Nizami Rəmzinin günümüzlə səsləşən məşhur meyxanası

Nizami Rəmzinin günümüzlə səsləşən məşhur meyxanası
26 mart 2013
# 09:00

Azərbaycanın tanınmış meyxana ustası, şair-qəzəlxan Nizami Rəmzinin 1947-ci il dekabrın 20-də Bakıda anadan olub. Rəmzi dünyasını dəyişmiş oğlunun özünə təxəllüs götürdüyü adıdır.

Əslən Xızı rayonundan olan Nizami Rəmzi Bakıdakı 176, 158 və 159 saylı məktəblərdə orta təhsil alıb, sonra Ticarət Texnikumunu (1967) bitirib. Əmək fəaliyyətinə sürücü kimi başlasa da, sonradan ömrünü meyxanaya bağlayıb. Onun ən böyük xidmətlərindən biri odur ki, meyxanaya bir sıra yeniliklər gətirdi, o vaxta qədər avam və dələduz insanların janrı sayılan meyxanaya yeni ruh verdi, yalnız çırtma və nağaranın müşayiəti ilə deyilən meyxananı musiqi ilə ifa etməyə başladı.

Nizami Rəmzi meyxananı adi toy, el şənliklərindən böyük sənət ocaqlarına, səhnələrə daşıdı. İlk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Respublika Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirdi. Meyxananı televiziya ekranlarına da ilk dəfə Nizami Rəmzi çıxardı, o dövrün məşhur verilişlərindən olan «Dalğa» proqramında səsləndirdi. Bundan sonra isə müntəzəm olaraq televiziya verilişlərinə dəvət edilməyə başladı. Meyxanaçılar arasında ilk dəfə kinofilmə («Qəzəlxan») və sənədli filmə («Göy qurşağı») də məhz Nizami Rəmzi çəkildi.

Xarici ölkələrdə də (Türkiyə, İran, Almaniya, İsrail, Gürcüstan, Özbəkistan, Rusiya və s.) meyxananı ilk dəfə Nizami Rəmzi nümayiş etdirdi. Meyxana janrında ilk klipi də Nizami Rəmzi çəkdirdi, ilk dəfə də qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa etdi.

Nizami Rəmzi həm də bəstəkar və müğənni idi. Onun «Ana», «Xızı dağları», «Aşiq və Canan» və s. mahnıları indi də müğənnilər tərəfindən ifa olunur. Hazırda «Bakılı balasıyam» kimi oxunan mahnı isə əslində Nizaminin «Dağlı balasıyam» mahnısıdır ki, vəfatından sonra adı dəyişdirilib.

Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə «Torpaqdan pay olmaz» adlı «caz-meyxana» oxumuş və bununla da «caz-meyxana»nın təməlini qoymuşdu.

Təkcə meyxananı tinlərdən, “palatka” toylarından konsert salonlarına, filarmoniya səhnəsinə daşıması onun adının tarixə həkk olunmasına kifayət edirdi. Nizamini digər həmkarlarından fərqləndirən başlıca xüsusiyyəti meyxananı hər bir dövrün nəbzinə uyğunlaşdırmağı bacarmasıydı. Meydan hərəkatı illərində Nizami Rəmzinin Xalq Cəbhəsinə, Qorbaçov və Vəzirova həsr etdiyi meyxanalar bütün ölkədə populyar idi.

Nizami Rəmzi 1997-ci il yanvarın 19-da baş verən yol qəzasında həmkarı Kəbir Azəri ilə birlikdə həlak olub.

Nizami Rəmzinin günümüzlə səsləşən məşhur meyxanalarından birini diqqətinizə çatdırırıq. Qeyd edək ki, bu meyxana böyük Füzulişünas alim Əkrəm Cəfərlə Nizami Rəmzinin söhbəti zamanı bədahətən səslənib.

Abad olmaqdan qəsəbəmiz get-gedə viran olur,

Yazdıqca qurtarmayır, bir böyük dastan olur.

Yasamalın halına çoxlu dastan yazırlar,

Hətta sakinlər belə gündüzlər də azırlar,

Yorulmurlar bir yeri dəfələrlə qazırlar,

Elə bil əkin yerində şumlayan kotan olur,

Abad olmaqdan qəsəbəmiz get-gedə viran olur,

Yazdıqca qurtarmayır, bir böyük dastan olur.

Əvvəlcə bu yolları gəlib hamarlayırlar,

Qazıntı lazım oldu, kimisə tumarlayırlar,

Təzə döşənmiş yeri dağıdıb korlayırlar,

Xəndəkləri görəndə halımız yaman olur,

Abad olmaqdan qəsəbəmiz get-gedə viran olur,

Yazdıqca qurtarmayır, bir böyük dastan olur.

# 9003 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #