2011-ci ilin dekabr ayında dünya dinləri arasına rəsmi olaraq bir din də əlavə olunub: Kopimizim.
Kopimizmin ruhani lideri və qurucusu fəlsəfə təhsil almış isveçli İsak Gersondur. Kopimizm - İsveç dilində “Kopimistsamfundet”, İngilis dilində “Copy me”, Azərbaycan dilində isə “kopyala məni” anlamına gəlir. Kopimizmə inananlar üçün informasiyanın pulsuz paylaşılması müqəddəsdir. Maraqlıdır ki, “Kopimizm kilsəsi” adı ilə İsveçdə rəsmi dövlət qeydiyyatından keçən bu “dinin” 3000-dən artıq üzvü var.
Kopimizm kilsəsinin əsas inancı informasiyanın pulsuz paylaşımıdır. Kopimistlər bütün informasiya paylaşımlarının "müqəddəs" olduğuna və paylaşdıqca onların dəyərinin bir neçə dəfə çoxaldığına inanırlar.
Kopimistlər klaviatura üzərindəki "CTRL+C" və "CTRL+V" düymələrini öz dinlərinin müqəddəs simvolu elan ediblər.
www.kopimistsamfundet.se saytı kopimistlərin rəsmi saytıdır və bu dinə üzv olmaq üçün saytda qeydiyyatdan keçmək lazımdır. Kopimistlərin dünyada 20-dən artıq saytı fəaliyyət göstərir.
İsak Gerson: “İnformasiyanı “kopya”layaraq ibadət edirik”
İngiltərənin “New Scientist” dərgisi Kopimizm kilsəsi qeydiyyatdan keçdikdən dərhal sonra, o zaman 20 yaşında olan və universitetdə fəlsəfə təhsili alan Kopimistlərin peyğəmbəri(ruhani lideri) İsak Gersondan müsahibə alıb. Sualların çoxunda sarkazm hiss olunsa da, İsak Gerson ciddiyyətlə yeni yaratdığı din haqqında ətraflı məlumat verib.
- Yeni, informasiyanın azad paylaşımı inancı – kopimizm haqqında danışa bilərsinizmi?
- İnformasiyanın və “kopya”lamanın müqəddəs olduğuna inanırıq.
- Niyə fayl paylaşmasından bir din yaradırsınız ? Özünüzü dini camiə olaraq təqdim etmək yerinə sıravi bir klub olaraq qalmağı seçmədiniz?
- Çünki özümüzü dini bir qrup kimi görürük. Kilsə, təşkilatlanmamız üçün daha yaxşı yol hesab olunur.
- Rəsmi din olmaq çətinlik yaratdımı?
- Bu inanca bir neçə ildir bağlıyıq və bir gün “niyə qeydiyyata alınmış din olmağı sınamarıq” , deyə düşündük. Çox çətin idi. Səlahiyyətli orqanlar formal məsələlərdə, sənədləşmələrdə çox doqmatik idi . Tanınmamız üçün üç dəfə cəhd etdik və bir il əziyyət çəkdik.
- Rəsmi din olmaq üçün hansı meyarlar lazımdır?
- Qanuna görə, din olaraq tanınmaq üçün ibadət, ya da meditasiya kimi mərasimləri olan bir təşkilat olmalısan.
- Nədir bu kopimist ibadət, ya da meditasiya ?
- İnformasiyanın “kopya”layaraq ibadət etdiyimiz dini adətlərimiz var.
- Buna da " kopyacting" deyirsiniz. Həqiqətən kilsə kimi bir binada görüşüb bu ibadəti reallaşdırırsınız?
- Təbii ki, görüşürük, amma bu görüşlərin fiziki məkanda olmasına ehtiyac yoxdur. İnternet şəbəkəsi və ya səhifəsi də işimizə yarayır.
- Bildiyimiz qədər Kopimizmin, xüsusi mənaları olan müəyyən simvolları da var.
- Bəli. İnternet mühitində “kopya”lamaq istədiyinizi ifadə edən, “K” hərfinin bir piramida simvolunun içində yerləşdiyi "kopimi" adında bir logo var. Amma xüsusi olaraq “kopya”lamağı təmsil edən və “kopya”lamağa imkan yaradan edən "CTRL+C" və "CTRL+V" kimi simvollarımız da mövcuddur.
- İnformasiya və onun paylaşılması sizin üçün niyə bu qədər əhəmiyyətlidir?
- İnformasiya mənim üçün, ətrafımdakı və inandığım hər şeyin özülüdür. “Kopya”lamaqsa informasiyanın dəyərini çoxaldan bir yoldur.
-Qeyri-qanuni fayl paylaşılmasına münasibətiniz necədir?
- Müəllif hüququ ilə bağlı qanunların çoxunda ciddi problemlər var. Ən azından bir çoxu yenidən yazılmalıdır. Amma təklifmi soruşursunuzsa, bu qanunların bir çoxundan xilas olmaq lazımdır.
- Yəni fayl mübadiləsinin hər növü qanuniləşməlidirmi?
- Mütləq.
- Yeni bir problem yaratmaq istəyirsiniz, yoxsa bu həqiqətən bir dindirmi?
- Biz bir neçə ildir bu inancla yaşayırıq.
- Kopimizm Kilsəsindən qovulmaq da varmı?
- Bu barədə düşünməmişik, amma bizim dəyərlərimizə inanmırsınızsa, kilsəmizə üzv olmanızın da mənası yoxdur. Əgər bu dəyərlərə sahibsinizsə, heç bir zaman qovulmazsınız.
- Kilsənizin neçə üzvü var?
-3 minə yaxın üzvümüz var.
- Kopimizmin tanrısı varmı?
- Xeyr, yoxdur.
- Jullian Assange Kopimizmin baş rahibi ola bilərmi?
- Xeyr, onunla indiyəcən heç bir ünsiyyətimiz olmayıb.
- Kopimizmin axirət ilə əlaqədar hər hansı bir tezisi varmı?
- Demək olar ki yox. Biz din olaraq insanlara fokuslanmamışıq.
- Bəlkə bir rəqəmsal axirət?
- İnformasiyanın həyatı yoxdur amma unudulması mümkündür. Lakin “kopya”landığı müddət ərzində unudulması da mümkün deyil.