Kulis.az Cavanşir Yusiflinin "Gələcəkdən bu günə oxunan kitab: Drina körpüsü" adlı yeni yazısını təqdim edir.
Tarixi əsəri, yaxud tarixdən bəhs edən nəsr mətnini bir neçə yöndən incələmək mümkündür - hər şeydən qabaq tarixi faktura, tarixin fəlsəfəsi baxımından və bir də, həm də əsas olaraq, o tarixi dönəmdə baş verən hadisələrin gələcəyə təsiri, gələcəyin kədər və sevincini, nifrət və faciəsini "qurub-yaratmaq" aspektindən. Ədəbi tənqid uzun illər bədii əsərlərdə yazıçınınm tarixi gerçəkliyə nə dərəcədə sadiq qalıb-qalmaması məsələsi ilə məşğul olmuş, əsərin, bədii mətnin yaxın-uzaq gələcəkdə atdığı rişələr gözardı edilmişdir. Ancaq... elə tarixi romanlar var, onun gələcəyə "sızması" çox zəifdir, sadəcə tarixdir, bədii deyil, yəni yalançı tarixdir (bunun üçün tarixi əsər bədiiliyin, bədii şərtiliyin ən zirvə məqamında qərar tutmalıdır...-!).
İvo Andriçin "Drina körpüsü" romanında elə bir qızğın, həm də son dərəcə gərgin ortam təsvir edilir ki, tarixi bir anlıq unudursan (yəni, tarixi əsər oxuduğunu yaddan çıxarırsan), əsas məsələ bu romanda sənin üçün bir hərəkət məqamıdır: bu hərəkəti sən üstünə gələn, böyür-başını əhatə edən dalğalar kimi təsəvvür edirsən, təsvir, ya da o gərgin ortam səni məcbur edir ki, Osmanlı sarayını gerçəkliyin indi kənara atılmış daşlarından (səhv oxunur deyə, kənara atılan-!) "qurub-yaradasan"
Körpü iki yaxanı, iki sahili birləşdirir, o ərazilərin mənəvi xəritəsində ilk dəfə cahanşümul iş görülür: Şərqlə Qərb birləşir, insanlar sel-suyun törətdiyi faciələrdən qurtulur, iş nəhəng olduğuna görə ucu-bucağı görümür, insanlar yorulur, parasız işlədiklərinə görə həvəsdən düşürlər, inşaata başçılıq edən şəxsin kobudluğu və zalımlığına (korrupsioner...) üsyan qaldırırlar; bədii mətnə daxil olan qəribə bir detal gərginliyi son həddə qədər artırır, əsəblər tarım çəkilir, fəhlələr arasına qoşulan bir adam mahnı diliylə insanları inşaata qarşı körükləyir və... ələ keçən başqa bir fəhlə çarmıxa çəkilir. Mahnının səsi öləzisə də kəsilmir.
O zalım başçı da İstanbula çağrılıb sürgün edilir, yerinə başqa adamı göndərirlər. Ədalətli və xeyirxah. Göndərən Sokollu Mehmet Paşadır. Uşaq ikən buralardan aparılıb, şah sarayında təlim-tərbiyə görüb, mənsəb sahibi olub. Körpünü onsuz təsəvvür eləmək mümkünsüzdür, uşaq ikən bəlkə o çayın sahilində oturub uzaqlara baxarmış, o baxışlar nə dəyişsə də heç zaman dəyişməyib. Baxışlar bu mənada heç zaman sənin deyil. Hər şeyini dəyişə, korlaya, kısib harasa ata builərsən, baxışları - əsla! Sən dəyişərsən, varlana bilərsən, kasıblaşıb lüt-üryan qalarsan, ama o baxışlar dəyişməz. Sokollu Mehmet paşa o baxışlarla bu tarixi romanı gələcəyə proyeksiyalayır. Deyir ki, qarşıda daha dəhşətli günlər olacaq.
XX əsrdə o bölgələrdə müsəlman-türk əhalisinin başına gətirilən faciələr unudulmur.
Körpü də bir mətndir, deyir ki, tarixi roman əslində gələcəyi oxumaq üçündür.