"Ədəbi gedişatda hava kəsif və boğucudur..."

"Ədəbi gedişatda hava kəsif və boğucudur..."
9 noyabr 2023
# 12:25

Kulis.az Cavanşir Yusiflinin yazısını təqdim edir.


Ümumi mənzərəni bilmək istədikdə, sadəcə, kaleydoskopu yavaşca çevirmək, gördüyünü yaddaşına qeyd etmək və düşünmək lazımdır. İndi sosial şəbəkələr dövründə ən ziyanlı şey ümumi axara qoşulmaq, hamı kimi düşünməkdir. Belədə, mənzərə səni "görür", səni hədəf kimi seçir. Hətta "bəyəndim" janrında səsin çıxmasa belə, o ümumi və bataqlıq kimi insanı dərinlərə çəkən axara qarşı çıxmasan, sükutunla belə onun yanında olmasan, işlər heç də yaxşı deyildir, demək.

İndiki dövrdə olduğu kimi, heç zaman ədəbiyyat şüarlara bu qədər yaxın olmayıb. Mövzu, süjet baxımından ən yaxşı poetika vəd edən hekayələrimiz belə o şüarlara uduzur. Yazıçı laboratoriyası yoxdu, sadəcə, qələm var, o da pozmur, ancaq yazır. Hamı bilir ki, həcmli yazıları kimsə oxumur (və həcmli yazıların çoxu da şüarla dolu və nəsə "istəyən" yazılardır) və görən kimi səhifəni çevirir. Belədə, yəni qəzet səhifələrinin bu şüarlardan bol olan yazılarla aşıb-daşması özünəməxsus obrazlar silsiləsi yaradır. Hamısı da saxta, yalan və faydasız.

Ədəbi gedişatda mənzərə və onun yaratdığı hava kəsif və boğucudur. Səhifəni çevir, oxuma, çıx get... bu da çıxış yolu deyil. O sözlər, o yazılar, o deyimlər artıq hər yerdə yol, cığır və döngələrdir.

Elə yazılar var (deyək ki, bədii yox, ədəbiyyatşünaslıq, yaxud tənqid...), bu kəsif və boğucu havanın yaratdığı yolla gedib, onun "dağ ətəklərində" saldığı cığırlarla irəliləyib, zövqsüzlük döngəsindən mərifətsizlik burulğanına düşür. Başını qaldırıb harada olduğunu bilmək istədikdə, hər yeri duman, çiskin sarmış görürsən. Gözlərini yumub-açırsan, əlac ona qalır ki, son silah kimi gözlərindən yol salasan ki, bu cəhənnəmdən aydınlığa çıxa biləsən. Yəni, bu da bir umuddur, sən hər şeyi uduzmaq bir yana, gözlərini də itirə bilərsən.

Tək-tük yazılar var ki, oxuyan kimi ağlına ilk gələn obraz "üfüq" olur, ölçü vahidi kimi, deyirsən, bu adamın yazdığı kimsənin ağlına gəlməzdi (üfüqün yerini müəyyənləşdirir...), kimsə ədəbi aləmi bunun kimi görə bilməzdi və sən gözlərini diri saxlayan bu adamı axtarıb tapmaq istəyirsən. Diogen məsələsi necəydi? Unutdum...



2



Zusman "bədii konsept/konsepsiya" anlayışını ədəbi mühakimə baxımından nəzərdən keçirir: "Bədii konsepsiyanın tədqiqi reallığın, bir tərəfdən, sənət əsərinin özü ilə bilavasitə bağlı olan, digər tərəfdən isə, onun hüdudlarından kənarda qalan bir çox cəhətlərini qiymətləndirməyə imkan verəcək; "ədəbi konsept" anlayışı bədii əsərdən kənarda qalan geosiyasi, tarixi, etnopsixoloji məqamlara çıxışı olan obraz, simvol və ya motivdir". Zusman bu anlayışın hər şeydən qabaq, dialoji xarakteri üzərinə vurğu salır. Onun fikrincə, bu "ikitərəfli ünsiyyət prosesi"ndə əsas məqamlardan biri konsepsiyadan faydalananlarla onu yaradanlar öz rollarını sonsuza qədər dəyişir, mübadilə edirlər. Başqa bir müəllifin fikrincə isə, adıkeçən "dialoji xarakter insanların zehni və nitq fəaliyyətinin bir növü olan bədii yaradıcılığın bütün aspektlərinə xasdır, onun əsas şərti "geri əlaqə prinsipi, genişlənən <...> yaradıcı bədii mətnlə onu dərk edən (və şərh edən) subyektlər arasında koqnitiv-praqmatik əlaqənin dinamikasına" çevrilməsidir.

Kitab, yazı oxumaq eyforiyası var, özü varmı? Haralardadı?

# 1928 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #