Səhər açılar-açılmaz şair dostum Vüsal Oğuzla yola düşürük. Avtomobilin açıq şüşələrindən içəri girən havanı ciyərlərimə çəkdikcə zehnim aydınlaşır. Şəki şəhərində yerləşən, “Kanal S” televiziya kanalının səhər proqramına dəvətliyik. Artıq bölgədə yaşadığım üçün bu dəfə bölgələrdə kitaba maraqdan, gənc yazarların yaradıcılığından danışacam. Televiziyada çıxışımız maraqlı alınır. Vüsalla Şəkinin mərkəzində, “Çələbi xan” restoranında səhər yeməyimizi yeyib, söhbətləşirik. Kənddən çıxdığımız üçün günü boşa keçirmək istəmirik. Vüsal dəmli samovar çayından bir udum alıb, uzaqlara baxır:

- Bəlkə Kişdəki Alban məbədini ziyarət edək?

Odinin izi ilə

Daş döşənmiş darısqal, dolanbac yolla Kiş kəndinə doğru qalxırıq. Qədim Alban məbədi Kiş kəndinin Maflar adlanan məhəlləsində yerləşir. Darısqal yolların kənarında məbədə aparan yolları göstərən yol işarələri, ara-sıra maşını saxlayıb həmsöhbət olduğumuz kənd camaatı bizə yol göstərir. Şəkililərin şirin ləhcəsi, başqa aləmdir. 6-7 yaşlarında uşaqdan yol soruşuruq və onun cavabı ovqatımızı yüksəldir: “Haburdan həbelə eşilib (dönüb), sora da həbelə gidin”. Məbədin yaxınlığında tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyrdalın büstü qoyulub. Heyrdalın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır.

1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya səfər edib. Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırır: “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir”.

Büstün yanındakı mərmər lövhədə Tur Heyrdalın Azərbaycan haqqında daha maraqlı və diqqətçəkən fikirləri həkk olunub: “Norveç mifologiyasında Skandinav allahı Odin haqqında yazılıb ki, o, Şimali Avropaya Azər adlanan yerdən gəlib. Mən bu yazıları dəfələrlə oxudum və qərara gəldim ki, bu heç də mif yox, əsl tarix və coğrafiyadır.”

İngilis dilinin Şəki ləhcəsi

Məbədə giriş biletlədir. Şirindilli, xoşxasiyyətli şəkili xanım bizə biletləri güzəştli qiymətlə satır. Xanımın adı da maraqlıdır: Ağgün. Məbədin içərisində həqiqətən başqa auraya düşürük. Burdakı ruhaniyyat havası, sakrallıq istər-istəməz ruhumuzu ağuşuna alır. Elə bu ovqatda alban qəbirlərini, muzey eksponatlarını gözdən keçirirəm.

Deyilənə görə, məbəd ərazisini əhatə edən divarların qalıqları indi də qalmaqdadır. Divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Bütün bunlar bu məkanın sadə bir ibadətgah yox, bölgədə tanınmış müqəddəs dini mərkəz olmasından xəbər verir. Məbədin qülləsinin divarlarına dəmir pul yapışdırmaq adəti var. Şəxsən biz bu adəti həyata keçirməsək də, qüllənin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunu nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi ilə, qüllə daxilində hava cərəyanı ilə izah edirlər. İnsanlar bu xüsusiyyətlərinə görə bu qədim məbədi müqəddəs pir kimi, ocaq kimi ziyarət edirlər. Amma gələnlərin əksəriyyəti turistlərdir.

Məbədin şimal-qərb hissəsində, 4-5 metr aralı həyətdə uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı, tava daş vardır. Yerli camaat bu daşı da müqəddəs hesab edir.

Bəlkə də məbədin yerli əhali tərəfindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır. Həyətdə qədim Alban qəbirləri də var. Muzeyin direktoru İlhamə xanım həvəslə qəbirləri örtən şüşə lövhələrin təmizlənməsində iştirak edir. Yavaş-yavaş turistlər, məbədi ziyarətə gələnlər çoxalır. İlhamə xanım ingilis dilində elə şirin, elə həvəslə danışır ki, yerli qonaqlar heç nə anlamasalar belə həvəslə onu dinləyirlər. Vüsal Oğuza dönüb göz vururam:

- Qulaq as şair, bu da ingilis dilinin Şəki ləhcəsi...

Sirli və müəmmalı tarix

Məbədin tarixi ilə bağlı tarixçi yol yoldaşım Vüsal Oğuzla muzeyin direktoru İlhamə xanımın mübahisəsi isə uzun söhbətdi. Vüsal məbəd haqqında irəli sürülən məşhur ehtimallarla razılaşmır.

Məbədin tarixi ilə bağlı əsas mənbələr məbədin xristian missioner tərəfindən tikildiyini ehtimal edir. Qafqaz Albaniyasında xristianlığın yayılma tarixindən bəhs edən VII əsr Alban tarixçisi Moisey Kalankatuklu “Albaniya tarixi” əsərində miladın 50-70-ci illərində baş verən hadisələr haqqında maraqlı ehtimallar irəli sürür. İsa peyğəmbərin sevimli şagirdlərindən olan Fatdey şərqə xristian təlimini yaymağa göndərilir. Artazda erməni çarının əli ilə öldürülür. Fatdeyin şagirdi müqəddəs Yelisey müəlliminin müşayiət etdiyi üçün bu qanlı cinayətin şahidi olur. Qüdsə qayıdıb baş verən hadisələri hamıya danışır. Müqəddəs Yakovun tövsiyəsi ilə Yelisey şərqə, şəhid müəllimi Fatdeyin missiyasını davam etdirməyə göndərilir. Müqəddəs Yelisey ermənilərin gözündən qaçaraq Samur çayının cənubunda yerləşən Maskuta, oradan da Dərbəndə gəlir. Sonra müqəddəs Yelisey Ağdaşın yaxınlığında yerləşən kiçik Surxarın qalasına, buradan da gəlib Kişə çıxır. Albaniya tarixini tədqiq edənlər bu kəndin Şəkinin şimalında yerləşən Kiş kəndi olduğunu təsdiq edirlər. Və Kiş məbədini inşa edir...Amma müqəddəs Yelisey də miladın 74-cü ilində şəhid edilib.

Vüsal Oğuz bu ehtimallarla, bu versiya ilə razılaşmır. Onun dediyinə görə, xristianlığın belə erkən yayılması, tarixi faktlarla uyğun gəlmir. Ümumiyyətlə, tədqiqatçıların Yeliseyin kilsə tikmiş olduğu Kiş kəndi haqqında da müxtəlif fərziyyələri var. Z.N.Yampolski həmin yaşayış məntəqəsinin Şəkidə yerləşən Kiş kəndi , R.B.Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia edib. Strabon isə qədim albanların dini haqda məlumat verərkən, onların Helios, Zevs və Selenaya sitayiş etdiklərini, Selenaya isə xüsusi rəğbət olduğunu yazmışdır. "Selena məbədi İberiya sərhədləri yaxınlığında yerləşir. Buranın kahini çardan sonra ikinci adamdır. O, geniş və yaxşı məskunlaşmış müqəddəs torpaqları və məbəd qullarını idarə edir"

Strabona inansaq Müqəddəs Yelisey Selena məbədini xristian məbədinə çevirə bilərdi. Şəxsən mən məbədin xristianlıqdan daha qədim olduğuna inananların fikirlərini müdafiə edirəm.

Uucuz və keyfiyyətli xidmət

Məbəd haqqında mənbələrdə kifayət qədər məlumatlar var. Maraqlananlar bu mənbələri əldə etməkdə çətinlik çəkməzlər. Biz isə muzeyin direktorunun qonaqpərvərliklə tədim etdiyi çayı qızılgül mürəbbəsi ilə nuş edib, Kiş kəndinin turizm imkanları ilə maraqlanırıq. Bu zəngin və tarixi yerin turizm imkanları da genişdir. Direktor İlhamə xanım həvəslə nüfuzlu qonaqlardan söhbət açır. Məlum olur ki, Amerika səfirliyinin nümayəndə heyəti və tanınmış yazıçı Kamal Abdulla yaxın vaxtlarda məbədin qonağı olub. İlhamə xanım onlarla çəkdirdiyi fotoları həvəslə bizə göstərir. Qeyd edir ki, gələn qonaqları qarşılamaq üçün hər cür imkan var. Turistlər və yerli qonaqlar üçün bu sakral məkanda gecələmək istəyənlər cəmi 10 manatdan keçməli olacaqlar. Amma 15 və 30 manata da evlər təqdim olunur. 30 manatlıq evlərdə gecələyən turistlər gündə 3 dəfə yeməklə təmin olunur. Göründüyü kimi, Azərbaycan şərtlərində bu qiymətlər kifayət qədər ucuzdur. Biz isə, gül mürəbbəsini tərifləyə-tərifləyə qonaqpərvər kişlilərlə sağollaşırıq.

Yolumuz isə, qədim Albaniyanın qədim yaşayış məskənlərindən biri olan doğma rayonumuza, Oğuzadır....

# 1325 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #