Qaldıq cındır vəziyyətində

Qaldıq cındır vəziyyətində
5 iyun 2014
# 13:53

Ədəbiyyat bizə ələbaxan olmağı öyrətdi. Ələbaxan nədir, hətta dəyyus-dılğır yanında üzümüz utandı, xəcalətimiz yeri-göyü yandırdı. Bu qədim və ləyaqətli qoca peşənin ümid ummadığı, mərhəmət diləmədiyi yer qalmadı. İki dünya ilə əlləşən, diktatorlara baş əyməyən söz sənəti oldu bihörmət!

Bu pafoslu girişə görə kül mənim başıma! Gör nəyin dərdini çəkirəm!

Sözüm onda yox.

Elə biri mən özüm: yeri gələndə yekə-yekə danışıram ki, bəs, kitabın-ədəbiyyatın küncə sıxışdırıldığı, insanların mütaliədən uzaq düşdüyü bu zamanda ədəbiyyatın inkişafı üçün hər vasitədən çəkinmədən istifadə etməliyik. Əlac nədir, yenə o fikirdəyəm. O fikirdəyəm ki, ədəbiyyat adına görülən bütün işləri dəstəkləməli, pul xərcləyən bütün adamların başından alqış tökməliyik.

Sözüm onda da yox!

Xəbər yayıldı ki, yazıçı-müğənni Zəka Vilayətoğlu ədəbi mükafat təsis edib. Çox gözəl! Dedim axı, ədəbiyyat adına görülən hər işə sevgiylə qucaq açmalıyıq. İntəhası, bu xəbərə nə qucaq aça, nə də sevgi göstərə bildik. Eləcə, başımızı təəssüflə yellədik, siqaret yandırıb özümüzü söydük. Ki, içində ədəbiyyat sevgisi olan, üstəlik, ciddi müstəvidə yazıçı kimi qəbul edilməyən bir adam öz adına mükafat təsis etməz. On iki imam haqqı, o göydəki Allah haqqı etməz!

Azərbaycanda ədəbiyyat-jurnalistika adına olan mənasız-bayağı mükafatları cümlə yaza bilməyən adamlara paylayıb bizi qoydular, üzr istəyirəm, cındır vəziyyətində. “Tütək səsi”ndəki Cəbrayıl demiş, sən də məni başa düş, bala, özüm-özümə nifrət edirəm! Və mətbuatda bu mükafatları ələ salan yazılan peyda oldu, o mükafat adamları məsciddən qovulan it sayaq hörmətsiz elədilər. Amma nolsun?! Nə dəyişdi?

Nə yazıq ki, bizim yazıçı həmkarımız ədəbiyyata palatka toyları məntiqi ilə yanaşıb: pulu mən verirəmsə, havanı da özüm “zakaz” verməliyəm. Deyək, tutalım, mükafatın adını qoyaydın “Qələm”, “Kağız”, “Dəftər”, “Yazı masası”, “Lələk” və s. Etiraz edən adamı öz əllərimlə boğardım. Hə, vallah. Yaxşı, indi bu mükafatı nə deyib müdafiə edək, başına dönüm?

Dərd başqadır, ey: gör mükafatın münsiflər heyətində kimlər var: Əsəd Cahangir, Elçin Hüseynbəyli, Aslan Quliyev. Hər üçünə hörmətimiz, sevgimiz olan adamlar. Adam “Dəmirbaşlar” kimi fundamental əsər yaradıb Zəka Vilayətoğlu mükafatının hansı məntiqlə münsifi ola bilər, ilahi?! Əsəd Cahangiri deyirəm. Hələ bunun “Söz”ü, “Səs”i də var! O məntiqlə ki, Zəka ad mənasında yox, nə bilim, o biri mənada, məsələn, zəkalı oğlan, tfu, zəkalı yazıçı kimi başa düşülməlidir?! Zəkalı yazıçı ha...

Bağışlayın, cibinizdə artıq 1000 manatınız olmaz? Adıma mükafat təsis etmək istəyirəm – “Cavid Milli Ədəbiyyat Mükafatı”. Belə danışmağıma baxmayın, bu baş ki bizdə var, sabah birini də mən təsis edəcəyəm. İsa Hüseynovun qəbri üstə çalınan “Ruhani”yə and olsun!

P. S. Hörmətli münsiflər, o mükafatdan birini də mənə verin. İki kitabım, bir oğlum, yüzdən artıq məqaləm var. Özüm də, istedadlı oğlanam, ağlım başımda, tərbiyəm yerində. Görün necə gözəl yaraşır: Səhnəyə “Zəka Vilayətoğlu mükafatçısı Cavid Zeynallı dəvət olunur”.

Əlləri görmürəm. Alqış gəlsin...

# 4680 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #