Atelyedə şənlik

Atelyedə şənlik
3 mart 2014
# 12:37

Volfqanq Hildeshaymer (Wolfgang Hildesheimer) 1916-cı ildə Hamburqda doğulub. Tanınmış alman yazıçısı və rəssamıdır. Sevilən musiqi əsərlərinin və uzun müddət teatrların repertuarında yer alan dram əsərlərinin müəllifidir. 1991-ci ildə İsveçrədə vəfat edib. Kulis.Az Azərbaycan dilində ilk dəfə onun “Atelyedə şənlik” hekayəsini təqdim edir.

Neçə müddətdir ki, evimin yanındakı atelyedə səs-küylü şənliklər olur. Bu vəziyyətə alışmışam, artıq səs-küydən narahat olmuram. Fəqət bəzən hədlərini aşıb, qırmızı xətti keçdikləri vaxt ev sahibinə şikayət etməyə məcbur oluram. O da uzun müddət şikayət etdikdən sonra öz qulaqları ilə səs-küyü eşidib əmin olmaq üçün bir axşam bizə gəldi. Bəxtimdən məhz o anda atelyedə qısa bir səssizlik vardı. Buna görə də ev sahibi şikayətimi yersiz hesab etdi. Bu dözülməz vəziyyəti bəlkə öz gözüylə görsə inanar deyə, paltar şkafımı açdım və divar tərəfdəki deşikdən baş verənləri ona göstərdim. Şkafın arxasındakı divarda illüminator böyüklüyündə bir dəlik var. Ev sahibi bir müddət müşahidə etdi. Amma dolabdan çıxanda gözlədiyimin əksinə olaraq hırıldadı. Sonra çıxıb getdi və bir neçə saat sonra o biri tərəfdə yenə qiyamət qopanda ev sahibinin şənliyin əsas simalarından biri olduğunu gördüm.

-1-

Fəqət belə vəziyyətlərdə hər zaman olduğu kimi, hər şeyin həddindən artıq səliqəylə yerbəyer olması gedib-gəlməyimi çətinləşdirirdi. Yüngül silkələnmə ilə belə rəflərdəki şam dəstləri yırğalanır, masanın ayaqlarına kibrit qutusu qoysam da yellənir və nazik ayaqlı fin vazı sanki belə olmalıymış kimi elə durduğu yerdəcə tez-tez aşırdı. Nəhayət Pikassonun “Mavi gənclik” reproduksiyasının qarşısında dayandım. “Əslində belə surətlər nə qədər uğurludur, günümüzün reproduksiya texnikası nə qədər inkişaf edib” deyə düşündüm. İzah etməyə çalışdığım gərginliklərdən sonra fikirlərimi bu və buna bənzər istiqamətlərə yönləndirib, sakitləşirəm və başqa heç nə edə bilməsəm də soyuducunu açıb qaynadıldıqdan sonra soyumağa qoyulmuş nanə şərbəti içərəm; belə vəziyyətlərdə yaxşı təsir edir. Udum-udum içdikcə səs-küy yaradanlara qarşı savaşda qələbə qazanmağım təsdiqini tapır. Bundan sonra hər zaman olmasa da, hərdən kart açıram. Uzun müddətdir öz evim kimi baxdığım bu yerdə, mən yaşamağa başlamışam deyə, adətlərin dəyişəcəyinə inanmıram. Daxili qaydalara riayət edirlər. Abu-hava burda yaşayanların davranışlarını izah edir. Hətta çox vaxt “istənilən bir iş bürosuna getməliyəm” deyə bir hiss yaranır içimdə, amma lazımi qədər qərarlı olmadığım üçün düşüncəmi həyata keçirə bilmirəm. Həm də büronun necə olacağını aydınlaşdıra bilmirəm. Amma düzgün olmasa da, “şükür, hər şeyin çarəsi var” deyirəm öz-özümə. Deşikdən çox nadir hallarda baxıram. O biri tərəfdə insanların dəyişdiyi gözümdən qaçmır. Əvvəllər bu şənliklərə qatılanlar, bir müddət sonra yoxa çıxdılar və onların yerini başqaları tutdu. Hətta bəzi cütlüklərin olduğunu da düşünürəm. Məsələn, eyni anda iki yerdə gördüyümü düşündüyüm şair Bernat. Qəribədir. İstədiyim üçün rastlaşdığım vəziyyət.

-2-

Gerda Ştoerin saçlarının rəngini dəyişməsi gözümdən qaçmadı. Bəlkə də əvvəllər mənə məxsus olan rənglə saçlarının rəngini dəyişmişdi. Gələnlərin arasında sonuncu dəfə səkkiz il əvvəl Maria Stüart rolunda gördüyüm və təsirindən hələdə çıxa bilmədiyim xanım Halldorfu da görürdüm.

Xanım fon Hergenart gözə dəymir, bəlkə də ölüb. Fəqət bu şüşəsalan daima gəlir və hələ də ordadır. Atelye hələ mənim olduğu vaxtlarda bir axşamüstü şüşəsalan ordaydı. Uzun, məhsuldar olmadığım bir dövrdən sonra yenidən rəsm çəkməyə başlamaq istədiyim o unudulmaz axşamüstü, qırılmış bir-iki şüşəni dəyişdirir, əlində çəkici, astadan mızıldanırdı. Arvadım yan otaqda yatırdı, astadan yağış yağırdı. İndiki kimi gözümün qarşısındadır. Həftələrdir axtardığım bir ilhamı tapacağım intuisiyası ilə sevincək rəng əzir və rənglərin acı və ağır qoxusundan zövq alırdım. Şüşəsalan sakitcə işini görür və heç nə danışmırdı. “Mane olmayacaq” deyə düşünürdüm. Amma fırçanı molbertin yanına qoyanda “Mən də rəsm çəkirəm” dedi. Mən soyuq bir şəkildə “hmmm” dedim. Hətta bəlkə “eləmi?” dedim.

Hər halda cavabım bir hecalıydı.

O cəsarətə gələrək davam etdi

- Bəli. Açıq rənglərlə dağ mənzərələri çəkirəm. Amma bunlar modern deyil, altı haradır, üstü haradır bilinməyən rəsmlərdən deyil. Gördüyüm kimi çəkirəm rəsmləri.

Qeyri-peşəkarların həyasız özünə inamı ilə danışırdı:

- Mənzərə rəssam Linnertşrideri tanıyırsınız? Onun kimi rəsm çəkirəm.

O mənzərə rəssamını tanımadığımı dedim və işləməyə başlamaq üçün şüşəsalanın getməyini gözləməyə qərar verdim. Çünki bu ruhi vəziyyətin nə demək olduğunu bilirdim, qəzəbimi yatıra bilməsəm rəsmin beynimdəki qaralaması dağılacaqdı. Stulda oturub bir siqaret yandırdım, yaxınlaşmaqda olan yaradıcılıq anını incitmədən astadan yaxınlaşmasını təmin edə bilim deyə.

-3-

Amma şüşə salan işini tamamlamamış xanım fon Hergerat gəldi. İşi dayandırdım və başıma gələnə boyun əydiyimi göstərməmək üçün özümü zorla saxladım. Sakit görünməli idim. Bu qadın keçmişimdə böyük rolu olan xeyirxahım idi. Ancaq sənət çörəkdən sonra gəlir; bunu anlaya bilməyənlərin tez-tez və ləzzət alaraq dedikləri kimi. Qadın:

- Sizə bir baş çəkim, dedim.

Bunu deyərkən məni tabloların arasında axtarırmış kimi, ətrafına baxırdı:

- Eşitdiyimə görə məhsuldar olmayan bir dönəmdəsiniz.

İlham pərimin başıma açdığı oyunlarla bağlı onunla danışmağa həvəsim yox idi. Ona görə də vəziyyətimin onun düşündüyünün əksi olduğuna xanımı inandırdım. Yaradıcılığımın ən məhsuldar dövründəydim. Bunu deyərkən qəribə bir hərəkətlə ətrafdakı tabloları şahid göstərdim. Əslində çoxdan çəkdiyim tablolar idi və xanım fon Hergerat hamısını əvvəllər bir neçə dəfə görmüşdü. Həqiqətən tabloları tanımadı və heç bir ölçüyə sığmayan tənqidlərə başladı. Yadımda qalan ilk fikirlərinin əksinə olan fikirlər idi. Belə vəziyyətlərdə olduğu kimi narahatlıqla dinləyirdim. Heç olmasa şüşəsalan susmuşdu. Yağışın dayandığını hiss elədim. Səssizlik idi və sanki zaman dayanmışdı. Bu qəribə axşamüstü Engelhartın otağa sürətlə girməsiylə dəyişdi; Engelhart salon sahibi idi, səmimi idi və heç kəsə əsəbiləşməzdi. Bir Kamambert pendiri kimi idi. Heç kəsə xoş gəlməyən sərt görünüşünün altı yum-yumşaqdı; buna görə hamının onun üçün ürəyi gedirdi. Qəfildən çiynimə vuracağını düşünərək “bir bu çatmırdı” deyə ürəyimdə düşündüm

-4-

Xanım fon Hergenratın əlini öpdükdən, sonra mənə hücum elədi. Çiynimə vuraraq, “Qoçaq oğlan, sənətdə nə var, nə yox?” deyə soruşdu. Mən “belə də...” dedim. Belə sualların cavabı çox vaxt bir-birinə bənzəyir. Qısa olaraq qane edici cavab verməyi heç zaman bacarmamışam. Onsuz da lazım deyil, çoxusu başdansovma cavablara qane olur. Engelhart çoxdan işlədiyim axmaq tablolara baxan xanım fon Hergeratın yanına keçdi:

- İlham pərisi öpüşlərini heç vaxt səndən əksik etmir, hiss edirəm. Bunu yumaq lazımdır.

Pencəyinin cibindən bir şüşə konyak çıxardı. Həyatda yeganə məqsədi – özünün dediyi kimi yeganə ləzzət aldığı şeyi – həyata keçirmək üçün diksindirici qabiliyyəti vardı. Sonra məni nəzərdə tutaraq xanım fon Hergenrata:

- Bacarıqlı adamdır, elə deyilmi?

Stəkan gətirməyə getdiyim üçün hər zaman etdiyi kimi, yazıq qadını itələyib, itələmədiyini görmədim. Elə bu vaxt arvadım yanımıza gəldi. Şüşə tıxacının açılması arvadımı hər zaman yuxudan oyadır. Hətta kifayət qədər uzaqdan eşidilsə də, zəngli saatın bacarmadığını şüşənin tıxacı bacarır. Arvadım ağır-ağır yaxınlaşdı və bizi salamladı. Mənə elə gəldi ki, məndən başqa heç kəsi tanımadı. Günorta yuxusundan sonra özünə gəlməsi həmişə çətin olurdu. Ancaq bir neçə qədəh tünd içkidən sonra çox vaxt çılğın və ərkəsöyün olan əvvəlki halına qayıdardı. Engelhard arvadıma dolu bir qədəh uzatdıqdan sonra, xanım fon Hergerata da içki süzmək istədi. Amma o qədəhin üstünə əlini qoydu və bu saatlarda içki içmədiyini söylədi. Onun bu sözlərinin bir tərəfi məni də tuturdu. Himayə olunan adam günün günorta vaxtı sənətə aid olmayan söhbətlərə özünü həsr edirsə, vəziyyəti araşdırılmalıdır. Ancaq Engelhart bu jesti başa düşmədi.

-5-

O zarafatcıllığından istifadə edərək qadını yarım qədəh içməyə razı saldı. Beləcə də, əsas qaydalar unuduldu və xanım fon Hergerat konyak qədəhlərinin heç birindən imtina etmədi.

Engelhartın şüşəsalana da bir qədəh təklif etməsinin qarşısını da təəssüf ki, ala bilmədim. Şüşəsalan o vaxtacan necə gəldi çəkici vurmuşdu, yoxsa işini çoxdan bitirməli idi. Burdan xoşu gəlmişdi. Engelhartın xahişi ilə masaya yaxınlaşdı və “elə azadam ki” deyib, içkini – başqa ifadədən istifadə etməyəcəm – başına çəkdi. Sonra Engelharta dedi:

- Mən də rəsm çəkirəm. Sanki bizə qoşulmağının yersiz olmadığını göstərmək istəyirdi.

Engelhart lağlağıya keçdi:

- İndi rəsm çəkməyən varmı? Sualından sonra gerisini gətirə bilmədi və arvadımla sənət haqqında birtərəfli söhbətə başladı.

Qapı açılıb tanımadığım bir cütlük, deyəsən ər-arvad idilər içəri girəndə biz bu şəkildə oturmuşduq. Arvadım içkinin təsiri ilə ev sahibi olduğunu unutduğundan, ayağa qalxdım və belə məqamlarda hər zaman etdiyim kimi, demək olar ki, dostcasına salamlaşdım. Kişi özünü təqdim etdi, amma adını dəqiq başa düşmədim. Belə məqamlarda adları dərhal başa düşə bilmirəm. Çünki heç gözləmədiyim halda təqdim edirlər özlərini. Kişi Parisdən Hebertin salamlarını gətirdiyini dedi. Mən də o adın yiyəsi ilə Parisdə birlikdə keçən günlərim gözümün önünə gəlmiş kimi başımı tərpədib: “Ooo, Herbetdən!” dedim.

Əslində belə adı heç vaxt eşitməmişdim. Yeni gələnləri arvadıma və digər qonaqlara təqdim edərkən, adlarında ola biləcəyini düşündüyüm bəzi hecaları mızıldandım. Herbertin salamlarını da xüsusi qeyd etdim. Ancaq bu ad heç kəs üçün məna kəsb etmədi. Arvadım qədəhləri gətirdi. Engelhart pencəyinin digər cibindən ikinci şüşəni çıxardı və yeni gələnlər də aramıza qatıldılar. Vəziyyət nəzarətdən çıxmışdı. Hər şey bir kənara, şüşəsalanın baxışları məni narahat edirdi.

-6-

Adam əlini xanım fon Hergenratın əlinin üstünə qoymuş, “mən gördüklərimin rəsmini çəkirəm” deyə axmaqlamağa başlamışdı. Fəqət, digərinin dinləməyə həvəsi yox idi, asta səslə mahnı oxuyurdu. Üstəlik müdhiş bir kədər bürümüşdü daxilimi. Düşündüyüm tablonun xəyalı dağılmış, trebentin yüngül qoxusu qalmışdı. Yad cütlüyə baxdım. İkisi də siqar çəkirdi. Özlərini çox rahat hiss etdikləri anlaşılırdı. Qadın Herbertin Marbeau küçəsinə köçdüyünü və təəssüf ki, köhnə vərdişin davam etdirdiyini arvadıma danışırdı. Qadının üz cizgilərinə nəzər salanda bu vərdişin heroin çəkməkdən də pis vərdiş olduğunu anlamaq olurdu.

Hər şeyi istədiyi kimi idarə edən Engelhart, bir çoxlarına zəng edib (O buna nağara çalıb, hamını oyatmaq deyirdi) mənim evimdə bir şənlik olduğunu demişdi.

Onlardan mütləq gəlmələrini və yanlarında dostlarını, yaxınlarını və ən əsası böyük şüşələr gətirmələrini xahiş etmişdi. Şüşəsalanın da eyni hərəkət etməsinin qarşısını aldım. Çiyninə dostcasına toxunub, çox adam gəlsə mənim doyunca söhbət edə bilməyəcəyini, amma hər toplantıda ən önəmli şeyin söhbət olduğunu başa saldım. Təəccüblü olsa da, başa düşdü.

Əvvəlcə iki yaşlı cənabla Gerda Ştoer gəldi. Hər ikisi qüsursuz, kübar və yaradılışdan xeyirxah adamlar idi. Ətrafa yad kimi baxdılar. Amma yanlarında gələn xanım Ştoer arvadımı uşaq kimi salamlayanda, birlikdə gülümsəyib başa düşdüklərini bildirmək üçün başlarını tərpətdilər. Buzlar elə əridi ki, artıq heç kəs, heç kəsi dayandıra bilməzdi. Qonaqla axın-axın gəlməyə başladı. Hamısı da bir və ya bir neçə şüşəylə gəlirdilər.

-7-

Aralarında bu Vera Erbsam kimi, bir neçə tanış da vardı. Bu qadın arvadımın qatı düşmənidir. Günlərin bir günü atamın Dobritzburgda çörək sexi işlətdiyini eşidənə kimi gözüqıpıq idi. Amma o gündən sonra mənə yuxarıdan aşağı baxmağa başladı. Yenə də gəlmişdi. Yanında elə-belə tanıdığım (ya hakimliyə namizəd, ya da vəkil stajyoru) bir gənc var idi. Nişanlı adamlara bənzəyirdilər, bəlkə də onun nişanlısı idi. Bir az sonra hardan gəldikləri məlum olmayan kino aktyor ər-arvad Pollanilər gəldi. Ancaq adlarının düz olduğunu və ər-arvad olduqlarına inanmırdım. Qadının bir portretini çəkmişdim və buna görə günəş eynəyini çıxarmışdı.

Elə bu vaxt ev sahibi rolunu öz üzərinə götürmüş Engelhartın xanım Pollaniyə “darling” dediyini eşitdim. Nüfuzu hesabına ələ keçirdiyi dünyaları bir parça da genişlətmiş hesab edilirdi. Digər qonaqları bir-bir təqdim etmək vacib deyil. Ab-havanı olduğu kimi izah etmək üçün, gecə düşmədən əvvəl qonaqların bir-birini yaxşı başa düşən bir dəstə olduğunu və sıxıla-sıxıla, amma fasiləsiz gələn yeni adamların bir anda dəstəyə qoşulub ümumi ovqata uyğunlaşdığını demək bəs edər. Məndən bir az kənarda dayanan həmkarımın “Bütün həyat bu cür şənlikdir, atelyedə bir şənlik olmalı idi” dediyini eşitdim. Onun yanındakı saqqallı da: “Bütün həyat atelyedə bir şənlikdir” dedi. İncəsənət tənqidçisi idi, yerli-yataqlı, özünəməxsus təhlilləri ilə tanınırdı. Onu bu axşam yeməyə çağırdığım yadıma düşdü. Deyəsən o düşdüyü vəziyyətdən məmnun idi. Ayaq üstə dayanmışdı. Əlindəki içki qədəhinə dalğın-dalğın baxıb gülümsəyirdi və tir-tap yerə uzanmış nəhəng bir yağ tuluğundan fərqlənməyən Şmit-Hoveqi ayaqqabılarının ucuyla dürtmələyirdi. Yerdə uzanan heykəltəraş idi və buna görə əsəbiləşir, Rabelaisin bir sərxoşluq anında yaradılmış forması kimi bir ifadə vardı üzündə.

-8-

Gecə yarısından öncə divara doğru itələndim, həm də üzüm divara. Bir dəstə axmaq aşa-aşa gözümün önündən keçdi, dönüb tablolarımın üstündə oturmağıma mane oldular. Belə ümidsiz bir vəziyyətdə yanımdakı adamın cibində çəkic gördüm. Bizim şüşəsalan idi. Mən “Bir dəqiqə, imkan verin!” dedim. Amma bu vəziyyətdə nəzakətli olmağa ehtiyac yox idi. Hərçənd ki, bir-birimizin sözlərini çox çətinliklə başa düşürdük. Şüşəsalanın cibindəki çəkici alıb divara vurmağa başladım. Qonaqlarımıza mane olmamaq üçün çox da geriyə gedə bilmədiyimdən, məni yorurdu və əlim ağır-ağır hərəkət edirdi. Öncə üst qatı kiçik hissələrə parçaladım, sonra betonu qırıb çınqılları və qumları ovdum və ayağımın altına topladım.

Arxa tərəfimdəkilərin keyfi ala buluddaydı və mənimlə maraqlanmırdılar. Digər tərəfdə bir qadın səsinin açıq-saçıq bir mahnı oxuduğu və sərxoş səsləri qulağıma gəldi. Qəribə vəziyyət idi. Bu vəziyyətdən xanım fon Hergerat çox utanardı. Amma atelyedən sivişməkdə olduğum üçün, fikir vermədim. Həm də bir azdan mahnı oxuyanın xanım fon Hergerat olduğunu başa düşdüm. Deməli bilmədiyim xüsusiyyətləri var idi və ortaya çıxarması üçün bir azca sərbəstlik lazım idi. Deşik böyüyürdü. Qısa müddətdə digər tərəfə keçdim. İşıq şüaları altında qonşumun yataq otağına yüngülvarı nəzər saldım. Gislixlər ailəsi. Deyəsən bu adla tanınırdılar və demək olar ki, daimi qonşularım idilər. Müasir, üstəlik düzgün adamlar idi. Amma sonuncu xüsusiyyətləri bir azca dəyişmişdi. Burda mənim günahkar olduğumu inkar etməyəcəyəm.

İkisi birdən yataqdan sıçrayıb işığı yandırdılar və məni heyrətlə, amma əsəbiləşmədən salamladılar. Hətta qeyri-adi dərəcədə anlayışla.

-9-

Sənətkarların, xüsusən də belə qeyri-adi vəziyyətdə yaxın adamları olan burjualardan görə bilmədikləri bir anlayış idi. Oyanar-oyanmaz müasirliklərini düşünmüşdülər, bəlkə də. Çəkingənlik etmədən qısaca salamlayıb, çəkici vurmağa davam etdim, deşik indiki böyüklüyə çatana qədər. Sonra təəccüblə “İçəri keçə bilərəmmi?” deyə sual verdim və cavab gözləmədən deşikdən digər tərəfə keçdim.

Çiyinlərimdəki beton tozunu çırpdıqdan sonra – bu gözlənilməz gecə ziyarətini bir az adiləşdirmək üçün – “belə gec saatda narahat etdiyim üçün bağışlayın” dedim. “Gəlişimin məqsədi bu gecə bizim evdə verilən bir atelye şənliyinə sizləri də çağırmaq üçündür.”

Sükut çökdü.

“Çox əla keçir ha.”

Gislixlər bir-birinə baxdı, məni rahatlaşdıran bu reaksiyaları, dəvətim haqqında fikirləşdiklərini göstərirdi. Yenidən dilə gələcəkdim ki, cənab Gislix xoş bir təbəssümlə bu dostcasına dəvət üçün mənə borclu olduğunu və amma onlar yaşdakı ər-arvadın, müasir insanlar olsalar da, həyatda ortaq düşüncələri sənət olan insanların məclisinə uyğun gəlmədiklərini dedi, hərçənd ortaq alın yazıları olsa da sənətdən anlayışları yox idi.

“Əslində, sənətçilərin əsas özəllikləri çevrələrindən olmayan adamları özlərinə yad hiss etməməkləridir” dedim. Həm də divarın o biri tərəfində əsilzadə xeyirxahlardan, sadə sənətkarlara qədər hər cür qonaq vardı.

O gecə ilk dəfə dilim açıldı və beləcə Gislixlərin bizim şənliyə qatılmalarını həll elədim. Hətta geyinib-keçinmədən, gecə paltarları ilə bizim tərəfə keçməklərinə razı saldım. Bizim tərəfdə hamının belə geyimdə olduğunu demişdim. Düzü yalan demişdim, amma tək qalmaq üçün getdikcə artan istəyim vardı. Ər-arvad yataqlarının yanında ayaq üstə dayanmışdılar.

-10-

Cənab Gislixin əynində yaxşı bir pijama vardı. Arvadı da gecə paltarı geyinmişdi. Kişi arvadının üst paltarının çiyninə atmasına, palto geyindirirmişcəsinə yardım etdi. Qadın tualet güzgüsünün önündə saçlarını darayarkən səbirsizliklə o baş, bu başa gedib gəldi. Demək ürəklərinə od salmağı bacarmışdım. Ən çox nələrin çəkilmiş olduğunu öz-özümdən soruşdum. Sənətçilərin gülərüzlü olmasımı? Ya da əsilzadə xeyirxahların kəşfimi?

Deşikdən baxdıqca, narahatçılıq yaradacaq qədər nazik geyimin daha təsirli olduğunu anladım. Öncə cənab Gislix deşikdən güc-bəla ilə keçdi. Ayağını yerə basar-basmaz, hündür bir faytondan xanımını düşürürmüş kimi əlini uzatdı.

Mən də bu tərəfdən o biri əlindən yapışmağa məcbur oldum. Amma Gislix əməlli-başlı yekəpər idi, indi də elədir. Nə isə, o da ayağını yerə qoydu.

Tək qalmışdım.

Bir az çətinliklə ağır paltar şkafını deşiyin qabağına itələdim, bu gündə ordadır. İndi gurultu əməlli-başlı azalmışdı, şkafın içindəki paltarlar səsi udurdu. Eyni zamanda şənlikdəkilər deyəsən yorulmuşdu və iki tərəf arasında bir səssizlik hökm sürürdü.

Yorğunluqdan bezgin halda yataqlardan birinə özümü atdım. Baş verənlər haqqında düşünməyə cəhd etdim. Ancaq elə yorğun idim ki, o anda baş verənlərdən başqa heç nəyi düşünə bilmirdim. Çox yorğun bir gecə arxada qalmışdı. Uzaqlardan bir qatar siqnalı eşidildi. O tərəfdəki şənliyin səsindən başqa səs eşitdiyimə sevindiyimi bu gün də xatırlayıram. Pərdələrin arasından bayırın işıqlandığını, yəni günəşin doğduğunu gördüm. Oyaqkən saysız tablolar, xatirələr və üzüntülü müşahidələrdən ibarət səhər. Bu anda bir xoruz səsi eşitdim. Bu tüklü varlığı şairliyə həvəsləndirən yeganə xüsusiyyətidir, deyə beynimdən keçdi. Qeyri-adi vəziyyətlərdə düşüncələrimin çox genişləndiyini, azad davrana bildiyini hiss etdim. Sonra yuxuya getdim. Günortadan sonra oyandım. Deşiyin o biri tərəfinə nəzər saldım. Şənlik öz qaydasında davam edirdi. Bundan sonra da davam edəcəyini başa düşmüşdüm.

Tərcümə edən: Cəlil Cavanşir

# 2195 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #