Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.
Budlarımın kökünə, qasığıma diş batıran dözülməz ağrının şiddətindən gözlərimi açdım. Dişim dişimə dəyirdi, son doqquz ayda ilk dəfəydi soyuq mənə əsər eləyirdi. Göz qapaqlarım mağara qapısı kimi aralandı. Doğuş kürsüsünün qollarına çarmıxlanmış ayaqlarım burnumun tuşunda asıla qalmışdı. Qışqırmağa gücüm çatmadı. Yan-yörəmdə ağ xalatlı qadınlar qaynaşırdı. Göbəyimdən aşağıda, ayaqlarımın arasında bir baş tərpənirdi, tərpəndikcə də mənə dəhşətli ağrı verirdi. Gözümü yumub açdıqca tavan döşəməyə, döşəmə tavana qarışırdı.
Çənəmin şaqqıltısı qulaqlarımı batırırdı. Həkim qayçıladığı yerlərə tikiş vururdu. İynə-sapı ətimdən keçirib xaral ağzı tikən sayaq tikdikcə elə bilirdim bədənimə qızmar dəmirlə dağ basılır. Handan-hana əsəbi həkim son tikişi də vurub sapı düyünlədi:
- Bunu bir isti palataya aparın, yazıq çox zülüm çəkdi.
Ağxalatlılardan hansısa dilləndi:
- İsti palataların hamısı zahı arvadlarla doludu.
İki şəfqət bacısı məni motal kimi təkərli xərəyin ortasına atdı. Soyuqdan, ağrıdan bədənim necə gərilmişdisə elə bilirdim indicə gözənmiş yaramın tikişləri partlayacaq. Tibb işçiləri xərəyi dəhlizlə sürüb aparanda bibimi, Səməndəri, qaynanamı gördüm.
O dar macalda Emini düşündüm: maraqlıdı, məni bu halda görsəydi, neylərdi? Üzündən-gözündən nə oxunardı? Axı mən bu mərcdən, bu çəkişmədən, neçə aylıq psixoloji savaşdan qalib çıxmışdım – ona oğlan doğmuşdum! Bu neçə ayda dönə-dönə “qız doğsan, ikinizi də xəstəxanada qoyub gələcəm” deyib məni hədələyən oğlan indi görən öz məğlubiyyətinə sevinərdimi? Hardansa oxumuşdum ki, qadın doğum sancısı çəkəndə kişisi özünü günahkar sanır; maraqlıdı, məni bu halda görsəydi, Eminin də qəlbində peşmanlıq duyğusu baş qaldırardımı? Axı mən bunca zülüm, zillət çəkəndə bircə yol da onu – ağrılarımın, əzablarımın baisini söymədim, qarğımadım...
Səməndər ağxalatlıların etirazına məhəl qoymadan xərəyin sükanını əlinə alıb yatacağım otağa qədər apardı. Anlaya bilmirdim ki, niyə belə üşüyürəm. Palatada bayaqkı şəfqətli bacılar qollarımdan, qıçlarımdan tutub məni çarpayının üstünə necə tulladılarsa elə bildim sümüklərim qırıq-qırıq oldu. Bağırtıma Səməndər arvadları yarıb içəri təpildi:
- Sizdə insaf yoxdu, niyə qoymursuz xəstəmizi özümüz rahat yerinə uzandıraq?!
Ağxalatlılar:
- Müəllim, az danış, bizim haqqımızı ver, - deyib qırmızı-qırmızı qardaşımın üstünə yeridilər...
***
O gecə canıma isti keçmədi. Mənim çarpayımı elə düzəltmişdilər ki, başım aşağıda, ayaqlarım hündürdə qalmışdı. Sonra bildim ki, qanaxmanın qarşısını almaq üçün belə eləyiblər.
Palatada iki zahı qadın vardı. Səhərəcən yeyib içdilər, danışıb güldülər. İkisi də gecə uzunu qaynanasını söyüb qarğıdı. Gəlinlərdən biri ayağındakı dikdabanla dəqiqəbaşı dəhlizə, ya harasa çıxıb qayıdırdı. Hələ də anlamıram niyə o gəlin doğum evinə tufli geyib gəlmişdi. Onun dikdabanlarının taqqıltısı mənim beynimin içinə çay daşı kimi dəyirdi. Axırda özümü saxlaya bilməyib soruşdum:
- Siz də doğmusuz?
- Yox, doğan ərimdi, mən onun yerinə yatıram burda, - deyib necə şaqqanaq çəkdisə elə bildim indicə pəncərələr çiliklənib cingiltiylə üstümə töküləcək.
Səhərəcən çənəmin şaqqıltısı kəsmədi. Qasığımdakı on səkkiz tikişin yeri on səkkiz ox yarası kimi ağrıyırdı. Nə qədər yalvardımsa işığı da söndürmədilər. Mən də nəinki xəstə yatanda, canımın sapsağlam vaxtında belə işıqdan qaçardım; işıqlı otaqda yatmaq nədi, düşünə də bilmirdim, dəli kimi vurnuxurdum. Beləcə, o gecə də həmin işıqlı palatada danı diri tutdum, səhərəcən göynədim, sızıldadım, qovruldum.
Arada yanımdakılardan soruşdum:
- Bəs siz nə yaxşı belə rahatsız, heç elə bil doğmamısız?
- Az yemişik, uşağımızın başı balaca olub, - dedilər. – Bir də sənin kimi xanım olmamışıq ey, kətmən vura-vura yekəltmişik qarnımızdakını.
Ürəyimdə dedim: “Olmaz mənim kimi xanımdan...”
***
Səhəri qar dizə çıxmışdı. Canımın ağrısı başımı necə qatmışdısa çöl-bayırdan xəbərim olmamışdı, qarın qalınlığından da anam yanıma gələndə xəbər tutdum. Dəhlizdə onun həkimə söylədiklərini palatada aydınca eşidirdim, ancaq ürəyimin bir simi də tərpənmirdi. Bir xeyli minnətdarlıqdan sonra anam dedi:
- Həkim, ver balamı qurtaran əllərindən öpüm.
Qulaqlarıma inanmadım. Bəs onda niyə ağır günlərimdə mənim başımın üstündə olmadı? Ancaq lap gəlsəydi də, nə dəyişəsiydi ki...
Anam doğum evində qabağına çıxana pul paylamışdı. Həkimimə yaxşı sovqat gətirmişdi. Həkim necə razı qalmışdısa anam xəstəxanadan aralanmamış mənim otağımı dəyişdilər, məni qucaqlarında az qala sığallaya-sığallaya rahat, təmiz, isti-soyuq suyu gələn bir palataya köçürdülər. Orda qaldığım 18 gündə bütün xəstəxana başıma dolandı...
O, bir də sonuncu gün məni görməyə gəldi. Mən çarpayının qırağında oturulu başımı aşağı sallayıb gözlərimi bərk-bərk yummuşdum. Gözümü açıb anamın üzünə baxmağa utanırdım. Birdən o mənə sarı əyildi:
- Günahın kafirə, - deyib soyuq bir öpüşlə üzümdən opdü.
Maddım-maddım bir-birimizin üzünə baxırdıq. Deməyə-danışmağa sözümüz yoxuydu. Sonra anam əlindəki çantadan bir xeyli uşaq əskisi, uşaq sabunu, balaca adyal çıxarıb çarpayının üstünə qoydu. Bir qazan quymaq, bir xeyli bal da gətirmişdi:
- Həkimin dedi ki, mənə də saxlasın.
- Apar hamısını ver ona, mən onsuz da yeyə bilmirəm, təzyiqim çox yuxarıdı.
Bir az ara verəndən sonra anam mülayim-mülayim dilləndi:
- Məndən incimə, gələ bilməzdim. Gəlinlərim doğanda yanlarına getməmişəm. İndi sənin yanına gəlsəydim oğlanlarım, gəlinlərim məndən inciyərdilər.
Gülümsədim. Düz demirdi anam. Mən ölüm ayağında olanda qardaşlarım da, gəlinlərimiz də bir ağızdan ona nə qədər yalvarmışdılar, ancaq anam yenə də yanıma gəlməmişdi. Səbəbini bu günəcən soruşmamışam. Sonra da gəlməsəydi, yenə soruşası deyildim.
Düzdü, mən anamdan gözümü çoxdan çəkmişdim, ancaq nə gizlədim, yenə də istəyirdim qalxıb əlini başıma qoysun, haramın ağrıdığını soruşsun. Soruşmadı, gəldiyi kimi də səssizcə çıxıb getdi, necə deyərlər, payına düşən analıq nobatını sovub getdi.
Xoşbəxtlikdən mənim ana yanğımı Telli mama bacardığı qədər söndürürdü. O bizi nə qədər sevirdisə, anam ona bir o qədər nifrət eləyirdi...
***
Palatamın dəyişdirildiyi gün günortadan sonra məni güc-bəlayla ayağa qaldırdılar. Pəncərədən baxıb yeri-göyü ağappaq görəndə huşumu itirdim.
Özümə gələndən sonra bədənimə qıraq adam kimi göz gəzdirdim. Qarnım yenə kürəklərimə yapışmışdı. İçimdən sanki yoğun, köklü bir ağac çıxarılmışdı. Əllərim, ayaqlarım kiçilib bapbalaca olmuşdu. Köpü alınmış şar kimiydim. Yatmaq istəyirdim, canımın ağrısı dincəlmirdi ki, gözlərimə yuxu getsin. Axşama yaxın tibb bacısı məni müjdələdi:
- Bir panamalı kişi gəlib, səni görmək istəyir.
Ha çalışdım ayağa dura bilmədim. Belim, bir də nazik yerimə vurulmuş tikişlər məni çox incidirdi. Halımı belə görən tibb bacısının mənə rəhmi gəldi:
- Eybi yox, sən durma, mən indi onu çağıraram pəncərənin ağzına, ordan görüşüb danışarsız.
Birtəhər çarpayıdan düşdüm. Yenicə sünnət olunmuş oğlan uşağı kimi ayaqlarımı aralı qoya-qoya keçib pəncərənin ağzında durdum. Məni görmək istəyən pəncərəmin altına gəlmək üçün xəstəxananın başına dolanmalıydı. Uzaqdan bir qaraltı gəlirdi, ancaq tanıyammırdım. Bir az da yaxınlaşanda qara bata-bata gələn adamın qardaşım Kamil olduğunu gördüm. Utandığımdan az qaldım aşağı əyiləm ki, onun gözünə dəyməyəm. Kamil bərkdən danışa-danışa, gülə-gülə sevincək mənə sarı gəlirdi. Pəncərənin enli taxtasından yapışıb zor-güc ayaq üstə dayanmışdımsa da, heç nə eşitmirdim. Birdən elə bil qulaqlarım açıldı:
- Gözün aydın, oğlun olub! Çox şükür, ikiniz də salamatsız. Məni dayı eləmisən, uzat əllərindən öpüm. Oğul qızıl bilərzikdi, hər qola keçməz...
Kamil ara vermədən danışırdı, mənimsə dünya başıma fırlanırdı, elə bil kimsə əlini salıb içimi-içalatımı qoparırdı. Ürəyim bulandı, qusmaq istəyəndə içimdən bir qaynar vulkan püskürüb topuqlarıma çırpıldı. Əllərim pəncərədən qopdu, özümü çarpayıya güclə çatdırdım...
Palatadakı hay-küyə gözümü açanda otaq yenə ağxalatlılarla doluydu. Yenə ayaqlarımdan çarmıxa çəkilmişdim, həkimim də yenə söyür, qışqırırdı:
- Ay balam, mən bu kişiləri xəstəxananın həyətindən qova bilmirəm! Nə istəyirsiz məndən, qoyun bir tikə çörəyimizi rahat yeyək! - Sonra tibb işçilərinə sarı qayıtdı: - Bir də bunun yanına kim gəlsə, mənə deməmiş xəstəyə göstərməyin.
Sən demə, Kamilin gəlişindən necə həyəcanlanmışamsa məndən yenə qan açılıb. Məni yenidən cərrah masasına uzadıb üstümdə nəsə xırda bir əməliyyat aparıblar.
Özümə gələndə acından mədəm sıyrılırdı. Qan dadını damağımdan silib apara bilmirdim ki, mənə gətirilmiş qazan-qazan quymaqdan bircə qaşıq yeyə bilim. Yenə qan gölündə üzürdüm, burnumdan qan qoxusu çəkilmirdi. Adıma göndərilən min cür naz-neməti həkimli-xəstəli bütün xəstəxana yeyirdi, özümsə acından ölürdüm. Dikdaban geyinən gəlin bu palatada da mənə dinclik vermirdi, dəqiqəbaşı içəri girib əlinə keçəndən yığıb aparırdı. Yalvarırdım ki:
- Götür mənim başmaqlarımdan birini geyin, ayağındakıları çıxart qoy qırağa.
- Yox, bacı, - deyirdi, - ərim məni öldürər.
Özü də elə duzlu-məzəli deyirdi ki, gülməkdən özümü saxlayammırdım...
***
Artıq doğuşdan beş gün keçirdi. Yaramın ağrısı azalırdı, burnumun qanı kəsmişdi. Çətinliklə də olsa o baş-bu başa addımlayırdım. Özümə baxmaqdan qorxurdum – qarnımın dərisi yüz yaşlı arvadın dərisi kimi qırışıb büzüşmüşdü. Günün bəlli saatlarında düz göbəyimin üstündə topa bənzər yumru bir şiş oynayırdı; oynadıqca da mən sancıdan qıvrılırdım. Həkimdən soruşanda:
- Qorxma, uşaqlığındı, - dedi, - yavaş-yavaş yığılacaq.
Körpəmi hələ də görməmişdim; görməyə can atmırdım da. Telli mama hər gəlişində məni tənbeh eləyirdi:
- Qadan alım, get uşağına bax. Bir gör necədi, kimə oxşayır?..
Bibimin danlaqlarından sonra məndə balamı görmək həvəsi oyandı. Axşama doğru körpələrin saxlandığı otağa sarı yeridim. İçəridə otuza yaxın beşik vardı, uşaq səsindən qulaq tutulurdu. Xidmətçilərdən biri yuyur, biri bələyir, o biri də körpələri bir-bir qucağına alıb palatalara paylayırdı.
Bir az qapıdan baxıb geri qayıtdım. Urəyim sinəmə çəkic kimi dəyirdi. Pəncərənin qarşısına keçdim, bayırda külək qarı göyə sovururdu. Ayaqlarım məni yenə körpələr yatan otağa sarı çəkirdi. Bu səfər içəridə bircə nəfər tibb bacısı vardı, məni görcək güldü:
- Nədi, oğlunu görməyə gəlmisən? Şirinliyini ver, göstərim.
Məmələrimdən elə bil yüz bulaq açıldı, döşümün gilələri şişib zoqquldadı. Qulaqlarımda yenə çay qıjıldadı. Heç nəyə məhəl qoymadan beşiklərin arasıyla başa keçdim. Lap küncdəki beşikdə qıpqırmızı eybəcər bir uşaq ağzını-gözünü qırışdıra-qırışdıra bələkdə qıvrılıb açılırdı. Bu gün də bilmirəm: necə oldu ki, mən bir otaq körpənin arasında məhz öz balamın yatdığı beşiyin üstünə yeridim.
Yaxınlaşıb uşağın bələyinə tikilmiş kağızın üstündə adımı-soyadımı oxudum. Əlimi onun balaca alnına qoyan kimi cızıltıyla döşlərimə axan südün səsini eşitdim. Göbəyimin üstündə əmələ gəlmiş top kimi yumru bir az da şişib bərkidi. Ağlım başımdan getdi, kürəyimi divara söykəyib, kosmosdan gəlmiş bu sirli məxluqun seyrinə daldım. Ürəyim gəlib dilimin altında durdu, dişlərimin dibi boyaboy göynədi. İçimdəki top kimi yumru doğuşda olduğu sayaq sıçrayıb boğazıma tıxandı, ordan da eyni təkanla çanağıma çırpıldı. Hiss elədim ki, huşumu itirməyimə lap az qalıb. Elə bildim sifətimə qaynar su atdılar. Tibb bacısı özünü üstümə atmasaydı, köklü-köməcli yıxılıb güclü zədə alacaqdım...
ardı var