Cavid Röya dediyi kimi etsəydi...

Cavid Röya dediyi kimi etsəydi...
19 mart 2014
# 13:29

Cavid Cabbaroğlu

Mən ədəbiyyatşünas deyiləm. Heç filoloji təhsilim də yoxdur. Bu səbəbdən adaşım Cavid Zeynallının “Leyla” romanı haqqında qeydlərimin tənqidə açıq olacağını bilirəm.

Cavidin adını ilk dəfə evimizdə eşitmişəm. O, Bakı Dövlət Universitetində həyat yoldaşımın tələbəsi olub. Müəlliməsi Cavidin ilk romanı olan “Günəşi gözləyənlər”i oxuduqdan sonra mənə də oxumağı tövsiyə etmişdi. Açığı, bir tələbənin maraqlı nəsə yazacağına inanmadığımdan, bu tövsiyəyə əməl etmədim. Qismət 2014-ə imiş - “Leyla”nı oxuyub bitirəndən sonra bu il oxumağı planlaşdırdığım kitabların siyahısına Cavid Zeynallının ilk romanının da adını yazdım...

“Leyla” ədəbiyyat cameəmizə səs-küylə gəldi. Təbii, bunun əsas səbəbi əsərin əsas qəhrəmanı olan Leyla Ayxanın əslində müğənni Röya Ayxanın prototipi olması haqda mətbuatda yazılanlar idi. Bu piarı kimin düşündüyünü bilmirəm, uğurlu olub-olmamasının mübahisəsini də aparmaq olar. Ancaq üzərində bu qədər əziyyət çəkilən romanı hansısa müğənninin adı ilə təbliğ etmək və ya bu cür təbliğ olunmasına razılaşmaq, yumşaq desək, çəkilmiş əziyyəti “küçümsəmək” idi. Çünki Cavid Zeynallı gənc yazarlar içərisində öz üslubu, dəst-xətti olan və oxucuların hər yazısını səbirsizliklə gözlədiyi qələm əhlindəndir. Şəxsən mən onun “Tüpürüm belə yazıçılığa...” yazısını son dövrlərin ən gözəl və səmimi yazılarından biri sayıram.

Kiçik orfoqrafik səhvləri nəzərə almasaq, müəllif əsərdə Azərbaycan türkcəsinin qrammatik qaydalarına tam riayət etməyə çalışıb. Cavidin çox axıcı, oxucunu yormayan və hətta oxuduqca oxumaq istədiyin bir üslubu var. Romanda yaxın tariximizin hadisələrinə ötəri də olsa, qəzetlərdən sitat gətirməklə toxunulması da təqdirəlayiq haldır. Çünki TARİX yalnız tarix kitablarında yox, həm də mətbuatda və ədəbiyyatda yazılır.

İlk baxışda romanda cərəyan edən hadisələr oxucuya hind filmlərini və ya Türkiyənin Yeşilcam filmlərini xatırlada, bu üzdən də bayağı görünə bilər. Amma bu da faktdır ki, bu gün Azərbaycan cəmiyyəti vaxtilə adı çəkilən filmlərdə baxdığımız və göz yaşlarımıza səbəb olan epizodlarla kifayət qədər zəngindir.

Əsərin ən inandırıcı olmayan hissəsi, bilirsinizmi, harasıdır? Rəcəbin xəyanətini Əsmərin romana, daha doğrusu, romanın doğurduğu hay-küyə bağışlaması. Bəlkə də Sovet dövründə bu, oxucuya inandırıcı görünə bilərdi, amma XXI əsrdə Azərbaycanda bu qədər “geniş ürəyə sahib” qızların mövcudluğunu Cavidə kim deyib və ya harada görüb? Axı Rəcəbin Leyla ilə məhz seks və məşhurluğu xətrinə yatağa girdiyi əsərdə daha inandırıcı görünür, nəinki onun sirlərini bilmək niyyəti ilə. Eləcə də restorandakı sevişmə səhnəsinin məhz Elçin tərəfindən kameraya çəkilməsi oxucuya inandırıcı şəkildə çatdırılmır.

Romanda oxucunu yoran təkrarlara da rast gəlinir. Maestro Vüqarın tərcümeyi-halının həm Leylanın, həm də Rəcəbin dilindən oxucuya çatdırılmasına nə lüzum vardı ki? Yaxud Klara obrazını götürək. Bu obraz Cəmşid Əmirovun əsərlərindəki Klara və ya Pəncəli Aslan obrazlarının kopiyası təsiri bağışlayır. Obraza admı qəhət idi, Cavid? Ümumiyyətlə, obraz adlarının seçimində müəllifin diqqətli olmaması da nəzərə çarpır. Bu əsər ekranlaşdırılsa, şəxsən mən Rəcəb adlı baş qəhrəmanı sevə biləcəyimi təsəvvürümə gətirmirəm.

“Leyla” haqqında son fikrim isə bundan ibarətdir: Cavid şou-biznes haqqında roman yazsa da, şou-biznes aləminə nüfuz edə bilməyib. Yazıçı Cavid Zeynallının şou-biznes haqqında məlumatları tamaşaçı Cavid Zeynallının təsəvvürlərindən çox deyil. Bu isə şou-biznes haqqında roman yazmaq istəyən bir yazıçı üçün ciddi qüsurdur. Halbuki bu gün Azərbaycan şou-biznesində adaşımın təsvir etdiklərindən daha dəhşətli və biabırçı hadisələr baş verir. Əslində Röya Ayxan ona çox doğru deyib: “Mənim həyatım haqqında kitab yazmaq istəyirdinsə, gəlib özümdən məlumat alardın”.

Amma bu da faktdır ki, şou-biznesin çirkinlikləri haqqında məlumatı olan adam Cavid Zeynallı abrında, həyasında olmur. Bəlkə də Cavid həyasını itirmək istəməyib...

# 3028 dəfə oxunub

Müəllifin son yazıları

# # #