Kulis.az Cavanşir Yusiflinin "Müasir dövrün romanı necə olmalıdır?" adlı yeni məqaləsini təqdim edir.
Müəllifin səsi
...İlk əvvəl, başlanğıcda qurğu kimi gələr sənə, sonra özünü ona çox yaxın bilərsən, bir az da... artıq personajların yanı başındasan, onlar səni görməsə də, sən görür, qəlb döyüntülərindən hər şeyi bilirsən... Bilsən də, hər şeyi bilməmiş kimi düşünərsən, bax, indi mənim əvvəldən sonadək bildiyim süjet dəyişəcək, onun hər an dəyişmə ehtimalı nəfəsini açar, oxuduqca bitməz, bitdikcə yenidən başlar, başqa bir romanın içində... Dünya özü boyda gözləntiyə dönər...
Dünyanı özü boyda gözləntiyə qovuşduran nəsnə nədir? Bədii mətndə gizli-aşkar bilinən, mətnin dibinə çöküb üzünə çıxan səs - müəllifin səsi. Müəllifin nəfəsindən qopan səs bədii mətnin bətnində sözə yox, ecaza dönər, heç zaman söz, cümlə, fraqment şəklində peyda olmaz, önə çıxmaz. Bədii mətnin dərinliyini, dərinlik ölçüsünü də bu səs müəyyənləşdirər, elə mətnlər var ki, o səsi daim səthdə hiss edərsən, sudan (mənadan) yüngül olduğuna görə heç zaman əlini dərinliyə toxundurmaz, beləcə üzdə qalmaqla sənə, sadəcə, əhvalatı nəql edər. Ancaq elə mətnlər də var ki, səs, həmin izaholunmaz ecaz, sadəcə, batıb-çıxar, gözünə görünməyi, duyğularına toxunmağı ilğım olar, dərinə batıb yox oldumu, Qıratın sehrli suyun içindən bütün vücudu ilə çıxdığını sanarsan. Ona görə də bu tip mətnlərdə nağıl aləmindən nələrsə var, həm də tamın, bütövün cövhəri kimi...
Bir faktor yüzdə yüz həqiqətdir. Bədii əsərdə, ayrıca nəsr mətnlərində müəllifin səsini əvvəl-axır tanıyırıq, bu məsələ iki səviyyədə gerçəkləşə bilər:
1. Müəllif təhkiyəçi rolunda çıxış edəndə.
2. Nitq səviyyəsində, verbal olaraq.
Təhkiyəçi rolunda çıxış edən müəllif özünü gizlətməyə məcburdur, çünki ilk atacağı addım başqalaşmaqdır, hər şeyə şahidlik eləsə də, o özü deyil, hadisəni nəql edəndir, görüb duyduğunu müşahidəçi, neytral "mən" kimi qeydə alıb çatdırır. Dilimizdə yazılan bədii nəsr nümunələrində ikinci hal bir sıra çox maraqlı nüanslarla önə çıxır. Məkan dəyişmir, müəllif hər dəfə eyni məkanın ən dərində olan nöqtələrinə toxunur, bu toxunuşun özü səs deməkdir, həm də daxili səs. Məkan kəşf olunduqca, müəllif də bir kateqoriya kimi aşkarlanır. Fotosintez. Lentdən təsvirin alınması üçün məkan zil qaranlığa bürünməlidir. Bu halda, müəllif hissə-hissə, fraqmentlərlə yox, elə bəri başdan, bir bütöv kimi üzə çıxır. Hermenevtik dairə anlayışında olduğu kimi, hissə tama münasibətdə və əksinə vizuallaşır.
Müəllifin səsi, əsərdə dəyişdiricilik funksiyasına malikdir. Bəzi mətnlərdə bu səs, ancaq və ancaq bir tək məkanın başına dönüb-dolaşır, ona görə də bir dəfə açdığı, bir dəfə toxunduğu sirrin yan-yörəsinə dolanmaqdan usanmır. Məsələn, Folknerin Yaknopatofası kimi. Burada əsas olan "hörgü" prinsipidir, əsərin bütün laylarını, bütün fraqment və qatlarını saran, gəzib-dolaşan səs özünəməxsus hörgü tipi yaradır. İtalo Kalvino Nizami haqqında necə yazırdı: "...Bu hörgünün toxumaları o qədər zəngindir ki, Qərb ədəbiyyatında uyğun örnək tapmaq üçün təbii ki, orta əsrlərdəki motiv bənzərliklərini və Ariosto ilə Şekspir intibahının zəngin fantaziyasını da adlayıb, daha yüklü barokko tipli əsərlərə baxmalıyıq; amma Marionun "Adonis"i və Basilenin "Pentamerone"si belə Nizaminin təhkiyəsindəki məcaz bolluğu ilə (o qədər zəngindir ki, hər məcazdan, hər obrazdan yeni bir hekayə doğulur) qarşılaşdırılanda kasıb görünür".
Nəsr əsərində müəllifin səsi necə eşidilir? Yaxud necə olmalıdır ki, bu səs yaddan çıxsın və ya eşidilməsin, oxucu mətndən yaradılan mühitin havasını duyub fərqli səs və rənglərin danışığını kəsdirsin? Söhbət şübhəsiz ki, böyük həcmli nəsr əsərlərindən - romandan gedir. Roman səhifələrinin az, ya çoxluğuna baxmayaraq böyük bir ərazidir, bu məmləkətdə hər şeyi - bütün səs və rəngləri, ən müxtəlif musiqi alətlərinin səsini, insanların davranış və hərəkətlərini tənzimləmək asan deyildir, ona görə də hər kəs, hər bir nasir roman yazmır və ümumiyyətlə nəsrlə uğraşan hər bir yazıçı elə ilk qələm təcrübələrindən öz gücünü hiss edib, nəyi necə eləməyin düsturunu sövq-təbii hiss edir. Nəsr mətnində səs necə eşidilir? Əvvəlcə, onu deyək ki, məsələn, roman ərazisində səs dəyişə bilər, yaxud hökmən dəyişməlidir, müəllifin səsiylə təhkiyəçinin səsi elə bir tezlikdə qarşılaşa bilər ki, əsərlə çatdırılması nəzərdə tutulan mənalar yarıyolda qalar...
Səs süjeti və bütün bədii mətni idarə edir...
Biz oxuduqda həmin əsəri, onun hörüldüyü mənaların hekayətini bizə həmin səs danışır...