Salam Sarvan və  Əsəd Cahangir-ƏDƏBİYYAT XƏSTƏLƏRİ

Salam Sarvan və  Əsəd Cahangir-ƏDƏBİYYAT XƏSTƏLƏRİ
2 fevral 2015
# 14:00

Kulis.Az Cavanşir Yusiflinin "Qorxut uşağını Salam əmiynən, yaxud ədəbiyyat xəstələri" məqaləsini təqdim edir.

"Bərpaçıya məktublar"

Demək belə. “Sənə dərman verərlər, dərman xəstələnər...” Bu misralar haçandı beynimdə fırlanır, üzə çıxmaq bilmirdi. Bir də: “tapılsa hər dərdə milyonca məlhəm, yenə sağalmağa yoxdu təsəlli...”. Dünya belədi, təsəlli ilğım kimidi, əlinnən tutduğun anda yox olub gedir. Əziz qardaşım, Bərpaçı! Daha doğrusu dərdimi kimə deyəcəyimi bilmirəm. Əziz qardaşım.... Bax, bunu deyirəm, adam adı dilimə gəlmir... Kimə güvənmək olar ki? Hamı qaçıb piştaxtanın arxasına keçib (...Can bazarıdır bu...). Haçandı bu mövzu məni girinc eləyib: ədəbiyyat xəstələri. Birinə tövsiyə etdim, anlamadı, yarımçıq, həm də qorxaq bir yazı yazdı. Amma qorxaqlar birləşəndə yaman olur, elə bağırırlar, sanki bu dəqiqə bunların topasına kimsə gəlib bir güllə sıxacaq. Havadan barıt qoxusu gəlir.

Hava satqınlıq qoxuyur, xəyanət saçır.

Dəlixanadı, vallah.

Ya şeyx, ərəbcə danış!

Beləcə rabitəsiz cümlələr gəlir ağlıma. Bizdə ədəbiyyatdan yekə-yekə danışıb, onu-bunu satanlar, yəni, hərbi terminologiya ilə desək, topa güllə qoyanlar nə qədər desən. Bizim ədəbi cameədə ən dəyərsiz olan insani keyfiyyətlərdir. Qələmə elə sarılırıq ki, sanki torpağa qələmə basdırırıq. Amma niyyət düz olmadığından yuxarı yox, aşağı – yerin altına “işləyir” bu şitillər, qələmkimilər, qələmçilər. Xəbər aparıb-gətirənlər. Baş bir yana, leş bir yana. Mən özüm Hasan paşanın, hərəniz bir leş üstünə... Xəstəlik demişkən, bizim günlərin çox ünlü şairlərindən birinin – Salamın bu mövzuda çox qəşşşəng şeiri var. Deyim, qulaq asın, səsim çıxmasa, bağışlayın.

Sancıldı köksünə oxun itisi –

hayıf pozdu köynəyinin ütüsün…

Arzum yox, pulum yox, nəzir qutusu

mən nə niyyət tutum, nə salım sənə?...

Həkiməm xalatım kəfən, qəm iynəm,

qorxut uşağını Salam əmiynən…

Qollarım bağlanıb qopuz simiynən,

həə, ərə gedən qız, nə çalım sənə?

Boğulub üzürəm, batıb gedirəm…

Başımı əsa tək tutub gedirəm…

Səni həmişəlik atıb gedirəm,

işdi dönər olsam, nə alım sənə?

İndi desəm ki, bu şeir deyil, əndirabadi bir şeydi, üstümə ləşkər yeriyəcək. Nöşün ki, bizdə, mən xaric şeiri, poeziyanı proses əhli 6 barmağı kimi bilir. Ancaq deməyə məcburam ki, burada zahiri effektlərdən qeyri heç nə yoxdur. Mən desəm ki, gözəl şeirdə, bu şeirin böyük bir “kütləsi” şüursuzluq aktına əsaslanır, yəni, insan (şair) heç niyə belə yazdığını kəsdirmir (... sorsa canan bilmərəm, kami-dili şeyda nədir), o qoşun addımını irəli atıb, əlini qılıncın qəbzəsinə uzadacaq. Nöşün ki, şeirdən anladıqları budu. Ancaq öldü var, döndü yoxdu. Bu baş bu meydana gəlsin, gəlməsin. Deyir, sizin ki qəhrəmanınız mənəm, sizdən adam olmaz.

Yuxarıdakı şeirdə hər şey pis mənada qurulub, özü də multiplikasiya effekti naminə qurulub, necə ki, həmin böyük şair yazanda ki, durub tullanasan bu çəpər üstdən düşəndə görəsən yer üzü yoxdu, - adamın ürəyi gəlir ağzına. Nöşün ki, kəndirbazlıq qorxulu sənətdi. Mən bütün salamsevərlərdən üzr istəyib, bir daha təkrar edirəm: bu tipli “mətn”lərdə şeir adına çox az şey var, az qalır deyəm ki, burada misralar bir-birinə baxıb ironiya edirlər, göz-qaş oynadırlar (bəlkə, atırlar?). Gözəl mətnlər gözəl, təmiz qəlblərdən, çirklənməmiş ruhdan süzülüb gəlir, bunun şübhəmi var? Amma cibində “istedad xətkeşi” gəzdirən, onu-bunu yarınmağa öyrəşdirən bu təlimçi bilmir ki, günlərin bir günü şir yiyər onu. Çünki təbiətdəki vəhşi şeylər dürüstlük tələb edir. Əlinə fürsət düşən adamın bulanıq suda balıq tutmaq sevdası rus demişkən “praxdı...”.

İndi yadıma nə düşsə, yaxşıdı, bərpaçı qardaş? “Nəsimi” filmi. Teymurləng uzun-uzadı düşünmədən Nəsimini azad edir. Get, şar. Get. Yan-yörədəkilər təəccüblə, gözləri bərələ-bərələ soruşuirlar: Niyə buraxırsan onu? Deyir: Sizə hər il nə qədər pul verirəm, heç nəyə yaramırsınız, hanı sizin kəlamınızın gücü? Bu da belə... Bəli, kəlam, kələm yox...

Bu ona oxşayır ki, mənim Səlimin şeirlərinin müzakirəsindən imtina etməyimi guya anlamırmış kimi üz tutursunuz rastınıza çıxan qələmçilərə və onları məcbur edirsiniz (İradə xanım Musayeva elə belə də yazmışdı: məcbur oldum..) laf gətirməyə. Bu xanım, Səlimin, ya qeyri-Səlimin şeirlərini müzakirə edir-etsin, ancaq mənim niyə imtina etdiyimi araşdırmasın, yoxsa... Nəbati yada düşər. Diqqət edin, görün dava nə üstündədir: “...Ümumiyyətlə, bu şeir belə demək mümkünsə, on parçadan – bir neçə müxtəlif saylı misra birliklərindən ibarət parçalardan ibarətdir. Diqqət elə, ilk 4 misra ilə ikinci 7 misranın məna-məzmun və ideya əlaqəsi yoxdur, hətta bunlar arasında keçid də görmürük. Növbəti 4 misra ilə də həmçinin. Amma daha sonrakı 3 misralıq parça ilə növbəti 9 misralıq parçanın məzmun bağı var – qızı və güzgü ilə bağlı hissədə. Növbəti 10, 5, 7, 5 misralıq parçalar isə eyni məzmuna köklənib. Elə bilirsən ki, bu ayrıca bir şeirdir. Şəkillə bağlı. Düzdür, əvvəldə də bir şəkil söhbəti vardı. Amma o şəkillə bu şəkil təsvirinin səbəbi anlaşılmaz qalır.” Misra birlikləri, yox bir qəbilə birlikləri... Nəbati yaxşı deyirdi, get dolanginən xamsən hənuz. Bizdə qəribə iştəklər var, bəzən insanlar vicdansız hərəkətlər edirlər və qınayanda gedib Mirzə Cəlilə, Sabirə sığınırlar. Bu da vicdansızlığın təzə növüdü.

İnsan yolunu azanda yazdığı mətnlərdə... janrın, vəznin... içi saxta hislərlə, aqressiya və bu kimi şeiri yandıran nəsnələrlə dolur. Başqa bir şair yazanda ki, - mənim kimi balan ölsün ay vətən, -- adamın əli üzündə qalır. Adam nə qədər saxta olarmış. Bu şairciklər eyni uğurla nə desən yaza bilirlər. Bu da, bəli, el şeiri üslubunda saxtakarlıq. Qədimlərdə aşıq yazanda ki, - heç yerdə görmədim düz bənövşəni, - adam düşünməyə məcbur olurdu, ən azından bu misralar insanın bir hovur təskinlik tapmasına səbəb olurdu. İndi, mənim fikrimcə o forma bu saxtakarlığı qəbul etmir, forma – içinə nəsə doldurmaq üçün deyil, köklənmək üçündür, biz görmədiyimiz və bilmədiyimiz keyfiyyətlərin üst-üstə düşməsidir. Kimdə alınır, kimdəsə alınmır. Bilmərrə, içinin hər türlü saxtakarlığını formaya (gəraylı, qoşma, sərbəst şeir...) sırıya bilməzsən. Qəzəlin bazarı bağlanıb, yoxsa Çayka kimi süzərdilər, nöşün ki, qəzəli süsləndirən bəhrlər buna bolluca imkan verir. Təqribən belə:

Əhsənül-əhsən, Anar verdi belə mutlu qərar...

Üslub adamı satır, mən deməsəm də, biləcəksiniz ki, bu səfeh misranı yazsa-yazsa Ə.Cahangir yaza bilər. Nöşün ki, bunun tüstüsü yüz metrədən bilinir. Mənim kədərləndiyim heç bu da deyil, odur ki, bir səfehin sözlərinə yüz adam, min adam “ləbbeh” deyir. Deyəsən, biz dəlixanaya düşmüşük. Belə də şair olar. Belə də saxtakarlıq olar. İndi bu adam kimlərəsə qiymət verir. Qar kraliçası, nə bilim, pendir maxinasiyası. 6x6-da yazdığı bütün şeylər şit zarafatlara bənzəyir: “…“Qadınlar kişilər kimi yaza bilməz” mifini dağıdan ilk xanım yazarımızdır – Hektorlara meydan oxuyan, Axillesləri dabanından oxlayan amazonkadır.” Yox bir: yar gəlir görüşə, sürüşə-sürüşə. Dedim ey gül, dedi, nöqtəli vergül. Yurdun dağılsın, ay adam, belə də girişimçilik olar – “…Şeirləri desert, nəsri antrikotdur, az olsun, saz olsun prinsipiylə yazır; görünür, bu, saz rayonu Tovuzdan olmasıyla bağlıdır; bütün istedadlar kimi saqqallı uşaqdır, dünyaya baxışı kardinaldır - elə bilir ki, dünya ondan ötrü yaradılıb.” Saray şairi, mədhiyyə, şparqalka ustası … şairi eşitmişdik, ancaq möhtəkir, dəmdəməki, saxtakar, korrupsioner tənqidçi eşitməmişdik. Bəzən deyirlər ki, yazı adamları aclıqdan, maddi problemlərin çoxluğundan belə eləyirlər, ancaq mən biləni, məsələ mədənin doymasında deyil, için boşluğundadır, necə ki, Mayakovski yazırdı:

Ondansa ananas suyu sataram

Gecə barlarında fahişələrə…

Sonra. Maşallah, şeyximiz də ağıl dəryasıdır. İndi yollar tıxacdı deyən, demək olar hamı piyadadı. Əziz qardaşım, mən o piyadanı demirəm ha, şahmatdakı piyadanı-peşkanı deyirəm. Fransızca bunun adı pied-dir, yəni ayaqaltı. Qaraxanlı cənabları deyir ki, ədəbiyyat bizim evimizdir, vətənimizdir. Bu yerdə yumoristlər deyir ki, gör necə güllər vurur, gör necə şirinliklər edir. Qardaş evindisə, niyə ondan hamam kimi istifadə edirsən.

Amma Mehmanın bu dedikləri nədir ki şeirlərinin yanında. Baxın:

dilinin altında zəhər – əbədi,
çalır rəqəmləri… məzələnir o…
bir köhnə əqrəbdi saat əqrəbi,
elə ki fırlanır, təzələnir o…

elə özü yazan, özü pozandı
dodağım. sinəndə simtək titrəyə.
deyirsən: bu poza təzə pozadı,
yaxşı bax, əzizim, kama-sutraya.

Belə səfeh şeyləri hamı yaza bilər, amma bir məsəldə deyildiyi kimi: bir tikə abrımız qalıb, deyirsən onu da qurda-quşa yem eləyək?

İndi bu adam da başımıza bəla açılıb, qiymət verir, deyir, mənim filankəslə davam “mətn davasıdır”. Ancaq bu sözləri demək üçün ona imkan yaradırlar, de bu sözləri, “qazanan mətn olsun”… Adamların evini yıxın, təhqir edin, qazanan mətn olsun. Siz axı mətnin nə olduğunu bilmirsiniz…. Qara, ağ, sarı… nə gəldi yaxırsınız…

İndi ədəbi cameədə elə hadisələr “baş verir” ki, adam bilmir bunları hara yozsun. Yəni, rahatlığın bəlkə də ən münasib formulu bu olardı ki, ədəbiyyatdan dördəlli yapışmayaq, adam olaq, ədəbiyyatın başgicəlləndirici sürətli inkişafını bir az da gələcəyə buraxaq (həvalə edək), çünki biz istəsək də hər şeyi qucağımıza götürə bilmərik. Həm də, ironiyasız-filansız, ədəbiyyat bizim evimizdir. Ev ha... Amma yox, gücümüz çatmasa da hər şeyi qamarlamaq istəyirik. Adamları, səndən istedadlıları gülləbaran etmək yerinə bəlkə düşünəsən, çünki bu sahədə məsələ çox sadədir: kağız qələm və sən! Vaxtilə Əli Kərim yazırdı, min illərin həqiqətini dilə gətirirdi:

Mən kiməm,

Sadə katib...

Önümdə kağız,

Qələm...

Başqa heç nə...

Dava sənin içində getsin, aləmi güldürmə özünə!

# 2917 dəfə oxunub

Müəllifin son yazıları

# # #