Bir cümlə ilə Stalinin zülmündən xilas olan gənc - Prezidentin təriflədiyi kitab

Bir cümlə ilə Stalinin zülmündən xilas olan gənc - Prezidentin təriflədiyi kitab
10 iyun 2024
# 17:00

Kulis.az Nobel mükafatı laureatı Herta Müllerin məşhur "Nəfəs yelləncəyi" romanı haqqında Cəlil Cavanşirin yazısını təqdim edir.

“Solçu”ların sevmədiyi, “sağçı”çı romanı

2009-cu ilin “Nobel” mükafatçısı Herta Müller mükafat alana qədər nə dünyada, nə də öz ölkəsi Almaniyada məşhur deyildi.

II Dünya Müharibəsinin yeganə günahkarının Almaniya olmadığını düşünən az insan var ki, Herta Müller də Almaniyanın yeganə günahkar olmadığını düşünən millətçi almanların və xristian demokratların sevimli yazıçısıdır.

Almaniyada 10 ildən çoxdur ki, “daxili ideoloji savaş” gedir. Mübahisənin, yəni “daxili ideoloji savaş”ın əsas mövzusu II Dünya Müharibəsində almanların qəddarlığının qabardılmaması, əslində, almanların da qəddarlığa uğraması, ağrı-acı çəkməsinin dünyaya çatdırılmasıdır.

Onlara görə, nasist terrorundan danışılırsa, mütləq kommunist terrorundan da danışılmalıdır.

Almaniyanin siyasi tələbi

Alman solçu Martin Walser üstüörtülü şəkildə Holokostun və yəhudi soyqırımının unudulmasını istəyirdi. Uzun müddət davam edən mübahisələr nəhayət, 2005-ci ildə pikə çatdı. Belə ki, həmin il Berlində yəhudilərin xatirə kompleksinin inşaatına başlandı. Və alman millətçiləri, Angela Merkelin liderlik etdiyi “Xristian Demokrat Partiyası” Avropanın müxtəlif ölkələrində alman nasistlərinin, məğlubiyyətdən sonra sürgün edilən alman azlıqların xatirəsinin də bu şəkildə əbədiləşdirilməsini tələb etdilər.

Kitab mübahisələri dərinləşdirir

2009-cu ilin Nobel mükafatçısı Herta Müllerin “Atemschaukel”(Nəfəs yelləncəyi) romanı bu mübahisələri yenidən alovlandıran, dərinləşdirən əsərdir. II Dünya müharibəsi haqqında indiyə qədər yazılmış əsərlərdən fərqli olaraq, bu romanda sovet işgəncələrindən, kommunizmin nə qədər ziyanlı olduğundan bəhs edilir. Herta Müllerin “Nobel” almasına ən çox Alman “sağçı”ları, millətçiləri və bir də Şərqi Avropadan sürgün edilmiş Alman Birliyi sevinmişdi. Birliyin sədri Erika Steinbach (Erika Stenbax) çıxışlarında sevinclə bildirirdi ki, bu mükafat dəmir pərdələrin endirilməsi üçün verilən mükafatdır.

Diktatorlar qarşısındakı cəsarət

Mükafatdan sonra Herta Mülleri dövlət səviyyəsində alqışladılar. Berlin divarının uçurulmasının 20-ci ilində Nobel mükafatı alan Herta Mülleri Almaniyanın Baş naziri Angela Merkel “Diktatorlar qarşısındakı cəsarətinə” görə fəxarət hissiylə təriflədi. Ovaxtkı prezident Köhlerin fikrincə, Müllerin mükafatının Avropada diktaturanın yıxılmasının 20-ci ildönümünə təsadüf etməsi çox maraqlıdır. Beləcə antikommunist mövzuda qələmə alınmış “Nəfəs yelləncəyi” adlı romanın mükafat alması alman millətçilərinin və dövlətinin bayramına çevrildi.

Nobeli siyasiləşdirən yazıçı

Ancaq ölkəsində belə çox az oxunan Herta Müllerin birdən-birə Nobel mükafatı alması təbii ki, birmənalı qarşılanmamışdı. Mükafat aldığı vaxt onun cəmi 4 əsəri ingilis dilinə tərcümə olunmuş, dünyada kifayət qədər tanınmamışdı. Ciddi ədəbiyyat adamları onunla maraqlanmır, qəzetlərdə və ədəbi mətbuatda tənqid olunurdu. Alman qəzetlərindən biri yazırdı ki, “Herta Müllerin bütün əsərlərini oxumuş bir oxucu tapmaq çətindir”. Şərqi Avropada da tənqidçilər Herta Mülleri sərt tənqid edir, onun “Nobel” mükafatı almasını antikommunist mövqeyi ilə bağlayırdılar.

Əvvəlcə rumıniyalı alman Herta Müllerin antikommunist ruhlu, Rumınyada sosializmin səfalətini anladan romana görə mükafat alması Qərbi Avropa ölkələrinin bir çoxunu və liderlərini sevindirirdi. Lakin növbəti təhlillərdən sonra Herta Müllerə münasibət dəyişdi. Belə ki, Qərbi Avropanın “solçu”ları və beynəlmiləri qərara gəldilər ki, Herta Müller “Atemschaukel”(Nəfəs yelləncəyi) romanında Rumınyanın işğalına şərait yaradan Rumınya almanlarını tənqid etmək əvəzinə, işğaldan sonra qurulan sosialist rejimini tənqid edir. Bu birtərəfli münasibət isə “solçu”ların haqlı qəzəbinə və etirazına səbəb oldu.

Polşalı ədəbiyyat tarixçisi və araşdırmaçısı Polşa qəzetlərinin birində Herta Müller haqqında yazır: “Əlbəttə Herta Müller atasının müharibə dövründə alman faşist ordusuna qoşulmasına görə ittiham edilməməlidir. Ancaq o unutmamalıdır ki, müharibədən sonra yaşadıqları sürgünün səbəblərindən biri də elə budur!”

Kədərli yaradıcılıq

Herta Müller yaradıcılığa hekayələrlə başlayıb. İlk hekayələr kitabı 1982-ci ildə “Niederungen” (Aşağılar) adıyla Brüsseldə işıq üzü görüb. Yaşadığı kəndin mənasız, yorucu, birrəng həyatından bəhs edir.

Bu hekayələr kitabının nəşrindən 10 il sonra, ard-arda diktatura və polis rejimində yaşamağın çətinlikləri barədə üç roman yazır: “Der Fuchs war damals schon der Jäger” (Tülkü hələ o vaxtdan ovçu idi) (1992), “Herztier” (Qəlbdəki heyvan) (1994), “Heute wäre ich mir lieber nicht begegnet” (Bu gün olsa özümlə qarşılaşmazdım) (1997)

Bu romanlar onun yaradıcılığının ilkin mərhələsi hesab olunur.

Herta Müller

İnam əzablara dözmək üçün güc verir

Nobel mükafatına layiq görülən “Atemschaukel”(Nəfəs yelləncəyi) əsərində Herta Müllerin sərt tənqidi yanaşmaları bir az yumşalsa da, o öz dəst-xəttinə yenədə sadiqdir. Əsəri dostu Oskar Pastiora həsr edib.

1945-ci ildə 80 min alman Sovet düşərgələrinə aparılır, 5 il boyunca bu düşərgələrdə heyvani münasibət görürlər: Aclıq və soyuq, ağır iş və sərt münasibətin fonunda əsirlərin insanlıqdan çıxarılması. Romanda Oskar Pastiorun prototipi olan Leo inamı sayəsində bütün əzablara dözür. “Bilirəm ki, dönəcəksən” - Yaşamağa stimul verən bu cümləni Leo (Oskar Pastior) nənəsindən eşitmiş, düşərgədəki əzablara dözmək üçün özü də bəzi söz birləşmələri kəşf etmişdi: “ürəkşəkilli bel”, “nəfəs sığınacağı”, “eşq mələyi” və sair.

Almanlar da əzab çəkib

Herta Müllerin poetik dili romanı daha da oxunaqlı və maraqlı edir. “Atemschaukel”(Nəfəs yelləncəyi) romanın dili və strukturu, eyni zamanda mövzusu çox maraqlıdır. “Solçu”ların sevmədiyi, “sağçı”ların dəstəklədiyi bu romanın ən önəmli xüsusiyyəti ondan ibarətdir ki, bu əsəri oxuyanda başa düşəcəksiniz ki, II Dünya müharibəsində almanlar təkcə əzab verməyib, həm də əzab çəkiblər. Eyni zamanda sovet müharibə romançılığından fərqli olaraq, müharibədən sonra yazılan və sovetləri, sosializmi ifşa edən çox ciddi məqamlar var bu kitabda. Bir gəncin başına gələn hadisələrin fonunda müəllif ustalıqla Şərqi Avropanın qaranlıq, iyrənc dövrünə işıq tutur: yoxsulluq və səfalət...

Əsərin orijinalını oxuyanda hiss edirsən ki, müəllif alman dilinə, onun poetik gücünə vurğundur. Ancaq müəllifin də dediyi kimi, “İçimizdəkiləri hər zaman ifadə etmək olmur. Bəzən kəlmələr aciz qalır.”

# 2301 dəfə oxunub

Müəllifin son yazıları

# # #